Ev İctimai Dilçiliyimizin Ömər koxası

Dilçiliyimizin Ömər koxası

62
Dəyərli müəllimim və həmkarım Vaqif Qurban Əzizxan müəllim haqqında yazdığı xatirələrində “bədəncə-cüssəcə zəif, ancaq iradəcə güclü insanlar az olmayıb tarixdə”- deyərək onu Demosfen, Tomas Edison, Nadir şah, Əziz Əfəndizadə ilə müqayisə etmişdir. Bu fikir mənə S.Vurğun və Firudin bəy Köçərli arasında olan kiçik dialoqu, S.Vurğunun “sən nə bilirsən bu ürəkdə nələr yatır” fikrini andırır… Həqiqətən də, professor güclü, mökəm iradəyə sahib idi. Qəlbi, ürəyi, fikri coşğun sulu bulaqlar kimi çağlayırdı. Bunun nəticəsi kimi o, Azərbaycan elminə, Azərbaycan filologiyasına dastan poetikası, xüsusən də Dədə Qorqudun, “Koroğlu”nun dili, onomastika , qıpçaq dili, tarixi və təsviri qrammatika, ədəbiyyatşünaslıq, bədii əsərin dili və leksik-semantik xüsusiyyətləri haqqında sanballı əsərlər bəxş etmiş, onu daha da zənginləşdirmişdir. O, yorulmaz tədqiqatçı olmaqla bərabər, xeyirxah, müdrik insan, sevimli müəllim, vətənpərpər ziyalı kimi də daima diqqət mərkəzində olmuşdur. Hərdən mənə elə gəlir ki, Əzizxan müəllim İsmayıl Şıxlının “Ölən dünyam” romanındakı Ömər koxa obrazının müasiri, onun ardıcılıdır… Təmənnasız yaxşılıq, gəncliyin simasında gələcəyə dəstək, dayaq olmaq, dedi-qodudan uzaq olmaq, sakitcə yazıb-yaratmaq, həqiqəti, düzü müadfiə etmək professorun amalı, əqidəsi idi. Məhz buna görə də o, rəhbərlik etdiyi Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında da işini bu meyarlar üzərində qurmuşdu. Yaxşı yadımdadır ki, həmişə biz gənc müəllimlərə dönə-dönə tapşırırdı ki, tələbəyə yanlış informasiya verməyin, öyrənin, maraqlanın dəqiq bildiyiniz şeylərdən danışın, məsuliyyət daşıyırsınız. Elə özü də buna əməl edirdi. Deyirdi ki, auditoriyaya hər adamı buraxmaq olmaz, dərs müqəddəsdir. Ona görə də yersiz və haqsız iddia və iddiaçıları ikicə sualla yerində oturdurdu. Elmə həvəsi olanlara isə xüsusi yanaşaraq can yandırırdı. Mən də bu cəhətdən özümü şanslı hesab edirəm. Onunla bir yerdə işləmək, eyni amal uğrunda eyni bir cərgədə çiyin-çiyinə durmaq özü böyük bir xoşbəxtlikdir. Bir məqamı da qeyd edim ki, gənc həmkarlarımız arasında mən və Esmira xanım (Esmira Məmmədovanı nəzərdə tuturam) onun sağlığında kafedraya seçilmiş sonuncu müəllim olduq. Bu, bir növ, bizə böyük təkan, mənəvi dayaq və stimul oldu. Şübhəsiz ki, biz onun adını, etdiyi yaxşılıqları həmişə minnətdarlıq və sevgi hissi ilə xatırlayacağıq.

