Ev Araşdırma Fazil İrəvani, Fazlı Kara və “Gül və Bülbül” əsərinin ədəbi taleyi

Fazil İrəvani, Fazlı Kara və “Gül və Bülbül” əsərinin ədəbi taleyi

1745

Lütviyyə Əsgərzadə
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Filologiya elmləri doktoru

Xülasə Yalnız doğulduğu İrəvanda deyil,  Şərqin elmi və dini ictimaiyyəti arasında böyük nüfuz sahibi olmuş Fazil İrəvani, qiymətli elmi kitabların müəllifidir. İslam dünyasının ən qədim Əl-Əhzər universitetində təhsil alan, həyatı Azərbaycan-Misir-İran və İraqla bağlı olan Fazil İrəvaninin  elmi əsərləri əsasən, ərəb dilindədir. Mənbələrdə, Azərbaycan dilində yazdığı yeganə əsərinin “Qızılgül və Bülbül” povesti olduğu, əsərin X.M.Geğamyan tərəfindən erməni dilinə tərcümə edilib 1812-ciildə, Sankt-Peterburqda iki dildə (erməni və rus) nəşr olunduğundan və J.V.Hammer tərəfindən tərcümə edilib Almaniyada nəşr edilməsindən bəhs olunur. Osmanlı tarixçisi Hammerin “Gül ü Bülbül” əsərini tərcümə və nəşr etməsi doğrudur. Təəssüf ki, Hammerin təcümə və nəşr etdiyi əsər Fazil İrəvaninin  bəhs olunan əsəri deyil.

Məqalədə, ədəbi taleyi izlənilən “Qızılgül və Bülbül” əsərinin müəllifinin kimliyi araşdırılır.

Açar sözlər:  “Qızılgül və Bülbül”  əsəri, Fazil İrəvani, Kara Fazlı, Jozef  von Hammer, Gibb E.J.Wilkinson, De Sugny

Giriş Ensilopedik biliyə, dərin təfəkkürə malik olan Fazil İrəvani yalnz yaşadığı İrəvan mahalında, Qafqazda deyil, bütövlükdə Yaxın Şərqin dini ictimaiyyəti arasında böyük hörmət və nüfuzu sahib olmuş mütəfəkkirdir. Adı bir çox mənbələrdə keçən Fazil İrəvaninin həyatı və şəxsiyyəti, islami bilik və ideyaların təbliği sahəsindəki fəaliyyəti haqqında məlumat verilir (21,s. 21;23,s.79-80;35; 30,s.44-49;27,s.357-360;26,s.42, 39,s.177). Geniş və hərtərəfli biliyə, ərəb dilində yazılmış zəngin elmi irsə malik olan Fazil İrəvani Şərq tarixi və dini elmlərə aid bir neçə risalənin müəllifi kimi də Yaxın Şərqdə şöhrət qazanmışdır. Mənbələrdə; (35; 30,s.44-47, 39,s.177; 27,s.113) Fazil İrəvaniyə aid edilən 15-ə yaxın kitabın; ”İctimаul-әmri vәn-nәһy” (üsuli-fiqһ, әrәb dilindә), ”Әl-ictiһаdu vәt-tәqlid” (üsuli-fiqһ, әrәb dilindә), ”Әһkаmul-хәlәli fis-sәlаt” (fiqһ, әrәb dilindә), ”Әl-istiһsаb” (üsuli-fiqһ, әrәb dilindә), ”Әs-sаlаtul-bәrаәt” (üsuli-fiqһ, әrәb dilindә),”Әt-tаdu vәt-tәrаciһ” (üsuli-fiqһ, әrәb dilindә),”Hаşiyәtun әlа qәvаidil Әllаmә” (fiqһ, әrәb dilindә), ”Hаşiyәtun әlа tәfsiril-beyzаvi” (tәfsir, әrәb dilindә),”Kitаbul-әczа” (üsuli-fiqһ, әrәb dilindә), ”Hаşiyәtun əlа Rәsаili Şeyх Әnsаri (üsuli-fiqһ, әrәb dilindә), ”Üsulul-fiqһ” (üsul, әrәb dilindә), ”Höcciyyәtul-mәzәnnә” (üsuli-fiqһ, әrәb dilindә),”Hаşiyәtun әlа qәvаidi şәһid Әvvәl” (fiqһ, әrәb dilindә), ”Әl-mәkаsibul-müһәrrәmә” (fiqһ, әrәb dilindә),”Hаşiyәtun әlа mәkаsibi Şeyх Әnsаri” (fiqһ, әrәb dilindә) adı çəkilsə də daha çox “Beyzavi təfsirinə haşiyə”, “İctihad və təqlid”, “Üsulu’l-fiqh”, Şeyx Mürtəza Ənsarinin “Məkasib” və “Rəsail” kitablarına haşiyə”, “İstishab” və s. daha çox əsərləri məşhurdur” (27,s.113; 36). Səməd Sərdarniya isə “İrəvan müsəlman yurdu  olmuşdur” kitabında yazır: F.İrəvaninin “Kitab ul bey-ül istidlali”, “Ehkam- ül –xələl-fil-səlavət”, “Əl məkasib-ül məhərrəmə”, “Hicceyət-i zən”, “Əmr və nəhy ictimadə risaləsi”,”Əllamə qaidələrinə əlavə”, “Beyzəvi təfsirinə haşiyə”, “Risaleyi elmiyyə” adlı dini-elmi kitabları qalmışdr” (39,s.219). Fazil İrəvaninin “Tarixi-İrəvan” adlı əsərinin olduğundan bəhs edilsə də, İrəvan və Qərbi Azərbaycan əyalətlərinin tarixinə, Azərbaycan xanlıqlarının fəaliyyətinin tarixi tədqiqatına həsr edilmiş əlyazmanın təəssüf ki, bu günə qədər hansı arxivdə saxlandığı məlum deyil. Bəzi mənbələrə görə, “Bəlkə də əlyazma indiki İrəvan arxivlərində ya məhv edilib, ya da hansısa erməni müəllifinin adına dəyişdirilərək nəşr edilmişdir. Qeyd edək ki, tarixi-elmi əsərlərin müəlliflərinin dəyişdirilməsi faktları günümüzdə də ermənilər tərəfindən davam etdirilməkdədir” (30,s.46).Mənbələrdə; (30,s.44;24,s.195,1,s.186) Fazil İrəvaninin digər bir əsərinin, “Qızılgül və Bülbül” adlı povestinin olduğundan, Hammer tərəfindən alman dilinə tərcümə və nəşr edilərək Avropada məşhurlaşmasından  da bəhs edilir. Həqiqətən də, Avropada yayılaraq məşhurlaşan bir əsər var; “Gül ü Bülbül.”  Həqiqətənmi Avropada dəfələrlə yüksək tirajlarla yayınlanan “Gül və Bülbül” əsəri F.İrəvaninin əsəridir, yoxsa araşdırmalarda yanlışlığa, qarışıqlığa  yol verilib? Bu səbəbdən mənbələrdə Fazil İrəvaninin “Qızılgül və Bülbül” əsəri haqqında yer alan fikirlərə nəzər salmağı məqsədəuyğun sayırıq.

