Ev İctimai Ziyalılar “Təbrizin səsi”ndən danışdılar – FOTOLAR

Ziyalılar “Təbrizin səsi”ndən danışdılar – FOTOLAR

90

Məlum olduğu kimi, ötən ay Güney Azərbaycanın məşhur ozanı Aşıq Çingiz Mehdipurun rəhbərlik etdiyi Təbrizin “Dalğa” musiqi qrupu dördillik fasilədən sonra yenidən Bakının qonağı olub. 1990-cı ildə Təbrizdə Çingiz Mehdipurun rəhbərliyi ilə yaradılan “Dalğa” qrupu  aşıq musiqisini yeni üslubda dünyanın bir çox ölkələrində təbliğ edib. Güneyli sənətçilərin bu taylı həmkarları ilə birlikdə ərsəyə gətirdiyi maraqlı və zəngin repertuar Heydər Əliyev Sarayında baş tutub. İfa edilən musiqilər konsertə toplaşmış çoxsaylı aşıq yaradıcılığı izləyicisini milli musiqimizin heyranedici aləmində ruhi-mənəvi birliyə qovuşdurdu. Sözügedən konsert proqramında  güneyli-quzeyli sənətçilər bir araya gəldilər. Güneyli Aşıq Cavad Məhərrəmi, Aşıq Məhbub Əbdu, Aşıq Salar Mehdipur, Aşıq Xatirə Məhəmmədxanlı, Quzeydən isə Aşıq Əli Zeynalabdinov, Məhsəti Cabbarova, Mirələm Mirələmov, Anar Şuşalı, Aşıq Nazim Quliyev və digər sənətçilər həmin gün Heydər Əliyev Sarayının səhnəsində öz yeni ifalarını təqdim etdilər. Təqdim edilən kompozisiya və digər solo təqdimatlar salonda  yük­sək coşğu və alqışlara səbəb oldu.

İzləyicilər arasında xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru, tanınmış professor, şair Mahirə Nağıqızı Hüseynova, Məclis Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, şair Ümid Nəccari, “Türküstan” media qrupunun rəhbəri Aqil Camal, , tanınmış təhsil mütəxəsisi Samir Turan və “Ozan məclisi” proqramının aparıcısı Qorxmaz Tofiqoğlu konsertlə bağlı fikirlərini bölüşdülər.

Sabir Rüstəmxanlının fikrincə, “Təbrizin səsi” konsertinin Bakıda baş tutması, həsrətində olduğumuz qardaşlarımızın səsinin, sözünün eşidilməsi böyük hadisədir:

“Bu proqrama o taylı, bu taylı Azərbaycanın məşhur aşığı rəhbərlik edir. Onun xidmətlərini saymaqla bitməz. Konsert çox yaxşı keçdi. Çingiz Mehdi Azərbaycanın çağdaş şairlərinin şeirlərinə mahnılar bəstələmişdi. İstərdim ki, daha çox Təbrizin öz aşıqlarının, ifaçılarının mahnılarını eşidək. Ansamblın böyük əksəriyyəti Təbrizdən idi. Müğənnilərin də sayının çox olmasını arzulayıram, çünki biz Təbriz aşıqlarının həsrətindəyik. Aradan xeyli vaxt keçib, bu qədər məsafə var, amma aşıq ənənələri olduğu kimi qalır. Dədə Qorquddan Yunus Əmrə, Xəstə Qasım, Qurbani, Aşıq Abbas Tufarqanlı, Açıq Ələsgərə uzanan bir yol var. Bu yol yazılı ədəbiyyatın yanında dilimizin saflığını, duruluğunu qoruyub saxlayıb. Qoşmalar, gəraylılar  öz təmi dilinə görə aşıqlara borcludurlar. Ona görə aşıq sənətinin ədəbiyyatımızda, milli kimliyimizin qorunmasında çox böyük rolu var”.

