Ev Yeni imza DEBÜT: Qəribə qəbir – Babək Məmmədlinin hekayəsi

DEBÜT: Qəribə qəbir – Babək Məmmədlinin hekayəsi

211

Bir ayağı kənddəydi. İradəylə ayrılalı şəhərdə qərar tuta bilmirdi. Ata-anasının torpağına qarışdığı bu aran kəndin qapısını Sədinin üzünə açan bəlkə yeganə ünvan idi. Əyilmiş nazik gövdəsinin üstündə iri başını güclə hərləyirdi,- deyirdin, qopub düşəcək. Başından yanlara doğru uzanıb aylarla qayçı-daraq görməyən pırtlaşıq saçları qırx yaşını yeni addamış bu adamayovuşmaz kişini hansısa uzun ağaca bənzədirdi.

İradəylə ayrılığını ağrılı keçirdirdi. İş günlərində birtəhər özünü ovundura bilirdisə, cümə günü gün günortadan dönəndə qarnına sancı dolurdu,- sabah şənbəydi, özüylə baş-başa qala bilməzdi,- qorxurdu. Elə bilirdi canına qəsd edə bilər. Sosial şəbəkələrdən daha nicat ummurdu. Çünki hər dəfə qarşısına intiharla, xəstəliklə, qətllə bağlı qaramat xəbərlər çıxırdı. Elə bilirdi ölüm mələyi süni intellektin əliylə onu toyuq kimi hürküdüb bu dalana salır ki, tutmaq asan olsun. Cümə günlərinin sonunda işdən evə çatan kimi balaca yol çantasına bir dəst dəyişəcək alt paltarı, bir cüt corab və ucuz parfümünü qoyub Bakıdan on ağac məsafədəki kəndlərinə getmək üçün Lökbatan dairəsinə tələsirdi. Apardığı alt paltarını çox vaxt çantasında da geri qaytarırdı. İnadı tutdusa nə əmisigildə, nə xalasıgildə dilə tutub hamama sala bilməzdilər. Zavallı qohumlar xətrinə dəyər deyə birbaşa yox, “balabanda qandırırdılar” ki, ondan gələn turşumuş şərab qoxusu dözülməzdi. Xasiyyətini bilirdilər deyə, dirəşmirdilər. Nə qədər aciz olsa da, adamları dolamağı həmişəki kimi əla bacarırdı. Keçən həftə çalışdığı zavodda hamının Seva xanım dediyi anbardar Sevda otaqdakıların da eşidəcəyi tonda ərk edirmiş kimi ona irad tutmuşdu:

– Elə də yaşun yoxdur axı, ay Sədi müəllim, ancaq, elə bil qoca kişisən. Özüvə fikir ver dəə. Bu nə saç-saqqaldur? Bu kostyumu da dəyiş, day süzülüb. Gecələr içmə, səhər işə gəlirsən, iyi vurur.

Otaqdakılar hamısı yerində qurcuxdu, Sədinin heç tükü də tərpənmədi. Gözünü qarşısındakı uzun yazıdan ayırmayıb:

– Düz deyirsiniz, Sevda xala, gərək elə edim,- demişdi ki, Sevda xalanı “od götürdü”:

– Bura bax, heyvərə, xala sənin anondur! Eşitdin?! – üzünə yaxmaladığı ənlik-kirşanı suvaq kimi çat-çat oldu, vişnə qırmızısı dodağı səyridi, kablukunun nazik dabanı üstündə yoğun gövdəsini fırladıb dəhlizə atdı. Qapını çırpmağı da unutmamışdı. Sədi bu dolubədənli, bəstəboy və hikkəli qadının gedişini gözünün altından süzürdü. İş yoldaşlarının ürəyindən tikan çıxartmışdı, – onlar da məmnun görünürdülər.