Fazil İrəvani və “Qızılgül və Bülbül”  əsəri Hacı Fuad Nurullayev, Şeyhülislam Zirvesi: Hacı Allahşükür Paşazade kitapında (2014)  yazır: “Elmi yaradıcılıqla məşğul olan Fazilİrəvani bir neçəədəbi, tarixi vədini səciyyəvi əsərlərin müəllifidir. Əsərləri bir çox dillərə tərcümə olunaraq   Təbriz, Peterburq, Berlin, Parisdə çap olunmuş Fazil İrəvaninin186 səhifəlik “Paklıq kitabı” adlı əsəri cənubi Azərbaycanın məşhur din xadimi Molla Əhməd Küzəkünaninin tapşırığıilə 1883-cü ildə, Təbrizdə fars dilində Xəttat Hacı Məhəmməd Küzəkünani tərəfindən daş basması üsulu ilə çap olunmuşdur. Əsərin üzərində müəllifin adı var:Fazil İrəvani” (17;4;16,203). Kitabın adı demək olar ki, məzmunundan da xəbər verir. Ərəb dilində təmizlik, paklıq demək olan təharət sözü hissi və mənəvi təmizliyə aiddir.  “Kitab” sözü ərəb dilində olan mənalarının kökü “cəm etmək” mənası üzərində qurulub. Qələmlə kitab yazmaq – hərfləri və kəlimələri cəm etmək deməkdir. “Kitab” sözünün mənalarından biri də “yazılmış” demək olduğunu da nəzərə alsaq, elm əhlinin buyurduğuna görə, təharət kitabı ona görə belə adlanır ki, bu  mövzuda olan məlumatları, hədisləri, elmi məsələləri bir yerdə yazılı şəkildə cəm edir. B.Kərimova görə,  İslam aliminin “Fars dilində çap olunmuş “Kitabüt-təharət” (“Paklıq kitabı”) ehtimal ki, başqa yerlərdə başqa dillərdə nəşr edilən ilk kitabdır. Əsərdə müəllif “elmi-dini fikirlərini poetik dillə əks etdirmişdir. Bu Azərbaycan elmində Həqiri, Füzuli, Rəhməti və Xətai ənənələrinin davamı hesab edilə bilər” (16,s.203). Lakin mənbələrdə ədibin gənc yaşlarında İrəvanda,  Azərbaycan dilində yazdığı “Qızılgül və bülbül” povestinin bir çox dillərə tərcümə olunaraq Rusiya (1812-Peterburq), Fransa (1826-Paris), Almaniya (1832-33- Berlin) və Amerikada (1850-Freznan) çap olunmasından, Avropadakı məşhurluğundan və qəribə taleyindən də bəhs edilir (25, s.196; 30,s.44; 1, s.182-188).

