Ölüm nədir ki? Bəşər övladının xəyallarını yarımçıq qoyub keçdiyi o soyuq xətt, torpağın altına çəkilən səssizlik… Lakin bəziləri var ki, torpaq onların cəsədini qoynuna almaqla böyüyür, müqəddəsləşir. Şəhidlər torpağa dəfn olunmurlar; torpaq onların cəsədi ilə şərəf tapır, ruhları isə birbaşa tarixin səhifələrinə həkk edilir. Zamanın tozu-torpağı bu səhifələri örtə bilmir.
Görəsən, insanı öz canından, gəncliyindən, arzularından belə keçməyə vadar edən nədir? Bu sualın cavabı nə fəlsəfə kitablarında var, nə də gündəlik həyatın adiləşmiş fəzilətlərindədir. Bu sualın birbaşa cavabı Müqəddəs Kitabın hikmətindədir: “Allah yolunda öldürülənlərə ‘ölü’ deməyin! Xeyr, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz…” Onlar Rəbbinin dərgahında ruzi yeyir, bizim dərk edə bilmədiyimiz bir aləmin, əbədi bir diriliyin nəfəsini alırlar. Bu, sadəcə bir təsəlli deyil; bu, onların əbədiyyətə qovuşmasının ilahi düsturudur.
Qanları ilə Vətən torpağına xəritə çəkən oğullar… Onlar təkcə sərhədlərimizi qorumadılar, həm də neçə illərdir bükük qalan qamətimizi, yaralı qürurumuzu dirçəltdilər. Sərkərdə fərasəti ilə igid cəsarətinin, Cənab Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət ilə igidlərimizin unudulmaz şücaətinin bir nöqtədə birləşdiyi o tarixi anlarda Dəmir Yumruq təkcə düşmənin başını əzmədi, həm də xalqın taleyini təzədən yazdı. Otuz ilin nisgili, qarış-qarış azad olunan torpağın hər daşında, hər cığırında həyatını qoyan oğulların nəfəsi ilə əridi.
Bu zəfər sadəcə hərbi bir qalibiyyət deyil. Bu, bir millətin yenidən doğuluşudur. Torpağa tapşırılan hər şəhid, əslində, bu torpağın əbədi keşikçisinə çevrildi. Cəsədləri ilə basdırıldıqları hər qarışa şərəf, ruhları ilə səmamıza azadlıq bəxş etdilər.
Ey xalq, ayağa qalx! Bu zəfər sənin səbrinin, sənin igidlərinin qanının, sənin polad iradənin təntənəsidir. Başını dik tut, çünki sənin Vətən dediyin bu müqəddəs torpaq, oğullarının al qanı ilə yoğrulub əbədi bir qala kimi ucalıb.
Zəfərin mübarək, ey şanlı xalq, ey şəhidlər böyüdən müqəddəs Vətən!
Tural İbrahim