Bir mahnıda deyildiyi kimi “onun indi balaca dünyası” vardı. Canından qalxan kəsif qoxu gərək bunun burnunu qamaşdıraydı ki, çimməyi vacib bilsin. İçdiyi ucuz içkilər bədəninə suçəkən kimi elə hopmuşdu ki, çimirdi də çəkilmirdi. Səfilliyin kandarına qədəm qoymuşdu artıq. Bu qədər aciz ola biləcəyini ağlının ucundan belə keçirtməmişdi. Əvvəlki kübar davranışlar günü-gündən yerini zərərli vərdişlərə verirdi; Ətrafındakılara əhəmiyyət vermədən işarə barmağını burnuna salır, asqıranda ağzını tutmur, ovuşdurub üzünün qərtməyini masaya, boşqaba tökür, dırnaqlarını kimsə irad tutmayana qədər uzadırdı. Arası da qapqara. Zavoddakı itlərdən savayı yaxın dostu demək olar lap az qalmışdı. Barmaqla sayılacaq qədər az. Nahardan sonra bu itlərlə oynayır, tumarlayıb qarınlarını qaşıyır, zavodun yeməkxanasından gətirdiyi qır-qırıntını həvəslə yedirib, arada dərdləşirdi onlarla. Arvadı İradəni nə qədər sevdiyini, necə darıxdığını yalnız “Pirsin itləri”nə danışırdı. Bir dəfə cəhd etmişdi ki, nahar fasiləsində otaq yoldaşı, zavodun iqtisadçısı Ceyran xanıma ürəyini boşaltsın, fikrindən tez də daşınmışdı. Ceyran xanımın yükü özünə bəs edirdi. Həm də bilmək olmazdı, nə vaxtsa bəlkə evləndilər deyə düşünürdü. Cəmi üç ilin gəliniymiş yoldaşını qəzada itirəndə. Çox sevirmiş onu. Otuz ildir, həyatına özgə birini buraxmayıb, ömrünü qızı üçün yaşayıb. Sədaqətinə görə çox sevirdi Sədi onu, hələ, ölmüş yoldaşına da qısqanırdı. Qadın dərdli olduğunu heç kimə sezdirməsə də Sədi onu hər halından tanıyırdı. Bir dəfə xadimə Səmayə yenə Ceyran xanımın qənşərində əyləşib evlərindəki növbəti xoşbəxt hadisəni şərh edirdi. Zavodda qaynaqçı olan əri Xanbalanın “novostroyka”ya köçürdükləri oğlunun və ərdəki qızının ailəsini qonaq çağırıb kabab çəkməyindən, ailəcə hamının onun bişirdiyi tortla samovar çayı içmələrindən ağzı köpüklənə-köpüklənə danışırdı. Arada əlinin baş və işarə barmağıyla dodağının kənarlarını sığamağı Ceyran xanımın yerinə Sədinin səbrini daraltmışdı. Qəfil Ceyran xanım ehtiraslı səsiylə astadan elə bir ah çəkdi ki, onu bircə Sədi eşitdi. Canı gizildədi, bir aydan çoxdur, üzünü görə bilmədiyi oğluyla arvadı yenə yadına düşdü. Tənhalıqdan üşəndi. İstədi desin ki, Ceyran xanım, bəlkə birləşək, birgə yaşayaq. Qızını ərə vermisən, ikimiz də tənhayıq. Ancaq, xadiməçini hədəf seçdi:

– Səmayə xanım, samovar çayı dedin, yadıma çay düşdü. Bir stəkan çay verərdiniz, zəhmət olmasa.

Xadimə üzünü turşudub otaqdan çıxandan sonra Ceyran xanımın təşəkkürü gözlərində görünüb tez də qeyb oldu. Ceyran xanımdan yaxşı həyat yoldaşı çıxardı. Yaşda Sədidən böyük olsa da qaməti, kübarlığı, anlayışı Sədini tamahlandırırdı. “Bəlkə İradəni də unutdurdu”, – fikirləşirdi. Təsəvvür edirdi ki, onun evində birgə yaşayırlar. Ceyran xanım önlüyünü taxıb adamı yoldan edən nitqiylə ondan axşama hansı yeməyi arzuladığını soruşur. Qarşısına qoyduğu yeməyi iştahla yediyi zaman isə yaxınlaşıb onun gur saçlarını tumarlayır və başını iri sinəsinə söykəyir. Eynəyi xüsusi bir vacibiyyət verirdi Ceyran xanımın üzünə. Sədinin qanı azalmış vücudunu istilik bürüyürdü. Bu xəyaldan isti şorbalar buğlanırdı kasalarda. Onlar qarşı-qarşıya əyləşib “kiyev kotleti”ylə “Mədrəsə” çaxırı içirdilər. Gecələr…

