Qulu Ağsəs
Müharibə əlili
Üzdü ayaqlarımı Vətən yolu
qayıtdım üzüqoylu…
qayıtdım
qurşağımın yuxarı qatıyla,
qayıtdım
əlil arabasının atıyla…
İki balam gözüyaşlı
arvadım başıdaşlı…
Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm … özü gəzir…
Süfrəmdə haram var –
dinmirəm,
İki ac balam var –
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u…
***
Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı…fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var rahatlan, uyu…
Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.
Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş? körpəsi hanı?
… Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən…yandır özünü…
***
Çox da salıb dünyanı eynəyim gözdən – nolar
Ağız suyuyla bitir dodaqda söz də – nolar…
Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,
Dörd tərəfin köpəksə, demək, mühafizən var…
Yer tərpənir – tərpənsin, sallanarsan budaqdan
Bir də gördün əl edir kimsə sənə uzaqdan…
Nə lazım, uzaqbaşı bircə otağın ola
Gecənin bir yarısı qəfil qonağın ola…
Sevəsən bu gəlişi başdan ayağa kimi
Küsdürəndə ağlaya qoynunda çağa kimi…
Gedəndə könlünü də yalvar – yapış apara
Gün görməmiş dərisin gün çıxmamış apara…
… Gedə, bir də qapından əcəl girəndə gələ
Günəş xəstə dünyaya şüa verəndə gələ…
***
Canım-gözüm, şükür de ki,
Ölsən də başın üstdəki –
Pəmbə buluddu, daş deyil…
Sevməyi var, sancmağı var
Baxma hərdən uçmağı var –
Ürək yuvadı, quş deyil…
Neynəyərəm görən sənsiz?!
Ha istədim öləm sənsiz –
Baxdım ki, mənlik iş deyil…
Bu da mənim baxtımdandı,
Gözüm Tanrı taxtındadı –
Onun da yeri boş deyil…
***
Özün dağ başına qoyan şəhərin
ayağın xan kəndi yuyurdu
kürəyinin təri
cıdırda soyuyurdu.
Girməzdi
dumanına gün işığı,
havasına çay qaşığı.
Qayaları sərxoş idi,
adamları tay-tuş idi,
küçələri tay-keş idi.
Qəbirüstü yazıları
nəğmə kimi oxunurdu,
kolda-kosda tələf olan
qurd-quşu gül qoxuyurdu.
Kim idi qalxan o boyda dağı? –
yağışdan sallanıb enirdi qonağı.
… Dağın dizləri əsdi bir may səhəri
gözünün yaşı
ayağının suyuna qarışdı şəhərin…
***
Bu dünyada heç kəsə demədim…
O dünyada soruşsalar:
sən kimsən? –
gözümü yumub, ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam…
***
Yorulub oturdum
varağın bir küncündə,
ürəyim it kimi ulayır
it kimi…
at gücündə.
Qışa bir taya şeir yığmışam
sözü misraya vura – vura.
Günəş – müqəvva görünsəydi
gecəni quş kimi qorxuzub uçura…
Düşünürəm:
Yaşamaq!
– dünyanın ən zor işi!
Yaşamaq!
– irəli qovaraq keçmişi!
Fəqət…
istəyirəm əcəl gələndə
qarşımda heç nə dayanmasın.
Məni elə çağırsın ki,
sevgilim yuxudan oyanmasın…
***
Yastıq qoyub başımıza
əcəb yatırdın bizi.
Aç gözünü, qaranlığın
Qırıb batırdı bizi.
Milyon illərdi yeyirik
Süfrənin qırağından.
Çörək bizi tutar deyin,
Dinmirik qabağından.
Nə boydasan görən heylə?
Bir ölçüyə gəlmirsən?
Baş çəkmirsən qullarına
Bizə niyə gəlmirsən?
…Özünü görməsək də,
Xofun yamandı, Allah!
Bizi qırıb qurtarmamış,
Ölmə, amandı, Allah!..
