Azərbaycanda niyə bu qədər çox rus dili məktəbi olmalıdır ki? Bizim dövlət dilimiz var və rus dilli məktəblərdə oxuyanların 90 faizi azərbaycanlıdır. Niyə vətəndaşımız doğma dilimizdə təhsil almalı deyil?
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fərqli dillərdə təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün Azərbaycan dili üzrə imtahan keçirilib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Lənkəran, Şirvan, Qusar və Xaçmaz şəhərlərində, ümumilikdə 41 binada aparılıb.
İmtahanların keçirilməsi təbii ki, dilimizin təbliği baxımdan müsbət dəyərləndirilməlidir. Məlumdur ki, bəzən Azərbacyanda doğulan və böyüyən uşaqlar rus məktəblərində təhsil aldıqları üçün doğma dilimizdə normal danışa bilmirlər. Hətta belə məmurların sayı da kifayət qədər çoxdur.
Məsələyə münasibət bildirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı “Sherg.az”a açıqlamasında deyib ki, başqa dildə təhsil alanlar üçün Azərbaycan dili imtahanları keçirilirsə, bunun dilimizin möhkəmlənməsinə aidiyyəti yoxdur.
Xalq şairi vurğulayıb ki, hansı bölmədə oxumaqlarından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz dilini bilməlidir:
“Dövlətimizin rəsmi dili Azərbaycan dilidir. Azərbaycan vətəndaşı olan və burada doğulun böyüyən hər kəsin dilimizi bilməsi vacibdir. Bu cür imtahanlar sadəcə olaraq dilimizə olan marağı və nüfuzu gücləndirmək, dilə sayğını artırmaq baxımından maraqlıdır. İmtahanlar oldu-olmadı Azərbaycan dili kifayət qədər zəngindir və öz qanunları ilə inkişaf edir”.
Azərbaycanda doğulsa belə öz dilimizdə danışa bilməyən vətəndaşlarımıza gəlincə S.Rüstəmxanlı bildirib ki, belə halların qarşısını almaq üçün rus məktəblərində Azərbaycan dili dərslərinə daha tələbkar yanaşmaq lazımdır:
“Bu dərslər kifayət qədər ciddi keçməlidir. Adətən, Bakıdakı rus məktəblərində Azərbaycan dili dərslərinə çox etinasız yanaşırlar. Müəllimlər Azərbaycan dili fənni olanda şagirdləri evə buraxırlar. Ona görə də rus məktəblərində həmişə Azərbaycan dili dərslərinə ögey münasibət olub. Məlum vəziyyət dilimizə qarşı çox böyük hörmətsizlikdir.
Bu, sovet dönəmində də belə idi. Ümumiyyətlə, Azərbaycanda niyə bu qədər çox rus dili məktəbi olmalıdır ki? Bizim dövlət dilimiz var və rus dilli məktəblərdə oxuyanların 90 faizi azərbaycanlıdır. Niyə vətəndaşımız doğma dilimizdə təhsil almalı deyil? Fikrimcə, problemin həlli üçün əvvəlcə bu suala cavab tapmaq lazımdır”.