Eyni ildə (1812), eyni vaxtda və eyni şəhərdə – Sank-Peterburqda bir  kitab, iki dildə çap olunur; “Qızılgül və bülbül haqqında əxlaqi roman” (erməni dilində), “Qızılgül və bülbül haqqında alleqorik povest” (rus dilində). Xocens Mar­kar Geğamyan Fazil İrəvaninin “Qızılgül və bülbül” povestinin üzünü erməni əlifbası ilə köçürüb Sankt-Peterburqda öz adına nəşr etdirməsi oğurluq olsa da, bəzi müəlliflərə görə,  “Qızılgül və Bülbül”ün taleyi “Tarixi-İrəvan” əsərinə nisbətən uğurlu sayıla bilər, ən azından məhv edilməyib. Bu fakt bir neçə mənbədə; (24,195;27,147;17,46;30,s.44;1,s.186 və s.) heç bir araşdırma aparılmadan  təkrarlanmışdır. Yenə mənbələrə görə; (24,s.195; 30,s.44 və s.)1812-ci ildə Peterburqda iki dildə nəşr edilən “başıbəlalı” “Qızılgül və Bülbül”ü Xocens Markarın öz orjinal   əsəri kimi, Avropada fransız və alman dillərində dönə-dönə çap edilmişdir. Əsəri fransız dilinə Le Vayya de Floribal (bəzi mənbələrdə La Vayyan De Floribal), alman diline Hammer tərcümə etmişdir” (27,147).  Az vaxtda şöhrətlənən əsər 1826-cı ildə Parisdə, 1832-33-cü ildə Almaniyada yüksək trajla nəşr olunmuşdur (13). Geniş əks- səda doğuran, az vaxtda çox şöhrət qazanan əsəri bu dəfə Arşak Çobanyan xaricdə yaşayan ermənilərin  ləhcəsinə çevrib, “Anahid” jurnalının birinci nömrəsindən başlayaraq hissə-hissə dərc edilir. Jurnalın 1 sayından 11-ci sayına qədər hiss-hissə verilən, maraqla oxunan  və güclü əks-səda doğuran, Çobanyanın keçmişin ən yaxşı bədii əsərlərinin parlaq nümunəsi adlandırdığı əsərin sonu 1900-cu ildə jurnalın 12-ci nömrəsində dərc edilir. Sonuncu səhifədə (249) “Qızılgül və bülbül”ün mənbəyi” başlığı altında verilən kiçik bir yazı böyük sensasiya yaradır.Arşak Çobanyan oxuculara belə bir məlumat verir: “1892-ci ildə fransız tədqiqatçısı Şarl Jorjenin yeni bir əsəri çapdan çıxmışdır. Əsərin müəllifi alman türkoloqu Josef von Hammerin alman dilinə tərcümə etdiyi “Qızılgül və bulbul”ü haqqında söhbət açır” (27,147;30,47;1,183). Beləliklə, erməni Arşak Çobanyan “Qızılgül və bulbul” əsərinin dırnaqarası “erməni ədibi” Xocens Markar Geğamyanın yox, Fazil və ya Fazili adlı bir türk şairinin, Fazil İrəvaninin əsəri olduğundan bəhs edir. Bunu  etiraf və təsdiq edən ermənilərin özləri (Arşak Çobanyan) (26,s.18) olur. Fransız təd­qi­qatçısı Le Vayya de Floribal da “Qızılgül və bülbül”ün türk müəllifi Fazil İrəvaninin əsə­ri olduğunu bildirərək məsələyə aydınlıq gətirir. Sadəcə, Xocens Markar, Fazil İrəvaninin “Qızılgül və bülbül” əsərini erməni və rus dillərinə tərcümə edərək mənimsəmiş, öz əsəri kimi çap etdirmişdir. “Qızılgül və bülbül” əsərinin orijinalı Matenadaranda – Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır” (1,183;24,s.195, 127,s.147).  “Qızılgül və bülbül”ün əsl müəllifinin Fazil İrəvani  olduğu bəlli   olduqdan və bunu ermənilərin özləri etiraf etdikdən sonra da utanmadan, 1950-ci ildə, bu dəfə Freznada (ABŞ) yenə erməni müəllifin əsəri kimi çap etdirmiş­lər. A.Çobanyanın əsərin sonunda müəllifi haqqında məlumat verməsinə baxmayaraq  redaktor Vahe Hayk “Gızılgül və Bülbül”ün “Anahid”də dərc olunmuş variantını yenidən erməni müəllifin əsəri kimi nəşr etdirmişdir (20,s.158). Əslində, plagiatlıq ermənilər üçün alışqanlıqdır və bu hal ilk deyil. Eyni taleyi yaşayan əsərlərimiz, az deyil. Dahi Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” əsəri, “1916-cı ildə Sədrak Maqalyan adlı bir daşnaq “Arşın mal alan”ı erməni dilinə tərcümə edir və Eriksyanın teatrında erməni dilində tamaşaya qoyur. Tamaşanın uğur qazandığını görən Maqalyan sonralar afişalarda Üzeyir bəyin adını göstərmir. Bu sahədə peşəkarlaşan S.Maqalyan əsəri Amerikaya aparır və öz əsəri kimi təqdim edir. Lakin əsərin kim tərəfindən yazıldığını bilən Amerika ziyalılarından biri – professor Okorkov 1924-cü ildə Nyu-Yorkdan Üzeyir bəyə məktub yazır: “Sizin “Arşın mal alan” burda hər yerdə və hər yanda göstərilir. Sizin əsəriniz Amerikada olduqca böyük müvəffəqiyyətə malikdir. Hansısa bir Maqalyan bu operettanızı özününkü kimi qələmə verir və çox böyük məbləğdə pul qazanır. Maqalyan o qədər varlanmışdır ki, özünə böyük bir imarət tikdirmiş və onun frontonunda iri hərflərlə “Arşın mal alan” sözlərini yazdırmışdır” (20,s,160). Anlaşılan, “Ermənilərin qədim ədəbiyyatından qalanlar bu xalqın mənəvi həyatının əks etdirilməsinə xidmət etməyə yaramır” (Arşak Çobanyan). Özlərinin yarada bilmədiklərini daha asan yolla əldə etməyə çalışan ermənilərin bunun üçün hər cür  fitnəkarlığa əl atmaları faktdır və təəssüf ki, zamanında qiymətli əlyazmalarımızı  xaincəsinə əldə etmişlər. Erməni tarixçisi Tadevos Hakopyan 1971-ci ildə nəşr olunan “Yerevanın tarixi. 1500-1800-cü illər” kitabının 283-cü səhifəsində yazır: “1923-cü ildə İrəvandakı məscidlərdən və kilsələrdən əlyazmalar toplanaraq Eçmiədzin kilsəsindəki əlyazmalar fonduna təhvil verilmişdir. Məscidlərdə saxlanılan əlyazmalar əsasən, ərəb və fars dillərində idilər. Onların böyük əksəriyyəti Quran və müsəlman dininə  aid idilər. həmçinin əlyazmalar içərisində ərəb və fars qrafikası ilə dünyəvi məzmunlu şeirlər və bədii yaradıcılıq nümunələri olmuşdu. Evlərdə saxlanılan əlyazmalarda tarixə aid qiymətli məlumatlar var idi” (sitat N.Mustafanın “İrəvan şəhəri” kitabından (s.114) alınmışdır). Camilərdən yığılan qiymətli kitabların içərisində Şərq tarixinə, dini elmlərə dair əsərlərin müəllifi və İrəvandakı Göy məscidin baş axundu olmuş Fazil İrəvaninin bədii və elmi əsərlərinin olması şübhəsizdir.  Qiymətli əlyazmaların mənəvi sərvətimizə göz dikən ermənilərin əlində toplanması bu əsərlərin ortaya çıxarılmasını çətinləşdirir. Mənfur qonşularımız yalnız İrəvandakı məscidlərdəki əlyazmalarımızı deyil, dünyanın harasında olmasından asılı olmayaraq oğurlayaraq toplayıblar. Məsələn, Cahanşah Həqiqinin bir müddət Türkiyə sultanlarının saray kitabxanasında saxlanan, II Sultan Həmidin hökmranlığı dövründə saraydan yoxa çıxan, sonralar Misirə, İsgəndəriyyə kitabxanasına verilən, oradan Londona aparılaraq izi itirilən “Divan”ının sorağı Amerikada yaşayan Harutyun Hazaryan adlı erməninin kitabxanasından gəlir. Hazaryanın vəsiyyətinə görə,  1961-ci ildə ərəb, fars, Azərbaycan və türk dillərində 270 ədəd çox qiymətli əlyazma kitablarla birlikdə, Mirzə Cahanşah Həqiqinin öz xətti ilə yazıldığı qeyd edilən “Divan”ı da İrəvan Dövlət Universitetinə göndərilir. Həqiqinin farsca 78, azərbaycanca 61 qəzəli və 16 rubaisi toplanmış “Divan”ı şairin 500 illiyi ərəfəsində, İrəvan Pedaqoji İnstitutunun müəllimi, mərhum alim Lətif Huseynzadə tərəfindən 1966-cı ildə aşkar edilərək 12500 nüsxə tirajla kitab şəklində çap edilir” (14,1966). Mənbələrdə Fazil İrəvaninin “Qızılgül və Bülbül”ünün bir nevi Mirzə Şəfi “taleyini” xatırlatmasından bəhs edilir. Azərbaycan və fars dillərini Vazehin rəhbərliyi altında öyrənən Bodenştendtin də özü ilə Almaniyaya apardığı “Hikmət açarı” dəftərini mənimsəməsi faktdır. Alman şərqşünası Fridrix   Bodenştedt Mirzə Şəfinin “Hikmət açarı” adlı şeir dəftərini götürərək, Tiflisdən gedəndə (1847)  “Gül və Bülbül” əsəri Almaniyada ard-arda iki dəfə böyük tirajla nəşr edilmişdi (1834). Maraqlıdır, iki əsər də 18 il aralığı ilə Almaniyada nəşr olunmuşdu. Bu kimi hadisələrin yaşanmış olması, belə bir hadisənin Fazil İrəvaninin “Qızılgül və Bülbül” əsərinin başına gəirildiyi fikrini inandırıcı etsə də, əslində J.V.Hammerin tərcümə etdiyi əsər Fazil İrəvaninin “Qızılgül və Bülbül” povesti deyil.  Eyni zamanda A.Çobanyanın “Anahid” jurnalında nəşr etdiyi əsər Hammerin tərcümə və nəşr etdiyi əsərdir.  X.M.Geğamyanın tərcümə edib Sankt Peterburqda iki dildə və fərqli adlarla; “Qızılgül və bülbül haqqında əxlaqi roman” (erməni dilində), “Qızılgül və bülbül haqqında alleqorik povest” (rus dilində) nəşr etdiyi əsər islam filosofunun “Qızılgül və Bülbül” əsəridir, amma  Hammerin tərcümə etdiyi əsər deyil.

