Ev Bədii Ey Haqqın haqq sədası, şanlı Şəhidim mənim! – Şeirlər

Ey Haqqın haqq sədası, şanlı Şəhidim mənim! – Şeirlər

452

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ HƏYATLARINI İTİRMİŞ ŞƏHİDLƏRİMİZİN SAYĞIDƏYƏR XATİRƏLƏRİ QARŞISINDA BAŞ ƏYİRƏM.

ELNUR UĞUR

Şəhid Məhəmməd Kərimlinin ruhuna sayğılarla

Üzündən necə də məsumluq yağır,
Baxışı Xəzərin dərinliyidir.
Adı Məhəmmədin məsumiyyəti,
Ruhunun əbədi sərinliyidir.

Cənnət ətirlidir canlı rəsmi də,
Baxdıqca baxıram fikrim dərində.
Məhəmməd adında bir şəhid yatıb,
Doğma Neftçalamın Şanlı Pirində.

Bu Pirdə uyuyan Vətən oğullar-
Şəhidlər hamısı eyni yaşdadı.
Tarixin təkəri ha fırlansa da,
Məhəmmədin görklü adı başdadı.

Ananın tək oğlu,tək ümidiydin,
İndi millətinin fəxarət yeri.
Mən sənin adına kəsdim,Şəhidim
Tanrım qəbul etsin qurban şeiri.

Adına dastanlar,nəğmələr qoşar,
Zaman hünərindən yonacaq adın.
Hələ innən belə ata- analar,
Məhəmməd qoyacaq oğlunun adın.

Bu adda hünər var,əxlaq var, eşq var
Bu adda Vətən var Pirətavanda.
Bu adın eşqinə çağlayır sular,
Bu adın eşqinə can var cahanda.

Uyu qoruduğun Ana qoynunda,
Sənsən bu torpağın əsl sahibi.
Həyat bir dənizdir ucsuz – bucaqsız,
Sənsən bu dənizin hər bir sahili.

Şəhid Ayaz İmanzadənin dipdiri xatirəsinə

“Şəhidlik qismətimdə varsa olacam”,- dedin
Ey Haqqın haqq sədası şanlı Şəhidim mənim!
Ölümünlə yüksəldi ucalara bayrağım,
Ey Haqqın haqq nidası şanlı Şəhidim mənim!

Getdin Vətən yolunda alnın açıq,üzün ağ,
Təki Vətən yaşasın,Vətən sağ olsun dedin.
O könül kitabında Tanrım belə buyurub,
Şəhidlər ölməyiblər, elə sən də ölmədin.

Döndün bir xoş nəğməyə, büküldün Bayrağıma,
Qaldırdın ucalara al qanınla bayrağı.
Ruhun Vətən göyündə yenə də keşikçidir,
Cismini qucaqlayıb Anan- Vətən torpağı.

Şəhid Əsgərov Samidin xatirəsinə

31 il ömür sürdün,
Qeyrət rəmzi qaldı adın.
Ölüm öldürmək istədi,
Olmadı, yox,yox,olmadı!

Sən ölümə də dağ çəkdin,
Şəhadətin zirvəsində.
Baxışından Vətən baxır,
Xatirəndə daş üzündə.

Vətən-şəkil, Şəkil-Vətən,
Sən necə də müqəddəssən.
Varlığı elə yaşatdın,
Yoxluğunla bizə dərssən.

Vətən dərsidir pak adın,
Vətən nədir, sən sübutsan.
Vətən eşqi qənim olar,
Kim ki haqqını unutsa.