Ev Bədii Çox çətindi şair kimi doğulmaq – Şeirlər

Çox çətindi şair kimi doğulmaq – Şeirlər

955

Rafiq HÜMMƏT

…Anam sağ idi

Hər şeyi sinirə bilirdim, Allah,
Hər şeyə dözürdüm qəhrəman kimi.
Məni qoruyurdu, mənə dözürdü –
Mələyim var idi öz anam kimi.

Mələyim var idi öz anam kimi,
Duası canımda, adı ruhumda.
O son nəfəsinin, son ağrısının
Həsrəti ruhumda, dadı ruhumda.

Həsrəti ruhumda, dadı ruhumda,
Elə darıxıram, elə yanıram…
Darvazın yolları elə uzanıb,
Bir dəfə gedəndə yüz dayanıram.

Bir dəfə gedəndə yüz dayanıram,
Sən məni anama bağışla, atam.
O ayüzlü anam gedəndən bəri,
Elə bil hamıya qəribəm, yadam.

…Mən indi bilirəm, anam sağ ikən,
O qara bildiyim günlər ağ idi.
Hər şeyə dözürdüm, hər şeyə, Allah –
Of… Anam sağ idi, anam sağ idi!..
20.11.2021

Şəhid nəğməsi

Güllədən çəkinsəm, ölümdən qorxsam,
Xarıbülbülümüz əbədi solar.
Bir gün qayalardan Şuşaya qalxsam,
Ana, şəhid olsam, ağlama, nolar.

Murazı gözündə bir əsgərəm mən,
Qanım hara düşsə, ora yurd olar.
Təki bütövləşsin yaralı Vətən,
Ana, şəhid olsam, ağlama, nolar.

Biz rəhmli olduq, düşmənsə cani,
Amma igid doğdu bizi analar.
Vətən əbədidir, ömürsə fani,
Ana, şəhid olsam, ağlama, nolar.

Neynim, daha sığmır bu ruh bu cana,
Tarixdə şərəfli adımız qalar.
Canım qurban olsun Azərbaycana,
Ana, şəhid olsam, ağlama, nolar.

Günahsız nə qədər axıb qanımız,
Əsgər qisas alar, əsgər qan alar.
Sənə fəda olsun bizim canımız,
Ana, şəhid olsam, ağlama, nolar…
04.12.2020

Çox çətindi şair kimi doğulmaq

Mən doğuldum qışın ayaz, nəs günü,
13 fevral – boz ayın boz günündə.
Qış ayları könlüm – Sibir sürgünü,
Ölüm də xoş bir ilıq yaz günündə.

Payız vaxtı şeytan yaman işləyir,
Xain kəslər boz dəvə tək qızırlar.
Payız vaxtı dost düşmənlə birləşir,
Qış gəlməmiş mənə quyu qazırlar.

Qış gəlməmiş mənə quyu qazırlar,
Tanrı məni o quyudan qoruyur.
Yazın ruhu qonan kimi torpağa,
Dörd yanımda müxənnətlər zarıyır.

Doğulsam da qışın ayaz, don günü,
Bu yığvaldan, bu murazdan razı mən.
Dəlilər tək ilk baharın son günü,
Özləyirəm, səsləyirəm yazı mən.

Tiflis, Bakı, bir də qoca İstanbul,
Mənim ömür üçbucağım, əzizim.
Eşqim olan üç şəhərdən yalnızca
Kirələrdi öz bucağım, əzizim.

Ölümcüldü bulaq kimi soğulmaq,
Mənim eşqim hələ tamdı, mətindi.
Çox çətindi şair kimi doğulmaq,
Şair kimi ölmək ondan çətindi…

Şair

Ahdı, çəkə-çəkə ölür,
Şairin ahı bilinməz.
Gecə-gündüzü qarışıq,
Axşam-sabahı bilinməz.

Yaşayar – dəli sayılar,
Ölər – heykəli qoyular.
Öz içinə sürgün olar,
Günahı-suçu bilinməz.

Baxtın önündə düz durar.
Tanrıynan üzbəüz durar,
Özü öz boynunu vurar,
Cəlladı-şahı bilinməz.

Quşdu – budaq üstə ölər,
Dumandı – dağ üstə ölər,
Şair ayaq üstə ölər,
Ölümü, Yahu, bilinməz.

Divanə eşq ilə…

Divanə eşq ilə sevib ayrıldıq,
Ayrıldıq. Bir bədən az oldu bizə?
Tanrı sevgisini bol eyləmişdi,
Vallah, nə oldusa, düz oldu bizə!

Sən mənim, mən sənin, dünya – bizimdi,
Eşqin bolluğuna şıltaqlıq etdik.
Tanrı istəyini unutduq , fəqət,
Şeytan istəyinə yaltaqlıq etdik.

Sevgidən ölmək də şəhidlik imiş,
Nə eşqi qoruduq, nə şəhid olduq.
Ayrıldıq. Həsrətin məhkəməsində
Həm müttəhim olduq, həm şahid olduq.

İllər fırfıradı…
Sevgidən uzaq
Neçə qucaq aldı, neçə qol bizi.
Bu kiçik şəhərdə, çox istəsək də,
Tanrı görüşdürmür bircə yol bizi…

Mən sənsiz olanda

Hərdən ah çəkirəm, hərdən gülürəm,
Nə səhər yeməyi, nə nahar, nə şam!?
Mən sənsiz olanda elə bilirəm,
Qaranlıq meşədə tənha qalmışam.

Nə aciz deyiləm, nə də bəxti kəm,
Nəyim var günahsız günahdan başqa?!
Mən sənsiz olanda elə bilirəm,
Hamı ölüb gedib, Allahdan başqa.

Bir anda yüz dəfə ölə bilirəm,
Günəşin özü də yanıb ağlayır.
Mən sənsiz olanda elə bilirəm,
Anam öldüyümü sanıb, ağlayır.

Ölüb qısqanclığım, kinim yox daha,
Görüş saatını heç sayırsanmı?
Mən sənsiz olanda yaşamıram ha,
Sən mənsiz olanda yaşayırsanmı?..

Sən getdin…

Leysan yağışı tək yağır içimə,
Haraya sığdırım bu kədəri mən?
Küçələr qəfildən tamam boşaldı,
Sən getdin, neynirəm bu şəhəri mən?

Ulduzlar batmadan canım çıxaydı,
Kaş heç görməyədim bu səhəri mən.
Üstünə qəfildən qaranlıq yağdı,
Sən getdin, neynirəm bu şəhəri mən?

Astmadan təntimiş xəstə kimiyəm,
Evəmi aparım bu qəhəri mən?
Off… mən bu şəhəri necə sevirdim!
Sən getdin, neynirəm bu şəhəri mən?

Necə zəifmişəm, Allah!.. Yaşadım
Kiçik bir həsrətdə bir məhşəri mən.
Sibir tayqası tək buz kəsdi canım,
Sən getdin, neynirəm bu şəhəri mən?

Dəli tək gəzirəm boş küçələrdə,
Bir eşq dilənçisi, bir sərsəri mən.
…Qayıt, sinəm üstə üç qərənfil qoy,
Qayıt, təzdən sevim bu şəhəri mən…

Tural Adışirinin təqdimatında