Ev Bədii Ayırar bu dünya bizi nə vaxtsa – Şeirlər

Ayırar bu dünya bizi nə vaxtsa – Şeirlər

1064

Şahmar ƏKBƏRZADƏ – 80

Ayırar bu dünya bizi nə vaxtsa

Burax inadını, ay ömrüm, günüm
Çəkilər göylərə harayım, ünüm.
Dolaşar qəfildən ömür düyünüm,
Ayırar bu dünya bizi nə vaxtsa.

Dağlayar qəlbini, dağlayar dağ-dağ,
Sinəmdə əcəlin çatdığı ocaq.
Tüstüsü gözünü yandırar ancaq,
Üşüdər qəlbini közü nə vaxtsa.

Ha səslən, dağılmaz əbədi yuxum,
Burnunun ucunu göynədər qoxum.
Çarpaz dağlar çəkər sənə yoxluğum,
Çiləyər yarana duzu nə vaxtsa.

Düşər xatirələr yadına bir-bir,
Yanarsan günlərin oduna bir-bir.
Əsər əsim-əsim, titrəyər tir-tir,
Sınar qürurunun dizi nə vaxtsa.

Bəxtin gözlənilməz günlə rastlaşar,
Odun da, közün də Şahmarsızlaşar,
Dadın da, duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi nə vaxtsa.

Təzə nağara

Sitəm görəcəksən ulduzlar sanı,
Bir azdan başına od ələnəcək.
Dodaqlar öpəcək qara zurnanı,
Səninsə sifətin sillələnəcək.

Hələ təpər topla, dözüm yığ hələ,
Qanları coşdurub qaynatmalısan.
Üzünə çırpılan sillələr ilə
Toya gələnləri oynatmalısan.

Bir azdan üstünə düşəcək əllər,
Səni nağaraçı yesir edəcək.
Ağrından həzz alıb süzən gözəllər
Fəryadın üstündə yallı gedəcək.

Bu alın yazındı, nə küs, nə inci,
Çırtma çatlayacaq qaşında sənin.
Dərdə bax, hamının toyu, sevinci
Qapaza dönəcək başında sənin.

Alın yazısından qaçmayıb heç kim,
Sitəmə sinə gər, qəmə qələm çək!
Yediyin sillələr qorxma əzizim,
Şəninə əskiklik gətirməyəcək.

Qoşa şapalağa dözəcək dərin,
Nalən musiqiyə dönəcək hökmən,
Qəm yemə, nağara, döyülənlərin
Bütün yer üzündə xoşbəxti sənsən.

Bəxtəvər başına, sillələn nə qəm,
Sillələr ömrünə nur ələyəcək.
Dərd mənim dərdimdir, sabah bilmirəm
Kimlər taleyimi sillələyəcək!

Özün özgənin

Sənin tilsimindən çıxa bilmirəm,
Neyləyim bu eşqi boğa bilmirəm,
Yolundan gözümü yığa bilmirəm,
Gözdağın mənimdir, gözün özgənin.

Öz sevdan özünü qarğışa salıb,
Ömrün qara qalıb, yağışa qalıb,
Taleyin tüstünlə baş-başa qalıb,
Tüstün mənimkidir, közün özgənin.

Şahmara vəfandan cəfan nurludur,
Baharın şaxtalı, yayın qarlıdır,
Həsrətin özündən etibarlıdır,
Həsrətin mənimdir, özün özgənin.

Üşüdü

Sənsiz salamımı almadı dağlar,
Həmdəmim, həyanım olmadı dağlar,
Elə köks ötürdü gülgəz yaylaqlar
Yamaclar üşüdü, qaşlar üşüdü.

Məni sənsiz görüb süsən saraldı,
Nərgiz pörşələndi, lalə qaraldı,
Göyü bulud basdı, yeri qar aldı,
Dərələr ah çəkdi, döşlər üşüdü.

Məni sənsiz görüb ürpəşdi otlar
Əsdi titim-titim titrəşdi otlar,
Bəyaz yaylığını sıxdı buludlar,
Məni sənsiz görüb quşlar üşüdü.