Mən həmişə o fikirdə olmuşam ki, müəllim üçün, alim üçün elmindən daha vacib onun vicdanı, insani keyfiyyətləridir. Düşünmüşəm ki, vicdanı yerində olan adamın öz məsuliyyətini dərk etdiyi üçün elmi də yerində olacaq. Vicdanı, mənəviyyatı yerində olmayan adamın bu torpağa, bu vətənə faydası olmaz. Əzizxan müəllim də insani keyfiyyətlərin və elmin vəhdət təşkil etdiyi dəyərli alimlərimizdən, sanballı tədqiqatçılarımızdandır. Zəngin mütaliə, maraq, dilə sevgi, həssas yanaşma, güclü yaddaş, müqayisəli təhlil onun çoxşaxəli yaradıcılığının əsas elmi kredosunu təşkil edir. Demək olar ki, son 3-4 ildə yazılmış əsərləri gözümün önündə ərsəyə gəlib, çoxunun ilk oxucularından olmuşam. Həmin əsərlərin yaratdığı xoş duyğuların müəllimə necə zövq verdiyinin şahidi olmuşam. Əsərlərinə öz doğma balaları kimi yanaşır, onlara istinaddan böyük zövq alırdı. Həmişə deyirdi ki, 30 ildir fəsillərin nə vaxt, necə dəyişməsini görməmişəm, illər necə keçib bilmirəm. Ancaq yazmışam. Həqiqətən də, məhsuldar adam idi, başladığı işi bitirməmiş rahatlıq tapmırdı. Bəzən işdən sonra, Sahil bağında gəzirdik. Dümək olar ki, mövzumuz da həmişə eyni olurdu: dil, ədəbiyyat, filologiya. Müəllim, siqareti bir-birinə calaya-calaya elmi işimdən, apardığı tədqiqatlardan, görəcəyi işlərdən həvəslə danışar, mən də böyük maraqla qulaq asar, suallar verər, bilmədiklərimi öyrənərdim. Mənə ən çox onun mətnə yanaşma texnologiyası, özünəməxsus izahları, bədii mətnlərin dilindən gətirdiyi sitatlar maraqlı gəlirdi. Artıq Əzizxan müəllimi 9 ildir ki, tanıyıram. Bu müddətdə ondan çox şey öyrənmişəm, çox şey götürmüşəm. Ondan öyrənməli çox şey var idi, təəssüf ki, ömrü vəfa etmədi! Sonda daxili bir kövrəklikdən doğan çətinliklə qələmə aldığım bu fikirləri professorun mənim toyumda (böyüklərdən üzr istəyirəm) etdiyi çıxışdan bir sitatla yekunlaşdırıram: “İlkin bəy, səhv etmirəmsə, 27 il əvvəl Laçında, Azərbaycanın dilbər guşələrindən birində anadan olub. O, gözlərini ucalardan uca olan dağlarda açıb. Atası Vahid kişi, anası onu əzizləyiblər, boya-başa çatdırıblar. Azərbaycanımıza layiqli bir övlad kimi təqdim ediblər. O, bu gün təkcə bizim Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının yox, filologiya fakültəsinin, bütövlükdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ən fəal müəllimlərindən, əməkaşlarından biridir. O qorxmadan daim irəli gedir. Həm elmdə, həm ictimai fəaliyyətində. Mən burada ulu kitabımız Dədə Qorquddan bir parçanı söyləmək istəyirəm. Ona görə söyləmək istəyirəm ki, həmin parçanın ümumi ruhu, ümumi qayəsi Vahid müəllimin ailəsinə uyğundur. Parça belədir:
Dünlüyü altın ban evimin qəbzəsi oğul!
Qaza bənzər qızımın, gəlinimin çiçəyi oğul!
Görər gözüm aydını oğul!
Tutar belim qüvvəti oğul!
Qalın Oğuzun imrəncisi, sevimlisi oğul!..
Belə hesab edirəm ki, İlkin bəy dünyaya gələndə onun atası da, anası da onun beşiyi başında bu cür deyimlər, laylalar söyləyiblər. Ona görə də İlkin millidir. Bir türk balasıdır, bir azərbaycanlıdır və milli olaraq Azərbaycan dilçiliyinin, Azərbaycan filologiyasının inkişafında öz sözünü deməyə başlayıb və deyəcəkdir. Sizə bir daha uğurlar diləyirəm. Sağ olun!”
Yeri gəlmişkən, bu, Əzizxan müəllimin iştirak etdiyi sonuncu toy və dediyi son söz, vida oldu: “Sizə bir daha uğurlar diləyirəm. Sağ olun!”
İlkin Əsgər
ADPU-nun Azərbaycan dili və onun
tədrsi metodikası kafedrasının müəllimi