Ev Xəbərlər Qazaxıstan Yazıçılar Birliyinin başqanından Azərbaycana möhtəşəm dəstək

Qazaxıstan Yazıçılar Birliyinin başqanından Azərbaycana möhtəşəm dəstək

1398

Uluğbek Esdevlet: “Azərbaycanın öz torpaqlarını azad etməsi, indiki nəslin əcdad qarşısındakı borcunu ödəməsidir”

Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü Nurgali Jusipbay Qazaxıstan Yazıçılar Birliyinin başqanı Uluğbek Esdevletin Azərbaycanın hərb və siyasət meydanındakı irəliləyişi ilə bağlı fikrini öyrənib. Qardaş ölkə şair və yazıçılarını birləşdirən ən böyük və qocaman təşkilatın başçısı, görkəmli şair Uluğbek Esdevletin ürək sözlərini sizlərlə bölüşürük:

– Azərbaycan xalqı bizim qandaşımız, dildaşımız, əqrəbamızdır.

Biz, şair və yazıçılar olaraq, gəncliyimizdən bu yana Azərbaycanın da şair və yazıçıları ilə dost olduq…

25 il öncə, Qazaxıstan Xarici işlər Nazirliyinin UNESCO Ədəbi əlaqələr Bölümü başqanıyıdm. O dönəm diplomatiya təhsili üçün Ankaraya getdim. Orada bir qrup Azərbaycanlı məsləkdaşımızla birlikdə təlim-təhsil seminarına qatıldıq. Təlim-təhsilin sürdüyü ilk üç ya da dörd seminarda Ermənistan-Azərbaycan çatışması ilə bağlı ətraflıca bilgi qazandım. Mövzunu daha sonra da araşdırdım. Bilinən odur ki, Ermənistan Azərbaycan torpaqlarının yüzdə 20-ni işğal etmişdir. O torpaqlarda yaşayan Azərbaycanlılar isə məcburi köçkün olmuşdur.

İllər sonra, TÜRKSOYun önərisi ilə, Azərbaycanın böyük şairi, realistik şeirin öncüsü olan Molla Pənah Vaqifin şeirlərini qazaxcaya çevirdim. Vaqif eşqin şairidir; eyni zamanda, dərin fəlsəfə sahibidir. Onun şeirlərini qazaxcaya çevirərkən, həyatını da incələdim. Molla Pənah Vaqif Qarbağ Xanlığında vəzirlik etmiş bir şairdi. Yəni, sadə bir həqiqət çıxır ortaya: Orta çağda Qarabağ Azərbaycanındı, orda Azərbaycanın xanlığı vardı.

Vaqifin şeirlərini çox bəyəndim; sevərək, ilhamla çevirdim. Vaqifin şeirlərinin dünya dillərində yayınlandığı külliyatda mənim də çevirmələrim yer aldı. Şairin doğumunun 300-cü ildönümü Bakıda keçirilən zaman, yubiley törəninə qatılaraq, şeirlərini qazaxca oxudum. Dili çox yaxın olduğundan Vaqifin şeirlərinin çevrilməsi də çox keyfiyyətli oldu. Fərq etdiyim o ki, 300 il öncəki türkcə qazaxcaya çox yaxındır.

O dönəm Qarabağ Xanlığını indiki İran ərazisində yerləşmiş o zamanın şahlığı tərəfindən tutulub; xan isə qaçmaq zorunda qalıb. Qaçarkən, Molla Pənah Vaqifə də birlikdə qaçmağı təklif edib. Molla Pənah qaçmağı rədd edib. Daha sonra, Xanın vəziri olduğu üçün Molla Pənah və oğlunu edam ediblər.

Bu tarixi olay, Qarabağın gerçək sahiblərinin kim olduğunu göstərən dəlildir.

Ən böyük dəyər və zənginliklərdən biri də Qarabağda Molla Pənah Vaqifin və yaxınlarının məzarlığının bulunmasıdır. – Sak və İskitlər dönəmindən bu yana məzarlıqlar böyük dəyər olaraq qəbul edilmişdir. Qarabağda bu an Azərbay­canlıların əcdadının məzarlıqları bulunur; dediyim kimi, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin də məzarı oradadır.

Bəli, bu gün Azərbaycan işğal edilən torpaqlarını azad edir. Bu, Azərbaycanın öz torpaqlarını özünün azad etməsidir. İndiki nəsil kəndləri, yaşayış məntəqlərini işğaldan qurtar­mağı öz vəzifəsini yerinə yetirmək kimi görür. Mən belə qəbul edirəm ki, Azərbaycanın öz torpaqlarını azad etməsi, indiki nəslin əcdad qarşısındakı borcunu ödəməsidir.
Mən Azərbaycan xalqına xoşbəxtlik, əmin-aman günlər və ədalətli barış diləyirəm./musavat.com/

Həmsöhbət oldu: Nurgali Jusipbay

(Mətni Azərbaycan türkcəsinə Əkbər Qoşalı uyğunlaşdırıb)