Ev Bədii Dayandur Sevgin: Qaçmağı öyrəndim yerişdən qabaq

Dayandur Sevgin: Qaçmağı öyrəndim yerişdən qabaq

438

Azərbaycan bayrağı

Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

“Balam” deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası,
Ucalarda saxlayar, tökülən qan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Yaşılı İslamçılıq, göyü Turan şanıdı,
Vətən oğlu, qırmızı şəhidlərin qanıdı,
Ümummilli liderin bizə ərmağanıdı,
Oğullardı ucaldan, ata sancan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Tanrıdan səda gələ, yazdığın haqqa yaza,
Mələklər səcdə edə, bu aya, bu ulduza,
İgid oğlanlarımız, sevdiyi gözəl qıza,
Atsın zərif çiyninə, versin nişan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Azadlığın yanğısı alışar, sönməz dedi,
Millətim haqq yolundan, heç zaman dönməz dedi,
Bir dəfə qalxan bayraq, bir daha enməz dedi,
Endirmərik bir daha işıq saçan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Könlümdə göyərəni Qarabağda bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

-Hayqırır azad ölkəm tiranlara, şahlara,
Son qoyulsun deyirik zülmlərə, ahlara,
Qaranlıq gecələrdən, işıqlı sabahlara,
Oyatsın səhər mehi, oxşasın dan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Gözəldi qarlı qışı, həmdə yazı Vətənin,
Qəriblikdə bilinər dadı-duzu Vətənin,
Uğrunda şəhid olaq, yada qazi Vətənin,
Yolunda verək qurban, qorusun can bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Ali Baş Komandanım

Mənim doğma yurdumda bu hayların nə işi,
İçimdəki bu dərdlə haçanacan utanım?
Dönüm sənin başına, dayandırma atəşi,
Şərəfi olmayanla sülh olmaz, Komandanım.

Ürəklərdə nalədi, qulaqlarda top səsi,
Qaramat zindan idi azad olan ruhumuz.
İndi-indi düzəlir belimizin əyrisi,
İçimizdə boy verib dikəlir qürurumuz.

Könlüm toxdu özgənin torpağında gözüm yox,
Tanrıdan gələn payım beş-üç səslə dəyişməz.
Belə bir atəşkəsə vallah indi lüzum yox,
Donuzun donuzluğu atəşkəslə dəyişməz.

Otuz ildi ah-vayla keçib dəqiqəm, anım,
Düşünmüşəm hər kəsin Tanrıdan qisməti var.
Bu tayfaya inanma, Ali Baş Komandanım,
İçində gəzdirdiyi erməni xisləti var.

Səs salıbdı dünyaya yazıq-yazıq səsi ilə
Türkiyədi yağdırır başıma dron deyir.
Əl açır Liderlərə, həminki hiyləslə,
Gah Trampa yalvarır, gahda ki, Makron deyir.

Bir dağın zırvəsində dönüm, vətən, daşına,
Torpağımı bəzəsin mənim də şəhid qanım.
Dayandırma atəşi, dönüm sənin başına,
Allah köməyin olsun Ali Baş Komandanım.

Salam, şəhidliyə ucalan igid

Şəhid Sənan Axundovun xatirəsinə

Salam, şəhidliyə ucalan igid,
Mübarək adına-sanına alqış.
Beş arşın kəfənə deyil, müqəddəs,
Bayrağa rəng verən qanına alqış.

Hər gələn axşamın öz xəbəri var,
Hər gələn səhərin öz aydınlığı.
Sən şəhid adının ucalığıyla,
Gətirdin yurduna göz aydınlığı.

Qovuşub o doğma, əziz torpağa,
Qanın çiçəklədi, qanın gül açdı.
Böyük Füzulinin nigaran ruhu,
“Şəhidim, xoş gəldin” deyib dil açdı.

Demərəm arzular qaldı yarımçıq,
Demərəm ulduztək söndü o gecə.
Bir evin yeganə oğluydun, indi,
Bir xalqın oğluna döndün o gecə.

Salam, şəhidliyə ucalan igid,
Mübarək adına, sanına qurban.
Nə ki həyatım var, nəfəsim gəlir,
Mən qurban deyirəm, şanına qurban.

Düşür

“Yadından çıxmışam ana vətənin
Gərək barmağına sap bağlayaydım”
Məmməd İsmayıl

Dünyanın acısın biz çəkirik, biz
Acı görməyənə sədəf, dürr düşür.
Bircə damlasını qıymayır, bizə,
Kimə Araz düşür, kimə Kür düşür.

