Ev Bədii Təkləli, aşiqlər sərpa soyuldu – Şeirlər

Təkləli, aşiqlər sərpa soyuldu – Şeirlər

96

Allahverdi Təkləli – 65

M. Hadiyə

Sanılı qoz kimi öz yerindədi,
bu yurdun min adda kəsri hələ də.
Bizim əsrimizə hələ çox qalır,
bitməyib həmzələr əsri hələ də.

Ta yurdun yarısı arşınmalçıdı,
çoxunun çörəyi arşından çıxır.
Tində bir həmzədən can qurtarmamış,
döngədə beş həmzə qarşımdan çıxır.

Ay ustad, bax elə dünən küçədə
rastladım bir şəhər həmzəsinə mən.
Qırımı deyirdi qurban verərəm,
bu yurdu bir qızın qəmzəsinə mən.

Hansı həmzəsindən söz açım sənə,
Hamını əlində hərləyəndənmi?
Adamı durduğu yerdəcə, ustad,
durduğu yerdəcə şərləyəndənmi?

Hələ də ip salır sözün başına,
Sözün həmzələri hoqqa çıxarır.
İgidi unluqda qalan milləti,
Həmişə həmzəsi “haqqa” çıxarır.
…Şükür öz əlimiz, öz başımızdı.
Şükür, imzamız var imza içində.
Di yaşa, di yaşa, di yaşa indi,
di yaşa bu qədər həmzə içində.

* * *
…sözümü uzadıb baş aparmayım…
Arası armaqdı keflə Cırtdanın.
Gözünü xap açıb baxsan görərsən
Dünya davasıdı devlə Cırtdanın.

Devlərin əlinə ələk veriblər:
Günü yola versin ev işlərinən.
Sifçinsin yerində kalxır at kimi,
Uğraşa bilməsin dev işlərinən.

Devlərin əlinə ələk veriblər,
Su durmur ələkdə, ələkdən küsür…
Bilsə də başını kimdi külləyən,
Dev dönüb hələ də fələkdən küsür.

Dev ələk hayında, su hayındadı,
Hörün, devin corab hörün başında.
Min ildi dünyanın ələkçiləri, –
Cırtdanlar əyləşib dörün başında.

Cırtdanlar əyləşib dörün başında…
Kimlər umsunmadı qul verəninə.
Ələk də tutsalar əlində devlər,
dönməz ələkçinin qıl verəninə.

* * *
Təkləli, aşiqlər sərpa soyuldu
Dərdi çıtır-çıtır yaxdı aşiqi,
Aşiqə, dərd könül piltəndi dedik.
Umsunub bir dulun busə vədinə,
Haqqcamal gözələ dul təndi dedik.

Əyri bayram eylər düz ağlayanda,
Göz durar qəmətə – üz ağlayanda.
Gədanın xəlbiri su “saxlayanda”,
Bu ki Süleymandı, sultandı dedik.

Təkləli, aşiqlər sərpa soyuldu,
Haqqın divanına başı qoyuldu.
Qula gələn xəta haqdan sayıldı,
Şaha enən qəza quldandı dedik.

* * *
O gecə başqaydı, yadındadırmı?
Yəhərsiz, yüyənsiz çapdığımız at
Bir kürən qaşqaydı, yadındadırmı?
Adı da Qaşqaydı, yadındadırmı?

O gecə başqaydı, yadındadırmı?
Hər şey gözümüzdə vergili idi.
Göy üzü Tanrının sevgi məktubu,
Aysa o məktubun vergülü idi.

O gecə başqaydı, yadındadırmı?
Telinin busəsi oğrunda sənin –
Dodağım üstünə qonurdu hərdən…
Hazırdım can qıyam uğrunda sənin.

Hazırdım can qıyam uğrunda onda;
Yoxsa incidinmi ərkimdən mənim?
Eh, bir də baxdım ki tərkim boş qalıb…
Nə vaxt, harda endin tərkimdən mənim?

O gecə başqaydı, yadındadırmı?
Hər şey gözümüzdə vergili idi.
Göy üzü Tanrının sevgi məktubu,
Aysa o məktubun vergülü idi.

* * *
Mənim yaddaşımdan xeyli o yanda, –
Açılan bir köçün uğuru üstdə;
Bir aşıq bir tavar sazı eydirir,
Eydirir “İrəvan çuxuru” üstdə.

O yanda, “İrəvan çuxuru” üstdə,
Yel vurub oynayan yemlik sayağı;
Tavar saz imrənib təpir içini,
Hələ mələməmiş əmlik sayağı.

Hələ mələməmiş əmlik sayağı,
Barmaq çəhlim açır neçə pərdədə.
Divani pərdədə mayam tutulur,
Göbəyim kəsilir beçə pərdədə.

Yenə yar deməkdən yarı can qalıb,
Yenə yar yanığı, yar acıdı saz.
İpək qılığıyla ulu soyumun
Haqqla arasında araçıdı saz.

Mənim yaddaşımdan xeyli uzaqda,
Mənim yaddaşımın anrı üzündə, –
Bir aşıq bir tavar sazı eydirir,
Göz yaşı görürəm Tanrı üzündə.

* * *
Üzü dan yerində, dan ağaranda
Üzü dan yerində, dan ağaranda –
Zoğalı qulunlar kəhərlənirdi,
İfçin yüyənlənir, yəhərlənirdi.
Sürəyə çıxırdı nəmər almağa,
Yolların ürəyi təhərlənirdi.

Üzü dan yerində, dan ağaranda –
Günəş quzeyləri ləl eləyirdi,
Dağlar kölgəsini kəl eləyirdi.
Çarmıxa çəkilə-çəkilə göydən
Quşlar qanadıyla əl eləyirdi.

Üzü dan yerində, dan ağaranda –
Dolu buludlardan dolu düşürdü,
Qəmzəli zəmilər ölü düşürdü.
Dərə gümüldənir, daş oxuyurdu,
Elə bil çillənin dölü düşürdü.

…görən nə umurduq dana qalandan,
Görən nə umurduq anrı boylanıb?
Bizim üzümüzə dan ağarandan,
Üzü dan yerindən Tanrı boylanıb…
Haçansa, haçansa, haçansa, haçan?

* * *
Bir uşaq rəsmi çək Ümmət Qaraca –
Bir az mavidən al, mordan çəhrayı,
bir az da turuncdan narıncı baxsın.
Baxsın o uşağın baxışlarından,
“Dilqəmi”, “Kərəmi”, “Zarıncı” baxsın.

Bir uşaq rəsmi çək Ümmət Qaraca,
Qürubun qanına batır fırçanı.
Ovunu haqlayan qurd nəfəsitək,
Hərdən yanı üstə yatır fırçanı.

Bir uşaq rəsmi çək Ümmət Qaraca,
Buludun üstüylə qaçan bir uşaq.
Xiffəti iməkdən təzə day duran,
Özünə gecələr vətən uyduran,
Gilənar çiçəyi açan bir uşaq.

Bir uşaq rəsmi çək Ümmət Qaraca,
Upuzun yolların yolçusu – gözü,
Qara damlarına bacadı görüm.
Gözündə lillənib qalan həsrəti,
Bu qoca dünyadan qocadı görüm.

Tural Adışirinin təqdimatında