Ev Publisistika ƏKBƏR QOŞALI POEZİYASINDA FƏLSƏFƏ

ƏKBƏR QOŞALI POEZİYASINDA FƏLSƏFƏ

63

Hərdən elə şeir olur, oxuyub keçirsən; hərdən də olur, ilk – bir neçə oxunuşda məzmun aydın olmur, təkrar-təkrar oxuyub aramla dərk edirsən. Sosial şəbəkə üzərindən qarşılaşdığım bu şeir, ikinci tipdən olanlara aiddir. Hər misrasını oxuduqca aydın oldu ki, müəllif əslində hər bənddə bir neçə fəlsəfi problem qoyub. Bəlkə də, şair yazarkən heç bu qədər məzmun yüklü şeir alınacağını düşünməmişdi…

​Şeir çoxqatlı fəlsəfi məzmunlarla zəngindir. Şairin insan və həyat haqqında müşahidələrindən doğan bu şeirdə o, yaşamın dərin anlamını və insanın özünü dərk etmə yolunda qarşılaşdığı çətinlikləri, təzadları, həmçinin cəmiyyətlə, təbiətlə və özü ilə bağlı düşüncələrinin bir-birinə qarşı durmasını, həqiqət axtarışlarını təqdim edir. Yuxarıda “çoxqatlı fəlsəfi məzmun” ifadəsini boşuna işlətmədik, indi həmin rəngarəng qatları açmağa çalışaq:

Görəsən, insanı necə göstərir,
Korlar bazarında satılan güzgü?..
Gün gəlir, baxırsan, sənə tələsir,
Bir teli daraqlı, gözləri süzgün…

​“Korlar bazarında güzgü” metaforası ilə ilk bənddən dərin eniş-yoxuşlu həyat yolçuluğuna çıxırıq. Kor hara, güzgü hara, “ərəb hara, corab hara” – misali… Bir insan niyə kor bazarındakı güzgüdə olan əksini düşünsün ki?.. Şair əslində kor və güzgü timsalında insanların bəzən özlərini necə (yanlışmı?) tanıdığını və başqalarının onları necə gördüyünü bədii şəkildə göstərməyə çalışır. Bu güzgü həqiqəti əks etdirmir, çünki görmə qabiliyyəti olmayan insanlar üçün güzgünün mahiyyəti dəyişir. Bu, insanın öz-özünə yaratdığı “ideal” və ya reallıqdan uzaq imicinə işarə kimi görünür. Həmçinin şair burada həqiqətin mahiyyətini və insanın özünü tanıma prosesini sual altına salır. Gerçəkdən də, özünüdərk və həqiqətin axtarışı insanın həyatında davamlı olaraq qarşılaşdığı və yaşamının sonunacan davam etdirdiyi böyük psixo-fəlsəfi problemdir.

Gün gəlir, baxırsan, sənə tələsir,
Bir teli daraqlı, gözləri süzgün…

​Bu misralar insanın zamanla özünə yönələn və ya yenə özünü dərk etməyə çağıran daxili bir tələskənliyini, həyəcanını ifadə edir. Bu çağırış sanki insanın daxilindəki dərinlikdən gələn, dərk edilməmiş bir ehtiyacın, ya da “şəxsiyyətin özü ilə görüşə tələsməsi”nin bədii təsviridir. Bəlkə də, insan müəyyən bir yaşa, təcrübəyə və ya daxili böhrana çatanda “öz güzgüsünə baxmaq”, yəni özünü daha dərindən tanımaq istəyi ilə üzləşir. Bu, həm də insanın müəyyən vaxtda öz keçmişi, yaşantıları, xatirələri ilə qarşılaşmaq məqamına işarə ola bilər. Burada tələskənlik və süzgün baxış bir-birini tamamlayaraq, insanın özünü təhlil edərkən duyduğu bir nostalji, kədər və bəlkə də, peşmanlıq hisslərini simvolizə edir. Həmçinin, gözlərdəki süzgünlük, insanın keçmişinə, yaşadıqlarına, bəlkə də, itirdiklərinə və həyata dair düşüncələrinə gözucu bir baxışdır. Bu ifadə sanki həm də insanın zamanla itirdiyi gənclik enerjisini xatırlayaraq onu yenidən yaşamaq arzusunu vurğulayır. Bu misralar, əslində, zamanla insanın daxili dərkə doğru olan təbii tələskənliyini, özünü axtarış yolundakı mürəkkəb duyğularını şeirə gətirir. Zənnimcə, birinci bənd təpədən-dırnağa özünüdərk probleminin bədii don geyinmiş şəklidir. Şair bunu konsept olaraq qoymasa da, problem olaraq dərhal nəzərə çarpır…

