* * *
Mən sevməyi bilirəm,
Mənə unutmaq öyrət.
Gecənin qor üzündə,
Mənə də yatmaq öyrət.
Dərd ağladır – gülürəm,
Dərd olmasa ölürəm…
Mən ölməyi bilirəm,
Göylərdə batmaq öyrət.
Köçünnən köçdüm axı,
İçindən keçdim axı,
Dərdini içdim axı,
Dərdinə çatmaq öyrət.
Səndən ayrısa yolum,
Yaşamağım çox zulum.
Kərəm et, qurban olum,
Başımı qatmaq öyrət,
Başımı qatmaq öyrət…
Hardasan, könül yiyəsi?
Ulduzlar sökülüb gəlir,
Buludlar bükülüb gəlir.
Ah olub tökülüb gəlir
Lələk –lələk durna səsi-
Hardasan, könül yiyəsi?!
Dan yerində can sıxılır,
Nar ürəkdə qan sıxılır.
Hər saat, hər an yıxılır
Tacı-taxtı,bünövrəsi,
Hardasan, könül yiyəsi?!
Sevgiyə dön, eşqə boyan ,
Məcnun olmaz eşqə doyan .
Bağrımın başını oyan–
Ayrılıq neştər tiyəsi,
Hardasan, könül yiyəsi?!
Ay baharım, çiçək nazım,
Zimistana döndü yazım.
Sinəmin üstündə sazım,
Kərərmin ağlar Lələsi
Hardasan ,könül yiyəsi?!
Könlüm nədi- dağ lalası,
Ləçəyində şeh nalası.
Yetim qalan quş balası,
Yurd-yuvasın kim tikəsi?
Hardasan, könül yiyəsi?
Gülüm ləçəklərdə qaldı,
Şirəm pətəklərdə qaldı.
Əlim ətəklərdə qaldı,
İsmarıcım var deyəsi–
Hardasan,könülyiyəsi?!
Hardasan, mənə hay ver
Hardasan, mənə hay ver,
Nəfəsini duyum mən.
Bir sevdanın acıyam,
Nəfəsinlə doyum mən.
Nəyə büküm bu dərdi,
Məni külə döndərdi.
Kür uşaqdan betərdi,
Canı hara qoyum mən.
Yaş yanaqda lil olur,
Söz dodaqda kül olur.
Hər gecəm bir il olur ,
Bir layla de, uyum mən.
Hardasan
Bu gecə bomboş beşiyəm,
Ürəyim, canım, hardasan?
Bir sahibsiz ev-eşiyəm,
Mülki-cahanım, hardasan?
Çiçək arzum soldu axı,
Hicran uzun yoldu axı,
Gecəm səhər oldu axı,
Qürubum-danım, hardasan
Gəl gözümə görün qayıt,
Gül ətrimə bürün qayıt,
Son nəfəsi verim qayıt,
Sirri-pünhanım, hardasan?
Yox gümanım,yox əlacım,
Kimə yalvarım,əl açım,
Viran olur, taxtı-tacım,
Təxti-sultanım, hardasan?
Görməmişdin axı məni…
Görməmişdin axı məni,
Necə sevdin, ahu, məni?
Bu dünyanın ahı məni—
Demədinmi tutar sənsiz?!
Demədinmi diləklərin,
Qanadında mələklərin,
Enib görər çiçəklərin,
Daşlar altda yatar sənsiz.
Ac ruhuma balıydınmı,
Lalə bağra xalıydınmı?!
Heç halımdan halıydınmı,
Halım necə betər sənsiz?!
Qönçə üzüm gün görməmiş,
Şeh-şeh öpdün, gün görməmiş,
Heç demədin güngörməmiş,
Başın nəynən qatar sənsiz?!
Sevməkdisə günahlarım
Gül könlümdə–gül ahlarım,
Harda olsan bil ahlarım,
Səni bir gün tutar, sənsiz
***
Daha mən sevən dünya,
İlmə-ilmə sökülür,
Gül açdığım ağaclar,
Yarpaq-yarpaq tökülür
Daha doğmur ulduzlar
Gecələrin ahından
Oxumur qumru quşlar,
Ahların günahından…
Gümanların əlində
Sönürəm ağ şam kimi
Səhər nəyə doğulum,
Ölməyə axşam kimi…?!
Halallıq eylə getdim..
Olum,ölüm boyatdı,
Gəlib çıxdı göyatdı
Səfərim sona çatdı,
Halallıq eylə getdim.
Düşmə qara,sazağa,
Canım sənə sadağa,
Yolum düşdü uzağa,
Halallıq eylə getdim
Kül bəllənər közündən
Qırov bağlar göz ündən,
Kölgəm itdi gözündən,
Hallalıq eylə getdim.
Dözümü yuxa bildim,
Özümü yıxa bildim,
Könlündən çıxa bildim,
Halallıq eylə getdim
Bir bağrı yara sazdım
Dinib dərdimdə azdım,
Sonuncu şeiri yazdım,
Halallıq eylə getdim…
Bu gecə…
Necə şəhid oluram,
Şahid oldu bu gecə.
Mənim qara sevdama,
Qara yoldu bu gecə
Ay mənə baxdı getdi,
Ulduzum axdı getdi,
Dərd məni yıxdı getdi,
Ruhum soldu bu gecə.
