Ev Bədii Müasir Azərbaycan-özbək ədəbi əlaqələrində xidməti olan şair

Müasir Azərbaycan-özbək ədəbi əlaqələrində xidməti olan şair

243

Müasir Azərbaycan-özbək ədəbi əlaqələrində yeni nəsil Azərbaycan şairi: Rəsmiyyə Sabir poeziyası

Rəsmiyyə Sabir (1973) çağdaş Azərbaycan poeziyasında öz yaradıcılıq üslubu, dəsti-xətti ilə seçilən, tarixilik təməlində Azərbaycan şeirinin, çağdaş poeziyanın mahiyyətini, məzmununu, oxucu ruhunun həssas məqamlarını  idrak edən, ifadənin fəlsəfi ağırlığını anlaşılan üslubda, sadə dildə qələmə alan, eləcə də  türk xalqları ilə qurulan müasir mədəni-ədəbi əlaqələrin inkişafında mühüm xidmətləri ilə seçilən söz, sənət adamıdır.

O  Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, müasir dövrdə türk xalqlarının, mədəni inteqrasiyasında əhəmiyyətli rola malik Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. Hazırda Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvüdür. “Şeir və kitabları Türkiyə, İraq, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Rusiya, Bolqariya, Almaniya və digər ölkələrdə nəşr olunmuşdur”(1). Müasir qazax, özbək, türkmən xalqlarının poeziyasının Azərbaycanda tanıdılması, tərcümə olunması, nəşri istiqamətində uzun illərdir ki, uğurlu fəaliyyət göstərir. Ölkələrimiz müstəqilliyini qazandıqdan sonra Mərkəzi Asiya türk xalqları ilə ədəbi əlaqələrin inkişafında xüsusi fəaliyyəti, xidmətləri vardır. Rəsmiyyə Sabirin “Sahilsiz adam”, “Yerle gök arasında” adlı şeirlər kitabları qardaş Türkiyədə, “Kölgəsiz dar ağacları” şeir kitabı İraqda, “Cен борсан фақат, Тангрим” kitabı Özbəkistanda işıq üzü görməsi istedadlı şairin yaradıcılıq nailiyyətlərindəndir.

Rəsmiyyə Sabir müasir Azərbaycan-özbək ədəbi-poetik əlaqələrinin inkişafında xüsusi xidmətləri olan şairdir.  Xalqlarımızın dərin mənəvi bağlılığının yeni tərənnümçüsü olan Rəsmiyyə Sabir sənət və fəaliyyətini ədəbi əlaqələrin tarixi ənənələri əsasında qurur və inkişaf etdirir. Diqqət etsək, Azərbaycan-özbək ədəbi əlaqələrində Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi yazıçı və şairlərin əlaqələri sadəcə kağız üzərində qalmamış, dostluğa,  qardaşlığa, şəxsi və yaradıcılıq əlaqələrinə söykənmişdir. “Səməd Vurğunla Maqsud Şeyxzadənin və Qafur Qulamın, Mirzə İbrahimovla Şərəf Rəşidovun, Qeyrətəli ilə Süleyman Rüstəmin, Mehdi Hüseynlə Əshəd Muxtarın (3; s 1)” dostluqları dövrün ədəbi əlaqələrinin çiçəklənməsində mühüm əhəmiyyət kəsb etmişdir. Eləcə də Rəsmiyyə Sabir və özbək şairi və naşiri  Xasiyyət Rüstəmin dostluq əlaqələri  bəhs etdiyimiz ədəbi-tarixi ənənələr əsasında inkişaf etməkdədir.