İşıqlı ziyalı, vətənpərvər vətəndaş, nümunəvi Azərbaycan xanımı - Mahirə Hüseynova

Mahirə Nağıqızı Hüseynova isə sözlərinə belə davam edib: “Milli musiqi alətimiz saz əsrlərlə xalqın ən yaxın simsarı olub. Hər bölgənin aşıqları müəyyən xüsusiyyətləri ilə seçilir. Təbrizdə yayılan aşıq yaradıcılığında da bir sıra ənənəvi xüsusiyyətlər nəzərə çarpmaqdadır. Təbrizin “Dalğa” qrupu aşıqlarının saza böyük sevgi və hörmətlə yanaşmasında, ləhcəsinin şirinliyində, saz ilə davranma bacarığında, səhnə mədəniyyətlərində, qədim ənənələri yaşatmaqlarında, ifalarının zənginliyində biz bu fərqliliyin şahidi olduq.

Təbriz aşıqlarını dinləyərkən onun da şahidi olduq ki, saz fəryaddı, saz iniltidir, saz əsarətdə olan torpaqlarımızın bizə yana-yana çatdırdığı həsrət nəğməsidir, eyni zamanda, saz bizi döyüşlərə ruhlandıran, qələbəyə səsləyən, zəfər qazandıran Dədə Qorqud çağırışı, Koroğlu nərəsidir.

Təbriz aşıqlarının səhnə mədəniyyəti və zəngin saz ifaları çoxəsrlik tarixə malik aşıq sənətinin qədim ənənlərini bir daha gözlərimiz önündə canlandırdı”.

Konsertlə bağlı təəssüratlarını bölüşən Əkbər Qoşalı bildirdi ki, sözügedən ozan məclisi ən yaxın tariximizdəki mədəniyyət hadisəsi kimi yaddaşlarda qalacaq: ” Heydər Əliyev sarayında keçirilən və anşlaqla keçən bir tədbirin adında gecə olsa da, bizə gündüz kimi gələn bir hadisədən danışırıq. Hadisə sözünü təsadüfən işlətmirəm. Çünki Təbrizin adı ilə aşıq sənəti ilə bağlı olan və Çingiz Mehdipurun adının üstündə olduğu bir tədbir könüllərimizə işıq salır, yaddaşımızı oyadır, mədəni irsimizə peşəkar münasibəti, bütövlüyümüzü təcəssüm etdirir. Tədbir həm də bu günümüzü bir daha düşüncələr müstəvisindən sənətin estetik dəyərləri müstəvisinə xoşməramlı bir şəkildə daşımağımıza kömək edir və gələcəyimizə sənət işığı salır”.

Qorxmaz Tofiqoğlu “Təbrizin səsi”ni  ədəbi körpü adlandırdı. Onun sözlərinə görə, bu körpü tarixən xidmət edəcək və bağın birləşdirdiyi sənətkarlar gələcəkdə də münasibətləri qoruyacaqlar:

“Qrupun fəaliyyətində daha çox klassik havaları ilə modern üslubun vəhdətindən proqram tərtib olunub. Çingiz Mehdipur sazı saya şəklində yox, daha çox ritm alətlərinin və digər musiqi alətlərinin müştərəkliyi ilə təqdim etməyi sevir, bu üslub ona xas üslubdur.KonsertAzərbaycan tamaşaçısının zövqünü nəzərə alaraq proqram tərtib olunmuşdu. Çingiz Mehdipur hər dəfə təkcə musiqiyə yox, səhnə geyiminə də çox ciddi şəkildə yanaşır. Səhnəyə ənənəvi qəlpəyi şalvarlarda deyil, milli ornamentlərlə işlənilmiç çuxalarda çıxırlar. Təbriz miniatür sənəti dünyanın ən böyük məktəblərindən biridir. Təbrizdə tikilmiş, Azərbaycan naxışları ilə bəzədilmiş geyimlərdə çıxırlar. Bu, folklorun tərkib hissədir”.

İntiqam Yaşar Təbrizin səsini Azərbaycanın birinci sarayından duymağın böyük bəxtiyarlıq olduğunu dilə gətirdi:

“Görkəmli sənətkarımız Aşıq Çingiz Mehdipur uzun illərə dayanan fəaliyyəti ilə bütöv Azərbaycan mədəniyyəti üçün böyük işlər görüb.  Onun rəhbərlik etdiyi “Dalğa” qrupu Azərbaycanın aşıq sənətini dünyanın bir çox ölkəsində uğurla təqdim edib.   Bakıdakı konsert isə özlüyündə bir sənət bayramına, milli düşüncə daşıyıcılarının unudulmaz gününə çevrildi. Bir-birindən gözəl musiqi nümunələri, seçilən şeirlər, tanınmış televiziya aparıcısı Qorxmaz Tofiqoğlunun aparıcılığı bir-birini çox gözəl tamamladı. Arzum bu olardı ki, bu konsert ölkənin paytaxtından bölgələrinə də daşınsın”.