Bu nə dərddi əkirəm,
Bu nə ahdı çəkirəm,
Özümə dağ çəkirəm,
Mənə noldu bu gecə?!
Məni…
Bu yollar qurtarmadı,
Bu yollar üzdü məni.
Tanrım yol daşı edib,
Yollara düzdü məni.
Hər ötən an acaldı,
Hər acal bir macaldı,
Allah necə qocaldır,
Baxdığım güzgü məni.
Can uçunur dərgaha,
Baxmır amana-aha,
Bilirəm yıxır daha,
Bu dərd, bu üzgü məni.
***
Baharım gəldi getdi,
Gülüm küsəyən oldu,
Bayatılar deməkdən,
Dilim küsəyən oldu..
Ha dedim oyan canım,
Səbr elə dayan canım,
Dərdimdən doyan canım,
Zülüm küsəyən oldu.
Əcəl zalım atınnan,
Keçdi yeddi qatımnan,
Gəlib döndü qapımnan
Ölüm küsəyən oldu
***
Tər qönçədə çiçək idim
Açıldım sabah eşqinə,
Nə biləydim ətrim,rəngim,
Yazılır günah eşqinə.
Gəzdin məni yerdə-göydə,
Nə neydəydim,nə də meydə,
Könül adlı sirli neydə,
Oxurdum bir ah eşqinə
Sükutundan keçirmədin,
Bal sevdanı içirmədin,
Sən könlünə köçürmədin,
Mən öldüm Allah eşqinə.
Saz ha deyil, ürəyimdi çaldığın
Aşıq qardaş, asta tərpət telləri,
Ahəstə vur o xalları, gülləri.
İnsafdımı qana bata əllərin,
Günahsız yazıqdı qana saldığın,
Saz ha deyil, ürəyimdi çaldığın.
Yananın tüstüsü, külü görünər,
Ağlayanın yaşı, seli görünər.
Mən ölmüş bəlkə də dəli görünər –
Tüstüsüz yanırmı oda saldığın,
Saz ha deyil, ürəyimdi çaldığın.
Bu nə sirrdi, nə hikmətdi, bilərsən,
Bu könül mülkümü yıxıb sökürsən.
Tanrının xəbəri varmı görəsən,
Hökmsüz, fərmansız candı aldığın,
Saz ha deyil, ürəyimdi çaldığın.
Min illərdi sinəm üstü dağ çəkir,
Qaya dərdim daş əridir, dağ çəkir.
Saz dinəndə ürəyimdən yağ çəkir,
Sarı simdi bu könlümdən aldığın,
Saz ha deyil, ürəyimdi çaldığın.
O, cansız varlıqsa, belə danışmaz,
Nə belə ağlamaz, belə alışmaz.
Çiçək bu gərdişlə yoxdan barışmaz,
Bircə şeydi vallah, ölüb-qaldığım,
Saz ha deyil, ürəyimdi çaldığın.
***
Quşun dimdiyində gələn eşqimi,
Basdırdım torpağa gül acdı,neylim.
Uydu gül üzünə sevdalı bülbül,
Bu gülün eşqinnən dil acdı,neylim
Eşq olub bu gülün suçu,günahı,
Çəkin eşq üstündə cəzasın verin,
Üstünə tökülsün qanlı göz yaşı,
Öldürün,yollarda qəzasın verin..
Bağrı cadar-cadar eşq üçün gülün,
Qoymayın sevərlər gözündən tökün
Yoxsa ki, ətrindən bayılar dünya,
Qaytarın bu gülü torpağa bükün…
Divanəlik dərdi yayacaq yoxsa
Ruhunu cismindən ayırın gəlin
Nəsimi eşqindən cücərib yəqin,
Külünü göylərə soyurun,gəlin.
Nə qədər odlansın fələk ahına,
Axır yanıb,bir gün o da bezəcək..
Tanrı dərgahında açılan gülü,
Heç kim sevməsə də ,Tanrı sevəcək
Könlümün
Bəndi, bərəsimi vardı könlümün,
Amanat yuvaydı, dağıldı getdi.
Neynirsən axtarıb gidi dünyanı,
Bu qız da bir yuxu, nağıldı getdi.
Səhranın ortası kimsiz-kimsəsiz,
Küləklər külümü sovurasıydı.
Bilirdim bu sevda məni nə vaxtsa,
Tapıb diri-diri qovurasıydı.
Mənim də kəbinim dərdnən kəsilib,
Şükür ki,getməyə dərdim-sərim var.
Bağlama üzümə könül qapını,
Mənim o könüldə məzar yerim var…
***
Yenə nə oxursan havalı dərviş,
Oynaya-oynaya közlərin üstə.
İlahi nəğmələr qoxur nəfəsin
Bəzəkli-düzəkli sözlərin üstə..
Eşqin xirqəsini geyib əyninə
Bu nə sevda ola dolub beyninə
Yerləri,göyləri alıb çiyninə,
Hara uçunursan dizlərin üstə.
Behin-bazarın yox dünya heçində,
Baş alıb gedirsən durna köçündə,
O nədir oynayır ovcun içində
Öpüb oxşayırsan gözlərin üstə…
Doğrumu gəlmişəm bu səsə,Ya Hu,
Mən sevən qumrular oxumur axı,
İtən itiyimin sonunci ahı,
Yoxsa Çiçək açıb izlərin üstə…
Tural Adışirinin təqdimatında