Ev Bədii Dili suluqlayırdı hər Laçın kəlməsindən – (Nadir Azayoğluna)

Dili suluqlayırdı hər Laçın kəlməsindən – (Nadir Azayoğluna)

115

* * *
Nadir Azayoğluna

Gözləri yol çəkirdi…
Dodaqları papiros dumanında itirdi.
Əskilmirdi ruhundan
Həsrət,
vüsal,
kədər,
qəm…
Yaşayırdı özüyçün – bir az kövrək, bir az dəm.
Arabir xəritəni açıb baxırdı ona:
“Buraları görürsən? Kəndimiz burda idi…” –
Göstərirdi oğluna.

Arabir yol alırdı
dağa,
daşa,
dərəyə…
Bir dəli köhlən tapıb tərkinə atılırdı
Durub bir qaya üstə… o tərəfə baxırdı.

Yazdığı şeirlərə
danışırdı dərdini…
Gözümüzün önündə dən düşürdü saçına…
Sevinci asta-asta içində əriyirdi,
Adam həsrət qalmışdı ata yurdu Laçına!

Dili suluqlayırdı hər Laçın kəlməsindən.
Əlləri əsə-əsə Laçın sözün yazırdı.
Ruhu dara çəkirdi onu yuxularında,
Adam dəlilər kimi öz içində azırdı.

Uzun çəkdi bu həsrət,
ömür getdi,
gün keçdi…
Ümidlər qırıq-qırıq, yarı-yarı yaşadı.
O adam adam kimi yaşamadı dünyada,
O adam çiçək-çiçək, arı-arı yaşadı…
O adam qoca-qoca, qarı-qarı yaşadı…
O adam buğda-buğda, darı-darı yaşadı…

Təzə qəbir yerləri qazdı doğmalarına.
Çoxunu dərd apardı, çoxu sıra bilmədi.
Bu adam ağac əkdi, yol saldı, binə qurdu…
Amma özünə təzə vətən qura bilmədi.

Çox gözlədi bu günü – yazdan payıza qədər
Neçə payız qış oldu, gör neçə bahar keçdi.
Ümid sahillərində illər qatara döndü,
Bu minvalla ömürdən gör neçə qatar keçdi.

Bu adam ümidini dəfn etmədi içində,
Bu adam ümidləri gerçək bilib barışdı.
“Görəsən Laçına da yağış yağır?” soruşan
Oğluna Laçın dolu xatirələr danışdı.

Şəhərin göbəyində şəhərləşdi bu adam,
Səhərin toranında
Tanrıya ürək açdı.
Bu günü gözləməkçün otuz ilə dəyərmiş…
Bu səhər günəş doğdu,
bu səhər çiçək açdı!

Bu səhər qulaqları tutuldu xoş xəbərdən!
Gah içini çəkdi o,
gah papiros sümürdü…
Şəhərdəki evinin qapısından baxanda
İlk dəfəydi gözünə Laçın da görünürdü…

Əyyub QİYAS