Ev Bədii Səməd Vurğun – Unutmaz bu oba, bu mahal məni

Səməd Vurğun – Unutmaz bu oba, bu mahal məni

688

Səməd Vurğun – 115
Azərbaycanın ilk Xalq şairi

Azərbaycan

Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı…

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.

Dağlarının başı qardır,
Ağ örpəyın buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,
Nəhs aylara, nəhs illərə.
Nəsillərdən nəslərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır…

Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza…

Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş sonalar gəzər;
Xəyalım dolanar gəzər
Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı!

Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr…
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.

Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar…

Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlaraının dümağ qarı
Yaranmışdır qarlı qışdan,
Bir səngərdir yaranışdan.

Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!
Yadlara açma əlini.

Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.

Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!..

Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
Bizim xalı-xalçalardan
Sar çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Gözəl Vətən! Mənan dərin,
Beşiyisən gözəllərin
Aşıq deyər sərin-sərin,
Son günəşin qucağısan
Şeir, sənət ocağısan.

Ölməz könül, ölməz əsər
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.

Bir dön bizım Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çollərə,
İşıqlanır hər dağ, dərə.

Nazlandıqca sərin külək
Sahillərə sinə gərək,
Bizim Bakı – bizim ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.

Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
İlham aldın…yarandım mən.
Gülür torpaq, gülür insan
Qoca Şərqin qapısısan.

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrilarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Şair, nə tez qocaldın sən?

Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!

Mən tələsmirəm

Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qücağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!

Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən – dənizə atsa da məni,
Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»
Dur, bütün aləmi gəzək qol – qola,
Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!

Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər güllə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən – dən…
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!

Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın…sular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca…
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?

Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam…
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş üzündən nur yağa – yağa..
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!

Ala gözlər

Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında piyala gözlər.

Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi bütün aləmi.
Bu dustaq könlümü, deyin, yenəmi
Çəkdiniz sorğuya, suala, gözlər?

Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir can sirdaşımdan;
Dağıdır huşumu alır başımdan
Süzülüb gedəndə xəyala gözlər.

Gərdənin minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa.
Bir cüt ulduz kimi verib baş-başa,
Yanıb şölə salır camala gözlər.

Mənim sevgilimdir o gözəl pəri,
Qoy üzə vurmasın keçən günləri.
Mən qədirbilənəm əzəldən bəri,
Sizinlə yetmişəm kamala, gözlər.

Cahanda hər hökmü bir zaman verir,
Dünən dövran sürən bu gün can verir.
İllər xəstəsiyəm, yaram qan verir,
Siz məni saldınız bu hala, gözlər.

Yada sal məni

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,
Kəklikli dağlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə,
Saz tutub, söz qoşub yada sal, məni.

Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara.
Mənim bu dərdimi de oylaqlara –
Sinəmdən oxladı bir maral məni.

O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan.
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-dil məni.

Gəlmişəm gəzməyə sizin dağları,
Baxım yaylaqlara doyunca barı…
Bu yerə şairin düşdü güzarı,
Gözəl qarşıladı xoş iqbal məni.

Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm, yamandır ayrılıq dərdi.
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni…

Dünya

Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay,
Fəqət nə Cəlal var, nə də ki, Humay,
Nə ömrə acıyır, nə yaşa, dünya.

Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya.

Ellərə baxıram bağçalı, bağlı,
Göylərə baxıram qapısı bağlı,
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya.

Bir də görürsən ki,açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.

Əzəldən belədir, çünki kainat,
Cahan daimidir, ömur amanat.
Əldən-ələ keçir vəfasız həyat.
Biz gəldi-gedərik, sən yaşa dünya!

Həyat fəlsəfəsi

Quşlar qatar-qatar ellərdən keçər,
Bəşər nəsil-nəsil dünyadan köçər;
İnsanlıq gah zəhər, gah şərbət içər…
Əzəldən belədir hökmü zamanın –
Düyümlü bir sirri var asimanın!

