Ev Bədii “Necə ovundurum daha özümü, Qoyun çıxıb gedim gəldiyim yerə”- İsmayıl İmanzadə şeirləri

“Necə ovundurum daha özümü, Qoyun çıxıb gedim gəldiyim yerə”- İsmayıl İmanzadə şeirləri

830

 İSMAYIL MƏRCANLI İMANZADƏ

HARA QEYB OLDUNUZ, ƏRƏN KİŞİLƏR…

 

Gümüşü papaqlı, boz kəhər atlı,

Cümləsi bir batman, kəlməsi dadlı,

Laydivar kürəkli, qollu-qanadlı,

Çox-çox uzaqları görən kişilər –

Qeyrətli-namuslu ərən kişilər!

 

Özgə qismətinə göz dikməzdiniz,

Heç vədə səbəbsiz qan tökməzdiniz.

Namərd qarşısında diz çökməzdiniz,

Düşmənin bağrını yaran kişilər –

Dilsizin halını soran kişilər!

 

Yaltağa-yalmana gəc baxardınız,

Kasıb tapdanmazdı, harda vardınız!

Halal duz-çörəklə bəxtiyardınız,

Nəfsinin ağası olan kişilər –

El-oba qeydinə qalan kişilər!

 

Niyə qaçıb bizdən aralandınız,

Vətən, torpaq idi axı, andınız!

Kimlərin hökmüylə uralandınız,

Dost üçün canından keçən kişilər –

Dünyadan nigaran köçən kişilər!

 

Getdiniz… yurd qaldı nəfsi aclara,

İndi əl uzadan çoxdu “baclara”…

İnsanlıq  girovdu ehtiyaclara,

Mizan-tərəzili, düzən kişilər –

Tüpürüb dövranın boz sifətinə,

Bu fani dünyadan bezən kişilər!

 

Solub-saralmamış bir yarpaq kimi

Budaqdan vədəsiz qopan kişilər,

Mərdlərin qanına hopan kişilər!

Haqqı-ədaləti bu dünyada yox,

Gedib axirətdə tapan kişilər!

01.07.2022

GEDİRƏM

Yaman əldən saldı vücudumu qəm,

İndi tənhalıqdır könlümə həmdəm.

Hara tələsirəm hara, bilmirəm,

Şələmi çiynimdən atıb gedirəm.

 

Ağrıya-acıya tablaşmaq çətin,

Gördüm hər üzünü bir məhəbbətin.

Məndən qaçaq düşən bəxtin-qismətin,

Dalınca yüyürüb-yortub gedirəm.

 

Daha necə deyim ömür-gün yarı,

Məni cəzb etməyir ta dünya varı.

Saxlaya bilmirəm ötən anları,

Vaxtın ətəyindən tutub gedirəm.

26.06.2022

 

MƏN ŞƏHƏR ADAMI OLA BİLMƏDİM…

 

Arabir fikrimi cəzb eləsə də,

Mən şəhər adamı ola bilmədim…

Bircə yol ürəkdən gülə bilmədim.

Döşümə yatmadı tozlu küçələr.

İtirdim özümü səsdə-səmirdə,

Gəlib tapdı məni yuxularımda,

Həsrətin çəkdiyim aylı gecələr…

 

Gördüm qaşqabaqlı adamlarını,

Gördüm qana həris harınlarını.

Mənə gözlərinin ucuyla belə

Baxmayıb, yanımdan ötüb getdilər.

Beşinə-üçünə salam versəm də,

Təbəssüm qonmadı dodaqlarına,

Gözüm görə-görə itib getdilər.

 

Hey zara gəlsəm də fikrin əlindən,

Baş aça bilmədim insan “selindən”!

Döngələr qarşımda bir səddə döndü,

Gəc baxdı üzümə dalanlar mənim.

Arabir rastıma çıxdı “dost-tanış”,

Gah ütülü sözlə, gah şirin dillə

Üstümə şığıdı yalanlar mənim…

 

Qarşımda dağ kimi dikəldi yollar,

Gündəlik “əlmuzdum” yağlı “sağol”lar!

Anladım özgəymiş şəhərin tərzi.

Burda işə keçmir mizan-tərəzi…

Burda baş girləmək deyilmiş asan,

Kiməsə müftəcə yem olmamaqçün,

Gərək bir az fəndgir, ayıq olasan!

 

Gördüm bu tövr ilə, belə gedişlə,

Qulpundan tutduğum halal bir işlə,

Çoxları kərəksiz sayacaq məni,

Saflığım kənarda qoyacaq məni.

