Ev Bədii Müsibət oluruq biz, səhv düşəndə yerimiz – QABİL

Müsibət oluruq biz, səhv düşəndə yerimiz – QABİL

2070

QABİL – 95
Xalq şairi

Səhv düşəndə yerimiz

Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,
Buludlar xəsis…
Yağış tökür talışa
Hey-hey gərəksiz…
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb…
Heyf… korşalırıq biz,
Səhv düşəndə yerimiz.

Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.

Məhəbbət deyil

Mən səni görməyə adət etmişəm,
Adət məhəbbət deyil!
Səni görməyəndə xiffət etmişəm,
Xiffət məhəbbət deyil!
Sənə min ehtiram, hörmət etmişəm,
Hörmət məhəbbət deyil!
Gözündə çağlayan mehribanlığa
Heyrət etmişəm,
Heyrət məhəbbət deyil!
Yalvarıram, sən,
Məhəbbət umma məndən.
Hanı iqtidarım,
Məhəbbət tufanına sinə gərən
Gəncliyimi
Sənə qurban vermək üçün
Geri qaytarım?!
Geri qaytarım…

Gedən yerim olaydı

Yuxum ərşə çəkiləydi,
Dan yeri –qızarmış gözlərimdə,
Təki söküləydi.
Səhər başımda sevdalı fikirlər,
Harasa gedən yerim olaydı.

Çətin bir ünvan axtaraydım,
Gəlişimə inanmayan,
Gəlişimi gözləməyən,
İnsan axtaraydım.
Raketdən sürətli nə var dünyada,
Təki gedən yerim olaydı…

Gedəydim payi-piyada,
Külək,yağış,qar canımı üzəydi.
Büdrəyib yıxılanda,
Kötüklər,daşlar dizimi əzəydi.
Cəhənnəmə ki,
Təki gedən yerim olaydı…

Axşam düşəndə çataydım,
Sıldırımlı dağlara sığınmış bir kəndə
Döyəydim bir qapını
əllərim əsə-əsə,
İt zəncir gəmirəndə
Adam çıxaydı səsə,
Bir cüt pərişan gözlə göz-gözə,
Bir xoş mehriban üzlə üz-üzə,
Dayanaydım.
O,heyrət elədikcə
Mən alışıb yanaydım.
Qucaqlayıb boynunu
Sığallayıb telini
Qupquru dodağımla
Yandıraydım əlini.
Uşaq kimi ağlayaydım,
Bulaq kimi çağlayaydım.
Gedən yerim olaydı gedən yerim,
Kiminsə həsrətiylə açılaydı səhərim.

Gətirmə

Onsuz da ömrümün xəzan çağıdır…
Xəzanın üstünə xəzan gətirmə!
Ürəyim mehə bənd gül yarpağıdır…
Onu qoparmağa tufan gətirmə!

Onsuz da heç nədən dolan gözümə
Kəsilmək bilməyən leysan gətirmə!
Onsuz da işığı solan gözümə
Qaranlıq gətirmə, toran gətirmə!

Onsuz da gəncliyin sönübdür odu…
Soyuq sarayıma boran gətirmə!
Tutqun göylərimin yoxdur hüdudu…
Tutqun göylərimə duman gətirmə!

Onsuz da yandırıb-yaxan bir neyəm,
Ney yandıran yerə… kaman gətirmə!
Acı şikayətəm, həzin gileyəm…
Sakit olmağıma güman gətirmə!

Onsuz da gecikən vüsalımıza.
Gəl vaxtsız-vədəsiz hicran gətirmə!
Qabiləm, rəhm etmə əhvalımıza…
Aman istəmirəm… aman gətirmə!

Küləkli havalarda,
yağışlı havalarda

Külək əsir, üşüyür yenə daş-divar,
Səkilərin üstünə düşür damcılar,
Küçələrdən tələsik keçib gedirlər,
Səni xatırlayıram,
qəlbimdə kədər –
Biz də belə gedərdik,
Küləkli havalarda,
yağışlı havalarda.

Külək əsir, titrəyir qapı-pəncərə,
Yağış yağır…
şırhaşır düşür şəhərə.
Dalda yerə çəkilir bir qız,
bir oğlan
Qorxub yağışdan.
Biz də belə edərdik,
Küləkli havalarda,
yağışlı havalarda.

Külək əsir… sevdiyim
mahnını çalır.
Yağış yağır, o vaxtı yadıma salır.
Bir qız keçir sən geyən
jaketdə bu dəm,
Duman çökmüş
şüşədən onu görürəm,
Səni görmürəm…
Küləkli havalarda,
Yağışlı havalarda.

Külək əsir, közərir
odum, yanıram.
Yağış yağır,
gözümdən yağır sanıram,
Səni, səni axtarır,
səni gəzirəm.
Başqa vaxtı hicrinə
bir cür dözürəm.
Ancaq dözə bilmirəm
Küləkli havalarda,
yağışlı havalarda.

Vətən

Mən gözümü bu torpaqda açmışam,
Mənim dilim bu torpaqda söz tutub.
İməkləmiş, yerimişəm, qaçmışam –
Dizlərimi qanadanda daş-kəsək
İlk yaram da bu torpaqda göz tutub.

Tarixində adım-sanım yox onun,
Hardan olsun, neyləmişəm axı mən?
Ancaq Vətən mənim kimi çoxunun
Zəhmətini çox çəkmişdir əzəldən.

Əllərimdən tuta-tuta aparmış,
Məni həyat yollarına çıxarmış.
Bu yerdədir, rişələrim, köklərim –
Ulu babam bu torpaqda uyuyur.
Vətən – mənim al şəfəqli səhərim,
Onsuz günəş gözlərimdə soyuyur.

Vətənsizin nə günəşi, nə ayı?..
Vətən yoxsa – hər şey hədər, havayı.
Qarış-qarış dolansam da cahanı,
Gözəlsə də yad ellərə səyahət,
Heyran-heyran seyr etsəm də hər yanı,
Səyahətim burda bitər, nəhayət.

Ağuşuna çəkər məni torpağım.
Harda olsam, harda gəzib dolansam,
Burda tapar əks-səda sorağım.
Bir-birindən hər şey qopar, ayrılar –
Ayrılmayan bəs nə var?
Mən,
Vətən!

Tural Adışirinin təqdimatında