(30 avqust 2022-ci ildə Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü tamam olur)
Sosrealizm tələblərindən sıyırılıb çıxmış çağdaş qazax poeziyası qardaş ölkələrin, ümumən qabaqcıl dünyanın ədəbiyyatı ilə birlikdə böyüyür və inkişaf edir.
Şairlər Nurlan Orazalin, Uluğbek Esdaulet, Galım Jaylıbay, Marfuğa Aytojina, Temirxan Mədətbek, İsrail Saparbay, İran-Qayıp, Seyfolla Ospanov, Tursınzada Esimjanov, Zeynolla Tileujanov, Nesipbek Aytov, Jürsin Erman, Esenğali Rauşanov, Serik Turğınbekulı, Almas Əhmədbəyulı, Serik Aksunkarulı, Baybota Serikbay, Amanxan Əlim, Meyirxan Akdəuletov, Tınıştıkbek Əbdikəkimulı, Kazıbek İsa, Şəmşiya Jubatova, Gulnar Salıkbay, Serikjan Kaji, Temirğali Köpbayev, Muratbek Ospanov, Kədirbek Kunıpiyaulı, Maraltay Rayımbekulı, Jaras Sərsek, Bakıtjan Aldiyar, Əlibek Şeqebay, Akberen Elgezek, Dauletkerey Kapoğlu, Tanagöz Tolkınkızı, Ularbek Dəley, Erlan Junus, Azamat Taskaranın və b. şairlərin şeirlərinin oxucularda xoş təəssürat yaratdığı məlumdur.
“Sənə çox şey deyərdim,
Söz tapmadım, kiridim.
Ümidsiz şeytan olar,
Xəyalıma sığındım.
Sənə çox şey bildirərdim,
“Deyəmmərəm” dedim, qorxdum;
Ah deyərdim, ah deməzdim,
Özüm öz fikrimə doydum…
Sualları cavablayıb,
təzə səhifə açardım.
Sərərdim öz ürəyimi,
yeni duyğuya qaçardım!
Yeni həyata başlardım –
Yer üzündə ölməyəcək…
Bir çiçək tapdamamışam,
Amma səni öldürərdim –
qəlbimdə”… – şeir tanınmış yeni nəsil qazax şairi Akberen Elgəzəyindir.
Ən azı iki fərqli ədəbi nəslə mənsub olan bu şairlərin fərqli toplularda çıxan şeirləri və öz kitabları qazax oxucularının marağına səbəb olub. Qazax poeziyasında Rafael Niyazbekov, Jarken Bodeş, Uluqbek Esdaulet, Adilqazi Kairbekov, Qasımxan Beqmanov, Abubakir Kairan kimi şairlər yenə ön sıralardadır. Konkret örnək verəsi olsaq, tanınmış şair Galım Jaylıbayın “Qara yaylıq” dastanı yüksək sənət əsəri olaraq dəyərləndirilir. Bu, xalqın tarixində qara illərin, keşməkeşli zamanların faciəsinin ürəkdən ağısıdır. Nəsrdə bu ağırını Rahimjan Otarbayev “Baş” romanı ilə ifadə edib. Nə təvafüqdür ki, Rahimjan Otorbayevlə eyni vaxtda Azərbaycanda da “Baş” adlı tarixi roman yazılıb – söhbət Xalq yazıçısı ELÇİNin eyniadlı ünlü əsərindən gedir.
Qazax ədəbiyyatı deyincə uzun illər fərqli dövrlərə mənsub iki klassikin və bir yaşayan klassikin adı önplanda olub: ABAY, CAMBUL, Oljas Süleymenov. Artıq böyük Qazaxıstanın ədəbiyyyatı daha böyük siyahı ilə tanınmalıdır. O cümlədən mərhum şair və yazıçılar Mağjan Jumabay, Mukaqali Makatayev, Tölegen Ayberqanov, Qasım Amanjolov, Rahimjan Otarbayev, Əbildə Aymak və b.-ları öz ad və əsərləri ilə qazaxların Xəzərin bu tayındakı qardaşlarının ölkəsində də tanınmamlı, tanıdılmalıdır. Onlar milli qazax ədəbiyyatını, qazax xalqının istəklərini, müstəqil dövlətçiliyi, istiqlaliyyəti və b. mövzuları işləmələri ilə bir başqa cür cazibdir. Öncə tanıdıqlarımız yaxud çox oxuduqlarımızla yanaşı bu ədiblərin yaradıcılığını habelə müstəqillik dövrü qazax ədəbiyyatını öyrənmək bavurlarımızın düşüncə alqoritmini, tarixi dəyişimləri yaxından və yaxşı izləməyə imkan verəcəkdir.
Qazax ədəbi ictimaiyyətində bəzi şairləri çağdaş gənclik poeziyasının aparıcı nümayəndələri adlandırırlar. Onların arasında Oljas Qasım, Miras Asan, Serikbol Həsən, Toktarali Tanjarık, Irısbek Dabey, Ikılas Ojay, Erğali Bakaş, Baurjan Alikoja, Serik Seitman, Aizhan Tabarakkızı və başqaları var. Bəzi tədqiqatçılar bu şairləri qazax poeziyasında “əks axının nümayəndələri” adlandırır. Çünki onların şeirləri yeni yumor istəkləri ilə doludur. Yeni yumor növü həm qəlib, həm məzmun, həm də ideya baxımından müşahidə olunur.
Postmodernist poeziyada qazaxlarda ilk addımı şair Tınıştıkbek Abdıkakimov atıb. Eksperimental qaranlıq mahnıları ilk yazan isə tarazlı Təbiət Abaildayev olub.
Çağdaş Qazax gənc şairlərindən şeirin quruluşunu, ideyanın çatdırılma yollarını erkən öyrənib, ədəbiyyatda sınaqdan keçirənlərdən biri Ularbek Daleydir. Daleyin nəğmələrindən Kültekin, Tonyukuk poetexnologiyasına uyğun ruh, ahəng fərq edilir.
Bəllidir ki, yalnız şair və ya yazıçı öz üslubunda yenilik etdikdə onun yaradıcılığında inkişaf olar. Biz gənc qazax poeziyasını postmodernist və gələnəkçi əsərlər də daxil olmaqla yeni bir inkişaf aşaması adlandırırıq. Yenilik – tədqiqatın və çoxlu biliyin nəticəsidir. Yeni yumorla seçilən əsərdə köhnə dünya fərqli görünür və özünəməxsus şəkildə əlaqələndirilir. Məsələn, ən yeni qazax poeziyasında bütün dünyanı əhatə edən mövzu demək olar ki, yoxdur.
Qazaxıstanın müstəqillik dövründə parlamış şairlərin şeirləri tərəfimizdən Azərbaycanda, Azərbaycan şairlərinin şeirləri Qazaxıstanda kitablaşdırılıb, təqdimatları keçirilib. “Yeni Qazax şeiri”nin Türkiyədə də nəşrini, təqdimatını təşkil etmənin sevincini sizinlə bölüşərkən, Qazaxıstanda “Yeni zaman Azərbaycan şeiri”nin növbəti cildlərinin nəzərdə tutulduğunu da deməliyik.
Yaşasın, qardaşlıq! Yaşasın ədəbiyyat! Qardaş qələmlərə eşq olsun!
Əkbər QOŞALI,
Beynəlxalq “Alaş” Ədəbiyyat Ödülü laureatı,
Sayat KAMŞIGER,
“Altın Saka” nəşriyyatının baş redaktoru
(Almatı, Qazaxıstan)