– Gözətçi kateri təmirdən çıxdı, bu gün tərsanədən düşəcək, yoldaş texnoloq.

İki ay ərzində artıq neçənci dəfəydi ki, briqadir Fazil nahar fasiləsində xəyallarından ayırırdı onu.

– Oldu, Fazil kişi. Çox sağ ol, gedə bilərsən.

Sədi bu zavodun texnoloquydu. İki ay olardı, fəhləlikdən mühəndisliyə yüksəldiyi. İşini soruşanda “bir soğan qabığı fəhlədən yuxarı”yam deyirdi. Gəmilərin “tərsanə” dedikləri təmir blokuna yerləşdirilməsi kimi məsul vəzifə Sədinin ensiz çiyinlərini aşırdısa, başı barəsində belə demək doğru olmazdı. Sərf olunacaq materialın adından tutmuş çəkisinə qədər, qənaət oluna biləcək normalara qədər dəqiq deyirdi rəqəmləri. Yeri gəlmişkən, o vaxt bura işə girəndə onu zavodun fəaliyyəti ilə indi nahara tələsən Fazil kişi tanış eləmişdi. Bu qəribə uzunsifət itlər də onda körpəydilər, Fazil kişi onun bu balaca küçüklərə marağını görüb: “Tanış ol, Pirsin itləridir” deyəndə zənn etmişdi ki, Pirs zavoddakı əcnəbi təlimatçılardan birinin adıdır. Pirsin “kim” olduğunu Fazil kişi lovğalıqla izah etmişdi. Uşaq kimi hıqqanıb su borusunun üstünə çıxandan sonra borunu yellədə-yellədə danışması gözünün qabağına gəldi :

“Bala, gəmilərin yan aldığı bu beton səddə pirs deyirlər. Bax üstündə yelləndiyim su borusu da pirsin ərazisinə aiddir, sənin gəzdiyin yol da. Bu küçüklərin anasını gəmi mexaniklərimizdən biri İrandan gətirmişdi. Cins itiydi, Analarına çəkiblər.”

Yellənə-yellənə davam edirdi:

– Gəminin kəndirini bağladıqları o ikiqulaq dəmir kötüyü görürsən?- kötük kimi yumru və hamar idi, – adı “knex”-dir, onun üstündə oturmaq “zapadlodur”, çünki dənizçi jarqonunda ona “bosmanın mıxı” deyirlər, aha-ha-ha, “bosmanın mıxı ”, – əllərini bir-birinə çırparaq qəşş elədi. Elə güldü ki, burnunun üstünə sürüşmüş optik eynəyi yerə düşəcəkdi, əllərinin xaotik hərəkətləriylə havada tutdu. Bu dəfə də müvazinətini saxlaya bilməyib yerə tullandı. Az qalsın “bosmanın mıxı”na ilişəcəkdi. Eni uzununa yaxınlaşan bu tösmərək kişinin gülməli vəziyyətinə Sədi özünü güclə saxladı, əvəzində evdə xeyli gülmüşdü.

Fazil kişinin onu xəyaldan ayırmasına qəzəblənsə də, naharı yadına saldığı üçün ürəyində ona minnətdarlıq etdi.

Gecikmişdi, fəhlələr “bir-birinin belindəydi”. Oyuqlu servis qablarından birini götürüb yemək növbəsinə durdu.

