Ev Bədii Sabir Rüstəmxanlı- Şeirlər

Sabir Rüstəmxanlı- Şeirlər

1728

ÜRƏK YERİNƏ

Səni Allahımın əlindən alıb
Asaram sinəmdən ürək yerinə.
Bu eşq soyumasın deyərəm heç vaxt

Yazsan günahımı mələk yerinə…

 

Mənim nəfəsinə ehtiyacım var,
Əssin dan yerindən külək yerinə
Dolsun gözlərimə Ay işığı tək

Qoxlayım sübhədək çiçək yerinə…

 

Yanğımı soyudan sərin suyumsan,
Ya da bərəkətim – çörək yerinə,
Daha taleyindən danışma mənə,
Toxunma qəlbimin kövrək yerinə!

SƏADƏT

 

 

Sözümün nəfəsə, nəfəsin sözə,
Gözümün ürəyə, ürəyin gözə,
Zərif barmaqların ocağa, közə

Necə döndüyünü görmək – Səadət.

 

Qanadsa, uçmağa buludlar istər,
Çiçəksə – ətrini verib bar istər,
Hər sevgi sirrinə dörd divar istər,

Onu kərpic-kərpic hörmək – Səadət.

 

Cismi yox, varlığı atəşdi, səsdi,
Vulkandı, tufandı, eşqdi, həvəsdi,
Bütün sevgililər atəşpərəstdi

Bu qutsal ocağa girmək – Səadət.

 

Arzuydum, ümiddim, yoldum sonunda
Tapıb öz qabıma doldum sonunda
Min il gəzdiyimi buldum sonunda
Ürəyim bir borcdu, vermək – Səadət!

 

 

SƏNİN GÖZLƏRİNLƏ… 

 

 

Yanıram dünyanın dərdi-sərinə
Sevincə ikiqat qaynayır qanım.
İndi mən dünyaya Sənin yerinə,

Sənin gözlərinlə baxıram, canım!

 

Dörd gözlə baxıram gözəlliklərə,
Görürəm çəmənlər çiçək-çiçəkdir.
Sənin həvəsinlə gurlayır göylər,

Yağış da Səninçin töküləcəkdir.

 

Bezmişdim millətin çal-çağırından,
Uyusam – günüm yox, vərəq ağ keçir.
İndisə könlümdən bulağa, quşa,

Küləyə qoşulub oxumaq keçir.

 

Ax, necə gözəldir belə yaşamaq –
Yazın yaşılına qovuşan xəzan.
Sənin ilhamınla susmaz qələmim,

Sənin qanadınla kimdir uduzan…

 

Allah tapşırıqla göndərdi Səni,
İcazə sormadan qəlbimə girdin,
Şeytan ürəklərə pislik əkəndə

Dünyanı səssizcə gözəlləşdirdin.

 

Mənim təmənnasız yanan günəşim,
Ətriylə ömrümü dolduran çiçək,
Bir sevgi zirvəsi vermisən mənə,
Həm də o zirvəyə qalxmağa ürək!

ÖZÜN BİL

Qaya dəftərlərin qələmi külüng,
Ha yaz karandaşla, izmi olacaq?
Yüz yerdən yabanı çiçəklər baxır –

Dərdimi oxuyan gözmü olacaq?

 

Hələ ki damarda çağlayır qanın,
Ömrün hakimidir sonsuz zamanın,
Ürək yazısıdır dağlar dünyanın,

Ölümə baş əyib, düzmü olacaq?

 

Tale oyununu oynasın yenə,
Bir ocaq yaşaya, bir ocaq sönə,
“Özün bil, özün bil!” söylədim Sənə –
Sənin bildiklərin pismi olacaq?!

 

UZAQLIQ

Min-min kilometrlik
uzaqlığın üstündən
əlin mənə yetirsə,
Sarılırsa boynuma…
O ilahi gözəllik qor doldurub yerimə
yandırıb-yaxa bilirsə,
Səhərlər bal nəfəsinlə oyanıramsa yuxudan,
Gözün yarıb köksümü, ürəyimə baxa bilirsə,
Xatirənlə – adınla doludursa gecəm-gündüzüm,
Səndən başqa bir kimsəni görmürsə gözüm,
Yerdə Sən,
Havada Sən,
Udduğum hava da Sən…
Hətta keçdiyim yollar, hətta içdiyim sular,
Çəmənlərin yaşılı, çiçəyin alı da Sən…
Sözüm, yazım, ilhamım Səndən ibarət isə,
İnsan ulduza dönür, quşlar insan olursa,
Demək aldanmışıq biz,
Bir qum zərrəsi deyil dünyadan bildiyimiz…
Zaman, məkan, məsafə, yüz-yüz yer anlayışı –
Ayırmaq çox çətindir əyrini düzü ilə…
Sənə sevgim xətt çəkir üstündən köhnəliyin.
Səninlə bağlı hər şey sonsuzluğun gözüylə,
Allahın ölçüsüylə..!

MİN İLLƏR… 

 

Yağışlı-çiskinli çöllərlə gedirəm –
Ürəyimdə Sən!
Ürəyimdə sirr çiçəyi, sevgi adlı möcüzə,
Mənimlə min illər yol gələn…
Min illər öncə bir ildırım şarı kimi düşdün içimə…
Min illərdi zülməti qova-qova acıq verirsən
Ayrılığa… Təkliyə… Qəmə…
Tarix bu sevgiyə bağlıdır.
Onun nəfəsiylə dirçəlir zaman…
Min illərdir sənə sevgi nəğməsi oxuyuram
Heç usanmadan…
Bu sevgidir yağış olub yağan,
Qar olub əriyən…
Güllərin könül rüzgarı kimi
Bu dünyanı bürüyən…
İkimizin köksündə bir ruh, bir can…
Gedir əbədiyyət karvanı – başında sevgimiz.
Həm karvana son qoşulan,

Həm də dünya qədər Qoca Sarvan!