Ev Bədii Zəlimxan Yaqub: Dünya Türkün olacaq

Zəlimxan Yaqub: Dünya Türkün olacaq

8004

DÜNYA TÜRKÜN OLACAQ!

Təntiməyin, tələsməyin, çaşmayın,
Yerli-yersiz həddinizi aşmayın,
Qazan gəlib qaynamamış daşmayın,
Yoldaşımız səbr, dözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya Türkün dünyası,
Üç gün, beş gün gecim-tezim olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Şəhid verin, qurban verin, can verin,
Cansızlara şah damardan qan verin,
Gəmi kimi sahillərə yan verin,
Müjdəçilər düzüm-düzüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Düşmən məni düz düşünməz, çaş anlar,
Haqq sözümü qaya duyar, daş anlar,
Qayıdacaq Çin səddini aşanlar,
Tarixlərə təzə sözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Zəlimxan Yaqub /Xalq şairi