Çarxını qurduqça dövranın əli
Bəzən ağlar olur, bəzən gülməli…
İnsanın ən böyük eşqi, əməli
Bəzən aslan kimi çırpınır darda,
Bəzən də qərq olur fırtınalarda…

Dəyişir səmtini daima sular,
Dəyişir fikirlər, dönür duyğular.
Kainat tutmayır bir yerdə qərar:
— Çarpır sinəsini qayalıqlara-
O gah qışa çıxır, gah da bahara!

Dünya binasını qurandan bəri
Səadət adlanan o gözəl pəri
Gəl! — deyə səsləmiş qərinələri;
Yazıqlar olsun ki, hələ insanlıq
Gəlib qovuşmamış ona bir anlıq.

Ey dünya gözəli, qaçma bəşərdən!
İnsandır ayıran xeyiri şərdən!
Gəl onun eşqini ücüz tutma sən, –
Qəlbi var, hissi var hər məhəbbətin,
Qaralmaz ulduzu əbədiyyatın!…

Ölüm bir iblisdir, həyat bir mələk!
Varlığı izləyir heçlik kölgə tək…
İşıq qaranlıqla pəncələşərək
Yaşatmaq istəyir cahanda bizi,
Günəş salamlayır iradəmizi!

Yamanlıq, yaxşılıq durmuş üz-üzə,
Dilsiz əsrlərdən mirasdır bizə.
Əsir bahar yeli qəlblərimizə,
Lakin arxasınca kəfən geyir qış,
Təbiət varlığa belə qarğamış.

Bir bayram sözü var, bir də ki, matəm,
Nəşə bir aləmdir, qüssə bir aləm.
Həyat öz atını sürür dəmadəm;
Odlar içində də hər bir mənzərə
Yenə qanad verir düşüncələrə!

Yenə də insanın xəyal şəhpəri
Gəzir fəzaları, göy dənizləri.
Sən ey səadətin gözəl pak əməlini,
Uzat yer üzünə hünər əlini!

Zamandır, bəşərin imdadına gəl!
Xəstə bir gözəldir hünərsiz əməl…
Hünər söylədiyim o qüdrətli əl
Bütün kainata qoy qanad gərsin,
Bəşər karvanına o yol göstərsin.

Hünər qanad versin torpağa, daşa,
Dənizlər çatılıb gəlsin baş-başa…
Azadlıq ordusu varsın birbaşa,
Hər zəfər dastanı yadigar olsun,
Ölüm təslim olsun, həyat var olsun!

Dünyaya bir şöhrət yaranmışıq biz,
Günəş çökməmişdir qaranlığa diz.
Qoy ölsün yamanlıq, o xain iblis!…
Yaxşılıq çağırsın hər qəlbin neyi,
Qurtaraq zəncirdən Prometeyi…

Fəlakət qocalmış…qartdır o köpək.
Onun sümükləri tez çürüyəcək…
Səadət — gənclikdir, adı — gələcək!
Onun gözlərində həyat eşqi var-
Var olsun gələcək! Var olsun bahar!

Ölüm sevinməsin qoy

Bir qocaman qartalın, qanadları dayandı
O bir daha qıy vurub dağlardan keçməyəcək.
Dünya öz yerindədir yenə səhər oyandı
O vətən dağlarının suyundan içməyəçək.

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Budur baxır üzümə, baxır sənətkar gözü
Yenə gülür, danışır, nəfəs alır Üzeyir.
Süzülür qəlb evimə onun hər odlu sözü,
Rübabının səsindən qanad açır min şeir.

O sabahda bizimlə addımlayır yanaşı
Koroğludan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli şeirinin bir bəstəkar qardaşı
Şöhrət tapdı adınla bizim ana yurdumuz

Mən bu kiçik şeirimi yazıram göz yaşımla
Çünki vidalaşıram öz ürək sirdaşımla!

Nizami

Yoğruldu bütün varlığın ümmidlə hünərdən,
Şimşək kimi keçdikcə qaranlıq gecələrdən,
Hər kəlməni, hər şeirini bir top kimi atdın,
Sevda yuxusundan bizi vaxtında oyatdın.

Xoş gəldin əzizim, gəlişindən ana yurdu
Dünya evinə bir yeni söz məclisi qurdu…
Keçdikcə nəsillər o sənin söz çəmənindən,
Ellər, obalar dərs alacaqdır hələ səndən.