Ümumbəşəri mövzulara müasir baxış, yeni yaradıcılıq yanaşması nümayiş etdirən Rəsmiyyə Sabirin şeir yaradıcılığı mövzu və məzmununa bağlı olmadan fəlsəfi mahiyyətdə, dəyərdədir. İstər vətənpərvərlik, istər sevgi, məhəbbət mövzulu şeirlərində öz ruhunun dərin qatlarına enir, vicdanın və ruhunun səsini dinləyir Rəsmiyyə Sabir. Onun şeirlərində bir ana xətt ardıcıldır, davamlıdır. “Tanrı bəxt paylayanda – mənə dəli söz düşər” deyən Rəsmiyyə Sabirin “Dəli sözü” sözün sinonimlərində olduğu kimi, çoşğundur, qoçaqdır, basılmazdır. Biraz da divanədir. Şairənin qələmə aldığı şeirlərdə cəsarətli, mərd etiraflar hər məqamda qarşımıza çıxır. Özünün özünə etiraf etdiyi həqiqətlər vətənə, insanlığa, insana olan sevgisinin tərənnümündə canlanır. Mübarizə Rəsmiyyə Sabir şeirinin qanında, canındadır. Vətənə olan sevgisində də mübarizdir Rəsmiyyə Sabir, Vətənə etdiyi etiraflarında cəsurdur, cəsarətlidir. Vətən dediyi canlı obrazla dialoqdadır şair. Vətənin daşı olmağa çalışan Rəsmiyyə Sabir yaradıcılığında sanki bütün mövzular Vətən mövzusunda birləşir. Vətənə layiq övlad kimi sevmək, vətənə layiq övlad kimi düşünə bilmək, vətənə layiq şair kimi yazmaq və b. “Vətən bizi bağışlama”, “Ana torpaq tutar məni”, “Gəzinti” və digər bu mövzulu şeirləri dərin məzmunlu, anlaşılan ifadəli, sadə dildədir. Ona görə də bu şeirlər müxtəlif düşüncə tərzinə malik oxucusunu cəlb edir. Oxucusunu düşündürməyi bacaran, dünyanın hikmətini poetik dillə çözməyə çalışan və çözüm yolunda ruhunun eniş və yoxuşlarında çaşıb qalmayan, duyğularını, qənaətlərini nizamlı şəkildə şeirə çevirməyi bacaran Rəsmiyyə Sabirin sənəti özbək ədəbi mühitində maraqla qarşılanır. Onun insanın təfəkkürünün, duyğularının tərcümanı olan şeirləri özbək türkcəsinə uyğunlaşdırılmışdır. Eyni zamanda Rəsmiyyə Sabir özbək türkcəsindən çox sayda ədəbi nümunələri azərbaycan türkcəsinə çevirmişdir. Təkrarçılıqdan uzaqlaşmağı bacaran, ənənəviliyə yenilik müstəvisindən məzmun aşılayan şeirləri ilə özbək ədəbi mühitinə daxil olan Rəsmiyyə Sabir yaradıcılığı özbək xalqının tanınmış şairləri tərəfindən özbəkcəyə çevrilmişdir. Xasiyət Rüstəm, Alişir Tursunov, Güllbahar Səttarova, Cabbar Esenqul, Rəhmət Babacan və digər özbək şairləri Rəsmiyyə Sabirin şeirlərini özbək türkcəsinə uyğunlaşdırmışlar.

Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, özbək şairi, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyət Rüstəm və  Rəsmiyyə Sabiri dostluq və yaradıcılıq əlaqələri birləşdirir. Rəsmiyyə Sabir Xasiyət Rüstəmin “Korkunç” adlı kitabını azərbaycan dilinə çevirmişdir (7; s.1). Xasiyət Rüstəmin Rəsmiyyə Sabir yaradıcılığına həsr etdiyi məqalələrində, Özbəkistanda nəşr olunan kitabına yazdığı önsözündə Rəsmiyyə Sabir yaradıcılğına vurğunluğu, heyranlığı hiss olunur. Xasiyət Rüstəm Rəsmiyyə Sabirin Özbəkistanda çap olunan yeni şeirlər kitabına yazdığı önsözündə vurğunluğunu, duyğularının həyəcanını belə ifadə edir: “Расмия Собир шеъриятда инсон юрагининг соҳир манзараларини кашф эта олган. Мен юқорида истеъдод ҳақида бекорга сўзламадим. Чунки истеъдод қаламни жиловлайди. Расмия Собирни қаламини жиловлай оладиган шоиралар қаторида кўраман. Бу шоир шеърларидаги ҳар бир сўзнинг онаси хаёл”(4; s.4). R.Sabir yaradıcılığının vəsiqəsi hesab edə biləcəyimiz “Bağışlama bizi, Vətən” şeiri Xasiyət Rüstəmin yanaşmasında ürəkdən çıxan, qəlbdən ruhlara səpələnən mirvarilərə, incilərə bənzədilir. “Кечирма бизни, Ватан!” — илк маротаба бу мурожаатни эшитганимда оёғимгача музлаб қолганман. Нақадар самимий сўзлар. Шубҳасиз, у юракдан чиққан, қалбдан тўкилган шода марваридга ўхшайди. Бу сатрлар озарбайжон шеърияти дафтарига номини битган шоира Расмия Собирники эканлигини эшитдим-у, унинг ижоди билан яқиндан танишиш иштиёқи уйғонди. “Қамалган сукунат”, “Рангсиз кўз ёшлар”, “Унутдинг мени”, “Соҳилсиз одам” номли шеърий китоблар муаллифи бўлган истеъдод эгасининг шеърлари хорижий мамлакатларда чоп этилган (4; s.5 ). “Bağışlama bizi, Vətən”-ilk dəfə bu cümləni oxuduğum zaman, inanın, elə üşüdüm ki, ayaqlarım buz kimi oldu. O qədər içdən duyğulu və səmimidir ki… Şübhəsiz, o qəlbin ən dərin yerindən çıxan, ürəkdən tökülən mərcan dənələrinə bənzəyir. Azərbaycan poeziyasında tanınan Rəsmiyyə Sabirin yazdığı bu misralar diqqətimi çəkdi və mən şairi yaxından tanımaq üçün onun kitablarını axtarmağa başladım. “Həbs olunmuş sükut”, “Rəngsiz göz yaşları”, “Unutdun məni”, “Sahilsiz adam” və sair….bunlar istedadlı şairənin kitablarıdır” (Tərc: T.H).

КЕЧИРМА БИЗНИ, ВАТАН!
Унутдик тарихни, ўтган замонни,
Унутдик тупроққа тўкилган қонни,
Унутдик фақини яхши-ёмонни,
Кечирма бизни, Ватан!

Кўрсак ҳам кўксига ботган қилични,
Бошимиз остига қўйдик ёстиқни,
Чопилдинг, бўлиндинг, ёпдинг йиртиқни,
Кечирма бизни, Ватан!

Ёғийга едирдик кўзин ёғини,
Ёндира билмадик шам, чироғини,
Қушлар хабар берар сас-сўроғини,
Кечирма бизни, Ватан! (4; s. 9)

Azərbaycan sevdalısı olan yeni nəsil özbək ədəbiyyatının nümayəndəsi Xasiyət Rüstəm, həmçinin Rəsmiyyə Sabirin “Чарчоқ”, “Ҳаммаси ёлғон”, “Қизимга”, “Кичкинтой”, “Ўтар”, “Кечирма бизни, ватан!”, “Мен шу ердаман”, “Қолмади”, “Кўк юзининг тоши оғир”, “Ҳаёт – иккинчи рақаммиш”, “Дунёнинг ҳар тарафинда” və digər şeirlərini özbəkcəyə çevirmiş, Azərbaycan ədəbiyyatına səhifələrində xüsusi yer ayıran Özbəkistanın “Kitab dünyası” qəzetində çap etdirmişdir.

Özbək şairi və tərcüməçi Rəhmət Babacan Rəsmiyyə Sabir poeziyasının nümunələrini özbəkcəyə çevirmiş və Özbəkistanın mətbuat orqanlarında çap etdirmişdir.   “Шаҳидим”, “Боламнинг хотирасига”, “Кичкинтой”, “Исён”, “Тасалли”, “Мен бу ердаман”, “Онамнинг юраги”,  “Дуо”, “Мен йиғлайман”, “Булут йиғлар”, “Бола нигоҳидаги азоб”, “Илоҳий севги”, “Бизнинг орамизда минг йиллик йўл бор”, “Кичкинтой”, “Ўзга дунё одамлари” və digər şeirlər Rahmet Babacanın tərcüməsində özbək ədəbi mühitin daxil olmuşdur.

Қўлларим оғрийди, Тангрим!

Сен учун очилган бўм-бўш қўлларим…

Оёқларим оғрийди, Тангрим!

