Ev Publisistika DÜNYA NƏVAİŞÜNASLIĞININ YENİ NÜMAYƏNDƏSİ

DÜNYA NƏVAİŞÜNASLIĞININ YENİ NÜMAYƏNDƏSİ

259

DÜNYA NƏVAİŞÜNASLIĞININ YENİ NÜMAYƏNDƏSİ VƏ YA
AZƏRBAYCAN ELMİNİN YAXIN DOSTU ŞÖHRƏT SIRACƏDDINOV

Təkcə özbək nəvaişünaslığında deyil, dünya nəvaişünaslığında professor Şöhrət Siracəddinovun özünəməxsus dəstixətti vardır. Daha çox tarixi mənbələrə istinadən, lakonik üslubda, müqayisəli tipoloji şəkildə təqdim edilən ədəbi-tarixi faktorlar nəvaişünaslıqda yeni imzanın parlaq görüntüsüdür.

Azərbaycandan Cənnət Nağıyeva, Özbəkistandan akademik Aziz Kayumov, Özbəkistan Qəhrəmanı Suyima Ğəniyeva kimi alimlərdən Nəvaişünaslıq dərsi aldığım üçün özümü çox xoşbaxt bilmişəm. Amma hər gün öyrənmək, yeni bir mənbə ilə tanış olmaq Nəvai hikmətinə məhəbbətimdən, sevgimdəndir.
Adını ilk dəfə nəvaişünas ustadlarımdan eşitdiyim görkəmli elm xadimi, professor Şöhrət Siracəddinov (Shuhrat Sirojiddinov) həmin sıradan olan böyük şəxsiyyətlərdəndir. O, həm də təşkilatçı kadr kimi ölkəsində nüfuz sahibidir.

Professorun tərcümeyi-halına bir neçə sətirlə nəzər salmaq kifayətdir:

Şöhrət Siracəddinov 23 iyul 1961-ci ildə Özbəkistan Respublikası Səmərqənd Vilayətinin Kattakurqan rayonunda dünyaya gəlmişdir.

1978-1984-cü illərdə Daşkənd Dövlət Universitetinin (hazırda Özbəkistan Milli Universiteti) Şərq fakültəsində oxumuş, fars-ingilis dilləri və ədəbiyyatı ixtisası üzrə filoloji təhsil almışdır. Şərq fakültəsində müəllim kimi elmi-pedaqoji fəaliyyətə başlamış, sonra isə Səmərqənd Dövlət Universitetində müəllimlik fəaliyyətini davam etdirmişdir. Görkəmli alim 1998-2002-ci illərdə İmam Əl-Buxari Beynəlxalq Fondu sədrinin müavini vəzifəsində çalışmış, 2003-2005-ci illərdə Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Fəlsəfə və dünya mədəniyyəti kafedrasının professoru və kafedra müdiri vəzifəsinə seçilmişdir. Professor Şöhrət Siracəddinov 2005-2012-ci illərdə Özbəkistan Dövlət Xarici Dillər Universitetinin Birinci prorektoru, 2012-2014-cü illərdə Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun rektoru vəzifəsinə təyin edilmişdir. 2014-2016-cı illərdə Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin rektoru vəzifəsində çalışan tanınmış elm və tədris təşkilatçısı 2016-cı ildən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektorudur. Professor Şöhrət Siracəddinov mühüm dövlət vəzifələrində çalışmış tanınmış elm təşkilatçısıdır. Eyni zamanda o, şərqşünas və filoloq alim kimi özünü daha geniş miqyasda təqdim etməyi bacarmışdır. Təsadüfi deyil ki, professor Şöhrət Siracəddinov 14 monoqrafiyanın, 6 dərslik və dərs vəsaitinin, 200-ə qədər elmi, elmi-kütləvi və tədris-metodik məqalənin müəllifidir.

Professor Şöhrət Siracəddinov 1991-ci ildə Səmərqənd Dövlət Universitetinin akademiki Batır Vəli Xocayevin rəhbərliyi ilə “XIX əsr Kattakurqan şairləri yaradıcılığında Əlişir Nəvai ənənələri”, 1998-ci ildə professor Həmid Süleymanov adına Əlyazmalar İnstitutunun Dissertasiya Şurasında – “XV-XIX əsrlərdə yaradılmış fars mənbələri Əlişir Nəvainin həyat və fəaliyyəti uzrə” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Dəyərli tədqiqat əsərləri ilə o, dünya nəvaişünaslığına qiymətli töhfələr vermişdir.

