Azərbaycan paytaxtında ilk Qırğız Mədəniyyəti Günlərinə start verilib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə dövlət səfəri ilə eyni vaxta düşən mədəniyyət tədbirləri qardaş xalqın zəngin mədəni irsinin təbliği baxımından əhəmiyyətlidir.
Azərbaycan–Qırğızıstan münasibətləri həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əlaqələr kontekstində ildən-ilə dərinləşdir. Dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ilə ölkələrimiz arasında siyasi-iqtisadi sahədə olduğu kimi, mədəni əlaqələrdə dinamik şəkildə inkişaf edir. Ayrı-ayrı sənət adamlarının, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri, eləcə də müştərək mədəniyyət layihələri həyata keçirilir. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov bu gün də Azərbaycanda sevilən yazıçılardandır. Onun 85 və 90 illik yubileyləri ilə bağlı ölkəmizdə tədbirlər keçirilib.
Ulu öndər Heydər Əliyev1995-ci ildə Türkdilli Dövlət Başçılarının Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyi ilə bağlı ilk dəfə Qırğızıstana səfər edib. Qardaş ölkədə 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Soydaşlarımız Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Diaspor üzvləri arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim var, 3 soydaşımız isə Qırğızıstanın “Şöhrət” medalı ilə təltif edilib. Qardaş ölkədə azərbaycanlıların dil və adətlərini qoruyub saxlamalarında heç bir problem yoxdur.
Münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani göstərir. Prezident İlham Əliyev 3 dəfə qardaş ölkəyə səfər edib. 2022-ci ilin oktyabrında baş tutan dövlət səfəri zamanı siyasi və iqtisaqdi gündəliklə yanaşı, mədəni-humanitar tədbirlər də keçirilib. Qırğızıstan–Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimləri reallaşdırılıb. Azərbaycanla Qırğızıstan arasında informasiya sahəsində də sıx əməkdaşlıq mövcuddur.
Qırğız Mədəniyyəti Günləri ilə bağlı bu respublikanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutovun rəhbərliyi ilə incəsənət ustaları və bədii kollektivlərindən ibarət geniş nümayəndə heyəti ölkəmizə gəlib. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə görüşdə bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün münbit şəraitin mövcud olduğu vurğulanıb. Ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşanın qardaş ölkələrin sənət adamlarını və bədii kollektivlərini bir araya gətirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, qədim Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib və bu il Şuşa rəngarəng tədbirlərlə türk-islam dünyasının görüş məkanı olacaq.
Mədəniyyət günləri çərçivəsində Bakıdakı Nizami Kino Mərkəzində Qırğız kino günlərinin açılışı olub. Mərasimdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ölkələrin mədəniyyət nazirlərinin müavinləri Murad Hüseynov, Timurlan Ajımaliyev və səfir Kayrat Osmonaliyev kino xadimlərinin görüşünün əməkdaşlıq üçün yeni üfüqlər açacağına inam ifadə ediblər.
Son illərdə qırğız kinosunun inkişaf tendensiyası diqqət çəkir. Ötən il Bakıda keçirilən III Qorqud Ata Türk dünyası film festivalında “Göksan” kinematoqrafçılarının çəkdiyi “Tanrıverdi” filmi ən yaxşı rejissor nominasıyası üzrə qalib gəlib. Qırğızıstanın gənc kinematoqrafçılarının beynəlxalq festivallarda qazandığı böyük uğurlar da sevindiricidir. Bu baxımdan bir neçə ay əvvəl TÜRKSOY ölkələrinin vahid kino birliyinin təsis edilməsi də qarşıda mühüm perspektivlər açır. Sonra rejissor Ruslan Akunun qısa müddət ərzində Mərkəzi Asiya ölkələrində və Rusiyada uğur qazanmış tammetrajlı “Cənnət anaların ayaqları altındadır” filmi nümayiş olunub. Mərkəzdə qırğız kinematoqrafiyasına həsr edilmiş fotosərgi də açılıb.
Dünən isə Heydər Əliyev Mərkəzində Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib…
Bakı sakinləri T.Okeyev adına “Qırğızfilm” Milli Kinostudiyasında bu yaxınlarda çəkilmiş, rejissor Tınçtık Abilkasımovun ilk dəfə ekrana çıxan “XƏTA#404” filminə maraqla tamaşa ediblər. Qeyd edək ki, mədəniyyət günləri ərzində qırğız filmləri bir neçə seansla təqdim olunur.
Mədəniyyət günlərinin proqramına Qırğızıstan incəsənət ustalarının qala-konserti, ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi də daxildir.
xalqqazeti.az