Mevlananın “Suda daima sevgilimin hayalini görüyorum/Gülde daima aşina bir koku alıyorum”, – deyə bəhs etdiyi, qaynağı daha çox  İran ədəbiyyatı olduğu zənn edilən Gül və Bülbül mövzusuna aşina olan Fazil İrəvaninin “Qızılgül və Bülbül” əsərini yazması şübhəsizdir. Mənbələrdə bəhs edilən “simvolik olaraq aşiqlə məşuqu ifadə Gul və Bülbül motivli əsəri” (1;28) haqqında söylənənlər əslində, Fazlı Karanın məsnəvisi haqqındadır. Fazil İrəvaninin “əlyazması Matendaranda saxlanılan “Qızılgül və Bülbül” əsəri  Geğamyanın erməni və rus dillərinə tərcümə edərək nəşr etdiyi əsərdir. Qeyd edək ki, Fazil İrəvaninin əsərini tərcümə etmək o qədər də asan olmamalıdır. Bunun üçün mütləq Türk dilini mükəmməl bilmək lazımdır. Araşdırmalar göstərir ki, Xosens Markar Geğamyan türk dilini çox gözəl bilirmiş, hətta “1819-cu ildə Peterburqda İsa peyğəmbər haqqında “Əhdi-Əqidi” ermənicədən türkcəyə çox sərbəst şəkildə çevirmiş və erməni şriftləri ilə Hovser Hovannesyanın mətbəəsində çap etdirmişdir.” (20,s.159). Nə Fazil İrəvaninin Matendaranda saxlanılan “Qızılgül və Bülbül” povestinin əlyazması (28), nə də Geğamyanın nəşr etdiyi kitablar əlimizdə olmadığından bu barədə qəti fikir söyləmək mümkün deyil.

Amma mənbələr, Geğamyanın iki dildə tərcümə və nəşr etdiyi əsərin F.İrəvaninin “Qızılgül və Bülbül” əsərinin tərcüməsi olduğundan (30, s.42-44;24,s.100-102), hətta bəzi mənbələrdə bir az da irəli gedərək və heç bir araşdırma aparmadan “1883-cü ildə Təbrizdə çıxan kitabın üzərində Fazilin adı belə yazılmışdır: Fazil İrəvani. Deməli: “Qızılgül və bülbül” əsəri Azərbaycan ədəbi mühitini dərindən bilən Xocens Markarın deyil, Fazil İrəvaninin əsəridir. Əsərin və onun qəhrəmanlarının adı da bunu deməyə əsas verir” və “Qızılgül və Bülbül”ün baş qəhrəmanlarının adını olduğu kimi saxlamasından:  Şah Novruz, Şahbahar, Gülnarə” (20,s.159), “qəhrəmanlarının adları, təsvir olunan hadisələr əsərin müəllifinin  Fazil İrəvaniyə aid olduğunu bir daha təsdiq edir” (1,s.182-87) – şəklində hökm verilir. Bəhs etdiyimiz mənbələrdən birində “Ədəbiyyat siyahısı”nda “Fazli, Gul u Bulbul, Akademi Kitabevi, İzmir 2002” verilən əsər yalnışlıqla Fazil İrəvaniyə aid edilir. Halbuki “Ədəbiyyat siyahısı”nda verilən əsər XVI əsr türk şairi və tarixçi Jozef  von Hammerin 1834-cü ildə Almaniyada tərcümə və nəşr etdiyi “Gül ü Bülbül”ün müəllifi Fazlı Karaya aiddir.

Məsələni araşdırmaq üçün J.F.Hammerin tərcüməsinin dijital nüxsəsini əldə etdiyimizdə (13) Fazil İrəvaninin “Qızılgül və Bülbül” əsərinin tərcüməsini əldə etdiyimizi zənn edib çox sevinmişdik. Məqsədimiz əski əlifba ilə yazılan əsəri latın əlifbasına çevirərək elmi ictimaiyyətə təqdim etmək, oxucuların ixtiyarına verməkdi. Xoşbəxtlikdən əldə olunan nüsxə buna imkan verirdi. Çünki Hammer tərcümə ilə yanaşı  (13,s.3-106), əsərin əlyazmasının orjinalını da (13,s.238) vermişdir. Bəhs edildiyi kimi, əsər 1832-33-cü ildə deyil, 1834-cü ildə nəşr edilmişdir. Digər tərəfdən  əsərin üzərində açıq-aydın müəllifin adı öz əksini tapmışdır: “Gül ü Bülbül” Fazlı Kara (13). Əski əlifbadan latın əlifbasına çevirib

Oxucuların istifadəsinə vermək istədiyimiz kitabın yalnız bir səhifəsini latın əlifbasına çevirdik. “Gül ü Bülbül”ü “Bismillah”la başlayan təriqət mənsubu olan Fazlı Kara hər hərfi “Bismillah”dakı bir çiçəyə bənzədir:

Qəddi-bismillah oldu, eylə niqah

Gülbəni-gülşən kəlamüllah.

Gülşən can ilə zibadır

Bülbül dil ilə qüyadır.

Oldu hər hərfi birqüli-rəngin

Buldu zinətilə gülşən din.

“Ba”si baği-bədayənin biridir

Gülşən cənnətimin güli-təridir.

“Mim”i üstündə”sin”sultanı

Qönçəağzında jalə dəndanı.

“Əlif”i  sərvi-baği rəhmətdir

Qönçeyi-zanbaği hidayətdir.

“Zam”i kəmənduh al  dövlətvar

Oldu bağ ona da zülfi-nigar (13,s.106).

