İbrahimov Sabir Məhəmməd oğlu 1957-ci ildə Şamaxı rayonu 1-ci Çaylı kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər institutuna daxil olmuşdur. 1979-cu ildə həmin institutu “ingilis və alman dilləri müəllimi” ixtisası üzrə bitirmişdir. Hazırda ADPU Şamaxı filialının “Ədəbiyyat və dillər” kafedrasında ingilis dili müəllimi kimi fəaliyyət göstərir.
Azərbaycan dilinin saflığının qorunmasında alınma sözlərlə bağlı bəzi mülahizələr.
Uca Yaradanın, kainatın əşrəfi olaraq yaratdığı, ən son məxluqu olan bəşərə əmanət olaraq verdiyi nemətlərdən biri də dildir. Nemət isə sükür istəyir. Əmanət də qorunmağı tələb edir. Deməli, insan, verilən nemətə həm şükür etməklə, kəm də onu qorumaqla mükəlləfdir. Dilin tarixi bəşərin tarixi qədər qədimdir. İnsan yaradıldığı gündən ilk dəfə öz Yaradanı ilə, sonra da bir biri ilə dil vasitəsi ilə ünsiyyət qurmuşdur. İlk dilin sami dillərdən biri olduğu güman edilir (Ərəb, İbrani, Arami, Süryani). Türk dilləri də Tanrının insana bəxş etdiyi ən qədim dillərdəndir. Dil də canlı orqanizmdir, yaranır, inkişaf edir, bir birinə qarşılıqlı təsir edir, yeni dillər meydana çıxır, bəziləri isə yox olur. Demək, Tanrının bizə verdiyi dil əmanətini, layiqincə qoruya bilməsək, onu itirə bilərik. Dil bir xalqın tarixi, ədəbiyyatı, vicdanı, mədəniyyəti, adət-ənənəsi, psixologiyası, bir sözlə xalqın ruhudur.
Azərbaycan dili Turk dillər ailəsinin ən inkişaf etmiş və zəngin qollarından biridir. Boyük inkişaf yolu keçmiş, müxtəlif mənfi təsirlərə məruz qalmış, lakin tarixin ağır sınaqlarından uğurla çıxmış, bu günümüzə qədər gəlib çatmışdır. XIX əsrin sonları, XX əsrin əvvəlləri dilimizin inkişafının zirvəsi hesab oluna bilər. Həmin dövrdə M.Ə Sabir, C.Məmmədquluzadə kimi dahilər bu dildə əsərlər yaratmışlar. Dilimizin tarixinə keçmişinə nəzər salsaq, ona ən çox təsir edən Ərəb və Fars dilləri olmuşdur. Bu təsir də əsasən İslam dini ilə bağlıdır. Bu dillərdən Azərbaycan dilinə keçən kəlmələr dilimizdə artıq vətəndaşlıq hüququ qazanmış, dilimizin lüğət tərkibinə daxil olmuşdur. Hətta araşdırmalara görə Qurani-Kərimdə işlənən kəlimələrin orta hesabla 20%-i bu gün Azərbaycan dilində işlənməkdədir. Ona gorə Ərəb və Fars dilləri bu gün dilimiz üçün təhlükə törətmir.
Hazırda dilimiz üçün ən böyük təhlükə Rus dilindən çoxlu sayda sözlərin dilimizə qeyri-qanuni keçməsidir. Necə ki, Rus dövləti zaman-zaman dövlətçiliyimizə, maddi və mənəvi dəyərlərimizə öz təsirini göstərmişdir. 200 ildən çoxdur ki, həyatın müxtəlif sahələrinə aid söz və ifadələr dilimizin saflığına əks təsir edir. Xüsusi ilə texniki terminlər dilimizdə geniş şəkildə işlənir. Buna səbəb vətəndaşlarımızın məsuliyyətsiz şəkildə rus kəlmələrindən istifadə etməsidir. Bunun bir səbəbi də içərimizdə bəzi vətəndaşların dilimizə qeyri-ciddi yanaşmasıdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan dilinin inkişafı ilə bağlı bir sıra mühüm tədbirlər görülmüşdür. Azərbaycan dili dövlət statusun da idi. Lakin 1920-ci ildən sonra Sovet imperiyası təkcə müstəqilliyimizə yox, dinimizə, mənəvi dəyərlərimizə, tariximizə və dilimizə ağır zərbə vurdu. Xalqın 1400 illiyə malik olan əlifbası iki dəfə dəyişdirildi. Dilimizə axın-axın rus sözləri daxil olmağa başaldı.
Bir xalqın dili onun ölkəsinin sərhədləri kimidir. Yadellilərin sərhədmizin hüdüdlarına keçməsinə imkan vermədiyimiz kimi, dilimizə də yad ünsürlərin keçməsinə imkan verməməliyik. Bu sahədə dilimizin daşıyıcılarının hər bir fərdi mənəvi məsuliyyət daşımalıdır. Dünyada yaşayan 50 milyondan çox azərbaycanlı bu məsuliyyəti öz üzərində hiss etməlidir, dilimizin saflığının qorumasını başlıca şərt kimi qəbul etməlidir.
