Ev Bədii Sizə Vətən oğlanam – Ayaz Arabaçının şeirləri

Sizə Vətən oğlanam – Ayaz Arabaçının şeirləri

978

Ayaz Arabaçı – 55

* * *
Sevgi olmayanda heç nəyin olmur,
Yəni ki, bir yaran-göynəyin olmur.
Sətəlcəm olursan, allah deyəndə,
Alovdan-atəşdən köynəyin olmur.
Sevgi olmayanda heç nəyin olmur,
Ürəyin isinmir dosta-sirdaşa.
İçində bir misra şeir doğulmur,
Adicə daş kimi baxırsan daşa.

Daş lələ çevrilmir, almaza dönmür,
Gül-gülə bənzəmir, yaz-yaza dönmür,
Gəlintək bəzənib qarşına çıxan,
Yasəmən gözündə kol kimi qalır.
Alıb qanadına aparmır səni,
Yol da cansıxıcı yol kimi qalır.
Sevgi olmayanda heç nəyin olmur,

Məna kəsb eləmir tapdığın bir iz..
Sevgi olmayanda nədi ki, dəniz..
Bir mazut qoxulu su yığınıdı.
Bir qucaq qorxulu su yığınıdı.
Sevgi olmayanda ürək nədi ki..
Sümükdən düzəlmiş bağa qınıdı..
Sevgin olmayanda heç nəyin olmur..

Çıxır adamlıqdan sirin-sifətin,
Eləcə bir yığın ətə dönürsən.
İtir nəğmələnmək qabiliyyətin,
Sevgi olmayanda itə dönürsən.

Qaralır ciyərin sobadan betər,
Ütülmüş bığından his iyi gəlir.
Sevgi olmayanda firuzədən tər,
Qızıldan göyərmiş mis iyi gəlir..

Sevgiyə can atır həyatda hər kəs,
Hər ucuz fikirdə azmağa dəyməz.
Sevgini heç bir şey əvəz eləmir,
Sevgi olmayanda yazmağa dəyməz.

* * *
Demişdin ki, saat 10-dan ordayam,
saat 10-dan 3-ə kimi gözlədim.
Day, gözləmək başqa nə cür olur ki,
bir adamsız küçə kimi gözlədim.

Fikirləşdim işi çıxıb, gecikir,
xəyalları xalı kimi toxudum.
O üzünə-bu üzünə çevirib,
bir qəzeti 50 dəfə oxudum.

Qovrulurdum, götürmüşdü şəhəri,
bu istidə qovurduğun ət iyi.
Siqar-siqar güllələdi ömrümü,
əlimdəki alışqanın tətiyi…

Yanğın üçün çağırışdı, haraydı,
bilirsən ki, mənim zəngim zəng deyil.
Zəng elədim götürmədin beş dəfə,
dedim, yəqin adamdı də, tək deyil…

Çox pis oldum,
sənə olan hisslərin,
gördüm daha kamançası çalınmır.
Heç olmasa iki kəlmə yazardın,
heç olmasa bilərdim ki, alınmır…

Gəlib-gedən, gedib-gələn baxırdı,
piltə-piltə sönüb gedən bu şama…
Ayrı vaxtı heç bu qədər dost-tanış,
qohum-qardaş rast gəlmirlər adama…

Çətin olur güc toplamaq sonralar,
adam gərək ilk görüşdən solmasın.
3-dən sonra səbrim tamam daraldı,
dedim gəlmir, gələn günü olmasın…

Hardasan

Könlümü göynədən xatirələrdən,
Gözümü kiminlə açım, hardasan?
Nə qədər hönkürüm şeir diliylə,
Nə qədər səninçün acım, hardasan?

Dilim heca-heca adında çaşır,
Məni sinəmdəki bu dağdan aşır,
Göz yaşım gözümdə Kür kimi daşır,
Baş alıb hayana qaçım, hardasan?..

