***
Elə indilərdə, elə indicə…
Sevincimin həddi-hüdudu tapıldığı yerdən sükut girov götürdü sürünüb gedən vaxtı.
Ovxalayıb şeirə söz yumşaldıram xatirələrin hamısından.
Uçub qəlbimə köçən tənginəfəs qaranquşlardı dimdikləyir göyərmiş arzuları.
Mən gözümü yumub-açdığım divarların vətəndaşıyam .
Yaxın gəl.
Boylu-buxunlu uşaqlığımı çıxart qatlanmış dilimin altından.
Təbəssümə qoşulan yerdən ayırıb sənə pay qoymuşam həyatı.
***
Bir otağı üç otağa böyütmüşdük.
Həyətimiz böyük idi evimizdən.
Üç-dörd dənə tut ağacı qurumuşdu,
Üzümüzü qaraltmaqdan, döyülməkdən, çırpılmaqdan…
Üç-dörd dənə nar ağacı qızarmışdı, üzümüzü turşutmaqdan,
Ağzımızda turş dadmaqdan.
Bir otağı üç otağa böyütmüşdük,
Girişdəcə buxarlanmışdı mətbəx,
Həyat qapını üzümüzə çırpmışdı,
Ağzımızın dadı qaçıb getmişdi evdən…
“Pis günümüz belə olsun” deyə-deyə
Atamın qara əllərində yuyulub getmişdi yaxşı günlərimiz.
Anamın gətirdiyi cehizlərin içində bircə
“Xoşbəxtlik” gəlməmişdi ata evindən..
Bir otağı üç otağa böyütmək,
Bir otaqda üç uşağı böyütməkdən çətinmiş.
Saralmış divar kağızlarının altında payızı qarşılamaq,
Yağışdan çıxıb yağmura düşməkdi.
***
Səni ovcunun içində saxlaya bilməyən adam darıxır barmaqların bu tayında.
Küləyin havasına oynayır həyətdəki ağaclar,
Mən də başımı qatıram.
Hərdən barmaqlarımdan yumruq hazırlamaq istəyirəm.
Qayıdıb özümə dəyir “beşbarmaq” kimi .
Yeriniz yamanca görünür.
Anam hər gün yerinizi yığır alnının qırışlarında.
Əqrəblər gecə saat 12 -ni sancan kimi,
öldürür dünəni, zəhərləyir bu günü.
Evdə hüznlü demokratiyadı!
Kədərin ürəyə girişi sərbəstdi.
Deyəsən çoxdan yoxsuz.
Allah Adəmi qovan gündən.
Ehh….
Yer kürəsini sıxıb suyun çıxartmaq istəyirəm, arxanızca atmaq üçün.
Silahların ağzından üfləyib mərmiləri
beşiyində boğmaq istəyirəm.
Sonra özümə qayıtmaq…
Bir az əvvəl şəkillərinizə baxırdıq.
Sınıxmısız.
Şərf də düşüb yalvarır ayaqlarınıza.
Vallah dəbsiz geyinmisiz.
Sizə burdan “QAYITMAQ” göndərirəm
Geyinin, elə bil biçilib əyninizə boyunuza.
***
Başını tumarladığın o it də getdi
sən gedən gün…
Boynundakı ipi də apardı.
Yağış da yağırdı.
Sənə dediyim “rədd ol”a şəkləmişdi gənəli qulaqlarını.
Hamı öz işində idi.
Hər şey öz yolunda düşmüşdü qəzaya.
Fransız ətirli Müsəlman qadını
daha o, şirin ətrin qoxusu qarışmır otaqdakı acı havaya.
Ürəyini buz kimi saxla.
Ürəyimin açıqlığına baş örtüyünü bağla.
İndi yataq otağına matəm elan edib qaranlıq qonaq otağı
Qırçınlı pərdənin arxasından
Nə Günəş deyir: Sabahın xeyir.
Nə Ay deyir: Gecən xeyirə.
Tıxaca düşən fikirlərim də yəqin ki,
Xətasız-bəlasız çatar bu şeirə.
***
Hər səhər məni yuxudan oyadan qadın
daha məni unudub.
indi də kimsə oyadır.
Oyanıb görürəm ki, başım balışdan yıxılıb.
İlk sabahın “xeyir”i də
Özü deyib utandıran,
Yəni, yeni bir sabahın olmağına inandıran qadın
Görən kimi utandırır?
Bir qadın yoxluğundan kim ölüb ki, mən də ölüm.
ölən içki şüşəsidi,
dünən dim-dik dayanmışdı.
Bu gün çölə atılıb
O, da mənim kimi
İçindəki boşluğundan yıxılıb.
***
Gecən beşikdə qalsın ,səhəri yırğalıyım,
Üstünə şeirimi ört, isti geyin dərdini .
Qulağını kilidlə, sözüm bayırda qalsın,
Bircə imkan ver mənə iməkliyim qəlbini.
Gəl sevməkdən oynayaq, gəl sevməkdən mərc edək,
Bəlkə cüt qoşa düşdük bəxtimizin üstünə.
Özünü “mən”lə öldür, boş ver cansız gülləni
Gündüzlər beyninə sıx, gecə ciyərlərinə..
Bu südəmər təkliyin səndən nə vaxt doğulub?
Necə gözəl çəkirsən darıxmağın nazını.
Bir doyumluq sevgi ver ürəyim lap üzülüb
Savabdı, Tanrı haqqı, doydur acın qarnını
***
Eşidirsən?
Dünən doğulan kəpənəyin taleyi rəngarəng oldu.
Bu çiçəkdən o çiçəyə bir günlük ömür apara bildi.
Sonra bir-iki çəllək bulud yağış ələdi yer üzünə.
Qanadlarıyla bərabər yuyulub getdi alın yazısı.
Eşidirsənmi?
Dünən doğulan o çəlimsiz qarışqalar da bugün fil boyda olub
ağlımıza qədər işğal etdilər.
Ayırdılar ətdən dırnağımızı.
Birimiz ölməli, birimiz gülməli adamlar qaldıq.
İkimiz də eyni adamlarıq sən demə.
Eşidirsənmi?
Yox,eşitmirsən .
Ürəyində danışma , Tanrı bizi eşidə bilər axı.
***
Qərənfil boyda uşaqlar idik,
Anamız gülbalam deyib saçımızı tumarlayanda.
Heç vaxt gözləmirdik sabahı,
Harda olsa özü gəlib çıxırdı.
Əlimizdən gülmək gəlirdi.
Mən, başındakı yaylığı açıb xınaya qoyan
ağ saçsız Ananın da yerinə gülürdüm doyunca.
Oğlunun ölüm xəbərin gətirən adamı əliboş qaytarmamışdı.
Saçından və gülən üzündən qopardıb vermişdi əvəzində.
***
Heyif…….
Qərənfil boyda qala bilmədim
Qaçıb keçmək istədim tənginəfəs həyatı
Eşələndim çürük ömrün içində
Paslı bir ümid də tapılmadı….
Paslı bir ümid də tapılmadı ki, dünyanın əllərinə batırım,
gözəllik xilas olub düşsün ovcuma.