Azərbaycan ikincə dəfə müstəqillik qazandıqdan sonra dövlətimiz Azərbaycan dilinin inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul etdi və lazımı tədbirləri həyat keçirdi. Dövlətin dəstəyi və qayğısı sayəsində dilimiz xeyli inkişaf etdi və zənginləşdi. Ulu öndər Heydər Əliyev xalqın formalaşmasında və yaşamasında ana dilinin rolunu yükəsk qiymətləndirmişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Bu gün biz dilimizi ən əziz bir əmanət kimi qorumasaq, ədəbi dilimizlə xalq danışıq dili arasında uçurum yaranacaq və böyuyəcək. Xaricdə dilimizi öyrənən bir əcnəbi vətəndaş Azərbaycana gələrkən tamam başqa bir mənzərə ilə qarşılaşır və bəzi insanların rusca işlətdiyi sözlər onu çaşdırır.
Dilimizin təmizliyi uğurunda mübarizəyə bütün ziyalılarımız, elm adamlarımız, sadə vətəndaşlarımız xaricdə yaşayan soydaşlarımızda qoşulmasa, bir sözlə bu mübarizə ümümxalq işinə çevirilməsə dilimiz təhlükə qarşısında qala bilər. Xüsusən də bu mübarizəni ailədən, bağçadan və məktəbdən başlamaq lazımdır. Bağçaya, qrupa və birinci sinifə gedən bir uşaq müəlliminin dilindən “daska, mel, ruçka, açki, pol, peç, uje, vobşey, davay, vso və sair” bu kimi rus sözlərini oyrənir və onun yaddaşına həkk olunur. Sonradan bele kəlimələri onun leksikonundan çıxarmaq çox çətin olur bəzən də mümkün olmur. Ona görə də bu sahədə mütamadi monitorinqlər keçirilməli, uşaqlar, müəllimlər, vəzifəli şəxslər dilimizin saflığının qorunmasında həm maddi həm mənvi məsuliyyət hiss etməlidirlər. Əks təqdirdə insanlar çəkinmədən, heç bir məsuliyyət hiss etmədən dilimizi korlamaqda davam edecəklər.
Qloballaşan dünyada Azərbaycan dilində yeni terminlərin və yeni sözlərin yaranmasına gəldikdə isə bu da bərbad vəziyyətədir. Məlumdur ki, yeni söz və terminlərin dilimizə daxil edilməsi bir neçə yolla baş verir. Bəziləri olduğu kimi dilimizdə işlədilir, bəzliəri tərcümə olunur, bəzən də dilimizin qanunlarına uyğun yeni sözlər yaradılır. Əksəriyyət etibarı ilə yeni anlayışlar rus dilindən keçir və yaxud rus dilindən tərcümə olunur. Elə bil ki, rus dilindən başqa dil yoxdur, sanki Rus dili bizim üçün yeganə etalondur. Məsələn: xolodilnik-soyuducu, otkrıtka-açıqca, oqneopasno-oddan təhlükəli, besedka-söhbətgah, udlinitel-uzadıcıvə sair kimi sözlər uğursuz olduğu qədər də gülünc səslənir. Yeni söz və termin yaradılarkən əvvəlcə öz dilimizin imkanlarına baxmaq lazımdır, sonra Anadolu Turkcəsinə, daha sonra başqa Turk dillərinə müraciət etmək olar. Unutmaq olmaz ki, 40 milyon soydaşımız Cənubi Azərbaycanda, üç milyondan çox İraqda, iki yuz mindən çox soydaşımız da Dərbənddə yaşayır. Onlar da Azərbaycan dilində danışır. Bu gün biz Azərbaycan Respublikasından kənarda işlənən Azərbaycan dili ilə, Azərbaycan Respublikası daxilində işlənən Azərbaycan dili arasında uçurum yaratmamalıyıq. Bunun üçün həm ölkəmizdə həm də Türkdilli ölkələrlə bir dil qurupu yaradılsa çox səmərəli olar və dilimizin cilalanmasına və təmizlənməsinə müsbət təsir etmiş olar. Belə qurumlar həm ortaq əlifbanın həm də ortaq dilin yaranmasına boyük tövhə verər. Gəlin unutmayaq ki, insanlar arasında ünsiyyət vasitəsi olan dil həm Tanrının əmanəti, həm də əcdadlarmızın müqəddəs əmanətidir.
ƏDƏBİYYAT
1.M.Adilov və başqaları .İzahlı dilçilik terminləri. Bakı Maarif 1989
2.A.Axundov. Dilin estetikası Bakı Yazıçı 1985
3.B.Xəlilov. Müasir Azərbaycan dili. Bakı Nurlan 2016