Ev Bədii Çağla Nurvəş-TƏBRİZ

Çağla Nurvəş-TƏBRİZ

1231

Çağla təxəllüsü ilə tanınan şair Əli Nurvəş 2002-ci ilin iyunun  17-də Təbriz şəhərində  dünyaya göz açıb.

O, kiçik yaşlarından  şeir və musiqiyə maraq göstərib. 14 yaşından şeir yazmağa və 16 yaşından qopuz musiqisini ustad çingiz mehdipurun qardaşı Fərrux Mehdipurun yanında öyrənməyə başlayıb.

Hazırda filologiya ixtisası  üzrə təhsil alır.  O, şairlikdən əlavə, Təbriz şəhərində bir çevirmən kimi də tanınır. O, Musa Yaqubun, Əjdər Olun, proffesor Sədnik Paşa Pirsultanlının, Qurban Səidin (“Altunsaç”kitabı) və 16 ədəd uşaq kitabını köçürübdür.

Onun “Dəlilərin sevgisi” adında roman kitabı da Azərbaycan Yazıçılar  Birliyi tərəfindən və şimali makedonyada Zeynep Hüseyin tərəfindən tərcümə olunmaqdadır. O roman tezliklə iki ölkədə çap olunacaq.

Gənc şairin bir neçə şeirini  təqdim edirik:

 

***
“T” hərfi,
Teroristlərin müharibə vaxtı qurtarmış güllələri,

Amma qürurundan

qayıtmır geri.

 

“A” hərfi,

Ateistlərin üstünə küffarlıq adını qoyan müsəlmanlar.

Dünyanın hər yerində,

Qurur kifircə divanlar…

 

“M” hərfi,

Mart ayının 29-da,

Nazim Hikmətin

Dustaqlıqda aclığa başlaması.

Robert Falkon Skottun

ailəsinin yası.

 

“A” hərfi,

Yenə “A” hərfi,

Bu hərf, Allahın müştərəksizliyini

yadıma salır.

Tanrı  müqəddəs kitablarda,

Elə bil min hava çalır…

 

“Y” hərfi,

Kaş adının axırında,

Bu hərf olmayaydı.

Mənim də güllərim,

Susuzluğundan solmayaydı…

Axı bilmirəm ki,

Buna YAR deyim,

Ya ki,

Ahı-zar deyim.

 

“TAMAY” deyib,

Yenə də hər nəyi unuduram.

Eh…

Kaş bir də görüşəydik.

“Tarqova”nın küçələrində.

Kaş bir də görüşəydik,

Təbrizin,

Folklor dolu,

Musiqili gecələrində…

 

 

 

 

 

Siyasət

 

Siyasət,

Hoqqulu şairlərin

əlindəki qələm…

 

Siyasət,

Yoxsulluq əlindən milyonerlərin qucağında

yatan qızlar,

Siz onlara fahişə deyirsiniz.

 

Siyasət,

Xiyaban qırağında

Yetim qızların əllərində

Solan qırmızı çiçəklər.

 

Siyasət,

Savadlı insanın

Ayağındakı qandal,

Ağzındakı qıfıl…

 

Siyasət,

Tramadol…

Siyasət,

Metadon…

 

Ey inqilab edən savadsızlar,

Mənə qılınc gətirin,

Başımı yarmaq istəyirəm…

 

 

Sevgilim

Sevgilim,

Məni aramaq istəyirsənsə

Xiyabanlarda

Yetim uşağın əllərində

qırmızı gülün üstündə

yatan tozam.

Bilmirəm yaşamı

mən necə,

hara yozam?

 

Sevgilim,

Mən illərdir kitabxanalarda

Kitabların

Yuxuya keçmiş sətirləriyəm.

Gecə-gündüz

Çalışan fəhlələrin

alnındakı təriyəm.

 

Sevgilim,

Mən,

Mən çox yaxındayam

Məni uzaqlarda axtarma!…

 

***

Bu şairlər

millətin ətini yeyib, sümüyünə dayanıblar.

ilahi, belə də yalan olarmı?

 

keçmişlərdə şairləri dabanından soyurdular,

indi isə

şairlər cəlladı dabanından soyurlar.

 

ataların yaxşı bir aforizmcə sözü var:

“döyən qalır qıraqda, döyülən tutulur.”

İlahi,

səndən bir diləyim var,

bu dünyaya şair göndərmə…

 

 

 

***
Uzaqdan bir səs gəlir,

Çox uzaqdan.

Bilmirəm yerin altından gəlir,

Ya ki,

Göyün qatlarından gəlir,

Ancaq bu səs

Yaman göyə yüksəlir.

 

O səs yaman incə səsdir

Ağlımı alıb məndən

O səs çatır qulağıma,

Dincəlirəm

Həzinliyindən onun.

 

Uzaqdan bir səs gəlir,

O səs mənə yaxınlaşır

O səs deyir:

Bu dünyaya,

Yenə də bir

yalançı şair gəlir.

Kül bu insanlığın axmaq başına.

 

 

 

***
Ey əyyaşlar,

Azadlığı sizin

Gözlərinizdə itirmişəm.

 

Ey fahişə qadınlar

Azadlığı sizin

Ərlərinizin qabar əllərində dəfn etmişəm.

 

Ey şairlər,

Azadlığa qələm çəkən qollarınız qurusun,

Azadlığa xor baxan satqınlar,

Əlləriniz qurusun

Özü də;

Urmu kimi qurusun…

 

***

Gəl,

Qobustan qayalığında görüşək.

Hərdən daş ataq qavaldaşa,

Bizim üçün mahnı yaransın,

Yaşayaq qədim insanlar kimi.

Mən,

Ovdan uğurlu qayıdacağam,

Sən,

Tonqal qalayarsan,

Yallıca rəqs edərik.

Dədəm Qorqud gəlib,

Boy boylayar,

Söy söyləyər…

 

(23  aprel, 2019-cu il)

 

***

Sənin varlığın

Məni şair eylədi.

Sinəndəki nağıllardan başladıq,

Folklor sözünü düşünməmişdən…

Ritmləri

Və musiqini,

Sənin həzin səsin ilə öyrəndim.

Mən boya çatdım,

Ucaldım.

Sənsə ayaqdan düşüb,

Qocaldın,

Gözünün torpağın istəyən nənəm!..