Ölməz bu gözəl aləmə idrakla gələnlər,
Məna evinin sirrini vicdanla bilənlər.
Sənsən əbədiyyət dediyim sevgili dildar,
Daşlarda, çiçəklərdə, ürəklərdə adın var.

Aydanmı günəşdənmi yarandın, de, nədən sən?
Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən.

Ceyran

De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də’?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?

Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?

Əzəldən meylini salıb çöllərə,
Bəxtini tapşırdın bizim ellərə,
O qara gözlərin düşdü dillərə.
Dişlərin oxşayır mərcana, ceyran!

Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, ceyran!

Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran!

Elə ki, son bahar min büsat qurur,
Kolları-kosları yıxıb uçurur,
Sıxlaşıb bir yerə baş-başa durur
Düşəndə çovğuna, borana ceyran.

On addım kənarda yatmayır təkə,
Gəzinir, oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!

Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, –
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!

Şuşa

Qoynuna girməyə qalmışdır bir az,
Könül fərəhlənib eylədi pərvaz;
Ölməyib görəydim seyrini hər yaz,
Səndə vardır başqa lətafət, Şuşa!

Dağlarından qopar havalı yellər,
Ah, o sərin yellər, səfalı yellər;
Dağıdıb huşumu divanə eylər,
Vüsalın hər kəsə səadət, Şuşa!

Xırdaca-xırdaca yağışin yağar,
Çən-çisək içindən günəşin doğar,
Bir ağız bir bulaq suyunu soğar,
Eyləyirsən yenə qiyamət, Şuşa!

Bir əcəb gülşəndir torpağın, daşın
Dumanlı dağlardır həyat yoldaşın,
Bir ağrı gördümü ömründə başın,
Ey fitrən xəlq olmuş təbabət, Şuşa!

Sənət eşqi

Vuruldum o gün ki, şerə, sənətə
Unutdum sevdiyim əyləncələri.
Aşiqəm insana və təbiətə
Əlim qələm tutub yazandan bəri.

Bəzən xəyalımda uçur buludlar,
Bir qətrə böyüyüb bir dəniz olur.
Dünyanın ölməyən bir qanunu var,
Bir yandan boşalır, bir yandan dolur.

Mənsə bu varlığm içində qaynar
Bir vulkan kimiyəm, gözlərimə bax;
Könül tərlan kimi baş alıb oynar
Buluddan buluda qanad çalaraq.

İnsanlar dost kimi oxuyur məni,
Sözüm ağızlarda əzbər çəkilir;
Əlimlə qurduğum sənət bağında
Ətirli lalələr, güllər əkilir.

Öylə səfərbərəm, öylə hazıram,
Qarşımda diz çöküb göylər alçalır.
Bir yanda kağıza mən söz yazıram
Bir yanda sevgilim piano çalır.

Təranə

Sevgilim, insanın ömrü gödəkdir,
Ömür bir quş kimi uçacaq əldən.
Bizə də belə bir gün gələcəkdir,
Dünya bu hökmünü vermiş əzəldən.

Gəl duraq yanaşı, xəyala varaq,
Bizə layla desin suların səsi;
Dünyadan xoş keçən bir gün aparaq,
Qazancdır gəncliyin hər xoş nəğməsi.

Atıl cəbhələrdən, keç cəbhələrdən
Ömrünün bu əziz, bu gənc yaşında.
Mənim anam kiıni gəl oturma sən
Gecələr ağlayan beşik başında.

Gözəldır avazın, xoşdur nəfəsin
Coşub, tribunadan danışanda sən;
Döyünən ürəyin, gurlayan səsin
Bizə xəbər versin qərinələrdən…

Sevgilim, könlümdən keçənləra bax:
Gəl salama çıxaq ellərimizə!
Dastanlar yaradaq, dastanlar yazaq,
Gələcək duyğusuz deməsin bizə…

Yadıma düşdü

Başına döndüyüm gül üzlü sona!
Ömrümün ilk çağı yadıma düşdü.
Şairlər vətəni bizim tərəflər,
Tərlanın oylağı yadıma düşdü.

