Ev Yeni imza Çiçək dərdim ürəyimdən – Yeni İmza

Çiçək dərdim ürəyimdən – Yeni İmza

250

Dilimizvarlığımız.az “Yeni İmza” layihəsində gənc şair Nicat Hunalpın şeirlərini təqdim edir:

Mən zamanın tərs üzünə düşmüşəm

Durulmuşam bir bulağın suyuna,
Dəli axan çay gözünə düşmüşəm.
Yas saxladım kədərimin toyuna,
Qaranlığın gündüzünə düşmüşəm.

Ocaq üstə yandı bağrım kabab tək,
Ulduz dərdim göy üzündən bir ətək,
Qucağımda dünya boyda gül – çiçək,
Bəxt sarıdan çöl düzünə düşmüşəm.

Qəfəsdədi div canım bu ölkədə,
Neynim hələ çatmayıbdı vaxt – vədə,
Yanlış vaxtda doğulmuşam bəlkə də,
Mən zamanın tərs üzünə düşmüşəm.

Bir bulud ağlayır başımın üstə

Bir az köz atım qoy bu sözə barı,
Fələklə payımı böl yarı – yarı,
Tanrımı göndərib bu buludları,
Bir bulud ağlayır başımın üstə.

Özün bax sən Allah bu haya – küyə,
Ürəyim dayanmır o uçuq öyə,
Göy yerə qarışıb,yerdəki göyə,
Bir bulud ağlayır başımın üstə.

Burda yaşamımda vallah havayı,
Pərişan görürəm günəşi ,ayı,
Bir kimim kimsəm yox, məndən savayı,
Bir bulud ağlayır başımın üstə.

Nə qədər adam var içimdə ölən,
Yoxdu ürəyimdə dərdimi bilən,
Nə çoxdu halıma ürəkdən gülən,
Bir bulud ağlayır başımın üstə.

Dayan, bir baş çəkim bu ağacada,
Orda qəlbi kabab, qarnı acada,
Tanrıdan aşağı,məndən ucada,
Bir bulud ağlayır başımın üstə.

Ay göy üzü, əl çək daha yaxamdan

Küsdürmüsən yenə ayı buludu,
Ay göy üzü əl çək daha yaxamdan.
Çiçək ömrüm torpağında qurudu,
Ay göy üzü, əl çək daha yaxamdan.

Yağışında dərdim – sərim yuyuldu,
Arzularım ağac kimi oyuldu,
Yazıq canım tabutuna qoyuldu,
Ay göy üzü, əl çək daha yaxamdan.

Nə istedi axı səndən bu adam,
Axır çıxdı iman dindən bu adam,
Nə gördüki guya yerden bu adam,
Ay göy üzü, əl çək daha yaxamdan.

Həsrət üzdü o çiçəksiz arını,
Yel apardı cənnətinin barını,
Gizlətmisən milyon ildi Tanrını,
Ay göy üzü, əl çək daha yaxamdan.

Dərdimə əyilmişəm bir gəmi limanında

Dərdimə əyilmişəm bir gəmi limanında,
Başımdan ayağıma damarımda qan donub.
Gözlərimin kədəri siqaret dumanında,
Ürəyimdən ayrılıb çiyinlərimə qonub.

Dərdimə əyilmişəm bir gəmi limanında,
Gözlərimi dikmişəm buralardan uzağa
Həsrəti içimdədi hələ son baharında,
Saçlarım yarpaq kimi düşür dən-dən torpağa.

Dərdimə əyilmişəm bir gəmi limanında,
Üstümə payız günü bir kədər çöküb ağır.
Mən çəkdiyim kədəri, tək Tanrı çəkə bilər,
Kədərim göy üzündən yağışa dönüb yağır.

Dərdimə əyilmişəm bir gəmi limanında,
Qağayılara burda ən son ümid yeriyəm.
İstanbulun qoynunda tənhalıq limanında,
Ruhuna kədər çökmüş tənhalardan biriyəm.

Dərdimə əyilmişəm bir gəmi limanında,
İçdiyim qədəhlərin sayısın itirmişəm.
Ümidimin közündə siqar kimi alışıb,
Tüstülənib, sonunda kül qabında ölmüşəm.

Dərdimə əyilmişəm bir gəmi limanında,
Özümdəndə ucaya qaldırmışam qəmimi.
Gecənin bir yarısı beynimin dumanında,
İtirmişəm o gündən axtarıram gəmimi.

Ayaqqabı tənhalığı

Baxırdın gözümün içinə qəmli,
Elə bil bilirdin tək qalacaqsan.
Mənsiz keçən günlər qəmli – kədərli,
O qapı önündə tozlanacaqsan.

Səni saymayacaq daha bir adam,
Vallah çıxmayacaq kimsə yoluna.
Tənha qalacaqsan pilləkən üstə,
Dərd -kədər çökəcək yük tək qoluna.

Darıxıb toz üçün, tozanaq üçün,
İstəsən gəzəsən sən o yolları.
De hardan tapassan məni sən axı,
İndi ne men varam, nə ayaqlarım.

Məni öldürdülər sisli bir gecə,
Susdu kül qabında siqaret külü.
Mənimçün darıxma heç dərd eləmə,
Neynir o dünyada başmağı ölü.

Qoy səni geyinsin küçə başında,
Şaxtadan ayağı donan bir şair.
Həsrətdən ürəyi, kədərdən sözü,
Ömrü xəzan kimi solan bir şair.

Səni geyinməsin düşüncəsi dar,
Beyni kəm, ruhu kəm, bir yaddaşı küt.
Bax elə o tozun, o tozanağın,
İçində sən yeni bir şair böyüt.

Bu dünyanın yükü mənim çiynimdə

Bu dünyanın yükü mənim çiynimdə,
Ha gətirsəm,ha daşısam xeyri yox.
El toyunda qol qaldırıb oynasam,
El yasında çox ağlasam xeyri yox.

Daşa dəydi başım,dedim qismətdi,
Acı sözlər ürəyimi göynətdi,
Bir andaca yaşım dolandı getdi,
Mən zamanı qabaqlasam xeyri yox.

Ümid odu köz – köz yanır hələ ki ,
Dünya durur ,yer fırlanır hələ ki,
Az insanlar məni qanır hələ ki,
Qanmayana dastan yazsam xeyri yox.

Tapınmışam vicdan adlı o haqqa,
Yol ürəyə ,yol vicdana,yol haqqa,
Səs çıxardım haqsızlığa nahaqqa,
Yoxsa durub belə dözsəm xeyir yox.

Göy üzü ruhlar evidi

Bu yerdə kim yarıdı ki,
Bəxtindən, şair yarıya.
Çiçək dərdim ürəyimdən,
Çiçəksiz qalan arıya.

Dərdə dostdu könül tarım,
Ölsəm göyə dərd aparım,
Mən qoymadım arzularım,
Qız kimi evdə qarıya.

Ölüm ruhdan uca idi,
Ruhsuz bədən axı nədi?
Göy üzü ruhlar evidi,
Gedib sığınıb Tanrıya.

Tural Adışirinin təqdimatında