Ev Bədii Bu şəhər sənsiz darıxır – Nazir Rüstəmin şeirləri

Bu şəhər sənsiz darıxır – Nazir Rüstəmin şeirləri

2709

Nazir Rüstəm – 65
Əməkdar artist

***
Gedirsənsə, baxışımda
Baxışını qoyub getmə,
Bulud-bulud gözlərinin
Yağışını qoyub getmə.

Elə get ki, yarpaqlar da
Vaxtsız solub-saralmasın,
Günəş bizdən inciməsin,
Göyün üzü qaralmasın.

Gedirsənsə, elə get ki,
Ayaqların büdrəməsin,
Saçlarımda izi qalan
Barmaqların titrəməsin.

Xatırlayıb çox şeyi sən
İçin-için hey yanarsan….
…Yağış başlayıb deyəsən,
Gəl yanıma, islanarsan.

 

***
Bəlkə, qayıdıb gələsən…
Bu şəhər sənsiz darıxır-
Gəzdiyin bu yol, bu iz,
Bu bağ, bu dəniz darıxır…

Gecə Ay da axmır daha,
Rəngi hər gün bir az solur…
…Göy üzü buludla dolur,
Di gəl sənsiz yağmır daha..

Bəlkə qayıdıb gələsən…
Sənsiz mən də darıxıram,
Hər gün getdiyim küçəni
Səf salıram, karıxıram.

Heç kimlə yola getmirəm,
Sənsizlikdir mənim davam…
Bəlkə qayıdıb gələsən,
Mən də səni təzdən tapam.

 

***
Bir gün çıxıb gedəcəksən..
sənsiz dünya dəyişəcək,
havalar da soyuyacaq,
bu dəniz də üşüyəcək…

Bir gün çıxıb gedəcəksən,
mən də sənsiz qalacağam,
bu şəhəri yorub hər gün
səni yada salacağam…

Çox sevimli birisinin
olub sevimli qadını,
bir gün çıxıb gedəcəksən
unudub mənim adımı…

Bir gün çıxıb gedəcəksən,
mən də sənsiz darıxacam…
sənsiz bu doğma şəhərdə
yol azacam, karıxacam…

Aparacaq səni bu yol,
aparacaq addım-addım…
Görum səni bəxtəvər ol,
sən ey çox sevdiyim qadın.

 

***
Karvan gedir aram-aram,
asta gedir, sakit gedir…
Deyərsən ki, üfüq boyu
bir haykıran sükut gedir…

Karvan gedir…bu yerlərin
sükutunu poza-poza,
Min il sonra səslənəcək
nəğməsini yaza-yaza.

Bir cərgədən, bir sıradan
qum üstə iz qoyub gedir,
gedir, gedir…bu səhradan
bezib, küsüb, doyub gedir…

Bu karvanın qismətinə
neçə tufan, çovğun düşüb…
Karvanbaşı mürgü vurur,
dəvələri yorğun düşüb…

 

***
Mənim qismətim ilğım,
Nəşəm qəmdi, kədərdi.
Ən böyük rahatlığım
Şeirlərim qədərdi.

Gülür damarda qan da
Fikirlər dəyişəndə,
Nə gözəl olur, Allah,
Sətirlər döyüşəndə?!

Şeirli gecələri
Gündüzlə səhv salanda,
Əldən düşüb madada
Üzü üstə qalanda.

Mənim şeirim ağ-qara
Bir qəmli kino kimi.
Göz yaşıdı yanaqda
Bir eşqin sonu kimi.

 

***
Saldı bizi dildən-dilə,
Aləmə güldürdü bizi.
Nəfsimizi öldür, Allah,
Nəfsimiz öldürdü bizi.

Gözümüzü yığ bir az,
Tamahdan qurtar bizi,
Bizi bizdən çıx bir az,
Günahdan qurtar bizi.

Güc ver, ümid ver bizə,
Təzə istək, həvəs ver
Nəfsimizi öldür, Allah,
Təzə hava, nəfəs ver.

Açılsın yeni sabah,
Təzələnsin bu dünya…
Nəfsimizi öldür, Allah,
Təmizlənsin bu dünya.

 

***
Sənə yazdım son yazımı…
Oxu…sonra bük, at, getsin…
Dəftərindən sil adımı,
Yaddaşlndan çıxart, getsin…

Göylər də dözməz əriyər
Sevənlərin bir ahında…
Bu şeiri yazdım sənə
Son günün son saatında.

Ta, şeir yazmaram bir də…
Necə oldu… yenə yazdım?…
Oxuduğun bu şeir də
Son şeirimdi..sənə yazdım

 

***
Gəlmədin…gecədən asıldm sənsiz…
Dadıma nə yerlər, nə göylər çatdı…
Mənim bu halımı duyub bu dəniz
Üzümə bir ovuc suyunu atdı.

