Ev Bədii Sücaət – Sevib ayrı düşmək kaş olmayaydı

Sücaət – Sevib ayrı düşmək kaş olmayaydı

766

Şeirlər

***
Bu nə ney səsidi, nə kaman səsi,
Hicranın harayı, hayıdı, dağlar.
Bir soyuq ürəkdə, bir yad qapıda,
Bu gün sevgilimin toyudu, dağlar.

Arzular, istəklər bizə dərd olur,
Məktublar, şəkillər gözə dərd olur,
Köhnə xatirələr təzə dərd olur,
Arzum ürəyimdə uyudu, dağlar.

Şücaət deyiləm, kül olmuşam, kül,
Dərdinə şərikəm ay sarı bülbül,
Soldu çəmən, soldu çiçək, soldu gül,
Torpaq da günəşdən soyudu, dağlar.

Kaş olmayaydı

Ölümə nə var ki, bir dəfəlikdi,
Sevib ayrı düşmək kaş olmayaydı.
Nəğmələr quş kimi qanadlananda,
Gözlərdən süzülən yaş olmayaydı.

Mənim qəlbim kimi inləməz kaman,
İlk eşqi itirmək yamandı, yaman.
Könüllər odlara qalanan zaman,
Ürəklər bərkiyib daş olmayaydı.

Mən səni sevirəm, sən varı pulu,
Gör hardan düşübdü eşqimin yolu.
Nə mənim ürəyim bir belə dolu,
Nə sənin ürəyin boş olmayaydı.

Silinməz sinəmdən bu düyün, bu dağ,
Gəzdi gəncliyimi qəm budaq-budaq.
Həsrətdən, möhnətdən titrəyən dodaq,
Kədərdən çatılan qaş olmayaydı.

Yar deyib ağlayır könlümün sazı,
Bir gündə yüz dəfə yanıram azı.
Sücaət heç kəsin baharı, yazı,
Dönüb birdən-birə qış olmayaydı.

Saxlayıram

Xoşum gəlmir tez alışıb-sönəndən,
Qəlbimdə yüz illik köz saxlayıram.
Bəlkə bundan ağır günlərə düşdüm,
Sinəmdə ehtiyat söz saxlayıram.

Uzaqdan tətiyi sıxmağa nə var,
Arxadan cümülüb yıxmağa nə var.
Kiçik döyüşlərdən çıxmağa nə var,
Çətin sınaqlara diz saxlayıram.

İnsanlar bir-birin qədrini bilsə,
Qəm nə qələt eylər qoşunla gəlsə?
Tökərəm, nadana qoşulub gülsə,
Elnən ağlamağa göz saxlayıram.

Sücaət, ürəyim əsim-əsimdi,
Həqiqətin səsi-mənim səsimdi.
Etibar bəsimdi, ilqar bəsimdi,
Mən varı-dövləti az saxlayıram.

Anamın

Deyin dustaqları buraxacaqlar,
Qoy qəm bozartmasın üzün anamın.
Deyin qırılacaq zülümün zənciri,
Birtəhər başını yozun anamın.

Zəhər gizlənibmiş aşımın altda,
Bır dərya varıymış qaşımın altda,
Yastıq daşa dönüb başımın altda,
Burda hardan alım dizin anamın?

Taleyi şil-şikəst fikri sağ oldum,
Sevinci bir zərrə dərdi dağ oldum,
Gah xəstə, gah əsgər, gah dustaq oldum,
Quruyan görmədim gözün anamın.

Sücaət, etdilər talan ömrümü,
Kor olsun daşlara çalan ömrümü,
Talanan talanıb qalan ömrümü,
Ömrünün üstünə yazın anamın.

Məni

Ağlım təzə-təzə kəsirdi hələ,
Sən vara, dövlətə satanda məni.
Məhəbbət yandırıb kül eləmişdi,
On səkkiz yaşıma çatanda məni.

Saçımda dolanan dən idin onda,
Gözümdə dumandın, çən idin onda,
Özündən xəbərsiz sən idin onda…
Axtaran da məni, atan da məni.

Yollarım od olub, ayağım yalın,
Əlində qalmışam dərdin, məlalın,
Əridib şam kimi şirin xəyalın,
Soyuq zindanlarda yatanda məni.

Onun məhəbbəti dilində idi,
Həqiqət gözümün selində idi,
Əlin o alçağın əlində idi,
Həsrətin odlara satanda məni.

Birimiz ağlarıq, birmiz də şən,
Dağdan ağır dərddi Sücaət çəkən,
Həmişə yadıma sən düşəcəksən,
Hər ürək ağrısı tutanda məni.

Qayıt gəl

Yaman çətin imiş sənsiz yaşamaq,
Könlüm gecə-gündüz ağlar, qayıt gəl.
Sevəni bir gündə yüz yol öldürər,
Yarsız ötüb keçən çağlar, qayıt gəl.

Demə keçən- keçib, olan-olubdu.
Vaxt olub boşalan bir də dolubdu.
Sən gedəndən saralıbdı, solubdu,
Gül açmır bağçalar, bağlar, qayıt gəl.

Həsrətin ömrümün sarayın sökür,
Qəlbim haray çəkir, gözüm qan tökür.
Sücaət vətəndə qəriblik çəkir,
Qürbətə dönübdü dağlar, qayıt gəl.

Kəlbəcər

Mənim ürəyimdi, mənim canımdı,
Düşmən süngüsünə keçən Kəlbəcər.
İndi ondan-bundan qiymət gözləyir,
Aqili nadandan seçən Kəlbəcər.

Tərtər qəmli-qəmli axar sızıldar,
Dağlar gözlərini sıxar sızıldar.
Dağılmış evlərə baxar sızıldar,
Əsir düşüb zəhər içən Kəlbəcər.

Sücaət, neyləyək, baxt belə baxtdı,
Darıxma, hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdır,
Ağlaya-ağlaya köçən Kəlbəcər.

Ay dağlar

Mən gedirəm qürbət elə,
Sən salamat qal, ay dağlar.
Halallıq ver, qoy qalmasın,
Ürəyimdə xal, ay dağlar.

Hanı məndə dözüm sənsiz?
Sönəcəkdi közüm sənsiz.
Qan tökəcək gözüm sənsiz,
Olacağam lal, ay dağlar.

Dostum-yarım keçir gendən,
Dərdim artır günü-gündən.
Məni qəmdən, qəmi məndən,
Al ay dağlar, al ay dağlar.

Günəş gəzib yorulanda,
Sazın simi qırılanda,
Göydə qartal vurulanda,
Məni yada sal, ay dağlar.

Qayaları lələ döndər,
Cığırları telə döndər,
Sücaəti külə döndər,
Bir “Kərəmi” çal, ay dağlar.

Bilmədim

Dərd sinəmdə daşa döndü,
Allah, əridə bilmədim.
Qan ağlayan ürəyimi,
Bir yol kiridə bilmədim.

Yolda, izdə qaldı gözüm,
Buza döndü odum, közüm,
Çox çalışdım, ay düz sözüm,
Səni yeridə bilmədim.

Sücaət, soldu bağlarım,
Qurudu buz bulaqlarım,
Az-çox bəxtəvər çağlarım,
Qaldı geridə, bilmədim.

Tural Adışirinin təqdimatında