Adım düşəcəkdir “qara dəftərə”,

Zalımın üzünü güldürəcəyəm,

Tapdayıb keçəndə “qırmızı xətti”,

Külfəti acından öldürəcəyəm!..

 

Meşin qapılara düşməz açarım,

Kimdənsə mərhəmət ummağım əbəs,

Hara çatasıdır boğulmuş bu səs?!

Gümanım bir qalaq quru təsəlli,

Dönük taleyimdən tutdum beş əlli!..

Nə ev-eşik umdum, nə gün-güzaran,

Onları verən də, alan da bəlli!..

 

Yamanlıq “suyumu” kəsdi dəhnədən,

İllərlə artmadı “boyum” bir qarış!

Dedilər ya çıx get, gəldiyin yerə,

Ya da taleyinə boyun əy,-barış!

Burda haqsızlıqdır sahib, haqlara,

Heç demə kimdənsə ənam alanda

Yaltaqlıq, məddahlıq gəlirmiş kara!..

 

Əzilib-büzülüb xırdalanmadım,

Allahsız birini “tanrı” sanmadım!

Burda “akullalar”, “qurdlar” ayaqda,

Burda güclülərə girovdur Haqq da…

Yaxşı ki uzunmuş dilim-dilçəyim,

Yaxşı ki yalmana, yaltağa yadam!

Mən şəhər adamı ola bilmədim….

Yolların “qıfılın” açın, gedirəm,

Mən burda yaşaya bilmərəm, atam!

18.09.2022

 

QOYUN ÇIXIB GEDİM GƏLDİYİM YERƏ

 

Mənim yurd həsrətim gözü yaşlıdır,

Daha səbr etməyə qalmayıb tabım.

Eşitdiyim vədlər “ikibaşlıdır”,

Hələ də bağlıdır pəncərəm-qapım.

 

Axı, qərib eldə nə ölümüm var,

Burda az görmədim boz sifətləri.

Dünyanı başıma elədilər dar,

Bu yolsuz məkanın quduz “itləri”,

 

Yol azdım zülmətdə itən köç kimi,

Boğuldu içimdə səsim-avazım.

Arxasız qoymasın Allah heç kimi,

Quruca təsəlli nəyimə lazım?..

Hərdən yuxumda da tutdum üzümü,

Bir vaxtlar pir-ocaq bildiyim yerə.

Necə ovundurum daha özümü,

Qoyun çıxıb gedim gəldiyim yerə.

 

Tükənir günbəgün ömür möhlətim,

Yolların “qıfıl”ın açın, qayıdım.

Ta çatmır dadıma sözüm-söhbətim,

Çəkilib qarşımdan qaçın, qayıdım.

 

“Ritmi” dəyişsə də bərənin-bəndin,

Doğmadır hər kəsə köhnə yuvası.

“Ağıllı şəhər”in, “ağıllı kənd”din

Düşmür sümüyümə vallah havası…

 

Qoyun gedib çatım öz ocağıma,

Kül altında qalan izimi tapım.

Dərd-qəm dolaşmasın əl-ayağıma,

Açılsın taybatay pəncərəm, qapım.

Uzalı qalmasın bir də əllərim

İllərlə dərdindən öldüyüm yerə.

Qırın “tilsim”ini bağlı yolların,

Qoyun çıxıb gedim gəldiyim yerə…

10.10.2022

 

DÜNYA YAŞAMALI DÜNYA DEYİLMİŞ…

 

Bitib-tükənməyir cəngi-davası,

Çirklənir günbəgün suyu, havası.

Sağı da, solu da şeytan yuvası,

Dünya yaşamalı dünya deyilmiş!

 

Alim tanıyıram, yedəkdə gedir,

Şair var qoltuqda, ətəkdə gedir.

Oğlan qız evinə “gərdəkdə” gedir,

Dünya yaşamalı dünya deyilmiş!

 

Süləngi yaltaqlıq əmrə müntəzir,

Zəmanə haqlını tapdayıb əzir.

Halallıq zülmətdə ədalət gəzir,

Dünya yaşamalı dünya deyilmiş!

 

Məddahlıq qazanclı peşəyə dönüb,

Biclik eyş-işrətə, nəşəyə dönüb.

Vəzifə ta evə-eşiyə dönüb,

Dünya yaşamalı dünya deyilmiş!

 

Yamanlıq tapdayıb rəddini onun,

Vurub uçurublar səddini onun.