Samir Turan “Dalğa”qrupu barədə belə dedi: “Qrup həm ustalıq, həm də qədim sənəti yaşadan topluluqdur. Saz, nəfəs və ritm alətlərinin birgə ahəngi ilə təkrarsız sənət nümayişi olundu”.

Ümid Nəccari beynəlxalq mükafata layiq görüldü

Ümid Nəccari hesab edir ki, güneyli sənətkarlarımız tərəfindən bu konsertdə ifa olan musiqilərin məzmunu Güney Azərbaycanda yaşayan Azərbaycanlılar tərəfindən Azərbaycanın böyük qələbəsinə göz aydınlıq mesajı idi. O qeyd etdi ki, qrupun rəhbərliyi tərəfindən seçilən musiqilərin bir neçəsi Qarabağ havasına və eləcə də “Təbrizin səsi”nə köklənmişdi:

“Güney Azərbaycanda yaşayan soydaşlarımızın çoxu bu konserti yaxından izləyə bilməsə də bu konsertin keçirilməsini öz sosial şəbəkələrində paylaşıb və bir daha öz həmrəyliklərini bildirdilər. Bu konsertdə ifa olan musiqiləri sevə-sevə öz şəxsi hesablarında paylaşır və “Təbrizin səsi” Bakıda dalğalanır deyə qurur duyurlar”.

Aqil Camal: Rusiya sülhməramlıları faktiki tərəfə çevriliblər – BAYRAQDAR MEDİA

Aqil Camalın sözlərinə görə isə, Azərbaycan xalqının bu gün gəldiyi nöqtədə özünü 50 milyon kimi hiss etməsinin təməlini bizi bir arada tutan dilimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi öyrənməyimiz, bir-birimizə çatdırmağımızdır.

“Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan soydaşlarımız kəskin teokratik rejimin sərt basqıları altında mədəniyyətin müxtəlif sahələrində, musiqinin müxtəlif janrlarında böyük uğurlara imza atıblar. Amma, təəssüf ki, Quzey Azərbaycanda Güneyin sənət adamlarının səsini heç də istənilən səviyyədə eşidə bilmirik, onları çox az tanıyırıq. Bu baxımdan, Çingiz bəyin rəhbərlik etdiyi “Dalğa” qrupunun Bakıda konsert proqramı ilə çıxış etməsi olduqca önəmli idi.

Çingiz bəy öz qrupu ilə birlikdə uzun illərdi Azərbaycan aşıq sənətinə, saz sənətinə böyük xidmətlər göstərib. Sazın cilalanması, səs imkanlarının artırılması, saz havalarının müasir dinləyicinin zövqünü, ruhunu oxşayan tərzdə hazırlanması, ifa edilməsi… akademik şəkildə çatdırması saza, aşıq sənətinə milyonlarla soydaşmızın bağlanmasına səbəb olur.

Bu baxımdan, “Dalğa” qrupunun konsretlərinin xüsusilə, Quzey Azərbaycanın saz-söz sənətinin öndə tutulduğu bölgələrində təşkili vacibdir. Mənim doğulub boya-başa çatdığım Kəlbəcərdə saz-söz sənətinə hər zaman sevgi olub. Az qala hər evdə saz olub. Eynilə bizim evdə. 30 il əvvəl biz işğal zamanı evimizi tərk edərkən evimizdən götürdüyümüz və bu günə gəlib çatan tək dəyərli əşya sazımız oldu.

Mən arzu edirəm ki, işğaldan azad olunan və yenidən dirçələn rayonlarımızda Çingiz bəy öz qrupu ilə konsertlər versin, bu bölgələrdən yeni ardıcıllarını üzə çıxarsınlar” – deyə o, sözlərini yekunlaşdırıb.

Ayşən Rəhim

Globalinfo.az