Ev Bədii Duyan könüllərə tərəfdi sözüm – Yeni şeirlər

Duyan könüllərə tərəfdi sözüm – Yeni şeirlər

397

Əli NƏCƏFXANLI

Yol az gəl heç olmasa

Daş oldum gözləməkdən, ay ürəyi daş, səni,
İnsan idim, yerimdə qəm qalası ucaldı.
Ha boylandım yollara, bir yol görüm kaş səni,
Gözlərim qaralınca ümidim də qocaldı.

Yadına düşmədim ki, yadından çıxdım sənin,
Bir an məni anmadın əziz itiyin kimi.
Hələ də gözləyirəm qəfil geri dönməni,
Qəfil acıq eləyib çıxıb getdiyin kimi.

Eşqimiz yazılmayan şeir oldu bir kitab,
Bir misra da düşmədi varagın ag yerinə.
Yol az, gəl, heç olmasa, məni təsadüfən tap,
Bir günlük özümüzü qoyaq uşaq yerinə.
03.05.22.

Vəfalı dərd

Necə gizlənpaçdı axı bu oyun,
Dərd elə tək məni axtarıb tapır.
Gündə yəhərini belimə qoyub,
Kor at kimi minir, köndələn çapır.

Sarmaşıq sayağı sarılıb mənə,
Toxdamır qəddimi qatlatmayınca.
Vurğun vurmuşa bax, vurulub mənə,
Əl çəkmir bağrımı çatlatmayınca.

Sanki bilərəkdən düşüb acığa,
Olmur ki, yazığı gəlsin bir kərə.
Oyanmır da barı bəxt, qaraçuxa,
Bu dərdin gözünü dəlsin bir kərə.

Amma bu da var ki, vəfalıdı dərd,
Bir an tərk eləmir mənim tərkimi.
Çəkib faniliklə aramıza sədd,
Qırdı-qaçdı deyil kimsələr kimi…
25.04.22.

Yolda

Görəsən, bu hansı dayanacaqdı,
Axırdan əvvəlki, ya axırıncı?
Ruhum söndüyünü duyan ocaqdı,
Qocalıq başıma çaxır qılıncı.

Cavanlıq başıma qaxır ağ günü,
İndi də ağ bayraq qaldırıb gedir.
Ömür dedikləri dartıb özünü,
Canıma nə otlar yoldurub gedir…

Yarıda bilmədim arzularımı,
Görün, yol xurcunum yüngüldü necə!
Heç vaxt çin olmayan yuxularımın
Dərd-səri üstümə töküldü necə!

Bəlkə bu bəduğur sürət qatarı
Qəfil yerə salıb itirə məni?
Ya gedə Şuşaya, Laçına sarı,
Son kəz o dağlara yetirə məni?

Həsrətdə qovrulur bağrımın içi,
Həzin duyğulara oluram əsir.
Bir də baxıram ki, zaman-bələdçi
Bileti ver deyib sözümü kəsir…

Görəsən, bu hansı dayanacaqdı?
Gözlərim qırpıla-qırpıla qalıb.
Barsız budaqsa da taleyim, baxtım,
Tut kimi çırpıla-çırpıla qalıb,
Ürəyim çırpına-çırpına qalıb…
06.04.22.

* * *
Dünyanı çox gəzdim, dolaşdım, bəsdi,
Yol çəkdim, düz keçdim, yal aşdım, bəsdi,
Artıq ipliyimə dolaşdım, bəsdi,
Artıq lövbərimi burda salıram.

Daha ayağımın feili azalıb,
Könlümün gəzməyə meyli azalıb,
Gözümün nuru da xeyli azalıb,
Mehri, məhəbbəti yurda salıram.

Sözdən sevə-sevə həsir hörərdim,
Kİmsəyə nə macal, nə sirr verərdim.
Beşlikdən, onluqdan nəzir verərdim,
İndi qutulara xırda salıram.

Azaldı o təpər, getdi o taqət,
Canı hədər yerə üzmüşəm əlbət.
Camaat zirvədə iz salır, fəqət
Mən izi əriyən qarda salıram.

Yox olub şadlığım, itib şənliyim,
Köhnə dəyirmanam, boşdu dənliyim.
Həddən ziyadadı deyingənliyim,
Evdə arvadı da dərdə salıram.
13.12.21.

Sözüm

Sözü qüsullaram, çirkə çıxmasın,
İçindən iddia, hikkə çıxmasın.
Elə ona görə, yekə çıxmasın,
Sözlərin içində sədəfdi sözüm.

Çoxları arada toz eyləyirlər,
Söz desəm, sözümü söz eyləyirlər.
Nə bilim, bəlkə də düz eyləyirlər,
Köntöy həmlələrə hədəfdi sözüm.

Yazdığım hər sözün öz cilası var,
Bəlkə beş mənası, beş cinası var.
Anlayan kəslərə etinası var,
Duyan könüllərə tərəfdi sözüm.

Canı bir qadına qurban demişəm,
Ömrü söz adına qurban demişəm,
Sözün azadına qurban demişəm,
Gözəllik adına məsrəfdi sözüm.
04.12.21.

* * *
Həsrətə qışım demişəm,
Sənə – yazım, sənə – yazım.
İcazə ver, dərdlərimi
Sənə yazım, sənə yazım.

Kim öz soyuqluğun öyər-
Şimal qütbüsənmi məgər?
Canım yanar, olsan əgər
Sən ayazım, sən ayazım.

Könlümə dolursan mənim,
Məndənmi alırsan məni?
Az yada salırsan məni,
Sən, ay azım, sən, ay azım.

Bir gün qonaq çağır, barı-
Gün isitsin sağırları.
Gedəndə də cığırları
Sən əy, azım, sən əy, azım.

Tural Adışirinin təqdimatında