Axı, yarandığım günə nə deyim,
Qəm üstə köklənib yaralı neyim,
Uğursuz şeirdi mənim taleyim,
Ya duyğu çatışmır, ya fikir düşür.

Nə deyim bu qanlı fələyə, Dədə,
Yol açır hər dürlü kələyə, Dədə.
Dovşana qurulan tələyə, Dədə,
Elə qururlar ki, gəlib şir düşür.

Sənə yalvarıram, haçandan sənə,
Bilirsən bağlıyam mən candan sənə,
Sitəmlər verdiyin insandan sənə,
Tanrım, özün söylə gör, zikir düşür?

Ədalət istədim, ədalət Haqdan,
Odu var eləyən hər şeyi yoxdan,
Narazı olsam da taledən, baxtdan,
Dilimdən Allaha çox şükür düşür.

Dilini bilsəm də qayanın, daşın,
Heç vaxt ayrı olmur bəladan başım,
Kiminə ev gəlir, kiminə maşın,
Dayandur Sevginə təşəkkür düşür.

İkinci addım

Bəxti gətirməyib, fələk əyənin,
Üzündə minillik ağrı-acı var.
Birinci addımda səhv eləyənin,
İkinci addıma ehtiyacı var.

Birinci atılan ilk addım ki var,
Hədəfə birinci tuşlanan oxdur.
Birinci addımda büdrəmək olar,
Hətta yıxılmaq da qorxusu yoxdur.

Yaxıb könlümüzü kül elədilər,
İkincı addımın nə idi adı.
Birinci addımda güllələdilər,
Mikayıl Müşfiqi, Əhməd Cavadı.

Həsrəti ən uzaq səfərdə daddım,
Sevincin müjdəsi ayaq səsidir.
Həyatda atılan birinci addım,
Döyüşə hazırlıq mərhələsidir.

Ayaq da ağrısın, diz də tutaq ki,
Heç zaman ağrıyan ürək olmasın.
Birinci addımı elə ataq ki,
İkincı addıma gərək olmasın.

Nizami

Nizami Gəncəvinin 870 illik yubileyinə

Gəncəyə gəlmişik, ulu Gəncəyə,
Adı bir çəkilir Gəncə, Nizami.
Dünyada nə qədər şeir yazan var,
Başda dayanıbdı öncə Nizami.

Hikmət dəryasıdı getsən dərinə,
Misrası qoxuyar çiçək yerinə,
Elə doğmadı kı, biri-birinə,
Nizami Gəncədi, Gəncə Nizami.

Yeddi gözəlindən biridi Göygöl,
Bu yurdun ən gözəl yeridi Göygöl,
Gəncənin gül-çiçək zəridi Göygöl,
Elə bil dəribdi qönçə Nizami.

İlhamı qaynayıb bulaqlar kimi,
Vüqarlı dayanıb şiş dağlar kimi,
Dərsini bilməyən uşaqlar kimi,
Atıb çox şairi küncə Nizami.

Səkkiz yüz yetmiş il keçib yaşayır,
Dahilik meyini içib yaşayır,
İllərdi dünyadan köçüb yaşayır,
Örnəkdi cavana, gəncə Nizami.

Bilib qiymətini hər ötən anın,
Sözünü yeməyib xaqanın, xanın,
Bakı paytaxtıdı Azərbaycanın,
Könüllər paytaxtı Gəncə, Nizami.

Minbir sınaq eylə, yüz çək şairi,
Əyməz hər imtahan, hər yük şairi,
Sevgin, bu dünyanın böyük şairi,
Məncə Nizamidi, məncə, Nizami.

Keçir

Yolun gözlədiyim baharım, yazım,
Dolanıb yüz ilin qışından keçir.
Dərdindən Məcnuna döndüyüm qızın,
Eşqi bir üzüyün qaşından keçir.

Asılıb sinəmdən qara daş kimi,
Mənə doğmalaşıb dərd qardaş kimi,
Başımın üstündən sevinc quş kimi,
Kədər gözlərimin yaşından keçir.

Nə idi yazdığın bu yazı mənə,
Ay Allah, göstərdin hər üzü mənə,
Sənin göndərdiyin ruzi mənə,
Ağzı qanlı qurdun dişindən keçir.

İlahi tək sənsən, tək sən əlacım,
Səndən qeyri kimim var ki, əl açım,
Bir tikə çörəyim, nəfim, qazancım,
Dağların çınqıllı daşından keçir.

Əlimin qabarı, alnımın təri,
Halal çörəyimdir illərdən bəri,
Bütün bu dünyanın qəmi, kədəri,
Dayandur Sevginin başından keçir.