“Fazil İrəvaninin “Qızılgul və bulbul” əsərində, Rifahinin “Bulbulnamə” məsnəvisində, Fuzulinin ədəbi irsində, Azərbaycan əfsanələrindəki bulbul və qızılgul motivinin oxşar və fərqli cəhətləri muqayisə edilmişdir” (1; 20;24) – deyə hökm verən tədqiqatçıların bəhs etdiyi Fazlı Karaya aid olan əsər necə Fazil İrəvaninin əsəri kimi təqdim edilmişdi? Adıkeçən mənbədə (1,s.187) yazılır: “Kicik bir məsnəvi olan bu əsərdə bulbulun gulə qarşı hiss etdiyi sevgini nəğmə oxuyaraq tərənnum etməsi digər quşları narahat edir və quşlar Hz.Suleymana şikayətlərini bildirirlər. Hz. Suleyman adam gondərir, bülbülü yanına gətirir. Bülbül özünü müdafiə edir, gülə necə aşiq olmasını, ona necə ilahi bir məhəbbətlə bağlı olduğunu deyir və Hz. Suleyman ona haqq qazandırır, digər quşları bübülə toxunmamağı əmr edir. Eyni motivlər Fazil İrəvaninin “Qızılgul və bulbul” əsərində də istifadə olunmuşdur” (1,s.187). Üzərində müəllif olaraq Fazlı Kara göstərilən əsəri F.İrəvaninin əsəri olaraq tədqiqata necə cəlb etmək olar? Axı J.V.Hammerin tərcüməsindən bəhs edən tədqiqatçılar ən azından müasir dövrümüzdə texnologiyanın bizə verdiyi üstünlüklərdən yararlanıb əsərin dijital nüxsəsini (PDF) əldə edə bilərdilər. O zaman  bu yanlışlıq mənbələrdə dəfələrlə təkrarlanmazdı. Elə isə, Hammerin tərcümə etdiyi “Gül ü Bülbül” məsnəvisinin müəllifi Fazlı Kara kimdir?

Fazlı Kara və “Gül ü Bülbül” əsəri Gül ilə bülbül arasında yaşanan eşq Şərq və Qərb ədəbiyyatında tez-tez qarşılaşdığımız ortaq bir mövzudur. XIII əsrdən Türk ədəbiyyatında Fars ədəbiyyatının təsiri ilə  müstəqil olaraq görülməyə başlanan bu mövzu, bütövlükdə Türk dünyası və Türk mədəniyyəti üçün hər zaman aktual  olmuşdur. Ortaq  bir ədəbi motiv olara` İznikli Bekayi, Gazi Giray xan, Məhəmməd Əbu Salahi və s. şair və yazıçılar Gül-Bülbül mövzulu əsərlər qələmə almışlar. İsmail Hikmət Ertaylan, Gazi Giray xanın həyatı və əsərləri haqqındakı tədqiqatında Giray xanın “Gül ü Bülbül” əsərindən qısa da olsa  bəhs edir (6, s.62). Lakin Osmanlı ədəbiyyatının klassikləri arasında “Gül ü Bülbül” məsnəvisi ilə adını əbədiləşdirənlərdən ən məşhuru, əsl adı bəzi mənbələrdə “Məhməd, bəzi mənbələrdə isə Əli olaraq geçən” (33,s.81;15, 525-562) XVI əsr şairlərindən Fazlı Karadır (1520-1564). “Şairin adının Məhməd Əli ola biləcəyi ehtimalı yüksəkdir. Qaraşın olduğu üçün Kara (Qara) Fazlı deyə çağrılmışdır. İstanbulda bir saraç (yəhərçi) ailəsində doğulduğu üçün Saraczadə ləqəbi ilə (33, s.81) də tanınır. “Üsküplü şair Riyazidən ədəbiyyat dərsi almış, fars dilini öyrənmiş” Fazlı, eyni zamanda, Xəlvəti təriqətinin üzvü olmuş, Zərifi Həsən Əfəndinin yanında təsəvvüfi düşüncə ilə yetişmişdi (33,s.81). Şair Zatinin tələbəsi olan Fazlı, müəlliminin Sultan Süleymanın 1530-cü ildə düzənlədiyi məşhur bir sünnət düyünündə təqdim edilməsi ilə şöhrət qazanmış,  sonra sıra ilə Şahzadə Məhmət, Şahzadə Mustafa və II.Səlimin divan katibi (reisülküttab) olmuşdur (19,s.533;6.s.597-598). Təzkirəcilər bir sanətkar olaraq sitayişlə bəhs etdiyi Fazlının “Divan”ı olduğundan, “Divan”ının, ideal bir mürəttib və mükəmməl divanın ən başında olması gərəkən bir dibacə ilə başlamasından” (15,s.535)  bəhs edirlər. Lətifi yazır: “Eşar-ı kesireye malik sahib-i tab u kabil-i şan ve müellif-i kitab u divan…” (7,s.432). Lakin Fazlının günümüzədək gəlib çatan yeganə əsəri “Gül ü Bülbül”  məsnəvisidir. Əsər mətninin elmi nəşrini hazırlamaq məqsədiylə Gəncay Zavotçu, Nezahat Öztekin və qarşılaşdırmalı olaraq  yenə Mustafa Özkan, Nilüfer Tanç, Zavotçu Gəncay; Öztekin kimi tədqiqatçılar tərəfindən tədqiq edilmişdir (33;42;31;40). Əsərin J.V. Hammer tərəfindən alman dilinə tərcümə edilib nəşr edilməsi, E.J.Gibbin Batıdakı bənzərləri ilə müqayisə edib çox bəyənməsi, De Sugnynun əsərin bəzi bölümlərini fransız dilinə çevirməsi (5), ayrıca Dora D`istrianın da “Osmanlılarda şeir” adlı kitabında Gül ü Bülbül‟ə ayırdığı bölüm (8) və s. əsərin dəyərinə dəyər qatmışdı. Bir-birinin təkrarı olduğu rahatlıqla ifadə edilə bilən ədəbiyyat tarixi kitablarında (eyni ilə Fazil İrəvaninin “Qızılgül və Bülbül” əsəri haqqındakı fikirlər kimi) Fazlının “Gül ü Bülbül”ü haqqında Qərb araşdırmaçıları yüksək fikir bildirmişlər (12,s.86-87;6,s.597-99;18,s.320;38,s.310). Şair, “Gül ü Bülbül” məsnəvisini Şahzadə Mustafaya ithaf etmişdir. Hətta bir şahın oğlu olan Gülün sultan Süleyman Qanuninin oğlu Mustafa, dərviş huylu Bülbülün isə  şairin özü, Gülün məclisindəki çiçəklərin Şahzadənin dostları, nədimləri ola bilməsi, – düşüncəsində olanlar da  var. Kara Fazlının Qərb tədqiqatçıları tərəfindən yüksək dəyərləndirilən “Gül ü Bülbül”  məsnəvisi şairin günümüzədək gəlib çatan əsərlərindəndir. Düşünürük ki, əsərin məzmunu hər kəs üçün maraqlı olar.