***

2014-cü ilin 14-15 may ayında Səmərqənddə keçirilən “Orta əsrlər şərq alim və mütəfəkkirlərin tarixi irsi, onun müasir dünyamızın inkişafında rolu və əhəmiyyəti” adlı Beynəlxalq Forumda hədiyyə etdiyi “Alisher Navoiy manbalarning qiyosiy-tipologik, tekstologik tahlili” adlı kitabından bir neçə nüsxə də Bakıdakı alim dostlarıma götürdüm. Ötən il çapdan çıxmış “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyamı hazırlayarkən, mənbələri dəqiqləşdirmək üçün dönə-dönə müraciət etdiyim əsər oldu.

Özbəkistanda hər il Əlişir Nəvai adına keçirilən beynəlxalq elmi konfranslarda professor Şöhrət Siracəddinovdan dinlədiyimiz dəyərli məruzələri, çox saylı tədqiqatları, kitabları ilə artıq dünya nəvaişünaslarına örnək alim olduğunun dərkinə vardım.

Professor Şöhrət Siracəddinov və böyük bir qrup özbək alimləri ilə ulu Herat torpağında – Əlişir Nəvai məqbərəsində görüşdük, bu birgə ziyarət, əməyimizin mükafatı olaraq, Uca Allahın lütfü idi.

Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası tarixində ilk dəfə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli Ədəbiyyatşünaslıq” adlı elmi dərgimizin bir sayı bütövlükdə “Azərbaycan-özbək ədəbi əlaqələri”nə ithaf olundu. (374 səhifəlik bu elmi nəşrdə  jurnalda 60-a yaxın məqalə, şeir təqdim olunub, eyni zamanda professorun elmi-təşkilatı fəaliyyəti haqqında professor Əlizadə Əsgərlinin “Professor Şöhrət Siracəddinov – muasir ozbək nəvaişunaslığının gorkəmli numayəndəsi” adlı məqaləsi dərc olunmuşdur). Bu məqalədə alimin təkcə elmi fəaliyyəti yox, həm də təşkilatçılıq qabilliyəti, əsərlərindən örnəklər əks olunub. Eyni zamanda, “Professor Şöhrət Siracəddinov” imzası ilə Azərbaycan elmi ictimaiyyətinin daha da yaxından tanışlığına bir fürsət oldu. Qeyd edim ki, professor Siracəddinov artıq 3 ildir ki, həmin dərgimizin elmi redaksiya heyyətinin üzvüdür.

2020-ci ilin fevral günlərində Şöhrət Siracəddinovun rəhbərliyi ilə bir qrup özbək alimin – professorlar Nurbay Cabbarov, Bakıjon Tuxliyev, Alimjon Dövlətov və sevimli şair Nadir Xalbutayevin İnstitutumuza gəlişi – elmi səfərləri günlərində professor Şöhrət Siracəddinov İnstitumuzun “Fəxri Professoru” kimi yüksək şərəfə nail oldu. Ədəbi-elmi əlaqələrimizin tarixi üçün unudulmaz bir nümunə, bir xatirə.

Həmin səfər zamanı İnstitutumuzda 6 ildir ki, fəaliyyət göstərən “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin nəzdində “Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi” açıldı. Bu hadisə, Azərbaycan Nəvaişünaslığında yeni və təqdirəlayiq bir addım kimi hər kəsin könlünü işığa qərq elədi. Professor Şöhrət Siracəddinov kətan üzərində nəfis şəkildə işlənmiş Əlişir Nəvai portretini şöbəmizə hədiyyə etdi.

Professor Şöhrət Siracəddinov rəhbərlik etdiyi Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində açdığı “Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi”nə sanki bir cavab kimi dəyərləndirə bilərik.

Professor Şöhrət Siracəddinovun Azərbaycan elmi ictimaiyyəti ilə sıx əlaqələri imkan verir ki, onun haqqında xeyli yazaq, fikirlər söyləyək.
Hörmətli ustad, professor Şöhrət Siracəddinov Sizi yubiley yaşınızı səmimi qəlbdən təbrik edirik, sizə yaradıcılıq uğurları, can sağlığı, uzun ömür arzulayırıq. İnanırıq ki, Azərbaycan-özbək elmi-ədəbi əlaqələr tarixində sizin xidmətləriniz ayrıca səhifə açacaq (hətta açmış belə!!!), yeni-yeni uğurlar əldə edəcəyik.

Uca Allah Sizi qorusun, dəyərli ustad, əziz qardaşım!!!

Azərbaycan-özbək qardaşlıq, dostluq ənənələri tükənməsin!

Azərbaycan-özbək ədəbi – elmi əlaqələrinin bünövrəsində Nizami – Nəvai kimi möhkəm sütunlar var!!!

Almaz Ülvi (Binnətova)
Filologiya elmləri doktoru
“Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələr” şöbəsinin müdiri
Bakı, 30 iyun