Həkimdən eşitdim, belə deyir ki,
Damar daşıdığı qandan içməyir.
Dəniz ortasında qalan gəmiçi,
Qıraqdan aldığı suyla keçinir…

​“Damarın daşıdığı qandan içməməsi”, yaxud “dənizin ortasında bir gəmiçinin suyu başqa yerdən alması” arasında gözlə görülməz, qəlblə duyulan bir ortaqlıq, oxşarlıq var. Şair bunu poeziyaya gətirməklə bir ilkə imza atmış ola bilər. Damarın daşıdığı qandan içməməsi və gəmiçinin dəniz ortasında başqa mənbədən su alması insanın nədənsə asılılığını və tənhalığını göstərir. Əslində insan üçün ən vacib nəsnə yenə də elə insan özüdür. Aydın məsələdir ki, hər bir insan sosial varlıq olaraq ətrafındakılara bağlıdır və bu asılılıq onun təbiətindəndir. Burada gizlicə Atilla İlhanın “Ben sana mecburum” çırpıntısını da duymaq olar… Hər halda göz önündəki deyil, görünməyən yöndəki nəsnə arzu edilirsə, burada romantik düşüncəyə yer var. Realist möhtaclıqdan söz gedə bilməz.

Ancaq ormanlara odun aparmır,
Orda ocaq çatıb isinən yolçu.
Minbir cilvəsiylə həyat həyatdır,
Bir yerdə odunçu, bir yerdə suçu…

​Üçüncü bənd başdan-başa real həyatdan doğmuş, şərait uyğunluğundan ərsəyə gəlmiş insanın fərqli rollarına və eyni zamanda bu fərqliliyin paralelində yaşamın nisbiliyinə, onun da zəminində həyatın faniliyinə işarədir. Yəni həyatın min bir cilvəsi ilə bəzən odunçu, bəzən suçu qiyafəsində yaşamaq mahiyyəti heç dəyişmir. Nəticədə, yolçusan, yol gedirsən, bu yol isə həyat yoludur! Sən odunçu, yaxud suçu; yolçu, yaxud yol göstərən olsan da, nəhayətində insansan…

Yəqin dili-ağzı yağır olubdu,
Sözünü saxlayıb deməyən kəsin.
Deyirlər, andına inanmaq olmaz,
Qoltuğunda çörək gəzdirənlərin.

​Bu bənddə isə şair yenə real həyat müşahidələrindən doğaraq bədii don geyindirdiyi – qoltuğunda çörək gəzdirən və susan insanlar vasitəsilə bəzən öz mənfəətini qorumaq üçün sükut edənlərin etibar olunmazlığını sakit üsyanla bildirir. Sanki “andına inanılmayanların” daxili niyyətlərini gizlətməsi müəyyən səbəblərdən reallıqla üzləşməkdən çəkindikləri təssüratı yaradır…

Onsuz da insanlar günün sonunda
Görmək istədiyi qədər görəcək.
Duymaq istədiyi qədər duyanlar,
Ən yaxşı sözü də hədər biləcək…

