Ev Bədii Mən zalım adamam, kamança – Vaqif Bayatlı Odər – 75

Mən zalım adamam, kamança – Vaqif Bayatlı Odər – 75

1290

Səni niyə belə sevdim?

Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Səni sevmək istəyirəm

Dünyanın ən güclü adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
İstəmirəm bir kimsə
mənimlə qorxuda bir kimsəni.

Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
Mənə ən böyük dünya varı
qapı,pəncərəsi açıq
üzü-gözü gülən bir alaçıq!

Mən səni, mən səni
Dünyada hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki ancaq yalandan sevənlər
hamıdan çox sevirlər.

Mən səni sakitcə, yavaşca
sevmək istəyirəm.
Sevmək istəyirəm Tanrıdan yazılantək,
Bir balaca quş
Öz balaca yuvasının
küncünə qısılantək.

Yupyumru eşq ilə

Sevir kimsə kimsəni,
Bir kimsənin üstünə
gəl, mən də sevim səni
yupyumuru, yepyeni bir eşq ilə
yenə sənin üstünə.

Gör, sevgi üstə sevgimi
eşq eşqdən baş alan kimi,
eşq eşqi daşıran kimi,
Allah da aşıran kimi
hər ləçəyi ləçəyin,
gülü gülün üstünə,
göyü göyün, ayı ayın,
günü günün üstünə.

Gör, quş quşa şığıyantək,
gül gülə sığınantək,
son nəğmə oxunantək
ilk nəğmənin üstünə.

Gör, ikiqat sevgidən,
ikiqat eşqdən bu naşı da dəm,
gözünün yaşı da dəm,
ha içər yenə də kəm
qəmi dəmin üstünə,
dəmi qəmin üstünə.

Mən zalım adamam, kamança

Qardaşım ağaclar, bacım çiçəklər,
bir də söz tutdu sizi,
söz tutdu, sevda qurutdu,
üz tutub yüyürməyin mənə sarı,
bağlanıb gözümün
yaş qapaqları.

Dünyanın bəla qapıları
qala qapıları, daş qapıları,
yetim qapıları, boş qapıları
bağlanıb könlümə, bağlanıb
bağlanıb gözümün yaş qapaqları
Mən söz bəlasıyam,
zalım tifili.

Sürüşüb alnımdan tanrının əli
daha sən də
sən də ağladammazsan məni
mən zalım adamam, kamança.

Bir də kimsəni sevməyəcəyəm

Bir də kimsəni sevməyəcəyəm
Bu gecə nədəndir hamıdan qabaq
ağrıyan, qəlbimə yanıram dostlar,
Bir də sevda nədi, bilməyəcəyəm,
Bir də bir kimsəni sevməyəcəyəm.

Bir də bu dünyada eşqdən yazmağa,
Gecələr azmağa daha halım yox.
Bu xan oğlanlara, xanım qızlara
Qara sevda nədi, bir sualım yox.

Getdi gözlərimdən bir dəvə kini,
Getdi qollarımdan küçə davası.
Bahar ağaclardan çəkilən kimi.
Çəkildi başımdan gənclik havası.

Könlüm dəliliyi unutdu çoxdan,
Axır ki, ağlımın səsinə uydum.
Qonur gözlərimdə yorğunluq – haqdan,
doydum küçələrdən, yollardan doydum.

Bir də sevda nədi, bilməyəcəyəm,
Bir də kimsəni sevməyəcəyəm.

* * *
Xan ceyranın qaçışında,
Ən şahanə uçuşunda,
Ya alnında,ya döşündə,
Bir ox yeri var,yeri var.

Düşməzsən şahlıq atından,
Göyün yeddinci qatından,
Hər bəyaz telin altında,
Bir ah yeri var,yeri var.

Ən kimsəsiz küçə sənin,
Küçə sənin,gecə mənim,
Sən bağlayan pəncərənin ,
Bir dön bəri bax yeri var.

* * *
Hər şair elə bilir
dünyanın son şeirini
o yazacaq, o ancaq,
bu dünyada şeir də, söz də
onunla qurtaracaq.