Üzümə baxmadı gədiklər, gülüm,
Mələşdi talada əliklər, gülüm,
Elə oxudu ki, kəkliklər, gülüm,
Qayalar səksəndi, daşlar üşüdü.

Məni sənsiz görüb çağladı bulaq,
Könlümü min yerdən dağladı bulaq,
Körpə cüyür kimi ağladı bulaq,
Gözümün içində yaşlar üşüdü.

Səni

Arzumun yoluna çıxan həyatsan,
Dönmərəm köksümdə tonqal da çatsan…
Bilsəm ki, yandırıb-yaxsan bir odsan
Yenə gözüm üstə qoyaram səni

Gülüm, könlüm hara, şikayət hara?
Sevinər çəkdiyin çarpaz dağlara
Gündə baxışından alsam min yara
Xeyirxah mələyim sayaram səni.

Ölüncə yanında əsir qalaram
Verdiyin əzaba layla çalaram,
Vaxt gələr çevrilib torpaq olaram
Gəlsən hənirtindən duyaram səni.

Yollar

Ayaqla torpağın öpüşməsindən
Doğulub böyüyür yollar həyatda.
Tapdana-tapdana min illər boyu,
Ömür qazanıbdır ayaqlar altda.

Gəlimli-gedimli yol nəsillərin,
ölməz abidəsi, əmanətdir.
Tapdanmaq – insanın şərəfsizliyi,
Tapdanmaq – yolların ləyaqətidir.

İnsan qədəminə tamarzı qalmaq,
Yolların bağrına çəkilən dağdır.
Dünyada ayaqlar altda yaşamaq,
Bircə yollar üçün alçalmamaqdır.

Kirpiyimi qədəminə sərim qoy !

Məndən küsmə, gül nəfəsin töyşüyər,
Səni görüb bənövşələr pörşüyər,
Dayan gülüm, ayaqların üşüyər,
Kirpiyimi qədəminə sərim qoy!

Əl verirəm, əsdirirsən əlimi
Gül verirəm, küsdürürsən gülümü,
Yavaş yeri, yel dağıtmış telini
Ürəyimin tellərinə hörüm qoy!

Həsrətimin çiçəkləri xallanıb ,
Ədaların şan bağlayıb, ballanıb,
Dodağında küsüşmələr barlanıb,
O barları dodağımla dərim qoy!

Heç bilmirəm ulduz nədir, Ay nədir !
Bürcüm nə bürc, günüm nə gün, ay nədir?
Baxışların taleyimə aynadır
Ayaq saxla, taleyimi görüm qoy!

Şahmar yazıq hardan alsın dözümü ?
Nazın , qəmzən sındırıbdır dizimi.
Yana-yana kül elədim özümü,
Sürmə olum, gözlərinə girim qoy!

Allah amandır!

Adamlar itirir adamlığını,
Adam təlxək olur, Allah amandır!
Kələklə gələnlər küləklə getmir,
Kələk pələng olur, Allah amandır!

Sürülər mələşir, qoçlar həlləşir
Çaqqal qurda dönür, tülkü şirləşir
Cüllüt qartallaşır, milçək filləşir,
Fillər milçək olur, Allah amandır!

Bülbülün yurduna quzğun tökülür,
Güllərin gözünə millər çəkilir,
Qədim gülüstana sitəm əkilir,
Sitəm çələng olur, Allah amandır!

Səyi bəy eyləyən dastançıya bax,
Bostan tanımayan bostançıya bax,
Pulla böhtan deyən böhtançıya bax,
Böhtan çörək olur, Allah amandır!

Quru didişmədə vaxt batıb gedir,
Hamı xalq-xalq deyir, xalq batıb gedir,
Haqsızın əlində haqq batıb gedir,
Haqlı “xərçəng”olur, Allah amandır!

Hesab çəkiləndə əyri düz çıxır,
Üzü üzlər görən qarı qız çıxır,
Həqiqət bir anda dönüb fıs çıxır,
Yalan gerçək olur, Allah amandır!

Namərdlər birləşir, mərdlər əyişir,
İmanlar, məbədlər, pirlər dəyişir,
Məqamlar dəyişir, yerlər dəyişir,
İblis mələk olur, Allah amandır!

Tural Adışirinin təqdimatında