(15 may görkəmli türkoloqun anadan olmasının 133-cü ildönümüdür)
Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının və Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Eyvazovun “Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” (Bakı: “Elm” nəşriyyatı, 2026, 296 s.) adlı monoqrafiyası nəşr olunmuşdur. Birinci Türkoloji Qurultayın (1926) 100, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, akademik Tofiq İsmayıl oğlu Hacıyevin (1936-2015) anadan olmasının 90 illik yubileyinə ithaf olunmuş monoqrafiyada görkəmli türkoloq alim, professor Bəkir Vahab oğlu Çobanzadənin elmi yaradıcılığında dil tarixi məsələləri ilk dəfə geniş şəkildə tədqiq olunmuşdur. Kitabda Bəkir Çobanzadənin dil tarixinə dair elmi görüşləri dörd fəsildə, tarixi qrammatika və ədəbi dil məsələləri kontekstində şərh edilmiş, fonetik, leksik və morfoloji quruluşun tarixi inkişafına dair müxtəlif məsələlər sistemli şəkildə öyrənilmişdir. Eyni zamanda alimin ədəbi dil konsepsiyası ətraflı araşdırılmış, ədəbi dil tarixinin dövrləşdirilməsi, ədəbi şəxsiyyətlərin dili və ümumtürk ədəbi dili haqqında baxışları çağdaş elmi fikirlərlə müqayisəli tədqiqata cəlb olunmuşdur.
Kitabın baş elmi redaktoru və “Ön söz”ün müəllifi BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev, elmi redaktorları Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov və filologiya elmləri doktoru Qızılgül Abdullayeva, rəyçiləri BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru Reyhan Həbibli, Türkiyənin Fırat Universitetinin professorları – Ahmet Buran, Süleyman Kaan Yalçın və Kocaeli Universitetinin dosenti Kenan Acardır.
Monoqrafiyanın materiallarından gələcəkdə B.Çobanzadənin elmi yaradıcılığına həsr olunacaq araşdırmalarda, Azərbaycan dilçiliyinə dair, o cümlədən dil tarixi məsələləri ilə bağlı aparılacaq tədqiqatlarda, həmçinin bu istiqamətdə dərslik və dərs vəsaitlərinin tərtibində istifadə oluna bilər. Bu baxımdan kitabdan türkoloji dilçilik sahəsində tədris və tədqiqat aparan mütəxəssislər: professor-müəllim heyəti, gənc tədqiqatçılar, tələbələr və B.Çobanzadənin elmi irsi ilə maraqlanan hər kəs faydalana bilər.