​“İnsanların qavrama sərhədləri”, yoxsa “insan iradəsi və həqiqətə uzaqlıq”dır bunun adı? Fikrimcə, şair insanların yalnız görmək və eşitmək istədikləri qədər həqiqətləri qəbul etdiklərini təsvir etməklə sadəcə qavrama sərhədini göstərmir. Əgər belə baxsaq, bu, aysberqin görünən tərəfidir. Məsələ ondadır ki, şair, insanın öz iradəsi və istəyi ilə həqiqətdən uzaqlaşıb, yalnız özünə uyğun gələn gerçəkləri qəbul etdiyini vurğulayır. Fəlsəfədə həqiqət və gerçəklik bir-birindən tamamilə fərqlənən məfhumlardır. Gerçək olanlar hadisə və nəsnələr “insanın” həqiqəti olmaq məcburiyyətində deyil. İnsan təbiəti gerçəkliyi yalnız öz baxışlarına uyğun olduğu qədər qəbul edə bilir. Bu, həm də iradənin yetdiyi nöqtəyə varıncayadək insanın subyektiv təbiətinin obyektiv həqiqəti anlama çətinliyini göstərir. Şairin bir neçə misra ilə bu cür fəlsəfi problemi ortaya qoyması onun peşəkarlığından qaynaqlanır.

Dəli şeytan deyir, dənizdən içək,
Ormana bir xeyli odun daşıyaq;
Korlar bazarında sataq güzgünü,
Gəl gedib, karlara qəzəl oxuyaq…

​“Dəli şeytan” çoxlarını azdırmaq istəyib, çoxlarına toruna salmaq istəyib. Elə burada da cəsarət və məntiqin qarşıdurması meydana çıxıb. Yuxarıdakı bəndlərdə dənizçinin dənizdən su içməməsini şeirə gətirən yazar indi böyük cəsarətlə “dənizdən içək” əmrini verir; yaxud gah ormançı, gah suçu olan kəsə “Ormana bir xeyli odun daşıyaq” – çağırışı edir. Əslində bu, cəsarət hökmüdür, dəli şeytan tərəfindən qulağına pıçıldansa da… Yəni şair insanın içindəki sərhədsiz azadlığı və sərhədə qarşı çıxmaq istəklərini təsvir edir. Digər tərəfdən də k”or bazarında güzgü satmaq”, “karlara qəzəl oxumaq” kimi məntiqli görünməyən addımlarla insanın içindəki çılğınlıq və məntiqi gözardı edərək yenə sərhədləri aşmaq istəyini, məntiqə meydan oxumaq istəyini cəsarətlə işıqlandırır. Bu misralarda həmçinin insanın idealları ilə reallıqlar arasındakı uçurum da simvolizə edilir. İdeallar bəzən reallıqla ziddiyyət təşkil edən məfhumlar olsa belə, insanın daxilində həmişə onları həyata keçirmə istəyi var. Lakin bu zaman məntiq ön plana keçir… Məntiqdən söz gedirsə, yenə burada fəlsəfə dadımıza çatacaq. Qısası, bu dördcə misra sayəsində yazar insanın iradəsinin xaricində məntiqi məhdudiyyətləri aşmaq ehtiyacını da ifadə etmiş olub.

Qış gəlib, payızın xəbəri yoxdu,
Yarpaqlar can atmır xəzəl olmağa.
Masamın üstündə bir dəstə gül var,
Niyə tələsiblər gözəl olmağa?..

​Və nəhayət, “qış gəlib”… Qış gəlib, niyə digər fəsillər deyil, məhz qış? Bəlkə, ilin son fəsli olaraq “zaman” anlayışının “son” dayanacağını vurğulamaq istəyir şair?.. Ancaq qış gəlib çatsa da, payız bundan bixəbərdir. Yarpaqlar hələ payıza belə can atmazkən, qışa necə təslim olsunlar?! Kim bu həyatda payızı və qışı ömrünə arzu edər ki?..

​Zaman sonlanmağa, inadla qışa yetməyə can atsa da, şair qələmin gücü ilə zamana qarşı duraraq hələ də yaz gözəlliyini, gül-çiçək təravətini simvolik anlamda “masasında”, bədii çalarda şeirində, həqiqi mənada isə həyatında diri tutmağa can atır! Möhtəşəm sonluqdur.

​Bütünlüklə, şeir haqqında demək olar ki, burada şair insan və onun kainatda tutduğu mövqeyinə fəlsəfi cəhətdən çox rəngarəng aspektlərdən toxunub: özünüdərk, həqiqət və gerçəklik, insanın insana sosial bağlılığı, iradə, cəsarət, məntiq məsələləri, ideal və reallıq ziddiyyəti, zaman və s. kimi çoxşaxəli problemlər…

Məleykə MİRZƏLİ
BDU-nun doktorantı, türkoloq