Узун йўллар кечган шу оёқларим…

Кўзларим оғрийди, Тангрим!

Қонли ёшлар тўккан абр кўзларим…

Юрагим оғрийди, Тангрим!

Дунё бўйлаб ғам ташиган юрагим (4; s.2)(Tərc: Rəhmət Babacan).

Həmçinin Rəsmiyyə Sabir özbək şairi və tərcüməçisi Rəhmət Babacanın şeirlərini Azərbaycan türkcəsinə uyğunlaşdırmış (2; s.4) dövrü mətbuatda çap etdirmişdir.

2015-ci ildə Özbəkistanda yayınlanan “Kitab dünyası” qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diploma layiq görülən Rəsmiyyə Sabirin yaradıcılığında özbək xalqına həsr olunan şeirlər özbək xalqının tarixi, mənəvi, coğrafi miraslarının şeir diliylə təsviri ilə zənginləşir.

ЎЗБЕКИСТОН

Тўрт тарафдан қутлар қардош элларни,

Туркнинг улуғ юрти жон Ўзбекистон

мозий нафаси келар,

Туркнинг улуғ юрти жон Ўзбекистон.

Гариналар келиб-кетган орадан,

Тарих изларини қўйган бу ерда,

Гўзаллик бахш этмиш сенга Яратган,

Туркнинг улуғ юрти жон Ўзбекистон.

Тилларда достондир машҳур Самарқанд,

Руҳимни яшнатар муҳаташам Тошкент,

Туғишгандай гўё ҳар шаҳар, ҳар кент,

Туркнинг улуғ юрти жон Ўзбекистон(4; s.27)

Ölkələrimiz müstəqilliyini qazandıqdan sonra Azərbaycan və özbək xalqlarının arasında tarix boyu qopmayan əlaqələr yeni məzmunda, müstəvidə inlkişaf etməyə başladı. Folklordan üzübəri müxtəlif dövr və mərhələləri yaşamış ədəbi əlaqələr formasını fərqli səbəblərdən dəyişsə də məzmun etibarilə hər zaman qardaşlığa, dostluğa, əbədi bərabərliyə, tərəfdaşlığa söykənərək inkişaf etmiş oldu. Ədəbi əlaqələrin bədii tərcümə, bədii təsir, bəhrələnmə kimi qolları çərçivəsində qurulan müasir əlaqələrdə yeni nəsil şairlərinin yaradıcılığı, ədəbi fəaliyyətləri önəmli yerə sahibdir. Eləcə də şeirimizin yeni nəslinin nümayəndəsi Rəsmiyyə Sabir şeiriyyətinin özbək ədəbi mühitində səs-səda doğurması, qarşılıqlı tərcümələr, məqalə və kitab nəşrləri, mətbuat əlaqələri tarixi köklər təməlində qurulan müasir ədəbi əlaqələrin bir hissəsidir, türk xalqlarının qaynaşmasında mühüm ədəbi hadisələrdəndir.

İstifadə olunan ədəbiyyat siyahısı

  1. Azerbaycanlı Şair Resmiyye Sabir’ın 4 dilde özgeçmişi, http://www.kerkukgazetesi.com/azerbaycanli-sair-resmiyye-sabirin-4-dilde-ozgecmisi/
  2. Babacan Rəhmət, Sənsiz keçən sentyabr, Türküstan qəzeti, 25.03.2020, s.21
  3. Həbibbəyli İ. Ədəbiyyatdan əbədiyyətə: Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə baxış, https://science.gov.az/az/news/open/1377820.07.2020
  4. Cобир Расмия, “Cен борсан фақат, Тангрим” «OMAD NISHONA NUR BIZNES» nashriyoti, Адабий-бадиий нашр, 2023
  5. Sobir Rasmiya . Gök yüzininq toşi oğir, Kitab Dünyosi, Taşkent, 27 mart 2019
  6. Sabir R. “Zindan sevinci”, 2020, VEKTOR BEA.
  7. https://az.wikipedia.org/wiki/R%C9%99smiyy%C9%99_Sabir

Təranə Həşimova
filologiya üzrə fəlsəfə doktoru, dosent