“Elə bil, “vasmoyun”(səkkizinci kilometr) bazarıdır” -qarşısındakı adam deyinirdi. Yuxarıda ortadan asılmış televizorda “20 yanvar” qətliamının ildönümüylə bağlı sənədli film verirdilər. “Bu gün ayın on doqquzuymuş, zaman öz işindədir”, – fikirləşdi. Yemək növbəsindəki hay-küyün içindən briqadir Fazilin səsini tanıdı:

“Gəl gözünə sox, gəl. Bax gör, sənnən artığam yoxsa yox”

Mübahisə edirdi arxasındakı adamla. Fazil kişi qarnına yaraşmayan qıvraqlıqla sağ ayağını qaldırıb məhəccərin üstünə qoydu və tələsik “bot”larının ipini açmağa başladı . Nəhayət, corabını çıxarandan sonra cır səsinə yenə saxta qəzəb qatdı:

“Baxın ay camaat, yaxın gəlin. Bir, iki, üç, dörd, beş, bax bu da altı. O biri ayağımda da, altı barmaq var. Heç onu saymağa ehtiyac yoxdur, indi fakt bir barmaq səndən artığammı? Aartığam!”

Özü sual verib özü də cavab verdi.

“Deməli mənim növbəmdir.”

Yerlərdən gülüşdülər. Bayaq “vasmoyun bazarı” deyən adam da gülürdü. Fazil kişi yeməyini götürüb adamlara irişə-irişə boş yerlərdən birinə əyləşəndə növbəsi yaxınlaşan Sədini görüb tez gözünü yayındırmışdı. Televizorda Kamil Cəlilovu göstərirdilər. Nəsə danışırdı, səs-küydən eşitmək olmurdu. Arada qaboy çaldığı səhnədən fraqment də verdilər. Növbədə yenə kiminsə yadına düşdü ki, sabah “iyirmi yanvardır”, ucadan muştuluqladı: “Millət, sabah hamınıza icazə vermişəm, işə gəlməyin”.

Bir başqası:

“Alə, get tullan! Sən deməsən guya biz bilmirdik, iyirmi yanvara görə iş olmur?”

Yenə yerlərdən gülüşdülər. Sədinin gözü Fazil kişini axtardı,-bu dəfə ciddi gördü onu.

Sabah iş yoxuydu, bir gündən ötəri kəndə getməyə ərindi. Həm də ayağı bərk ağrıyırdı. Axşam yenə kirayə qadlığı evin böyründəki zirzəmiyə girdi, qarnını sevindirməyə. Ayağını az qala sürüyə-sürüyə gəlmişdi. Bir pors sosiska, bir parç pivə sifariş verdikdən sonra, qoltuq cibindən “julik” dedikləri iki yüz qramlıq araq şüşəsini çıxardıb ehtiyatla masaya qoydu. Ağaxan Abdullayev “Dilkəş” oxuyurdu:

”Ağladım mən hicri-yar ilə, gözüm dincəlmədi,

Sanki daşdandır onun qəlbi, o, heç kövrəlmədi”

Bir gün sonra xəstəxananın reanimasiyasında ayıldı, ayaq barmaqlarının arası qaşınırdı,- əsgərlikdən “göbələk” düşmüşdü, hələ də sağalmamışdı. Əlini uzadıb qaşımaq istəyəndə qolundakı sistem şlanqını gördü. İstədi ayağını qaldırıb sol əliylə qaşısın, qaldıra bilmədi. Tibb bacısı nəhayət yaxınlaşdı.

– Həkim, qolumdakını çıxart, barmaqlarımın arası qaşınır.

Anasına oxşayan tibb bacısı şəfqətlə soruşdu:

– Can, hansı barmaqların?

– Sağ ayağımda.

Qardaş, sağ ayağınla vidalaşmalı olduq, qanqrena vermişdi,-tibb bacısı sistem şlanqını təftiş edərək soyuqqanlıqla birnəfəsə dedi.