Oxuyun qəlbimi dastan içində,
Ürək döyünməzmi astan içində?
Payızın fəslində bostan içində
Şamamanın tağı yadıma düşdü.

Töküldü kağıza sinəmin sözü,
O ana yurdumun ocağı, közü,
Ceyranın duruşu, durnanın gözü
Kəkliyin ayağı yadıma düşdü.

Hanı at sürdüyüm boranda, qarda?
Gəzdim aşıq kimi minbir diyarda;
Gülüb oynadığım toyda, mağarda,
Qızların qolbağı yadıma düşdü.

Göylərə baş çəkir Göyəzən dağı,
Axşam açıq olur ayın qabağı;
Bizim gəlinlərin bayram qabağı,
Fəsəli yaymağı yadıma düşdü.

Sən bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Nişanlı qızların görüşdən qabaq,
Telini saymaği yadıma düşdü.

Vurğunun xəyalı gəzdi aranı,
Gözümdə oynadı dağın boranı;
Qışın buz qatığı, yayın ayranı,
Payızın qaymağı yadıma düşdü.

Bənövşə

Yazın novbarısan bizim diyarda,
Qıvrım tellərini sana, bənövşə!
Mən səni sevmişəm bir ilk baharda,
Könlümü vermişəm sana bənövşə!

Sənsən əzəl gündən mənim sirdaşım.
Gözümdən ayrılsan, axar göz yaşım,
Gövdəmin üstündə durmayır başım
Buranda boynunu yana, bənövşə.

Çıxımşam seyrinə meyli, məzəli,
Heyrandır hüsnünə ellər gözəli;
Könlüm oylağını yaxın gəzən
Çoxları küsəndi mana, bənövşə!

Üzündə gördüyüm nə intizardır!
Qəlbində Vaqifin sirrimi vardir?
Gəl ondan söz açma, indi bahardır.
Bağrımı döndərmə qana, bənövşə!

Boynunu kəc burma gəl indən belə,
Mən sənə söz qoşum, sən məni dinlə:
Vurğunun şerilə, sənin hüsnünlə
Təbiət gələcək cana, bənövşə!

Aşıq qardaşıma

Gəl qələm götürüb, qoşa saz tutaq,
Süsənlər, sünbüllər, güllər bizdədir.
Gecələr qoynuna ay qonaq gələn,
Sonası çığrışan göllər bizdədir.

Bizim dünyamızda gülür gözəllik,
Deyir bu mahnını bülbül və kəklik.
Yazın səhər vaxtı güllük, çiçəklik,
Ürək sərinlədən ellər bizdədir.

Elləri sevmişdir könlüm əzəldən,
Nə çıxır uydurma şeyrü qəzəldən?
Aldım ilhamımı min bir gözəldən,
Ucu tər cığalı tellər bizdədir.

Aşıq, bu elləri sən xəbər alsan,
Ayıldı dünyanın şöhrəti insan.
Zülmün, qaranlığın qəbrini qazan
Kürəklər, külünglər, bellər bizdədir.

Nə xoşdur ellərin şirin avazı,
Güllü ölkəmizin çiçəkli yazı.
Şairin qələmi, aşığın sazı,
Bülbülü mat qoyan dillər bizdədir.

Bu yeni aləmi duyduqca ürək,
Göylər də sevinir gülümsəyərək.
Bir böyük bağ olur hər şitil tənək,
Bu quran, yaradan ellər bizdədir.

Bir səs

Qərib bir səs gəldi bu gün qəlbimdən:
Ömrün baharında öləcəyəm mən…
Didib parçaladı bağrımı bu qəm,
Üzümə boylandı əlimdə qələm!

Of…Bu səs! Nə qədər ömrümə yaddır.
Mənim ki, gəncliyim qəmdən azaddır!
Qayadanmı qopdu bu daşqəlbli səs?
Həyat öz oğlunu vaxtsız itirməz!

Dağılın başımdan qara xəyallar.
Hələ arzularım, əməllərim var.
Qapımdan getməmiş ömrün ayağı,
Dövran mənzilimə dost gələcəkdir,
Bu Odlar yurdunun şeir bayrağı,
Mənim sənətimlə yüksələcəkdir.

Tural Adışirinin təqdimatında