Ev Bədii Oyatma mürgülü xatirələri – Şeirlər

Oyatma mürgülü xatirələri – Şeirlər

790

Nüsrət Kəsəmənli

Getmək istəyirsən…

Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin, saxta sənədtək
Nə vaxtsa üstündə tutulacaqdır…

Yollartək döşənib ayaqlarına
Sənə yalvarımmı?..
Bu mümkün deyil.
Qoymaram qəlbimtək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil…

Demirəm, sən uca bir dağsan, əyil,
Demirəm, qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm əl açım sənə.

Getmək istəyirsən,
nə danış, nə din,
Yox ol xəyal kimi dumanda, çəndə.
Nəyimi sevmişdin,
deyə bilmədin,
İndisə yüz eyib görürsən məndə…

Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı…

Səni unutsam..

Mən səni unuda bilmirəm, axı,
Unutsam, nələri unudam gərək,
Göylərə baxmışıq aylı gecədə,
Unutsam göyləri unudam gərək.

Dənizi unudum, ya dalğaları,
Xatirən yadımdan çıxaydı, barı.
Payızda xəzanı, qışdasa qarı,
Baharda gülləri unudam gərək.

De, necə unudum mən səni necə,
Sevgi durna deyil, payızda köçə,
Yuxuma gəlirsən mənim hər gecə,
Ayları, illəri unudam gərək.

Sənin xəyalındır həsrətlə baxan,
Adındır hər saat qarşıma çıxan,
Qarışıb şəklinə gözümdən axan,
Yağışı, selləri unudam gərək.

Sinəmdə peşiman ürəyim qaldı,
Uçdun, əllərimdə lələyin qaldı,
Nələri itirdim, bax, nəyim qaldı,
Nələri, nələri unudam gərək.

Biri vardı, biri yox

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardi, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib, can eşidən
Dostlarımın biri vardı, biri yox.

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox…

Uzaq gəzdi əmi, dayı, bibilər.
Sözarası mənə “evlən” dedilər,
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək, bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən,
Vaxt gələcək, sən özün deyəcəksən,
Deyəcəksən: “Biri vardı, biri yox!”

İkimizin yerinə…

Bu sevgidən sən qorxursan
eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün
dara çəksələr
Mən gedərəm ikimizin yerinə…

Min əzabdır sənsiz keçən
hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini
Mən çəkərəm ikimizin yerinə.

Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün tanrı yazan şeirəm,
Dodaqların inciməsin deyirəm,
-Mən ölərəm ikimizin yerinə…

Taleyimdə son açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə,
Bu sevginin sonu əgər ölümsə
Mən ölərəm ikimizin yerinə.

Dünən toyun idi…

Sağlıqlar deyildi çığır-bağırla,
Üşüyən qəlbinə girən oldumu!
Gözündən qəlbinə düşən cığırla
Axan göz yaşını görən oldumu!

Sağlıqlar uzandı…
səhərə kimi
Çalıb-oynadılar, kef eylədilər,
Çırpıb pillələrə son ümidimi
“Vağzalı” üstündə dəfn eylədilər.

Son ümid!
O mənim gərəyim idi…
Yoluna şam tutdu neçə qız, gəlin.
Şam deyil,
o mənim ürəyim idi,
Son dəfə yanırdı yolunda sənin.

Getdin…
O köhnə yol nur yolu idi,
İzin düşən yerdə gül açmadı ki?
Özgəylə keçirdin o yolu indi,
Ayağın altından yer qaçmadı ki?

Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər?
Düşüb qədəminə hər yoxuş, eniş
Niyə ürəyimə çəkilmədilər?..

Başına gül-çiçək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
“Get” deyib
alnımdan öpdülər o gün,
Sınıq taleyini düzəltmədilər…

Güldün…
Gülüşünün ömrü çox qısa,
Bir həsrət axırdı qanında sənin,
Orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında sənin.

Dünən toyun idi…
Xoşbəxt olasan!
Görünür bu bizə qismət deyilmiş.
Unut!
Elə bil ki,
sevdiyin oğlan
Getdiyin oğlanmış,
Nüsrət deyilmiş…

Sən demə, təzədən sevmək olarmış

Sən demə, təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman gələ bilərmiş.

Ürək bulud kimi boşalırsa da
Demək, bulud kimi təzədən dolur,
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.

Sən demə, təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir,
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilər.

Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?!

Sən demə, təzədən sevmək olarmış,
Sevgi fursət deyil quş kimi uça.
Nə də kölgədir ki,
qaçasan qova,
Ya da sən qovasan,
o səndən qaça…

Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.

İlk sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib…

Mən ki, görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir, bir dəfə sevilir insan,
Sən demə, təzədən sevmək olarmış…

Tural Adışirinin təqdimatında