Əsərin məzmunu Məsnəvidə bir bağ təsvir edilir. Rum ölkəsinə hakim olan Bahar şah hədsiz dərəcədə gözəl olan oğlu Gülü,təhsilini bitirdikdən sonra Gülşən şəhərinə vali təyin edir və Lalə, Nərgis,Süsən, Sünbül, Sərvi, İrmaq, Məltəm və Jaləni onun ixtiyarına verir. Gül yardımçıları ilə birlikdə  İrmaq kənarında əylənirkən birdən suda üzünün əksini görür və ona məftun olur. Məltəmi çağıraraq aləmdə onun kimi bir gözəlin olub-olmadığını öyrənməsini əmr edir. Məltəm bütün dünyanı gəzir, ancaq Gül kimi bir gözələ rast gəlmir. Beləcə gəzib-dolaşırkən bir gün həzin-həzin ötən Bülbülə rast gəlir. Əvvəldən aşiq olan Bülbül dərd içində inləyib durur, amma kimin üçün yandığını özü də bilmir. Məltəm Gülün gözəlliyindən bəhs edincə Bülbül ona aşıq olur.  Məltəm Bülbülü bu sevdadan vaz keçirməyə çalışsa da, müvəffəq ola bilmir. Məltəm Bülbüldən ayrılaraq Gülün yanına qayıdır, gördüklərini ona anladır.Bu zaman Bülbül də eşq dərdindən xəstələnib yatağa düşür. Sonunda sevdiyinin yanına getməyə qərar verir.  Yolda İrmaqla rastlaşır. İrmaq bu yolçuluqda Bülbülə klavuzluq edir. Nəhayət, Gülşən şəhərinə yetişirlər.Burada İrmaq Bülbülü Sərvilə tanış edir. Sərv daha öncə Bülbülün babasının yanında çalışdığı üçün Bülbülü tanıyır və ona ehtiram göstərib başı üstündə yer verir. Sərvin başı üstündə oturan Bülbül yanıqlı-yanıqlı Gülə anlatmağa çalışır, amma dərdini kimsə anlamır. Qaranlıq gecəyə səslənir, ay doğunca dərdini ona xitab edir, səhər açılınca dərdini Gülə anlatması üçün Günəşə səslənir. Heç birinin faydası olmayınca üzünü Haqqa çevirib ona yalvarır. Bundan sonra Gül Bülbülün fəryadını duyur və maraqlanır. Nərgis vasitəsiylə səsin sahibinin kim olduğunu öyrənincə susmasını istəyir. Bu dəfə Bülbül dərdini içinə atıb səssizcə inləyir. Bir gecə Gül Gülşəndə əylənərkən uzaqdan onu seyr edir. Sonunda dayanamayıb Gülə bir məktub yazır və Nərgislə ona göndərir. Gül bu məktuba vəsli müjdələyən bir məktubla cavab verir. Bu xəbəri alan Bülbül sevinclə ötməyə başlayır. Ancaq qısqanc və fitnəkar Süsən həmən Tikanın yanına gedir. Tikan Bülbülü yaralayıp təhdid edir və Gülşəndən uzaqlaşdırır. Bunu öyrənən Gül Tikana hirslənir, Bülbülə yaxşı rəftar etməsini söyləyir. Buna görə Tikan Şah Bahara gedib şikayət edir. Şah Bahar bülbülü yaxaladıb bir qəfəsə həbs edir. Bu zaman Şərqdən Şah Təmmuz adlı bir hökmdar Gülşən şəhərinə hücum edib, onu almaq istəyir. Öncə Badi Səmum ilə Bahar Şahı təhdid edir, sonra komandanlarından Şəmsi-Münir gələrək Gülşən şəhərini qəsb edir.  Bahar Şah Gülü də götürüb bilinməyən bir tərəfə qaçır. Şah Təmmuz da öz ölkəsinə qayıdır.  Bir müddətdən sonra şimaldan gələn Hazan Şah Gülşəni boş görüb oraya yerləşir. Ancaq o da Gülşənə daimi olaraq sahib ola bilmir. Məğribdən gələn Şah Şita Gülşəni hakimiyyətinə alır. Bahar Şah güneydə əqrabası olan Novruzun yanına getmişdi. Bir müddət sonra Novruzla birləşib təkrar Gülşənə hücum edir və ona sahib olur. Bahar Şah yenidən Gülşənin hökmdarı olur. Gülşən əhli yenə əvvəlki kimi zövqü səfa sürməyə başlayır. Bu arada Gül Bülbülü xatırlayıb ona Məltəm vasitəsi ilə xəbər göndərib artıq  qəm çəkməməsini, vəslə layiq olduğunun müjdəsini göndərir. Qəfəs içində inləyən Bülbül bunu eşidincə çox sevinir. Sonra Gül də Bülbülü görməyə gəlib onun yenidən Gülşənə dönməsini təmin edir. Gülşənə dönən Bülbül yenidən Sərvdə yerləşir. Gül məclisinə Bülbülü də dəvət  edib eyşü-işrət edir. Beləcə, Gül ilə Bülbül birləşir. Təəssüf ki fani dünyada bu vüsal da daimi olmur. Bütün gəlib-keçənlər kimi, Gül və Bülbül də bəxtin gətirməməzliyinə uğrayaraq fanilər qəfiləsinə   qatılırlar” (33,s.84-85).

Əsərdə şair şəxsləşdirdiyi hər bir qəhrəmanın mücərrəd bir məvhumun qarşılığı olduğunu bildirir. Gül ruhu, Bülbül könülü, Gülşən təni (bədəni), Nərgis gözü, Məltəm nəfsi, Sərv doğruluğu, İrmaq saflığı, Jalə şevqi, Süsən igidliyi, Bənövşə sadəliyi, Lalə əbədi sevgini, Sünbül həsədi, Tikan kin və kibri, Şah Təmmuz qəzəbi, Hazan Şah şəhvəti, Şah Şita fəsadı, Novruz Şah can aləmindəki aydınlığı ifadə etməkdədir. Kara Fazlının əsərinin dili sadə, üslub və ruh etibarıyla orjinaldır. Bunu şair özü belə  ifadə edir:

Kimseden istiare itmemişem,

Kimse getdüği yola getmemişem.

Her ne ise eğer hata vü sevab

Akl-i pakümden oldu fethül-bab (33, s.86).

Əsərin Tanrıya müraciət hissəsində; “Cilve kıldın cemail-i hübandan,/Zahir etdün cemalüni andan/Ayn-ı aşıkdan oldun ey Kadir,/Yine kendü cemalüne nazır (6, s.598) – yazan təriqət (Xəlvəti) mənsubu şair, İran və Türk Ədəbiyyatında çoxdan bəri söylənən təsəvvüf inancına yeni bir ifadə vermiş; hər yerdə ilahi gözəlliyi aramaqda olduğunu,sadə bir dillə bəyan etmişdir:

Mescide sanma hayr içün varuram

Ru-yı dildarı seyr içün varuram (6,s.598)

Və ya; Seni görsün ne yana baksa gözüm

Olsun ismin senin dilimde sözüm (6,s.598).

