Ev Bədii Ayrılıq əslində darıxmamaqdır – ŞEİRLƏR

Ayrılıq əslində darıxmamaqdır – ŞEİRLƏR

543

32

Bizim küçələrdə xəzandı yenə,
Nə yağış kiriyir, nə bulud susur.
Hardasa bir nəvə yuxusun deyir,
Hardasa bir nənə tərsinə yozur,
O pis yuxunu…

Sussdum, sükutumda öldü arzular,
Dondu baxışımda son ümüd, son iz.
Gözümün yaşına qarışdı sular,
Qorxdum ağlamasam quruyar dəniz
Ölər balıqlar…

Mən ki bu payıza, qışa alışdım,
Kim deyir əllərim hələ bahardı?
Bilmirəm nə zaman alnım qırışdı,
Bilmirəm haçandan saçım ağardı.
Bəlkə o gündən…

Bizim gecələrin ayı bulanıq,
Bahar qış ömrünə çatandan bəri.
Görən ad günümə kim göndəribdir,
Bu matəm qoxulu qərənfilləri?
Dedilər Atandı…

 

***

Yadımdaydı o baharın istisi
Nəfəs almaq zaman qədər dar idi
Otağımda siqaretin tüstüsü
Eh…yoxluğun necə də aşkar idi.

Pəncərəmdə neçə ayın toz qatı
Şüşələrin gözü görmür küçəni
Yaşayırdım bu zəhrimar həyatı
Qədəh qədəh bitirərək gecəni

Yazıb cırıb tulladığım vərəqlər
Döşəmədə tör töküntü zir zibil
O güzgüdən mənə baxan adamı
Biri qəsdən öldürürdü elə bil.

Biri qəsdən yox edirdi günbəgün
Ümüdləri əl üzmüşdü duadan
Dağılırdı, tökülürdü büs bütün
Yıxılırdı öz içindən bu adam.

Yadımdaydı qərarsız addımların
Hər sözünün arxasında bir nida
Topladığın çantaların bir də ki,
Gözündəki iki damla əlvida

Ah dalınca necə çaxdı göy üzü
Səpələndi küçəmizə yağışlar
Getmə dedim ay günəşim gündüzüm
Titrəyərək pıçıldadın bağışla

Ah yağışlar izlərinə toxundu,
Qara bülüd toran etdi gündüzü.
Ah o səhər necə qəlbim sıxıldı,
Ah dalınca necə çaxdı göy üzü…

 

***
Anlaşa bilmədik nə sən, nə də mən,
Bəs niyə ürəyim yanan ocaqdır?
Əlvida ayrılıq deyil, Birdənəm,
Ayrılıq əslində darıxmamaqdır.

Mən sənə nə deyim o yol, o da sən.
İntizar yolunun üzü gecədir.
Əlvida ayrılıq deyil, Birdənəm,
Ayrılıq ümüdlər can verincədir.

Demirəm bu eşqin önündə əyil,
Sevgi qəfəs deyil, azad olmaqdır.
Ayrılıq həsrətdən boğulmaq deyil,
Ayrılıq onsuzda nəfəs almaqdır.

İndi əllərinin təsəllisi nə?
Özgə dodaqların dadı necədir?
Əlvida ayrılıq deyil, Birdənəm
Ayrılıq inadın tükənincədir…

Xəyal elə mənimlə

Sahil boyu qovmamış külək bizi,
gəl isidək əlimizi günəşdə…
Quş edəydi yaradan gərək bizi,
çevirəydik yönümüzü günəşə…

Yay da bitir, yenə xəzəl, yenə qəm.
Son yarpağı qoparacaq yel hələ…
Mən çovğuna, borana da dözərəm
bircə baxıb gözlərimə gül hələ…

Bəlkə gülsən unudular dünənlər!
Zülmətlərə yem olmaram birdə mən!
Həyatıma əli odlu gələnlər,
ürəyimi kül eyləməz, birdənəm!

Ah… nə gözəl açılıbdır sübh bu gün!
Saçlarında çəmənlərin gülləri…
Sən ən gözəl mücəvhərsən mənimçün,
boyunbağım əllərindir əllərin.

İlk saralan yarpaq idi son bahar,
isti idi dəniz hələ, qum hələ.
Ürəyimdə şirin-şirin xəyallar,
sinəm üstə gözlərini yum hələ…
Xəyal elə, xəyal elə mənimlə…

***
Axırda sən qaldın mənə,
Gözlərimi zillədiyim
Yola baxan pəncərə.
Bu ərköyün payızın,
Ən ərköyün yalqızı,
Ən kədərli adamı
Elə mənmişəm demə.
Million kərə silmişəm
Göz yaşımı pərdənə,
Yola baxan pəncərə…

Arzu HÜSEYN