Ev Xəbərlər Panel müzakirəsi: “Azərbaycan ədəbiyyatı beynəlxalq müstəvidə”

Panel müzakirəsi: “Azərbaycan ədəbiyyatı beynəlxalq müstəvidə”

110

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Yazıçılar Birliyi və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı beynəlxalq müstəvidə” mövzusunda panel müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənc yazıçılar, şairlər, məktəblilər və media nümayəndələri iştirak edib.

Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis Yolçuyevin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən yazıçı Yunus Oğuz Azərbaycan tarixinin və mədəniyyətinin çox qədim olduğunu deyib: “Bizim başlıca məqsədimiz ölkəmizin qədim tarixini dünyada tanıtmaqdır. Bu vəzifə balaca oxucularımızın və gənclərimizin üzərinə düşür”.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz qeyd edib ki, Azərbaycan xalqının böyük və zəngin ədəbiyyatını yalnız ümumiləşdirərək dünyaya çatdırmaq mümkündür.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar bildirib ki, dünyada ədəbiyyatın təbliğ edilməsi nəşriyyatların üzərinə düşür. Beynəlxalq əlaqələrin qurulmasında isə burada keçirilən kitab sərgisi mühüm rol oynayır.

Onun sözlərinə görə, hər il Bakı Beynəlxalq Kitab Sərgisində müxtəlif ölkələrdən nəşriyyat evləri iştirak edir. Bu isə gələcəkdə əməkdaşlıq etmək üçün gözəl bir fürsətdir.

Sonra tədbir panel diskussiyalarla davam edib.

Fəal olan iştirakçılara kitab hədiyyələri təqdim olunub.