Ev İctimai Şeirin Xasiyyəti, Xasiyyətin şeiri…

Şeirin Xasiyyəti, Xasiyyətin şeiri…

150
Xasiyyət xanımın adını kim qoyub, nə üçün məhz Xasiyyət qoyub? – bunu bilmirəm, amma adın, hər bir düşünən insanın taleyinə təsirsiz ötüşmədiyini bilirəm (buna ina­nıram). Adlar təsadüf deyil. Adlar həmişə tə­vafüq olmaya bilər, bəlkə… lakin bu halda da ad gü­nah­kar deyil, adın energetikasına uyğun davrana bil­məyən addaşıyıcısıdır günahkar – yəni ad adamı səfərbər elə­mə­li yaxud adam daşıdığı adın məsuliyyətincə davran­ma­lıdır. Bəlkə də, bir çox sadə əməkçi insanda, ayrı-ayrı peşə sahiblərində ad və onu daşıyanın təzadı yaxud  uyumlu­luğu bir o qədər də fərq edilməmş ola bilər, lakin söhbət bir şairdən gedirsə, gözlər üzərindədir, əlbət.
Xa­siyyət xanım adını yaşamına, yaradıcılığına kö­çürmüş xasiy­yətli şairdir. Çox şadam ki, əziz dostumun məhz bu özəlliyi Qənirə xanım və Afaq xanım tərəfindən də fərq edilib,onlar da bu məqama müəyyən qədər vurğu yapıb.Ümidvaram, Xasiyyət Rüstəmin “Leyli ağac­lar”ının oxucuları da onun şeirlərinin adı kimi olduğunu qəbul edəcək.
Xasiyyətli şeir necə olur?– O şeir xasiyyətlidir ki, o, bir ideya daşısın, söz yığını – necə deyərlər, “şeir yaz­maq xatirinə şeir” olmasın, məhz ürəkdən gəlmiş, ürəklə yazılmış, ürəkli yazılmış şeir olsun, səmimi şeir olsun, şeir kimi şeir olsun, ən əsası. Şeirinəzəli-əbədi möv­zuları ilə,habelə sevilən tərz, üslub, poetexnolo­gi­yalarla ilə yanaşı,sözün hər anlamında yenini axtarmaq, yenini bulmaq və yenil ifadə şəkli ilə seçilmək xasiyyətli şeirin səciyyəsidir. Uzun sözün qısası, Xasiyyət Rüstə­min yaz­dıqlarınınmütləq çoxu məhz adı kimi şeirlərdir.
Əlbəttə, mübaliğəyə varıb, bütün şeirlərini, yaradıcı­lı­ğı­nı tamı-tamına xasiyyətli saya bilərəm, lakin buna nə öz könlüm qail olar, nə haqqında danışdığım sayğıdəyər xa­nıməfəndinin könlü… O, nə qədər xoşgörülü insan olsa da, sözün mübaliğəsini də anındaca sezər və haqlı olaraq, bununla barışmaz.– Əks təqdirdə, yara­dı­cı­lığının çiçək­ləndiyi, yeni mövzular, yeni ulduzlar qa­zandığı bir vaxt­da, biz Xasiyyət xanımı sanki bundan sonra yaz­ma­yacaq yaxud daha üstün əsərlər yaza bil­məyəcək biri kimi təsvir etmiş olarıq. Adım kimi əminəm, o, öz adını şeirlərinə daha dərin işləyəcək, daha qanadlı yazacaq, daha parlaq Günəş olacaq! Günəş demişkən, ulduz de­mişkən, milli özbək şeirinin XX yüzilin önlərindəki ən parlaq Günəşinin adı Çolpandır. Əgər mübaliğəyə var­sam, qüsura baxmayın, bugünki özbək qadın şeirinin parlayan ulduzu kimi dərəcə­lən­dirilən Xasiyyət Rüs­təmə, çağdaş özbək qadın şeirinin Günəşi demək keçir könlümdən. Könüldən gələn göyçək olar, deyirlər, eləsə, qəbulunuz ola… Əgər daha yüksək dərəcəyə layiq olan­lar varsa (əlbəttə, var!) onlara da təşbeh, yaraşdırma bu­lunur, əlbət. Günəşdən daha böyük kainat var, aləm var, bizim qalaktika var… var da var… Ancaq, mən məsələni bu yöndə qəlizləşdirmək istəməzdim, əksinə, daha yum­şaq müstəviyə keçirmək istərdim.Rəhmətlik Nazim Hikmət deyirdi: “Kiçik bir bəxtəvərlik istəyirəm, O qə­dər kiçik olsun ki, istəməsin kim­sə məndən onu”… Mənim tanıdığım Xasiyyət xa­nımməhz kiminsə gözü ardında qalmayan, kiməsə zərəri toxunmayan, ki­minsə bədbəxtliyi üzərində qurulmamış bəxtəvərliklərə aşinadır; onun şair şöhrəti, o şöhrətə baxışı da belədir.
