Ev Bədii Yadımda qal, sonra get… – Şeirlər

Yadımda qal, sonra get… – Şeirlər

215

Mürfəttar Seyidməmmədov

Sonra get

Qəlbim sənə açıqdı
O açıq yaxan kimi.
Ürək çıxır sinəmdən
Sən yola çıxan kimi.
Gör bir saat neçədi,
Heç getməyin yeridi?
Bivaxt yola çıxmazlar,
Burası kənd yeridi,
Yanımda qal, sonra get…

Bilirsən, tək qalanda
Dörd bir yandan üstümə
Cəhənnəm ilanları
Hücum çəkir qəfildən.
Heç nə…heç nə …o anda
Boynum ipdən xoşlanır ,
Ayaqlarım kətildən.
Məhəbbətdən söz açıb ,
Bağrım köz – köz göz açıb.
Günüm keçir zülümnən,
Qum sovuran uşaq tək
Oynayıram külümnən.
Mehmanım ol bu gecə,
Öyrən yanmaq necədi,
Odda donmaq necədi ,
Odumda qal , sonra get…

Ev – eşik də yadlaşıb ,
Ocağımda yad daşam.
Çox duyğusal adamam ,
Bir az da unutqanam.
Yuxuma tez – tez girən
O ruh qız bəlkə sənsən ?
Yadımda qal , sonra get…

* * *
Hər şey yuxarıda, çox yuxarıda…
Buludlar, ulduzlar, gün yuxarıda.
İblisin, mələyin tutub əlindən
Allah yuxarıda, cin yuxarıda.

Hər şey yuxarıda, lap yuxarıda…
Sular buxarlanıb uçur yuxarı.
Xəstə göyə baxır son nəfəsində,
Ayrılıb ruhu da qaçır yuxarı.

Yağır üstümüzə yağış da, qar da,
Raket də, bomba da düz yuxarıdan.
Oturub şeirimi yazıram burda,
Düşür kəlmə – kəlmə söz yuxarıdan.

Hər şey yuxarıda, çox yuxarıda…
Yerdən aya baxdım , ay yuxarıda ,
Aydan yerə baxdım, yer yuxarıda.
Çaşdırır bu sual lap uşağı da,
Söylə, nə var, nə yox bəs aşağıda?

***
Üzünə işıq düşüb ,
Yanaqların yanır , oy …
Yuxun qarışıq düşüb ,
Yastığını tərsə qoy.

Düzdü sən uyuyañda
Yaxında mən olmuşam.
Yalandan amma demə
Yuxunda mən olmuşam.

Qoy açım öz yuxumu,
Yüz yana yoz yuxumu.
Yuxumda hey uçurdum,
Səni heç görməmişəm.
Nəyə desən and içim,
Yuxuna girməmişəm.

***
Şəhid xanımlarına

Mən bir qəmin şəklin çəkdim ,
Ayaqların, əlin çəkdim .
Bir üzün dul gəlin çəkdim ,
Bir üzünü qız çəkirəm .

Sığal çəkib sına – sına ,
Sınıq könül yarasına .
Göz yaşından yanağına
Dən – dən düşən duz çəkirəm .

Aşkar olub , gizli olub ,
Acı olub , duzlu olub .
Bu qəm yaman üzlü olub ,
Mən bu qəmə üz çəkirəm .

***
Unudasan dərd – sərini ,
Bilməyələr heç yerini.
Əzrayılın dəftərini
Açasan, adın olmaya.

Bir səs kimi , bir ün kimi,
Olasan cavan dün kimi.
Doğasan eşqə gün kimi,
Qalasan, batın olmaya.

Sevəsən, minnət olmasın,
Arada möhnət olmasın.
Nə sənə qismət olmasın,
Nə də ki, yadın olmaya.

Aşiqlərin gözü nəmdi,
Yer üzü sevgidən kəmdi.
Cənnət özü cəhənnəmdi,
Sevdiyin qadın olmayan.

***
Buludlar göy üzündən
Yağış, qar buludlardan
Sırğalar qulaqlardan
Göz yaşı yanaqlardan
Gözəllər aynalardan
Körpələr nənnilərdən
Analar laylalardan
İnsanlar kölgələrdən
Ümidlər ” bəlkə”lərdən
asıbdı özlərini.

Yağış, çətir, ayrılıq haqqında

Çox şeyi unutdun çıxıb gedəndə,
Səndən bir ev dolu xatirən qalıb.
Soyuq divardakı iki, üç şəklin
Mismardan asdığın çətirin qalıb.

Mən hazır deyildim ayrılığına,
Hər gecə balıncım yağış yağdırır.
Sel, su yuyur məni, yerim də daşdı,
Səhər oyananda görürəm ki mən
Şəkillərin nəmdi, çətirin yaşdı.

Yağışlı günlərdə mən işdən çıxıb
Yaman tələsərdim doğma ocağa.
Məni qorumaqçün yağışdan, qardan
Gələrdin çətirlə dayanacağa.

Əsirin olardım çətirin altda,
Ətirin ruhumu məst eləyərdi,
Yağış da bir yandan qəsd eləyərdi.
Hər an əbədiydi, zaman donardı,
Siləndə yanaqdan yağış suyunu
Mənim əlim, sənin üzün yanardı.

Qarışardı ətrin yağış ətrinə,
Süzülüb hopardı güllü çətrinə.
Biz ki bir can idik çətirin altda
Üz – üzə, göz – gözə, nəfəs-nəfəsə.

Çətirin ev idi, dam idi bizə,
Külək də, yağış da ram idi bizə.
…Yox, daha bu evdə qala bilmərəm,
Bu gündən hər şeyi atıb gedirəm.

Yaxşı ki qapını örtüb gedirəm,
Yoxsa …
Arxamca ətrin də uçub gələrdi.
Hava da buludlu, yağışqabağı
Çətirin tinbətin, küçəbəküçə
Məni axtarmağa qaçıb gələrdi.
…Yaxşı ki qapını örtüb gedirəm.

Tural Adışirinin təqdimatında