Çağla təxəllüsü ilə tanınan şair Əli Nurvəş 2002-ci ilin iyunun 17-də Təbriz şəhərində dünyaya göz açıb.
O, kiçik yaşlarından şeir və musiqiyə maraq göstərib. 14 yaşından şeir yazmağa və 16 yaşından qopuz musiqisini ustad çingiz mehdipurun qardaşı Fərrux Mehdipurun yanında öyrənməyə başlayıb.
Hazırda filologiya ixtisası üzrə təhsil alır. O, şairlikdən əlavə, Təbriz şəhərində bir çevirmən kimi də tanınır. O, Musa Yaqubun, Əjdər Olun, proffesor Sədnik Paşa Pirsultanlının, Qurban Səidin (“Altunsaç”kitabı) və 16 ədəd uşaq kitabını köçürübdür.
Onun “Dəlilərin sevgisi” adında roman kitabı da Azərbaycan Yazıçılar Birliyi tərəfindən və şimali makedonyada Zeynep Hüseyin tərəfindən tərcümə olunmaqdadır. O roman tezliklə iki ölkədə çap olunacaq.
Gənc şairin bir neçə şeirini təqdim edirik:
***
“T” hərfi,
Teroristlərin müharibə vaxtı qurtarmış güllələri,
Amma qürurundan
qayıtmır geri.
“A” hərfi,
Ateistlərin üstünə küffarlıq adını qoyan müsəlmanlar.
Dünyanın hər yerində,
Qurur kifircə divanlar…
“M” hərfi,
Mart ayının 29-da,
Nazim Hikmətin
Dustaqlıqda aclığa başlaması.
Robert Falkon Skottun
ailəsinin yası.
“A” hərfi,
Yenə “A” hərfi,
Bu hərf, Allahın müştərəksizliyini
yadıma salır.
Tanrı müqəddəs kitablarda,
Elə bil min hava çalır…
“Y” hərfi,
Kaş adının axırında,
Bu hərf olmayaydı.
Mənim də güllərim,
Susuzluğundan solmayaydı…
Axı bilmirəm ki,
Buna YAR deyim,
Ya ki,
Ahı-zar deyim.
“TAMAY” deyib,
Yenə də hər nəyi unuduram.
Eh…
Kaş bir də görüşəydik.
“Tarqova”nın küçələrində.
Kaş bir də görüşəydik,
Təbrizin,
Folklor dolu,
Musiqili gecələrində…
Siyasət
Siyasət,
Hoqqulu şairlərin
əlindəki qələm…
Siyasət,
Yoxsulluq əlindən milyonerlərin qucağında
yatan qızlar,
Siz onlara fahişə deyirsiniz.
Siyasət,
Xiyaban qırağında
Yetim qızların əllərində
Solan qırmızı çiçəklər.
Siyasət,
Savadlı insanın
Ayağındakı qandal,
Ağzındakı qıfıl…
Siyasət,
Tramadol…
Siyasət,
Metadon…
Ey inqilab edən savadsızlar,
Mənə qılınc gətirin,
Başımı yarmaq istəyirəm…
Sevgilim
Sevgilim,
Məni aramaq istəyirsənsə
Xiyabanlarda
Yetim uşağın əllərində
qırmızı gülün üstündə
yatan tozam.
Bilmirəm yaşamı
mən necə,
hara yozam?
Sevgilim,
Mən illərdir kitabxanalarda
Kitabların
Yuxuya keçmiş sətirləriyəm.
Gecə-gündüz
Çalışan fəhlələrin
alnındakı təriyəm.
Sevgilim,
Mən,
Mən çox yaxındayam
Məni uzaqlarda axtarma!…
***
Bu şairlər
millətin ətini yeyib, sümüyünə dayanıblar.
ilahi, belə də yalan olarmı?
keçmişlərdə şairləri dabanından soyurdular,
indi isə
şairlər cəlladı dabanından soyurlar.
ataların yaxşı bir aforizmcə sözü var:
“döyən qalır qıraqda, döyülən tutulur.”
İlahi,
səndən bir diləyim var,
bu dünyaya şair göndərmə…
***
Uzaqdan bir səs gəlir,
Çox uzaqdan.
Bilmirəm yerin altından gəlir,
Ya ki,
Göyün qatlarından gəlir,
Ancaq bu səs
Yaman göyə yüksəlir.
O səs yaman incə səsdir
Ağlımı alıb məndən
O səs çatır qulağıma,
Dincəlirəm
Həzinliyindən onun.
Uzaqdan bir səs gəlir,
O səs mənə yaxınlaşır
O səs deyir:
Bu dünyaya,
Yenə də bir
yalançı şair gəlir.
Kül bu insanlığın axmaq başına.
***
Ey əyyaşlar,
Azadlığı sizin
Gözlərinizdə itirmişəm.
Ey fahişə qadınlar
Azadlığı sizin
Ərlərinizin qabar əllərində dəfn etmişəm.
Ey şairlər,
Azadlığa qələm çəkən qollarınız qurusun,
Azadlığa xor baxan satqınlar,
Əlləriniz qurusun
Özü də;
Urmu kimi qurusun…
***
Gəl,
Qobustan qayalığında görüşək.
Hərdən daş ataq qavaldaşa,
Bizim üçün mahnı yaransın,
Yaşayaq qədim insanlar kimi.
Mən,
Ovdan uğurlu qayıdacağam,
Sən,
Tonqal qalayarsan,
Yallıca rəqs edərik.
Dədəm Qorqud gəlib,
Boy boylayar,
Söy söyləyər…
(23 aprel, 2019-cu il)
***
Sənin varlığın
Məni şair eylədi.
Sinəndəki nağıllardan başladıq,
Folklor sözünü düşünməmişdən…
Ritmləri
Və musiqini,
Sənin həzin səsin ilə öyrəndim.
Mən boya çatdım,
Ucaldım.
Sənsə ayaqdan düşüb,
Qocaldın,
Gözünün torpağın istəyən nənəm!..