Çöhrəsi ayazıdı Sədinin, ancaq, özünü tez toparladı. Üzünü ilk dəfə gördüyü anasına bənzəyən bu şirin qadının indicə ona göz vurub arxayın salacağını hiss etmişdi. Təxminən belə deyəcəkdi:

“Xəstəlikdən qorxursansa içkidən, siqaretdən uzaq ol, canına yazığın gəlsin. Tərgidə bilmirsənsə elektron siqaretə keç”.

Bunu da istisna etmədi:

“Qardaş, arağın ziyanı yoxdur, bircə pivəynən qatma”.

İndi bu xanım Sədini evləndirsə də etiraz etməzdi. Sonra cığallıq etməyəcəyinə də zəmanət yoxuydu. Bu dar macalda evlənmək arzusu gülməli gəlmişdi özünə. Başının üstündə əlləri ağ xalatının cibində, İbrahim Tatlısəsə oxşayan bir kişi gəlib durdu. Tibb bacısı onu görcək kənara çəkildi.

– Müəllim, axşam biz bir neçə həkimlə və həyat yoldaşınız Sona xanımla məsləhətləşmələr aparandan sonra belə bir qərar verəsi olduq. Təəssüf ki, aşağı sağ ətrafınızın periferik hissəsinin amputasiyası qaçılmaz idi.

Artıq heç nə eşitmədi qulaqları. Cəld yorğanı qaldırıb ayağına baxdı ki, bilsin periferik hissə haranı deyirlər, ayağını topuqdanmı kəsiblər, dizdənmi. Gözləriylə görəndən sonra girdi döşəyin arasında “itdi”.

Gözləri qaraldı. Vücudu gərildi. Anasını xatırladan mavi köynəkli tibb bacısının yenə səsini eşitdi:

– Səni elə halda gətirdilər ki, “gedirdin.” Cərrah bir az gec müdaxilə etsəydi, zəhər bədəninə yayılacaqdı. Şəkəri qorumamısan. Dua elə ki, böyrəyinin biri süzür, dializə düşmədin.

Bütün bunları Sədi indi Ceyran xanımla birgə yaşadıqları işıqlı bir isti evin özünə aid ciddi görünüşlü iş kabinetində, təhkim olunduğu əlil arabasında irəli-geri yellənib ürəyilə vərəvurd edirdi. İradəylə rəsmi ayrıldıqlarından xeyli vaxt keçmişdi. Ancaq, beynini eşən bir suala hələ də cavab tapmamışdı:

“Görən mən razı olardım İradənin ayağının kəsilməyinə?”. İradəni görmək istədi. ”O da qocalmış olar”,-fikirləşdi. Müharibədə itkin düşən əmisinin adını vermişdi oğluna. Şərt kəsmişdilər, qız olsaydı adını İradə özü qoyacaqdı. Qismət olmadı. Oğlu indi magistratura təhsili alır, Milanda. Ondan anasının şəkillərini göndərməsini istəməyə utanırdı. Saata baxdı, Ceyranın gəlməsinə az qalırdı. “Bu gün yanvarın on doquzudur, sabah iş günü deyil. Gəlsin gedək kəndə.”- arabasını cəld hamama sürüb üzqırxanını götürdü dolabdan: “Gəlsin çimizdirsin, geyindirsin, gedək.” Ayağı kəsiləndən kəndə getməmişdi: “Ceyran da oralarda olmayıb. Qohumlarımla tanış edərəm həm də”. Hövsələsi daraldı lap, Ceyrana zəng vurdu:

– Salam, yaxınlaşırsan?

– Yaxınlaşıram, nə baş verib?- arvadı həyəcanla soruşdu.

– Mollasadıxlıya gedək, sabah axşam qayıdarıq, bir saatlıq yoldur.

– Hara?

– Kəndə, – susurlar,- unutmusan, bir ayağım kənddədir?-gülüşdülər.

Ceyrana olan sevgisinə bir də onun gülüşü əlavə olmuşdu.

– Ayağım yuxuma girir tez-tez. Sabah onu ziyarət edək. /kulis.az/

Babək Məmmədli

Sumqayıt