 

***
Mən dəvəsi ölmüş ərəbəm, gözəl,
İnan ki, dözərəm nə cəza versən.
Rəssam deyiləm rəsmini çəkəm,
Nazını çəkərəm icazə versən.

Ağarıb saçlarım olubdur dən-dən,
Başımın üstünü alıb duman, çən,
Dünyanın xoşbəxti mən olaram, mən,
Vüsal vədəsini bu yaza versən.

Köməyə çağırıb şahlar-şahını,
Xeyirə açaram hər sabahını,
Allah bağışlamaz, bax, günahını,
Dayandur Sevgini güdaza versən.

Qaldır kirpiyini

Hicranı zəhər tək içirtmə mənə,
Bir azca vüsal qat, bal eylə barı.
Apar gözlərimi sənsiz olunca,
Yaraşsa, üzünə xal eylə barı.

Mənə həsrət verib ömür boyunca,
Günaha batırma özünü bunca,
Qara gözlərinə baxım doyunca,
Qaldır kipriyini, yol eylə barı.

Göynəyir könlümün sarı göynəyi,
Təbib ol əlinlə sarı göynəyi,
Dəyişmə əynindən sarı köynəyi,
Dəyişsən, başında şal eylə barı.

Bircə yol sözümə can deməsən də,
Bu eşqin odunda yan, deməsən də,
Başıma tac qoyub, xan deməsən də,
Dayadur Sevgini qul eylə barı.

Məni

Bahar yağışıtək yağ sinəm üstə,
Bir coşub çağlayan çay elə məni.
Başımın üstündə yanan günəş ol,
Ayağın altında Ay elə məni.

Nə olar salanda dərd mənə meyli,
Mən ki, olmamışam dərddən gileyli,
Yerişdə Əsli ol, duruşda Leyli,
Məcnuna, Kərəmə tay eylə məni.

Sevginəm, bir dağam, duman çənim ol,
Həsrətə hədə gəl, dərdə qənim ol,
Ya sev varlığınla, təkcə mənim ol,
Ya da Əzrayıla pay eylə məni.

Görmürsən

Mən dərd padşahıyam, taxtım qaradı,
Ayım-ilim qara, vaxtım qaradı,
Hayana döndərsəm baxtım qaradı,
Gözlərin qaradı, qara görmürsən?

Ağlımı oynatdı eşqin yerindən,
Bir xəbər tutmadın qəm-kədərimdən,
Neçə zədə alıb kirpiklərindən,
Açılıb sinəmdə yara, görmürsən?

Sevginəm, sevincdən kasadam, gözəl,
Mən dərddə tapılar az adam, gözəl,
Sən elə bilirsən azadam, gözəl,
Gündə çəkilirəm dara, görmürsən?

Yerişdən qabaq

Gərək bu dünyayla haqq-hesab çəkəm,
Gərək hazırlaşam yarışdan qabaq.
Mənim arşınıma gəlmir, neyləyim,
Ayrı ölçüm yoxdur qarışdan qabaq.

Zəhrini çatladıb çatdığım daşnan,
Əlimdə sıxdığım tutduğum daşnan,
Ya başın yaracam atdığım daşnan,
Ya da uduzacam vuruşdan qabaq.

Bir misqal sevinci kələkdir, kələk,
Yüz batman dərd verir, bir cüt çəkələk,
Ömrümü illərə yoxuyur fələk,
Çalır ilməsini ərişdən qabaq.

Dayandur dözməyir gərdişə, qardaş,
Yumşaq diş neyləsin, gər dişə, qardaş,
Mən elə tələsdim hər işə, qardaş,
Qaçmağı öyrəndim yerişdən qabaq.

Yaza bilmədiyim şeir

Gözümü açandan zülm görmüşəm,
Hələ qurumayıb gözümün nəmi.
Səni üç balama qurban vermişəm,
Yaza bilmədiyim şeir, bağışla məni.

Pis adam əlindən gəlmişik cana,
Qapılar açıla, yaxşılar gələ.
İçimi yeyirsən sən yana-yana,
Çölüm özgələri yandırır hələ,
Yaza bilmədiyim şeir, bağışla məni.

Bir boynu yoğun bir vaxt bolluğunda,
Qozbeldi qəbrə sala bilmirəm.
Təlxəkdir oynayır şah qulluğunda,
Neyləyim mən təlxək ola bilmirəm,
Yaza bilmədiyim şeir, bağışla məni.

Bəxt gülsə yetimin qəlbi açılar,
O da balıq kimi əldən sürüşüb.
Mənə bu dünyada ağrı-acılar,
Sənə bu dünyaya gəlməmək düşüb,
Yaza bilmədiyim şeir, bağışla məni.

Tural Adışirinin təqdimatında