Bu sevda tək əlnən çağlaya bilməz,
Qələm bu məktubu bağlaya bilməz,
Məni sənin kimi ağlaya bilməz,
Bəlkə də heç anam,bacım, hardasan?.

Günşəli-buludlu bir xəyal qurum,
Canımda nəfəsim, gözümdə nurum,
Gəlim, hansı söznən səcdənə durum,
Sultanım, kralım, racım, hardasan?.

Könül dəftərində bir əyri xəttəm,
Bir yığın sümüyəm, bir ovuc ətəm,
Dağılıb – talanmış bir məmləkətəm,
Taxtım hayandasan,tacım, hardasan?.

Özüm, öz oduma bürünüm mənim,
Yetərmi can versəm, bir ünüm mənim,
Hardasan şirindən-şirinim mənim,
Hardasan, acımdan-acım, hardasan?

* * *
Könlümə baş qoyub elə yatıbsan,
Oyanmır damarın nə vaxtdı şeirim.
Elə bil min illik dərman atıbsan,
Xəbərin yoxdu ki, sabahdı şerim.

Eşqini heç zaman uzaqda bulma,
Səsini heç harda sıxma,boğulma,
Həyata, sinəmdən ölü doğulma,
Həyat nə amandı, nə ahdı şeirim.

Dərdini taleyin üstünə atma,
Gücsüzün haqqını güclüyə satma,
Fürsəti buraxma, vaxtı uzatma,
Laqeydlik özü də günahdı şerim..

Bir dəfə ürəkdi, min dəfə oxdu,
Həsrətin həmişə əyarı çoxdu,
Onsuz da həyatda heç biri yoxdu,
Nə haqqı çağırma, nə baxtı şeirim.

Başını dəyərsiz hər başa əymə,
Harda yaşayırsan get yaşa,əymə,
Ən yekə, ən qansız oğraşa əymə,
Bu gün imtahandı, sınaqdı,şeirim.

Bəlkə də ovçusan, bəlkə də ovsan..
Bircə sən qovarsan ağrımı qovsan..
Sən mənim üstümdə “Kalaşnikov”san,
Sənin bir adın da silahdı, şeirim.

* * *
Çərpələngtək uçub getdi gəncliyim,
Saçlarımın dən ağrıyan, yerindən.
İndi sənə bu məktubu yazıram,
Tüstü, duman, çən ağrıyan yerindən.

Xatirələr əl altında dururlar..
Üç gündən bir yas məclisi qururlar,
Ona görə sağaldıqca vururlar,
İkimizin tən ağrıyan yerindən.

Pozulubdu həyatımın düzgüsü,
Hardan baxsan düz umudu-düz küsü,
Çat veribdi məhəbbətin güzgüsü,
Bu dünyanın mən ağrıyan yerindən.

İmkan vermir yaşamağa zəhərlər,
İt ağzında oyanıram səhərlər,
Qopub getdi yer altına şəhərlər,
Ürəyimin sən ağrıyan yerindən.

Nə gəlibsə dəyişmədən yazmışam,
Bir yuxu var xeyirliyə yozmuşam,
Sənə görə pəhrizimi pozmuşam,
Göndər öpüm, ən ağrıyan yerindən..

* * *
Gözlərimin yağı var günəş adlı çıraqda,
Zülməti yarıb çıxan ürəyi dan oğlanam.
Bəzəmişəm könlümü bahar nəğmələriylə,
Heç kimdən qorxum yoxdu, papağı yan oğlanam.

Kim boğulur boğulsun qoy kirində-pasında,
Yürütmədim ruhumu əlil arabasında..
Dünyaya görkəm verir sözüm şah libasında,
Elə o bəy oğlanam, elə o xan oğlanam..

Adına ləkə gəlməz mən sarıdan lələmin,
Yaşadım ağrısını min-min dərdin, ələmin,
Uca tutdum hər zaman bayrağını qələmin,
Vətənə şöhrət oğlan, tarixə şan oğlanam..

