Rəsul RZA – 110
XX əsr Azərbaycan poeziyasını ötəri bir baxışla gözdən keçirdikdə keçən yüzillikdə şeirimizin öz varlığını formal-metrik baxımdan üç istiqamətdə davam etdirdiyini görürük: klassik Şərq divan şeirimizin ənənələrinə sadiq qalaraq əruz vəznində yazılan milli şeirimiz (türk əruzunda); folklordan, şifahi xalq ədəbiyyatından qaynaqlanan heca şeiri; və bir də ulu soyumuzun “Dədə Qorqud” kimi ərarəngiz mətnlərində nümunələri olan, amma sonrakı yüzillərdə arxa plana keçən, unudulan, türkün azad ruhuna xas olan sərbəst şeir (verlibr).
XX əsrdə “birinci yol”da Sabir, Cavid, Səhhət, Vahid kimi nəhənglər, “ikinci yol”da isə Səməd Vurğun və Süleyman Rüstəm kimi böyük şairlər yazıb-yaratdılar. “Üçüncü yol”da ardıcıl yazıb-yaradan, özündən sonra böyük məktəb qoyan bir əsas şairimiz isə Rəsul Rza oldu.
Rəsul Rza yaradıcılığının özünəməxsus xüsusiyyətləri milli poeziyamızda yeni bir məktəbin başlanğıcından xəbər verirdi. Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair poeziyamızda minillərlə öz klassik vəsfini tapmış həyat hadisələrinə yeni baxışları ortaya qoydu, bizim üçün onların yeni çalarlarını kəşf etdi. Çoxqatlı ifadə formaları, qəfil obrazlar və assosiasiyalar onun poeziyasının, şairlik üslubunun açar məziyyətlərinə çevrildi.
Yeni və təkrarsız üslub vasitələri və ifadə tərzi ilə Rəsul Rza Azərbaycan modernist poeziyasının başlanğıcını qoydu.
Rəsul Rzanın bir-birindən maraqlı, dərin məna və mahiyyət kəsb edən gözəl şeirləri, poemaları var. Amma düşünürəm ki, yalnız tək “Rənglər” silsiləsini yazmaq bəs edərdi ki, o öz şair ömrünü böyük məhəbbətlə sevdiyi, yazdığı və danışdığı dilin ömrü qədər uzatsın:
Ağ, qara, yaşıl, sarı, qırmızı;
Hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
biri dərdimizi, biri arzumuzu.
hərəsindən bir məna arayıb
bir səbəb görən var.
…Rənglər xatirələr oyadır,
duyğuları oyadır,
Gördüyümüzdən artıq görmək istəməsək,
hər rəng adicə boyadır.
Rənglərin də musiqi kimi ahəngi var.
Ağrının, sevincin, ümidin də rəngi var.
Düşündükcə açılır,
Əlvan səhifələri rənglərin.
“Boz” rəngdən danışan böyük şairimiz gah onu “Çoxlara qarışıb itənlər, hər torpaqda bitənlər…” deyə, gah “cansız barmaqlar arasında sönmüş siqaretin uzun külü” kimi, gah da “Boş günlər, boş ürəklər, (…) Vərdişli, könülsüz gülüş” deyə təsnif edir. Bunlar böyük şairin yalnız bir rənglə bağlı olan kiçik qeydləridir. Belə nümunələrin sayını hər bir rəng və bu rəngin çalarları ilə bağlı xeyli artırmaq olar. Bütün silsiləni poetik cümlələrə bölüb məna dərinliyinə varanda onun boş bir sətrinin, boş misrasının olmadığına əmin olursan.
Rəsul Rza yaradıcılığında “siləcəyin”, “oxumayacağın” təqdirdə yeri görünməyən bir söz belə tapmaq mümkün görünmür. Ən adi əşya və predmetlərə məxsus adi rənglərin təsvirindən başlanan fəlsəfi fikir sayıla bilməyəcək qədər çoxsaylı rəng çalarlarına qədər inkişaf etdirilir və həyatın adi gözlə görünə bilməyən əsrarəngiz çalarlarını oxucunun gözləri qarşısında canlandırır. İnsanlara həyatı sevməyi və dəyərləndirməyi təlqin edir.
