Ev Bədii Basdır ürəyində xatirələri – Şeirlər

Basdır ürəyində xatirələri – Şeirlər

276

Əyyub QİYAS (Qi Or El)

Məni sevmək yasaqdır

Mən sevgi göylərində qara bulud kimiyəm,
Mən ürəkdə son arzu, ilkin ümid kimiyəm,
Məni sevmək yasaqdır

Dərdlə, qəmlə qalmışam ömrün ötən köçündə
Mən yaşaya bilmədim bu dünyanın içində
Dünən də belə idim, mən beləyəm bu gün də,
Məni sevmək yasaqdır

Məni sevmək boş xəyal, məni sevmək ümidsiz,
Birdən xəbərim olmaz çaşıb məni sevərsiz
Məni sevmək yasaqdır

Göydən yerə boylanan mələklərdən qaçıram,
Eşq yolunda saralan çiçəklərdən qaçıram,
Mənlə oyun oynayan fələklərdən qaçıram,
Məni sevmək yasaqdır…

Ruhumda gəzdirmişəm sevgi adlı əzabı,
Sevib unutmaq imiş taleyimin savabı.
Sevə bilənlər üçün məni sevmək cəzadı,
Məni sevmək yasaqdır…

Dünyanın göylərində ayaq izlərim yetim,
Sevgi ömür kimidir sonunda ölüm – itim,
Niyə qulaq asmadın, axı mən sənə dedim
Məni sevmək yasaqdır..

Hər əvvəlin bir sonu,yəqin ki, sonum çatıb,
Ağlım kəsəndən bəri bu eşq məni aldadıb,
Gör neçə illərdir ki, girib içimdə yatır
Məni sevmək yasaqdır…

Eşqimin son mənzili bir otaqlı olacaq,
O mənzilin hər yeri zil qaranlıq olacaq,
Məni sevməyin sonu ya edamlıq olacaq,
Ya da özün bilərsən..
Məni sevmək yasaqdır…

 

* * *
Basdır ürəyində xatirələri,
Ən xoşbəxt gününü başdaşı elə.
Mənim xəyalımla qurduğun ömür,
İndi xırdalanır başqası ilə.

Yandır şəkilləri – bitsin bu zülüm,
Xatirə qalmasın bizdən dünyada.
Bir mən ürəyimdə qazım qəbrini,
Mənimçün yas saxla bir sən dünyada.

Sonra nə olacaq olsun, kimə nə,
Kim bilir kim harda nə yas saxlayır?
Hamı ilk sevgidən dad eləyir, dad,
Hamı ilk sevgini miras saxlayır…

 

* * *
Bu qədər adam içində
bu adam tənha yaşayır.
Yalandan alır nəfəsin,
alır, bir daha yaşayır.

Gözlərində qəm gəzdirir,
ovucunda dən gəzdirir,
əynində kəfən gəzdirir,
ağzında dua yaşayır.

Yaşayır yalquzaq kimi,
adamlıqdan uzaq kimi.
yaşayır, lap uşaq kimi
yaşayır, guya yaşayır.

 

* * *
Yorulduq işdən, əməldən,
Qəbir qazmaqdan yorulduq.
Yatıb yuxular görməkdən
Durub yozmaqdan yorulduq.

Hərəmiz öz kefimizdə,
Məclis qurduq evimizdə,
Yenə əli cibimizdə
Bezib gəzməkdən yorulduq.

Biz də düşdük haya, küyə,
Heç bilmıdik nədən, niyə,
Gözümzü döyə-döyə
Baxıb dözməkdən yorulduq.

Çatdı dünyanın axırı,
Vurduq arağı,çaxırı…
Selləri üzü yuxarı
Qalxıb üzməkdən yorulduq.

Qatdıq gecəni gündüzə,
Baxdılar, güldülər bizə…
Özümüz öz dərdimizə
Şeir yazmaqdan yorulduq….

Diriliş marşı

Sən ey uca millət, uca dövlət, uca insan,
Min yol önünü kəssə də zillət, yenə varsan!
Ram eyləyə bilməz səni sellər, gur ocaqsan,
Sönməz bir ocaqsan! Olacaqsan! Yanacaqsan!

Türk milləti vulkan kimidir – yağmura sönməz!
Türk əsgəri haqq bildiyi yoldan geri dönməz!
Bir tamdır bu torpaq, mərə kafir, və… bölünməz!
Ölməzdir bu millət! Onu bil, hər zaman, ölməz!

Hər bir şəhidin ruhu gəzir göydə, dayan, bax!
Minlərlə şəhid qanına batmış ulu torpaq!
Azadlıq üçün təşnə qalıbdır daha ancaq,
Vaxtdır, daha vaxtdır, sinənə sancıla sancaq!

Çatmış da qisas vaxtıdır, məşəlləri yandır!
Bir an dediyim an yetişib, an həmin andır!
Sən ey mərə kafir, görəcəksən, qana qandır!
Bir seldir gəlir, qarşısına çıx da dayandır!
Bir seldir gəlir, qarşısına çıx da dayandır!

Bayraq

Dalğalan! Şanlı zəfər nitqi kimi ərşə yayıl!
Oyan, ey dünya, oyan! Onu gör, sən də ayıl!
Şəhid olsam, yemə qəm, gəl məzarım üstə qoyul!
Sənin uğrunda ölərsəm, mənə xoşdur, mənə xoş,
Kükrə ümman kimi, nəhr ol ləpələn, daima coş.

Türkün qanı hopmuşdur onun rənginə, dur bir bax,
Sellər kimi daş, göy kimi coş, şimşək kimi çax,
Uca ol, enmə yerindən, düşmənin bağrını yax!
Yolumu gözləyir amma hələ bir şanlı savaş,
Hələ uğrunda gedəcəkdir neçə can, gör neçə baş.

Min illik bir yolu vardır bu Vətən torpağının,
Ümmanı, bozqırı vardır bu Vətən torpağının.
Hürrü var, özgürü vardır bu Vətən torpağının!
Adı Türk, ünvanı İslam, başı üstündə də sancaq,
Südünü Qurddan əmən Hürr olacaqdır ancaq!

Önündə diz çökənin, baş əyənin var olsun,
Səni sevməz biri varsa, bu cahan dar olsun,
Duamı sonda deyim… Rəbbim sənə yar olsun!
Rənginin hər çaları, hər üzü göydən gəlmiş…
Daha enməz ucalıqdan, çün bir kərə yüksəlmiş!

Tural Adışirinin təqdimatında