İkiqat ediblər qəddini onun,

Dünya yaşamalı dünya deyilmiş!

 

Kasıblıq çoxunun gözündə tirdir,

“Balaca padşahlar” hökmə əsirdir.

Həyat başdan-başa kəmdir-kəsirdir,

Dünya yaşamalı dünya deyilmiş!

 

Demərəm yamanlıq üstünü alsın.

Nə bircə yarpağı, nə gülü solsun.

Qurdla qiyamətə qalanlar, qalsın,

Dünya yaşamalı dünya deyilmiş!

10.04.2022

 

BİLMİRƏM NƏ DEYİM…

        (Bir qadına)

 

Halallıq ömrümün mayası-ilki,

Alıb-altatmağı peşə bilmədim.

Elə qorxutdu ki, gözümü sevgi,

Mən onu heç zaman nəşə bilmədim…

 

Durub dönük üzlü bəxtə nə deyim,

Bir vaxtlar saplağım üstündə yandım.

Dilimə yapışıb qaldı gileyim,

Zülmətdə qərq oldu ilqarım-andım.

 

Məhəbbət gizlicə közərən oddu,

İşığı həmişə göz qamaşdırır.

Sevgiyə çək-çevir, düşüncə yaddı,

Gəlişi adamı yaman çaşdırır…

 

Üzündən bəllidir həyan-ismətin,

Yazağzı açılan zərif çiçəksən.

Bəlkə də yol gəlir hələ qismətin,

Tələsmə, nə vaxtsa seviləcəksən.

 

Ömrüm bir sazaqlı-şaxtalı qışdı,

Xoşbəxt edə bilməz uçuq dam səni!

Nə ürək o ürək, nə yaş o yaşdı,

Çətin ki sonacan yaşadam səni…

 

Eşqin dil açanda düşündünmü heç,

Mənim taleyimdən bəlkə halıydın?

Bilmirəm nə deyim, ya mən bir az gec,

Ya da sən çox erkən doğulmalıydın…

23.05.2022

 

MƏN SƏNİ UNUDA BİLƏRƏMMİ HEÇ

(————)

Nə əllərim çatır, nə ünüm sənə,

Bir şəklim tanışdır, bir yönüm sənə.

Tanrı duasıdır hər günüm sənə,

Üzün güləcəkdir ya tez, ya da gec –

Mən səni unuda bilərəmmi heç?!

 

Kaş, xoşbəxt edəydi Yaradan səni,

Niyə atıb getdi bir nadan səni?

Söylə, bəxtindimi ağladan səni,

Əgər yanıldımsa, günahımdan keç –

Mən səni unuda bilərəmmi heç?!

 

Etibar eləmə köhnəlmiş izə,

Baxışın nur saçır, ruhun təmtəzə.

Bir gün gələsiyik yəqin üz-üzə,

Nə vaxtsa geriyə dönəcəkdi köç –

Mən səni unuda bilərəmmi heç?!

 

Yürüyüb bəxtini tutmağı öyrən,

Dərdini-qəmini atmağı öyrən.

Ömrünə şirinlik qatmağı öyrən,

Özün öz yolunu öz ağlınla seç –

Mən səni unuda bilərəmmi heç?!

10.04.2022

 

BULUDTƏK DOLMASAM, ŞEİR YAZMIRAM

 

Sızlaya-sızlaya ömrün qışında,

Öyrəndim “dilini” soyuq daşın da.

Hərdən zümzüməli bulaq başında

Xəyala dalmasam, şeir yazmıram!

 

Çoxuna bələdçi oldum izimlə,

Bilmədim qızınan varmı közümlə?

Xəlvətə çəkilib hərdən özümlə,

Üz-üzə qalmasam, şeir yazmıram!

 

Söykədim üzümü Tanrı nuruna,

Aludə olmadım dünya varına.

Dözməyib bir eşqin intizarına

Saralıb-solmasam, şeir yazmıram!

 

Döndüm naləsinə ocaq yerimin,

Üstünə qar yağdı diləklərimin…

İşvəli-qəmzəli ilham pərimin

Sorağın almasam, şeir yazmıram!

 

Sözüm qözüqıpıq bir yetim deyil,

Kiməsə yarınmaq xislətim deyil.

Yersiz əsib-coşmaq adətim deyil,

Buludtək dolmasam, şeir yazmıram!

08.06.2022

 

BİZMİ GÜNAHKARIQ, YOXSA ZƏMANƏ

 

Bəlkə zəmanədir suçlu-günahkar,

Bəlkə aldanmışıq yamanlığa biz?