Rəsul Rza yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatında yeni cığır, yeni ədəbi məktəb və yeni bir hadisə demək idi. Qara Qarayev və Fikrət Əmirovun milli musiqimizdə, Tahir Salahov və Toğrul Nərimanbəyovun milli rəssamlıq sənətimizdə meydana gətirdiyi çağdaşlıq cərəyanının ədəbiyyatdakı ilk izləri məhz Rəsul Rzaya məxsusdur. Bu gün böyük minnətdarlıq hissi ilə korifey adlandırdığımız bu insanların sayəsində ölkəmiz, bütövlükdə milli mədəniyyətimiz və xüsusilə də ədəbiyyatımız həmin dövrdə dünya ilə həmahəng yaşadığımızı bizə hiss etdirirdi.
Avropalı şairlərdən biri həqiqi şairliyin düsturundan bəhs edərkən vacib şərtlərdən birincisi kimi vətənpərvərliyi qeyd edirdi. Rəsul Rza böyük şair olmaqla yanaşı, həm də vətənpərvər ictimai xadim idi. İstisnasız olaraq bütün müasirləri onun müxtəlif vəzifələrdə çalışarkən həmişə milli maraqlara əsaslanan yanaşmalarını xüsusi olaraq qeyd ediblər. Sovet-bolşevik hakimiyyətinin milli mədəniyyətlərə qarşı repressiya apardığı amansız illərdə o, kino naziri kimi Azərbaycan kinosunun inkişafına, məhz milli ideya üzərində inkişafına böyük xidmətlər göstərmişdir.
Həmin illərdə kinoteatrlarımızın adlarının yad ayamalardan xilas olub milli adlar alması da məhz onun şəxsi təşəbbüsü və cəsarəti sayəsində mümkün olmuşdu. Onlarca gənc istedadlı ədibin sistemin bolşevik qafalı ünsürlərinin hücumlarından xilas olunması da Rəsul Rzanın mərdliyi və vətənpərvərliyi sayəsində, öz xalqına məhəbbəti və qayğısı ilə baş verirdi. İlk Azərbaycan Ensiklopediyasının yaradılması və sistemləşdirilməsi isə onun öz xalqı qarşısında ən böyük xidmətlərindən biri idi.
Millilik “cığırından” kənara çıxan hər bir “yenilik” Rəsul Rzanı narahat edirdi. O söz sənətinin milli düşüncəyə və milli təfəkkürə həlledici təsirini yaxşı dərk edir və buna görə də dilimizə keçən yeni sözlərin milliləşdirilməsi, onların qarşılığının tapılması və yeni milli sözlərin yaradılmasına xüsusi həssaslıqla yanaşırdı. Ədəbiyyat tarixindən də yaxşı məlumdur ki, yeni sözlərin dildə yaşarılığını təmin etməyin ən yaxşı üsulu onları şeirdə “sınaqdan keçirmək”dir və böyük şair bu istiqamətdə də öz səylərini əsirgəmirdi.
Bu gün Rəsul Rza deyəndə “Bəbək”, “Qızılgül olmayaydı”, ” Füzuli”, “Son gecə” poemaları, “Rənglər” və “Dəniz” poetik silsilələri, “Vəfa” və “Görüş” pyesləri, yüzlərlə bir-birindən maraqlı şeirlər, Azərbaycanın musiqi xəzinəsini zənginləşdirən “Üzüyünün qaşı firuzədəndir”, “Gözlərin aladır, yar”, “Sənə də qalmaz”, “İnsaf da yaxşı şeydir”, “Bakı” və onlarca başqa gözəl mahnılar yada düşür.
Bu əsərlərin bəziləri öz populyarlığı ilə artıq Azərbaycan sərhədlərini aşaraq qardaş ölkələrdə insanların qəlbinə yol tapıb. Belə gözəl söz və sənət incilərinin bütün türk dünyasında təbliğ olunması düşüncə və təfəkkür meyarlarımızın yaxınlaşmasına və türk dünyasında ortaq mədəniyyətimizin universallaşmasına və bütövləşməsinə xidmət edir.
Daha öncə qardaş Türkiyədə dərc olunan “Təmrin” dərgisinin Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə və Mikayıl Müşfiq kimi böyük Azərbaycan ədiblərinə həsr edilmiş xüsusi sayları işıq üzü görmüşdü. Bu gözəl ənənənin davam etdirilməsi və bu dəfə “Təmrin” dərgisinin özəl bir sayının böyük şairimiz Rəsul Rzaya həsr olunması da olduqca əlamətdar bir hadisədir. Bu nəcib fəaliyyəti həyata keçirən bütün dostlarımıza və məsləkdaşlarımıza, bir də böyük Türk Dünyasına sevgi və sayqılarımla dərin minnətdarlığımı bildirirəm. /edebiyyatqazeti.az/
Cavanşir FEYZİYEV