Fazlının, sevgiliyə gülə xitabı:

Beni redd etme şefkat et ey gül

Güle lazım değil midir bulbul (6,s.598) az da olsa “Füzulinin “Leyli və Məcnun”’unu xatırladır. Əsərdə çox bəzəkli, çox obrazlı feerique (pəri) səhnələri; insan kimi göstərilən (şəxsləndirilən) ney və çəng kimi qamışlar; gül, bənövşə, nərgiz, susən və lalə kimi çiçəklər; Nəsim və sərv kimi varlıqlar, həmçinin sevinc və səfa məclisləri təsvir edilmişdir:

Kıldılar yine işrete ahenk

Yine geldi figane nay ile çenk

Ehl-i bağ aldı saz ele saf saf

Gonce ney tutdu naz ile gül def

Hem benefşe eline çeng aldı

Bülbül afaka velvele saldı

Aldı siüsen eline müsikar

Kobuzun Lale aldı tutdı kenar

 

İçdller cam-ü  nabü lezzet ile

Öpdüler lal-1 yari fursat ile

BülbüI olub safa ile sermest

Nale eylerdi şevk ile peyvest

Gülden erüb dımağa büy-ı vefa

Mes t elub şevk ile iderdi sada

 

Verüp el çün zamanede fursat

İkilik gitdl buldılar vahdet

Bir yere geldi aşk maşuk

Cümle bir oldı sabık u mesbük

Subha-dek ayşı  nuş edüb elhak

Verdiler bezm-i lşrete revnak  (6, s.597-598).

Təsəvvüfdə bədən keçici, ruh ölümsüzdür. Ancaq Fazlı təsəvvüfdən fərqli olaraq məsnəvisini hər şeyin keçici  olduğunu vurgulayaraq bitirir, ruhun ölümsüzlüyündən bəhs etmir.

Nəticə Beləliklə, Osmanlı tarixçisi J.V.Hammer tərəfindən 1834-cü ildə “Gül ü Bülbül, das ist Ros und Nachtigall” adıyla alman dilinə çevrilib nəşr edilən, bəzi parçaları W.Gibb tərəfindən İngilis dilinə, De Sugny tərəfindən Fransız dilinə tərcümə və nəşr edilmiş “Gül ü Bülbül” əsərinin müəllifi Fazil İrəvani yox, XVI əsr türk şairi Fazlı Karadır. Əsərin müəllifinin adı (Fazlı Kara) və əski əlifba ilə yazılmış əlyazma nüxsəsi J.V.Hammerin nəşr etdiyi kitabda olduğu kimi verilib. Digər tərəfdən, Arşak Çobanyan xaricdə yaşayan ermənilərin  ləhcəsinə çevrib, “Anahid” jurnalının birinci nömrəsindən başlayaraq hissə-hissə dərc etdiyi (jurnalın 1 sayından 11-ci sayına qədər), sonu 1900-cu ildə jurnalın 12-ci nömrəsində dərc edilən və sonuncu səhifədə (249) “Qızılgül və bülbül”ün mənbəyi” başlığı altında verilən sensasiyon xəbər Fazlı Karanın “Gül ü Bülbül” əsərinə aiddir. X.M.Geğamyanın tərcümə edib, iki dildə nəşr etdiyi “Qızılgül və Bülbül” əsərinin Fazil İrəvaninin olması fikri daha qüvvətlidir. F.Karanın əsəri məsnəvi, F.İrəvaninin əsəri janr etibarı ilə povestdir. Yəni əsərin biri nəzm,digəri isənəsrlə yazılmışdır. Mənbələrdə, heç bir araşdırma aparılmadan  “Qızılgül və Bülbül” əsərinin (20,159-60; 24.s195;16,s.203-204; 30, s.44; 1,s.186 və s.) Fazil İrəvaniyə aid olduğu,  “başıbəlalı” “Qızılgül və Bülbül”ün  Le Vayya de Floribal tərəfindən fransız dilinə çevirilib Parisdə (1826) nəşr edilən, az vaxtda şöhrətlənən əsərin çox keçmədən Jözef Fon Hammer tərəfindən alman dilinə çevirilərək iki dəfə; 1832-1833-cü ildə yüksək trajla nəşr olunması (13) təkrarlanmışdır. Böyük etimalla əsərlərin və müəlliflərin (Fazlı-Fazıl) adlarındakı bənzərlik də (Gül və Bülbül) əsərlərin bir-biri ilə qarışdırılmasına səbəbiyyət vermişdi. Digər tərəfdən, əlyazması qədim yurd yerimiz olan İrəvanda-Matendaranda saxlanılan, Sankt Peterburda iki dildə nəşr edilən (1812) “Qızılgül və bülbül” əsərinin Rusiya arxivlərində axtarılması daha məqsədə uyğundur və bu yöndə aparılan araşdırmalar Fazil İrəvaninin “Qızılgül və bülbül” əsərinin əldə olunmasına vəsilə olar. Fazlı Karanın “Gül ü Bülbül” məsnəvisi istər Türk təzkirəçiləri, istərsə də Qərb tədqiqatçıları tərəfindən bu mövzuda yazılmış və ən çox təqdir olunan və araşdırılan, haqqında tədqiqat yazılan əsərlərdəndir. Hammerin tərcümə etdiyi əsər deyil, Geğamyanın  tərcümə etdiyi əsər F.İrəvaniyə aiddir.

Fikrimizcə, bundan sonrakı araşdırmalar J.V.Hammerin məlum əsəri üzərində deyil, digərləri; Peterburqda nəşr edilən əsərlər üzərində, Le De Vayya, Freznan nəşrləri üzərində və qarşılaşdırmalı şəkildə aparılmalıdır. Bəlkə də adları çəkilən bu əsərlər fərqli tərcümələrdir. Hammerin tərcüməsi Fazlının olduğu kimi, digər tərcümələr də Fazil İrəvaninin ola bilər. Bu səbəbdən görkəmli alim, ictimai və siyasi xadim Şeyxülislam Fazil İrəvaninin zəngin elmi irsinin və yaradıcılığının araşdırılması  vacibdir.

ƏDƏBİYYAT

 

1.Abdullayeva Ş. Oskar Uayldın “Bulbul və Qızılgül” nağılında Şərq motivləri// Filologiya məsələləri, № 7, 2019, s.1 82-185

2.Agah Sırrı Levend. Türk ədəbiyyatı tarixi. Ankara,1973,I, s.140

3.Ayvazoğlu B. Güller Kitabı. 5. baskı, İstanbul, Ötüken, 1999, s. 92 ve 96.

