Şairlik nə Allahlıqdı, nə bəndəlik. Tale işidi,alın yazısıdı…Şair ya doğulur, ya da doğulmamış ölür. Sonradan şair olmaq olmur. Söhbət ŞAİRdən və ŞAİRlikdən gedir.
Sevgi ölüsüyəm, eşq dəlisiyəm,
Hər söylənən mənəm, hər deyilən mən.
Sevincin heç məndən xəbəri yoxdur
Kədər deyilən mən, dərd deyilən – mən.
Şairlik özünü unudub, başqaları olmağı bacarmaqdı, dünyanın dərdini könüllü qəlbinə yükləməkdi, ürəyində daşımaqdı. Şair olmaq əzabdı, zülümdü, iztirabdı, işgəncədi, hər dəfə ölmək, hər dəfə yenidən dirilməkdi…və bütün bunlara dözməkdi,dözə
bilməkdi.
İtirdim o qədər dostu, doğmanı,-
Qanımdır su təki axıb gedənlər.
Elə bil ömürlük olmayıblar heç
Ömrümdən- günümdən çıxıb gedənlər.
Əriyən şam olur ürəyim gecə
Axı necə dözüm,ürəyim,necə?!
Ağrıtək qalacaq ürəyimdəcə
Kövrək ürəyimi sıxıb gedənlər.
Həyatım nə zaman sevindi mənim?!
Zirəddin,oğulsan sev indi məni!
Deyirdin bu dünya evimdi mənim,-
Bildimi bu evi yıxıb gedənlər?!
Şairlik hamının ağrısını daşımaqdı. Gedənləri unuda bilməməkdi, dünyanı bilməkdi, ölümü sevməkdi. Qorxusuz yaşamaqdı, dünyəvi nəsnələrdən azad olmaqdı. Gedənlərin həsrətini bu dünyada qaldığın sürədə doğma kimi bağrının başına sıxıb son günə kimi saxlamaqdı…
Ömürdü məndən köçən,
Yaxşını pisdən seçən
Qardan, yağışdan keçən
Yolum qırış- qırışdı.
Qaldım tək çinar kimi
Beli sınmış tar kimi
Bir köhnə paltar kimi
İçim cırıq- cırıqdı.
Yormuşam yoxuşları
Qayaları,daşları…
Kişinin göz yaşları
Allaha qışqırıqdı.
Şairlik dünyanın alına – qalına bulaşmamaqdı, xırda- para dərdləriylə uğraşmamaqdı. Şairlik bir az bəndə, bir az Allah olmaqdı…Bütün şairlərin Anası, Allahı sözdü. Şairlik Allahı tanımaqdı, bir köynək ona simsar olmaqdı. Verdiyini, aldığını bilməkdi. Səssiz- küysüz, için- için ağlamaqdı, korun- korun tüstüləməkdi, yana- yana kül olmaqdı. Bu dünyaya etirazdı, üsyandı, hər şeyə asi olmaqdı…Şairlik heç kəsin anlamadığını anlamaqdı…
Dünya bazardı – qorxuram
Mayamı batıram, oğlan!
Bilmirəm özüm – özümdən
Nə alıb- satıram, oğlan!
Sərmayəsi söz olanın bazarı kasad olmaz, Ustad! Dünya durduqca duran şairlərdən olanlar nə xöşbəxtdi, elə söznən yaşıd olanlar da. Bu gün sözün bayramıdı, bu gün sizi bilənlərin bayramıdı…
Gününüz mübarək, günümüz mübarək, USTAD!
P.S. Bu yolda mənim ilk bələdçim siz oldunuz.Bu yol çox çətin, əzablı yoldu, – dediniz. Səbr, təmkin dilədiniz. Və hər zaman qürur duydum sizinlə.
Gülnarə Cəmaləddin,
AYB-nin Sumqayıt bölməsinin sədri