***
Kimsən, nəçisən, ay Allah –
Heç səndən baş tapammadıq.
Özün qurduğun dünyada
Sənə bir iş tapammadıq.
Günün necə keçir barı,
Can verib can almağınnan?..
Səni nəynən bəndə salaq,
Tutaq hansı qarmağnan?!
Görsək, heç nə eləmərik,
Bir üzünü göstər bizə!
Yaxşı günün əgər busa,
Yaman günü göstər bizə!..
Neyləsən, sevirəm səni,
Qulunam, gəl min boynuma!..
Bu şeiri də sən yazmısan,
Babalı mənim boynuma…
***
Nə olar, bir səhər durub görəsən,
Divarlar üstünə Allah yazdırıb.
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb…
Başını yelləsən, odu közərir,
İşıq vermir, amma işıq söz verir.
Bircə eybi var ki, dünya gözəlin
Məni qucağına qonaq yazdırıb…
Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb…
***
İşdi-qəzadı
səndən əvvəl ölsəm,
məni son mənzilə aparırlar görsən,
vəsiyyətimə əməl elə:
Arxamca su at,
uğur dilə.
Saçını yolma,
köksünü ötürmə.
Allahın yanına gedirəm
ürəyinə ayrı şey gətirmə,
Borclunun qapısın döyərlər:
Yeganə borclu qaldığım
əvəzini vermədən aldığım
son nəfəsdən özgə
kimsəni qapıma yaxın qoyma.
Bir də
ta uşaq deyilsən
burnunun suyunu
gözündən axıdan
bu faniyə uyma…
***
Rəngsizdi, tamsızdı,
ətsiz-qansızdı,
Allahsız, imansızdı,
Mən çəkən dərdlər.
Nəfsi bıçaqdan iti,
içimi dağıdır, didir,
vecinə deyiləm qəti
Mən çəkən dərdlərin.
Nə ət deyil,
nə siqaret
Deyəsən çəkildi, qurtardı.
…Dünya, Tale, Tanrı deyilən
nə var hamısı günahkardı
Mən çəkən dərdlərə.
Dərdi nə çəkiləsidi,
nə qaçılacaq,
Mən çəkən dərdlərin.
…Bir gün “sərgisi” açılacaq,
Mən çəkən dərdlərin.
***
Yazırsan: «Ölürəm…» Min şükür, alqış!
Nə yaxşı, sevgidən ölən hələ var.
Demə, kişidən də mələk olarmış,
Əzrayıl olanda axı nə olar…
Bilmirəm dünyanın xoşbəxti deyim,
Bilmirəm dünyanın bədbəxti sənə.
Düzü, istəmirəm xətrinə dəyim,
Cavab axtarıram nə vaxtdı sənə…
Kimsə ayağını qoymaz içəri –
Könlümün keşiyin balam çəkirsə.
Sevgi ötən gündür məndən ötəri,
Sən məni səvməklə dala çəkirsən.
Cavab məktubumda sözlər baş-ayaq,
Bir ucdan yazilir, pozulur elə.
Qorxuram öləsən sevgin yaşaya,
Qorxuram qalasan – məhəbbət ölə.
***
Dan yeri – gecənin göydə od tutan
bağrıdı.
Xəbərin varmı? –
Bilmirəm.
Bir də yarpaq salma külək poçtuna.
Bağlıdı.
Xəbərin varmı? –
Bilmirəm.
Ürəyin – içəri qapındı Sənin,
Aç görək, nəyin var
qabında Sənin?!
Ömür-gün bölünüb… qalıqda
Səni Saxladı.
Xəbərin varmı? –
Bilmirəm.
Hərəmiz borcludu
bir can ölümə,
Ölsək də, tapmarıq
əncam ölümə.
Tanrı qırmır bizi… Ancaq
ölümə yoxladır.
Xəbərin varmı? –
Bilmirəm…
Tural Adışirinin təqdimatında