4.Azərbaycan kitabı (bibloqrafiya). I cild 1780-1920-ci  illər, Bakı,1963

5.Bakirci F. Türk dünyasinda ortak bir tema: gül ile bülbül. Uluslararası Uygur Araştırmaları Dergisi 2015

6.Banarlı N. Rəsimli Türk ədəbiyyatı tarixi. 1c. Mllll Eğitim:basimevi, İstanbul 1983. s.597-598

7.Canım R. Latifi, Tezkiretü ş-Şuara ve Tabsiratu n-Nuzama (İnceleme-Metin), Ankara: Atatürk Kültür Merkezi Başkanlığı Yay. 2000

8.Dora D‟istria, Osmanlılarda Şiir, çev. Semay Taneri, Havass, İstanbul 1982, s. 40-46.

9.Ertaylan İ.H.Gazi Geray Han, Hayatı ve Eserleri. İstanbul, 1958.s. 50, 62

10.Əliyev F., Həsənov U. İrəvan xanlığı. Bakı: Şərq-Qərb, 2007

11.Fazli, Gul u Bulbul, Akademi Kitabevi, İzmir 2002.

12.Gibb, E. J. Wilkonson, “Fazlı”, Osmanlı Şiir Tarihi: A History of Ottoman Poetry, C. 3, çev. Ali ÇavuĢoğlu, Akçağ Yayınları, Ankara 1999

13.Hammer J.F. Gül u Bülbül, das ist Rose und Nachtigall. Fazli <Kara>

Pest, 1834. Universit Landts- və Landesbibliothek Sachsen-Anhalt

Sondersammelgebietes Vorderer Orient Rəqəmsal Kitabxanası

14.Həqiqi.Şeirlər. Bakı:Azərnəşr,1966

15.Yazar S. Kara Fazlının eserlerine dair yeni bilgilər Divan ədəbiyyatı Araşdırmaları Dərgisi 18, İstanbul 2017, 525-562

16.Kərimov B.O. xıx əsrin ıı yarısinda Azərbaycan elminin inkişafinda İrəvan ziyalılarının rolu //Bakı Universitetinin xəbərləri, Humanitarelmlərseriyası,№2,

2014,s.201-208

17.Kitabüt-təharət. Müəllifi Fazil İrəvani. Xəttat: Məhəmməd Təbrizi. Təbriz. 1301, 186 s. (fars dilində).

18.Kocatürk, Vasfi Mahir. Büyük Türk Edebiyatı Tarihi Başlangıçtan Bugüne

Kadar Türk Edebiyatının Tarihi, Tahlili ve Tenkidi, İstanbul: İstanbul

Kültür Üniversitesi Yay 2016

19.Köprülü F. M “Fazlı”, İslam Ansiklopedisi, C. 4, MEB, İstanbul 1988.

20.QazıyevYusif. Erməni məsələsi.yalanlar gerçəklər. Bakı: Nurlar, 2009

21.Məmmədov İ. İrəvan dəftəri. Bakı: Adiloğlu, 2002

22.Məmmədov E. İrəvandan başlanan yol. Bakı, 2018

23.Məmmədli H. Qafqazda İslam və şeyxülislamlar. Bakı:MBM,2005

24.Məhərrəmli Z. “Fazil İrəvani” kimi tanınan Ayatollaxul-uzma Molla Məhəmməd İbn Məhəmməd Bağir//Filologiya  məsələləri, №3, 2014, s.357-360

25.Məhərrəmov Z. İrəvan ədəbi mühiti (1800-1920-ci illər).Fil.e.d. alimlik dərəcəsi dərəcəsi almaq üçün təqdim olunmuş Dissertasiya (Əlyazması hüququnda) Bakı, 2017

26.Mehrəliyev E.A. “İrəvanilər”, Çaşıoğlu, Bakı, 2000

27.Mustafa N.İrəvan şəhəri. Bakı: Red N Line MMC, 2020

28.Nazim Mustafa www.iravan.info/ebedi_muhit.html

39.Nizam B.S. Divan şiirinin alegorik aşık ve maşuklarından gül ü bülbül//Turkish studies International Periodical For the Languages, Literature and History of Turkish or Turkic Volume 5/3 Summer 2010, s.462-478

30.Nurullayev H. F. Şeyxülislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı: Nurlar, 2014

31.Öztekin N. Fazlî, Gül ü Bülbül, İzmir: Akademi Kitabevi, 2002

32.Özakan M. “Gül ü Bülbül”, TDV İslâm Ansiklopedisi, C. 14, TDV, İstanbul 1996. 478

33.Özkan M. Şair Fazlı və Gül ü Bülbülü//Elmi araşdırmaları 3, İstanbul,1996, 81-86. s.84-86

34.Özkat M. “Kara Fazlî’nin Hayatı, Eserleri, Edebî Kişiliği ve Dîvânı:İnceleme-Tenkitli Metin” (Basılmamış Yüksek Lisans Tezi), İstanbul: Marmara Üniversitesi, Türkiyat Araştırmaları Enstitüsü, 2005

35.Rəhimov N. Alimlər və xadimlər Fazil İrəvani. Fazil İrəvani-İslam Times. islamtimes. org, 2009,Story Code:1033

36.Rizvan.Net.Azərbaycan alimlərinin həyatı//Аyәtullаһ əl-uzmа Şeyх Mәһәmmәd İrәvаni // İslam Marifi jurnalı. 2015

37.Sabuncu Z. “Gelibolulu Mustafa Alinin Mihr ü Mah Mesnevisi”// Journal of Turkish Studies Agah S.L. Hatıra Sayısı III, sy. 24/III (2000), s. 301. 26 agm., s. 297. 27 agm., s. 298.

38.Şentürk, Ahmet Atilla-Kartal, Ahmet (2004), Üniversiteler İçin Eski Türk Edebiyatı Tarihi. İstanbul: Dergah Yay.310

39.Sərdarniya  S.İrəvan müsəlman yurdu  olmuşdur. Tehran.Zofa. 2001,245 s.Fars dilində, s.219

40.Tanç N.  Rifaidən  Oscar Uayld  Gül və bülbül// A.Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi Sayı 39, Erzurum 2009 Prof. Dr. Hüseyin AYAN Özel Sayısı, TAED 39, 2009, 967-987

41.Vəkil Ə. Matenadaran və Azərbaycan ədəbiyyatı // “Azərbaycan” jurn., 1972,  № 9,  s. 183-185

42.Zavotçu G. “Bir Ölümün Yankıları ve Yahya Bey Mersiyesi”// Erzurum, Atatürk Üniversitesi Türkiyat  Araştırmaları Enstitüsü Dergisi,2007, s. 33, s. 69-80

43.Zeynalov Ə. İrəvan ziyalıları. Bakı: Oğuz eli, 1999