Nə varsa qalsın sizə, gözüm yoxdu dalımda,
Min arı zəhməti var hər bir qətrə balımda,
İkicə söz yazmışam tərcümeyi-halımda,
Söz kimi söz oğlanam, can kimi can oğlanam..

Olsa da orda-burda nəfəsimi təngidən,
Haqqa doğru yürüşdə yoxdu məni ləngidən,
Bilməmiş olmazsınız ruhumdakı”Cəngi”dən,
Hər kəlməsi qılıncam, hər sözü qan oğlanam.

Heç zaman endirmədim sözü zirvədən dizə..
Səpildim çiçək-çiçək, səpildim yola-izə,
Canım fədadır hər vaxt, sizin hər birinizə,
Sizə Vətən oğlanam, Azərbaycan oğlanam..

* * *
Gülüm, sənin ürəyindən keçirsə,
Görüşməyin nəyi pisdi, görüşək.
Yüz iş çıxır, min iş çıxır böyürdən,
Uzatmayaq, isti-isti görüşək.

Uyğun gələn bir qrafik qurarıq,
İki dəfə ikidi də, vurarıq,
Uzaqbaşı bir çay içib durarıq..
Nə şeydi ki,altı-üstü..Görüşək.

Bir imza qoy, boş olanda bu rəyə,
Çox çətindi zor eləmək ürəyə,
Demirəm ki, “gedək üzü küləyə”,
Elə-belə, ayaqüstü görüşək.

Ömrün qışda çiçək açan badamı,
Özün başlat, bu mübarək edamı!
Bağışlamır aldadanda adamı,
Bir də gördün ürək küsdü, görüşək.

Çəkmədiyim, dadmadığım bir ah yox,
Qorunmağa elə güclü silah yox,
Həyatdı də bu gün varıq, sabah yox,
Ömür yaman nadürüstdü, görüşək.

Dindir bir yol,kökdən düşmüş tarı,gəl,
Nə deyirəm, eybi yoxdu, qarı, gəl,
Alov-alov görüşmədik, barı gəl,
Heç olmasa tüstü -tüstü görüşək..

* * *
Bir qış günü can ödədin əcələ,
Ağır oldu son xəracın, ay ana.
Donub qaldı eşitdiyi xəbərdən,
Ömür dostun, könül tacın, ay ana.

Bir söz varmı tapım yazım kağıza,
Ağu gəlir, zəhər gəlir ağıza,
İndən belə nə oğula-nə qıza,
Nə atama ehtiyacın ay ana.

Yoxdu daha heç bir şeyə qüdrətim,
Ayaqlarım addımbaşı büdrəyir,
Əllərimin sazağında titrəyir,
Güllü şalın, tərli saçın ay ana..

Qar yağıbdı zirvələrin qaşına,
Nə söyləyim, məzarının daşına,
Yığıldımı o dünyada başına,
Sevindimi, anan, bacın ay ana.

Sazaq kəsər, şaxta vurar könlünü,
Dərd min dəfə sökər-qurar könlünü,
İndən belə nə doydurar könlünü,
Mənim kimi ruhu acın ay, ana..

Səsin gəlir-bu qədər də yas olmaz!
Səsin gəlir-oğul dərdə basılmaz..
Bir də o cür şirinliknən asılmaz,
Qapımızda tavan-sacın, ay ana.

Atam guya təmkinini saxlayır-
Durub-durub uşaq kimi ağlayır,
Yeddi yerdən ürəyimi dağlayır,
Hər baxanda əl ağacın ay, ana.

Nələr gördüm nırxı dönmüş bazarda,
Bir də nə vaxt, görüşərik biz, harda? ..
Heç olmasa uyuduğun məzarda,
Azaldımı ağrın-acın, ay ana.

Fotonun müəllifi: Rəssam İsmayıl Bakinski

Tural Adışirinin təqdimatında