Ev Publisistika QARDAŞ XALQIN İSTEDADLI OĞLU

QARDAŞ XALQIN İSTEDADLI OĞLU

203

Azərbaycan və tatar ədəbiyyatını zəngin tarixi yol birləşdirir. Nizami, Füzuli yaradıcılığı ilə tatar aydınları qədim zamanlardan tanış olub, onların yaradıcılığı ədəbiyyatımıza önəmli təsir göstərib.

Və XX yüzilin əvvəllərində, Tukay dövründə ədəbi əlaqələr daha da gücləndi. Sovet dövründə də bu əlaqələr davam və inkişaf etdi. – Azərbaycan yazıçılarının əsərləri tatar dilinə tərcümə edilərək qəzet və jurnallarda çap olunur, ayrıca kitablar şəklində nəşr edilirdi.

Eyni zamanda, Abdulla Tukayın, Musa Cəlilin və digər görkəmli tatar şairlərinin şeir və poemaları Azərbaycan dilində böyük tirajla nəşr edilmişdir. XX yüzilin sonlarında – xalqlarımızın azad nəfəs aldığı 90-cı illərdə əlaqələrimiz daha da gücləndi. Bu tendensiya son 10-20 ildə də özünəməxsus şəkildə davam etdi. – Ədəbi mübadilə nəzərəçarpacaq dərəcədə genişləndi və yeni səviyyəyə yüksəldi. Bu nəcib işdə ən fəal mövqeyə sahib aydınlardan biri də tanınmış Azərbaycan şairi Əkbər Qoşalı olub desəm, təbii ki, yanılmaram.

Əkbər Qoşalının poetik yaradıcılığı Azərbaycan ədəbiyyatının hüdudlarından kənara çıxmış, türk xalqlarının mədəni sərvətinə töhfə vermişdir. Onun əsərləri bir çox qardaş dillərə uyğunlaşdırılıb, bundan əlavə, Türk dünyasının bir çox görkəmli yazıçıları ilə sıx yaradıcılıq və dostluq əlaqələri sayəsində tarixi əlaqələrimizin, neçə yüzillik dostluğumuzun möhkəmlənməsinə uğurla töhfə verib.

Özəlliklə vurğulayım, Əkbər Qoşalı və onun həmfikirlərinin təşəbbüsü ilə Azərbaycan dilində tatar şairlərinin toplusu və fərdi kitabları da nəşr edilmişdir. Əkbər Qoşalının qurucusu olduğu Dünya Gənc Türk Yazarlar Birliyinin dəvəti ilə tatar şairləri bir neçə dəfə Bakıdakı poeziya festivallarında olub. Mənim də bəxtim gətirdi ki, orada oldum.

Bakıda mənim “Payız yağmuru” kitabım gün üzü gördü və onun müxtəlif məkanlarda təqdimatı xalqlarımız arasında əsl poeziyanın, dostluğun təntənəsinə çevrildi. Azərbaycanda olduğum müddətdə gördüm ki, istedadlı şair Əkbər Qoşalı həm də respublikanın ictimai-siyasi həyatında fəal insan, yaxşı təşkilatçı, qonaqpərvər evsahibidir.

Əkbər Qoşalı kimi şairlərə bu dünyada o qədər də tez-tez rast gəlinmir; çünki onların müstəsna insanpərvərliyi və mehribanlığı, öz xalqına sarsılmaz sədaqəti və onun müdafiəsinə qalxmağa hər saat hazırlığı olmalıdır. O – tatar yazıçılarının yaxın dostu Əkbər Qoşalı məhz belə insandır.

Səmimi tatar salamları ilə,

Razil VƏLİYEV,
Tatarıstanın Xalq şairi,
Tatarıstan Respublikasının
A.Tukay adına Dövlət Mükafatı laureatı