Ev Bədii Vaqif Səmədoğlu – Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm

Vaqif Səmədoğlu – Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm

702

Xalq şairi Vaqif Səmədoğlunun şeirləri..

Uzaq yaşıl ada

Ürəyim yol çəkir bir gözə dönüb,
Yollar da tərs kimi uzanır, gülüm.
Yuxumdan hər gecə durnalar keçir,
Bilmirəm nə olub, haradan bilim?!
Belə getsə sınar quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır, qorxuram çata…

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada…
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada…

Tez ol xəbər ver, görüm necəsən,
Gözlərin necədi, yerişin necə?
Yaman darıxmışam, mən səndən ötrü,
Barı bir soraq ver özün gəlincə.
Yerini bilmirəm, bilsəm gələrəm,
Könlünü alaram, sevərəm yenə.
Xəzərin köksündən qalxan dumana,
Qara şanı büküb gətirrəm sənə…

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada…
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada…

Günaha batmağım gəlib, ay Allah

Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni,
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.

Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.

Özün bax, gör dünya nələrlə dolmuş.
Gör nələr olacaq, gör nələr olmuş,
Yalanla, şərabla, qəmlə yoğrulmuş
Həqiqət dəmidir, saxlama məni.

Qoy artsın dirimə, ölümə söyən.
Halıma ağlayıb dizinə döyən,
Baxtın şahə qalxan atı kişnəyən
Səadət dəmidir, saxlama məni.

Dəymə, qoy qəlbimə girsin bu ilan,
Onun zəhərinə indi can qurban,
Bütün qanunlara meydan oxuyan
Cinayət dəmidir, saxlama məni.

Qoy bu gün sevinim, utanım sabah
Yarımçıq çıxmasın sinəmdən bu ah,
Günaha batmağım gəlib, ay Allah,
Məhəbbət dəmidir, saxlama məni!
1996

Sevgilim, mən öləndə

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

 

***
Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

 

***
İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm…

 

***
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin…
1963

 

***
Eşidirsənmi?
Amma necə eşidəsən…
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız,
Bir yandan da bu yağış…
Bu yağışda canavarlar da
adam olub yorğan-döşəyə
girmək istəyirlər.
Görürsənmi?
Amma necə görəsən…
Qurtarmayıb hələ də
aramızdan keçən qatarın vaqonları.
Bir yandan da bu yağış…
Bu yağışda qorxudan
səs-səsə verib bar-bar bağırır
Qobustan qayalarının öküzləri də!
Eşidirsənmi?
amma necə eşidəsən…
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız
bir yandan da bu yağış…
1964

 

***
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm…
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra
kimi oxunmaq…
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!

 

***
Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb…

 

***
Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi…

Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir…

Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa…

 

***
Məzara bənzəyir yaxşı insan…
Məzar kimi
yaya, qışa dözümlü,
məzar kimi dinməz.
Gözə az-az görünür yaxşı adam
ildə bir-iki kərə baş çəkilən
məzar kimi.
Yaxşı insanın yanında
susmaq olur
o da danışdırmır heç kəsi,
sirr almır adamdan
məzar kimi.
Yaxşı insan da
bir yerə bağlanıb
məzar kimi.
Uzaqdan başdaşına
bənzəyir yaxşı insan
yaxından ağlaşmaya…

 

***
Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək
Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək

Yağışın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz dənizə sarı
Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı…

 

***
Saxlayın Yer Kürəsini,
Mən düşmək istəyirəm.
…Ay işığının
sapsarı ipi
düşmüş sularına dənizin
O ipi
boynuma dolayıb
asmaq istəyirəm özümü aydan,
ayağım altından
bir kənara itələyərək
Yer kürəsini..

 

***
İlahi,
hansı dildə yalvarım sənə?
Bir dua yetər
yoxsa sənə də
ağız açmaq gərəkdir dönə-dönə?
Sənə yox, dünyaya yox,
özümə gülürəm.
çünki yaratdığın neçə min dildən
cəmi ikisini bilirəm.
Bunların birindən
yer də, göy də xəbərsiz…
Odur o birində
yalvarıram sənə indi:
Qospodi, pomoqi, Qospodi…

 

***
Hamıdan yorğun
kimdir bu dünyada?
Sənmi?
Mənmi?
Başqa bir kəsi
sala bilmirəm yada…
Bəlkə o yalçın qaya?
Yox,
bu dünyanın ən yorğunu
elə bu dünyadır, bu dünya…
2000

 

***
Dönməyə yer yox.
Belə düz yol
olmamalıdır yer üzündə.
Dönmək arzusundan
dönməməlidir insan.
Hərdən hətta burulmalısan
doğru yoldan,
bu yolda lap gülləylə vurulmalısan.
Amma mütləq dönməlisən!
Ya sağa – eşqə aparan bir dalan,
Ya sola – bir şirin yalan…
1999

 

***
Nə yaxşı ki, oyaq idim,
Sən yuxuma girəndə,
Nə yaxşı ki, ayıq idim,
Səni o gün görəndə.

Bir divara söykənmişdim,
Sən qarşıma çıxanda,
Nə yaxşı ki, kor deyildim,
O gün sənə baxanda.

Bilmədim, səni buraya
Meh ya duman gətirdi,
Onu bildim ki, o yerdə
Baxtım yaman gətirdi.

Kim deyir ki, yerdən göyə
Dualar boşa gedir?
Göylə bulud, yerlə o qız,
Dualar qoşa gedir.

Sevinməyə anlar varmış,
Allah, şəhər içində,
Fəqət canım duz bağlayıb,
Qanım şəkər içində..
1999

 

***
Barmaqlar arasından
axıb, gedir ömür.
Nə barmaqlar səninmiş,
nə ömür sənin…

Ovcumda narın qum,
barmaqlarımın arasından
süzülür yerə.
Əlvida,
birrəngli
ağ və qara günlərim…
1999

 

***
Ömrüm nisyə getdi,
ölümüm də nisyə olsun.
Elə bir bazarın varmı, İlahi?

Məni yuxuda öldür,
ağrısız, əzabsız.
Elə bir azarın varmı, İlahi?

Mənə bu dünyaya baxmaqçün
bir kiçik pəncərə ver.
Elə bir məzarın varmı, İlahi ?..

 

***
Hərdən mənə elə gəlir ki,
mən yox,
şeirlər məni yazır.
Oxunuram, oxunmuram,
kimi bəyənir məni,
başqasının zəhləsi gedir
hər sözümdən, fikrimdən.
Bilmirəm,
bilmək də istəmirəm
kim cırıb atacaq,
kim əzbərləyəcək məni…

Tural Adışirinin təqdimatında