Yalan danışmağı bilməyəndə ar,

Çox tez üzə çıxdı boz sifətimiz.

 

Axı, heç bu qədər bölünməmişdik,

Birgə yaşamışdıq bir vaxt pis günü.

Bəs, niyə tamahın toruna düşdük,

Olduq zaman-zaman sərvət düşgünü.

 

Əl-əldən üzüldü, ürək-ürəkdən,

Keçdi aramızdan soyuq küləklər.

Bir ovuc torpağa həsrət qaldı dən,

Puç oldu ən ülvi arzu-diləklər…

 

Kasıbın başında çatladı hirsi,

Məddahlıq yaltağın ağlın çaşdıdı.

“Qara camaat”dan birini kürsü,

Birini şan-şöhrət uzaqlaşdıdı.

 

Qərq oldu zülmətdə neçə ağır köç,

Rəhmimiz gəlmədi sızlayan kəsə.

Dönüb gözümüzün ucuylada heç

Baxmadıq, tapdanıb boğulan səsə…

 

Yaxşılar birbəbir qeybə çəkildi,

Sıçrayıb qabağa keçdi yamanlar.

Namərdin əlinə gözlər dikildi,

Biclərin bəxtini göyərtdi anlar.

 

Tamah əsir düşdü dünya malına,

Şeytana züy tutan günbəgün artdı.

Bir zalım güvənib güclü qoluna,

Gücsüzün yaxasın dartıb qopartdı…

 

Bir işi düşməsə “dost” dönür yada,

Yüz yol səsləsən də gəlmir yaxına.

“Mənəm-mənəm”-deyən “mən” olmasa da

Dolaşır hamının əl-ayagına.

 

Bizmi, zəmanəmi suçlu-günahkar,

Yamanlıq niyə tez qəlbdə saldı iz?

Hoppanıb qabağa sıçrayanda var,

Qəfil çıxdı üzə boz sifətimiz…

17.06.2022

TƏLƏSMƏ…

 

Bağlanmayıbsa üzünə

Umub-küsdüyün qapılar,

Qoy, kim sevmirsə, sevməsin,

Səni də sevən tapılar!

 

Lənətləmə öz bəxtini,

Nəyin əskikdir ki nəyin?

Qismətin hələ yol gəlir,

Hökmünü gözlə taleyin!

 

Dünyanın sonu deyil ki…

Hər şeyin geci-tezi var.

Bəxt oyaq olmur həmişə,

Onun da zülmət üzü var…

 

Səsləyib yoldan eləmə

Qayıdan deyilsə gedən.

Çırtlayacaqdır çiçəyin

Nə vaxtsa çatanda vədən!

 

Tək bircə qığılcımla da

Alışa bilirsə ocaq,

Tələsmə, bir gün səni də

Sevən bir kəs tapılacaq!..

29.07.2022

 

NİYƏ GÖZÜMDƏN DÜŞDÜN…

 

Gözlərim “aynabənd”di,

Ürəyim açıq qapı.

Əlindəydi ömrümün

Xatirələr “kitabı”.

 

Səndən nə yolum-izim,

Nə sirrim gizli idi.

Ülvi məhəbbətim də

Çiçək bənizli idi…

 

Axı, bir vaxt özün də

“Qəlbindəyəm”-demişdin.

Qapım bağlı deyildi,

Niyə gözümdən düşdün?..

04.08.2022

 

YAZIRAM

 

Yolçusuyam neçə yolun,  küçənin,

Xoş halına hər yanımdan keçənin…

Dan ulduzu zülmət donlu gecənin

“Yuxusunu yoz”- deyəndə yazıram!

 

Sübh şəfəqi  bələdçisi yolların,

Şehli çəmən çırmalayar “qolların”.

Dəli könlüm səssiz keçən anların

“Sükutunu poz”-deyəndə yazıram!

 

Sevda yolu nə axırdı, nə əzəl,

Xoş günlərə uzalıdır neçə əl.

Baxışları alov saçan bir gözəl

“Belə olur naz”-deyəndə yazıram!

 

Namərd  bir kəs tapdasa da bəxtimi,

Söz mülkündə özüm qurdum taxtımı.

Əbəs yerə itirmərəm vaxtımı,

İlham pərim “yaz”-deyəndə yazıram!

14.08.2022

Mingəçevir şəhəri

Hazırladı: Ayşən Rəhim