Bəlkə bundadı ləzzəti
elə şeir yazmağın da,
bu böyüklükdə dünyanı,
bu balaca külünglə –
bu qələmlə qazmağın da.

Mən də hər an bir daha
ruh kimi uçub Allaha,
söz kimi görünüb gözə,
yoxladım dünyanın sözə,
sözün dünyaya tabını,
beləcə batıb günaha
mən də, mən də yazıb getdim
dünyanın son kitabını.

Elə dünyadan qurtarcaq
anladım insan alnına
tale, alın yazısı yox,
şeir yazır Allah ancaq,
anladım bu dünyada
ən son şeir Tanrı şeiri,
ən son kitab
Tanrı kitabı olacaq.

Anladım, Tanrım, anladım,
alınmaz sənin üçün
Şeirin ən gözəl görünən,
ən gözəl yazılan yeri,
qələmin quş kimi süzən,
min naz ilə gəzən yeri,
xəttin eşqdən süzülən,
eşqdən nazilən yeri.

Anladım biz hamımız
bir tək ələ,
bir tək qələmə tabeyik,
bütün alınlar yan-yana
allahın şeir kitabıyıq.

Hər şairin şeiri də
Tanrı şeiri içində
yazı içində yazı,
can içində can kimi,
qəfil güllədən sıçrayıb
ən uzaq ulduza qonan
yaralı ceyran kimi.

* * *
Min ildi, milyon ildi
Göylərdən ayaqyalın,
Sənə sarı qaçıram
ayaqlarım sevinir,
yolum sevinir, Allah
Hər gün sənin göyünə
mismarlanır, dincəlir
qolum sevinir, Allah.

Sevgin, ancaq sevgin var
bütün kainat boyu
qanrılan, qanı daman
qollarımın gözündə,
bəs nədən əzab gəzir
qolumu dəlib keçən
mismarların üzündə?!

Min ağrıyla, əzabla
Necə qıvrılır onlar,
Heç ağrı yoxdur mənə,
quş kimiyəm, İlahi,
yenə uçuram sənə
Qolumdakı mismarlar
yalvarırlar ağrıdan,
yalvarırlar əzabdan
Xilas elə onları,
Xilas elə, İlahi !

Xilas elə əzabdan
Boynumdakı kədəri
Altında dayandığım
Bu dar ağacını da,
Xilas elə, İlahi !

Hər an bu göy üzünə,
həm də sənə tuşlanan,
yenidən dönə- dönə
məndən keçən gülləni
ağrılardan, əzabdan
Xilas elə, İlahi !

Şükür, İlahi, şükür
Min ildir, milyon ildir
Bağlayıb yollarımı
Bir birinin ucuna
Gəlib çatdım axırı
Sənin dar ağacına,
Kəndirin dartıldıqca
boynum dincəlir, Allah
Boynum dincələn görüb
Tez vururlar boynumu,
Çiynim dincəlir, Allah .

Şükür, şükür, çox şükür
Sən yenə göyüzündən
Yerə enirsən, İlahi.
dünya gözümdə söndükcə
Sən görünürsən, İlahi .

Tək qalarsan bu dünyada

Başa gələr nələr, nələr
Ala gözə qara kədər.
Yazılıbsa qəza-qədər
Tək qalarsan bu dünyada.

Ala gözə çox aldanma
Hər baxışı sevgi sanma,
Çox alışma, çox da yanma
Tək qalarsan bu dünyada.

Eşqə düşən canın üzər,
Ömrü boyu tənha gəzər.
Kimə inanırsan inan
Şairə inanma, gözəl,
Tək qalarsan bu dünyada!

Bu dünyadan sənin qoxun gəlir

Sevgi sözünü yazıram,
sevgi sözündən sənin qoxun gəlir,
Vətən sözünü yazıram,
Vətən sözündən sənin qoxun gəlir,
su yazıram, od yazıram, torpaq yazıram,
sudan da, oddan da,
torpaqdan da sənin qoxun gəlir,
mən bu dünyadan getmərəm,
bu dünyadan sənin qoxun gəlir.

Tural Adışirinin təqdimatında