Azərbaycanın tanınmış şairi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs “Atama ithaf” adlı şeir yazıb.
Həmin şeiri təqdim edirik:
Atam
bu dünyada
o dünyanın
cəhənnəm əzabını çəkib,
Qırx bir – qırx beşdə
faşistlərlə döyüşüb Kerçdə –
atəş kəsiləndə,
ya da siqaret fasiləsində
Gülablıda odun doğrayıb,
axura ot töküb…
Üzünü xatırlamıram deyə,
hərdən elə bilirəm,
məni öləndən sonra əkib…
Bir tikə çörəyin dərdindən
gecə yatmayıb,
gündüz yatmayıb,
tabutdan başqa heç yerdə
ayaqlarını oxxaynan uzatmayıb…
Şəkli də qalmayıb
darıxanda köksümə sıxım,
bütün ömrü dincəlsəm də doymuram –
atamın yorğunluğu
mənim canımdan çıxır…