Yaxşı xatırlayıram, onunla bu sətirlərin yazıldığından 11 il öncə İstanbulda, hava limanında qarşılaşmış, tanış olmuşduq. Böyük insan axınının içində, sanki illərin tanışı, doğması kimi, qeyri-ixtiyari bir-birimizə doğru addımladığımızı xatırlayıram. Mən onun yaradıcılığı ilə tanış olduqca gördüm ki, bu doğmalıq onun ruhundan gəlir – insana, sənətə və necə deyərlər, doğmalığın özünə doğmalıqdır bu…
Bu doğmalığı biz Xasiyyət xanımın baş redaktor ol­duğu qəzetdə Azərbaycan ədəbiyyatına ayrılan ge­niş­ü­rəkli yerdə görürük. Çox şadam ki, Azərbaycanda da öz­bək ədəbiyyatı yaxından öyrənilir, sevilir. Bu öyrənilmə həm xəlqi, həm də akademik səviyyədədir.Xasiyyət xanım və onun baş redaktoru olduğu qəzet çağdaş özbək ədəbiyyatında önəmli hadisədir.Məsələn, onun “Qor­xunc” şeirlər kitabını hələ 2010-cu ildə Bakıda nəşr edər­kən, nə bu barədə bir istəyi olmuşdu, nə biz öz planımız barədə xə­bər vermişdik… – Hər şey o qədər könülcə (kö­nüllücə), o qədər təbii axarda baş vermişdi… bir də bax­dıq, özbək şairi Azərbaycan oxucusuna kitablı xitab edir… Budur, ikinci dəfə Xasiyyət Rüstəm yaradıclığı Azərbaycan oxucusuna kitab şəklində təqdim edilir – yenə öz istəyimiz, öz könlümüzcə… Mən, belə bir ərkin özünü alqışlayıram! Belə təmənnasız münasibətlər qar­daş ədəbiyyatlar, qardaş qələmlər arasında ola bilər, ne­cəki olur…
Xasiyyət Rüstəm kövrək, gözəl, istedadlı şairdir. – Azərbaycan dostu, türk dünyası aşiqi, şeir-sənət sev­da­lısıdır… Nə yaxşı ki, o bu üstün gözəlliklərlə yanaşı, mə­hz şairdir – o gözəlliklərin həm vəsf edəni, həm də, özü gözəllik yaradıcısıdır… Şair necə deyirdi: “Hər şey gö­zəldi həyatda, Sən bu gözəlliyi anlayıb, duya bil­səy­din…”
Xasiyət Rüstəmin şeirlərini oxuyanlar ilk baxışda sanki pessimist olduğunu düşünə bilər – baxırsan tən­halıqdan, ayrılıqdan, kədərdən, qaranlıqdan, qorxudan yazır… Əslində isə o, qaranlıqda işıq görən işıqlı in­sandır; daha dəqiqi qaranlığın olmadığını, işıq düşməyən yerlərin mövcudluğunu bilən şairdir. Xasiyət Rüstəm rəhmətlik Vaqif Səmədoğlu kimi “Millət, dövlət zir­vəsindən insan enmək vaxtıdır” düşündüyündə də öz könlünün hökmündədir – könlü aparan yerə gedir… O, yalnızlıqda da, toplum içində də, insanın özünü, insanca yaşantıları təcalla etdirməyə çalışan xanıməfəndidir.
Onun öz yaradıcılıq kredosu var; onun qəlbindəki və qəzetindəki Azərbaycan var.Bu sözlər onun­dur: “Qə­ze­timizin hər səhifəsində Azərbaycana yer ayırmaq bor­cu­muzdur. Azərbaycan ürəyimizdir”!
Xasiyyət xanım türk dünyasında, artıq dünyanın dörd tərəfində(Kolumbiya, ABŞ, Vyetnam, İspaniya, İngil­tərə… əlbəttə, Türkiyə, Qazaxıstan və təbii, Azərbay­canda) tanınan bir imzadır.Hər keçən ildə bu siyahıya yeni coğrafiyalar, yeni iqlimlər və də mədəniyyət iq­lim­ləri əlavə ediləcəyinə şübhəm yoxdur.
    Özbəkistanın dövlət bayrağı, özbək şairlərinin şeir-sənət bayrağı uca olsun!
Əkbər Qoşalı
Şair-publisist