Ulduzlar çəkildii, tutuldu səma..
Ay da yavaş-yavaş batdı buludda.
Sən niyə gəlmədin, bilmədim, amma,
Mənim bu ürəyim alışdı odda.

Gəlmədin…qaraldı suda buludlar,
Külək sığalını çəkdi dənizə,
Bu qara gecəni yudu buludlar,
Kədərli bir nəğmə çökdü dənizə.

Gör necə sahilə can atır dəniz,
Sahilə çatanda qurtarır dəniz.

 

***
Aramızda bulud var…
yağar həsrət yağışı,
Aramızda sükut var…
bu sükutda göz yaşı.

Aramızda gecə var…
ağ səhəri açılmaz,
Günəş gizlənər, qaçar,
al şəfəqi saçılmaz.

Aramızdan su axar
göz yaşından süzülmüş..
Tənha bir ürək ağlar
iki candan üzülmüş.

Aramızda körpü var-
sınıb, amma uçmayıb,
Aramızda körpə var
dünyaya göz açmayıb.

 

***
Ya gün olsun, ya da yağış,
Ya yay olsun, ya da ki qış…
Yeri-göyü naxış-naxış
Çəkirəm bir ağ varağa.

Torpaq altda itən kimi,
Boy çıxarıb bitən kimi,
Dərdi cücərdib dən kimi
Əkirəm bir ağ varağa.

Yol gedirəm ölümümlə,
Kədərimlə, dərd-qəmimlə.
Söykəndiyim qələmimlə
Çökürəm bir ağ varağa.

Yollar yorur dizlərimi,
İllər silir izlərimi.
Sənsizlikdə gözlərimi
Dikirəm bir ağ varağa.

 

***
Mənə qəmli nəğmə oxu-
Ağlat məni, çıxım, gedim.
Oxu, kəlmə-kəlmə oxu-
Aldat məni, çıxım, gedim.

Sirri var dağın-daşın da,
Buludun da, yağışın da.
Ağla, gözünün yaşında
Ovut məni, çıxım, gedim.

Bu ayrılıq birdən gəldi,
Yeridi, hər yerdən gəldi,
Göydən gəldi, Yerdən gəldi-
Unut məni, çıxım, gedım.

Bu nəğməni kim oxudu?
Bu ilməni kim toxudu? –
Deyirsən bu bir yuxudu…
Oyat məni, çıxım gedim.

 

***
Ürəyində sevgi varsa,
Çəkdiyin hər aha şükür.
Gecə yuxun dağılırsa,
Açılan sabaha şükür.

Nə olubsa mənə, bəsim,
Olmayıbsa, yenə bəsim.
Gedib-gəlirsə nəfəsim
Bu günə bir daha şükür.

Bic-bic baxıb, gülər naşı,
Nə qanar, nə bilər naşı?!
Yaranandan ölər naşı-
Yaradan Allaha şükür.

Yox bir arxa, yox bir pənah,
Yox pis istək, yox pis tamah.
Sevməkdirsə əgər günah,
Şükür, o “günah”a şükür.

Məhəmməd Hadiyə

Görən eyninə almadı,
Bilən yadına salmadı,
Yandı, heç nəyi qalmdı,
Bircə külündən savayı.

Yaşadı ömrü hər nədi,
Özgə cibinə girmədi,
Göz açdı, heç nə görmədi,
Dərddən-zülümdən savayı.

Axan sular tərsə axdı,
Göylər də baxdı,karıxdı,
Dünyada hər şey nahaqdır,
Bircə ölümdən savayı.

 

***
Bu qatar da gedəcək,
aparacaq, səni də,
Hər şey yenə bitəcək,
başlanacaq yenə də.

Dəniz də üşüyəcək,
üşüyəcək sahillər.
Axşamlar gec düşəcək,
Gecikəcək səhərlər.

Yavaş-yavaş sönəcək
bu vitrinlər, reklamlar,
Qapqara geyinəcək
bu şəhərdə adamlar.

Bu qatar da gedəcək,
sönəcək bu şəhər də.
Bu nağıl da bitəcək,
bitəcək bu şeir də.

 

***
Sevənlər şirin qəm yeyir,
Hər gün, hər an, hər dəm yeyir..
Desin, deyənlər nə deyir-
Sən həmişə mənimləsən.

Günlərim saçda dən olsa,
Yollarım duman, çən olsa,
Ağ libasım kəfən olsa,
Sən həmişə mənimləsən.

Bu sevgi, Allah, nəyimiş?
Dili qəmli bir neyimiş…
Bu ürək yaman şeyimiş-
Sən həmişə mənimləsən.

Fərqi nə- yaş çox, ya azdı,
Ömür yazdı, ya paylzdı?!
Bu yazını Tanrı yazdı:
Sən həmişə mənimləsən.

Tural Adışirinin təqdimatında