Ev Bədii Zirəddin Qafarlı – Bu ömrü pay təki bölüb yaşadım

Zirəddin Qafarlı – Bu ömrü pay təki bölüb yaşadım

1645

 Şeirlər..

Ay ömrüm-günüm

Sevirəm –deyirdin, – uydun hər sözə,
Sevdin bəs beləmi, ay ömrüm-günüm?!
Axı evlər yıxan o söz-söhbəti
Sevən kəs eləmir, ay ömrüm-günüm!

Bu yolda özünü salma çətinə,
İnsanlıq şamildir mərdə, mətinə,
Ürəyin bir dünya məhəbbətinə
Ömür bəs eləmir, ay ömrüm-günüm!

Çatlayır sinəsi dolu Zirəddin,
Bu yağış Zirəddin, dolu Zirəddin,
Arxası hay-küylə dolu Zirəddin
Dönüb səs eləmir, ay ömrüm-günüm!

Keçirsən

Sənsiz ömrüm-günüm gör nə gündədi,
Özün əhvalımı bilib keçirsən
Başımı qoymuşam sənin yolunda,
Başını aşağı salıb keçirsən.

Bil ki, hər gəlişin bahar, yazımdı,
Sazımdı, sözümdü, – təzə yazımdı,
Toxunma könlümə, sənə lazımdı,
Sən ki, hər gün ordan gəlib keçirsən!

Doymuram nazından, ərkindən sənin,
Halını soruram hər gündən sənin,
Mən dəli olmuşam dərdindən sənin,
Sən isə bu dərdə gülüb keçirsən.

Zirəddinin eşqi deyil səngiyən,
Nə küsən oğlanam, nə də inciyən,
Sənin xəyalınla təkəm indi mən, –
Sən də yüz xəyala dalıb keçirsən.

Ömrün payız əhvalı

Ömrün də yorulan vaxtı varıymış,
Yolun ortasında yorulub qaldım.
Həsrətin qolları mənə sarıymış,
Mən onun boynuna qolumu saldım.

Aşdıq yoldaş olub dağı, dərəni,
Gördüm ki, dostluqda etibarı var.
Bir an da gözündən qoymadı məni,
Sən demə, onun da öz qubarı var.

Təklikdən çəkindim illər uzunu,
Amma, bu təklikdə hər şey varıymış.
Mən orda dünyanın gördüm üzünü,
Dünyanı sevənə dünya darıymış.

Yaşın bu vaxtından gileylənmədim,
Bir ona yandlm ki, hamıya yandım,
Hər gəlib-gedənlə mən əylənmədim,
Axırda özüm öz halıma yandım.

Qəlbin yarasını sözlə sarıdım,
Əlacı tapıldı hər dərd-sərimin,
Daha qələmimin rəngı sarıdı, –
Gəldi payız fəsli şeirlərimin.

Yaşamaq

Gedib elə sonsuzluqda qalardım,
Beynimizə hardan düşüb yaşamaq?!
Udmaq olmur hər yalanı, nahaqqı,
Ölümdən də pisdir susub yaşamaq!

Bir də gördün görünməz də göründü,
Başımıza nələr gəlir gör indi?!
Nə olsa da, dünya elə şirindi,
Olmur axı, ondan küsüb yaşamaq!

Ay Zirəddin, zilə qalxma, düş bəri,
Bu həyata biz olmuşuq müştəri…
Bir oyundur bu dünyanın işləri,
Çətiniymiş başa düşüb yaşamaq.

Canım

Yerini, yurdunu tanımayanda
Adam adamlıqdan gen düşür, canım.
Qayğısız, qulluqsuz qalırsa əgər
Ağacda meyvə də bürüşür, canım!

Heç vaxt bel bağlama eldən seçkinə,
Pis gün göstərməsin Allah heç kimə!
Yaşayıb gedirik Allah eşqinə,
Bu baxta, qismətə min şükür, canım!

Yol vermə həddini kimsə aşanda,
Başa çəkilərsən toyda, nişanda.
Fikir ver, ləpələr aşıb-daşanda,
Göldə sonalar da ürküşür canım!

Həmişə xainin çıxar əngəli,
Zirəddin dost olub, dosta tən gəlir,
Nadanın yoluna duman, çən gəlir, –
Aqilin yoluna gün düşür, canım!

Onu

Yaman çox oynadın ürəyimlə sən,
Ac qoydun bir şirin sözünə Onu.
Durub birdən-birə acığa düşdün,
Atdın ocaqların közünə Onu.

Olmayıb nə bir dərd – qada sənintək,
Nə olar, bir sevinc dada sənintək?!
Sevilmək istəyir O da sənintək,
Qat bu məhəbbətin gözünə Onu!

Qayıt bir Məzhəbə, qayıt bir Dinə!
Bir günə qoymusan Onu, bir günə…
Alışdır özünə, öyrət özünə,
Salma o çöllərin düzünə onu!

Bu ürək görəni bir dağ görməyib,
Heç yerdə bir isti ocaq görməyib,
Onsuz da ömründə qucaq görməyib, –
Götür heç olmasa dizinə Onu!

Gözlərim yol çəkir, ürəyim kədər,
Mən səni sevirəm ürəyim qədər. –
Zirəddinəm, tez-tez ürəyim gedər,
Qaytara bilmədin özünə Onu.

Olmaz

Sənsiz nə dincliyim, nə qərarım var,
Bir olan diləyim, dönüb min olmaz!
Daha üzüm gülmür, eynim açılmır,
O daş yatağımda yuxum çin olmaz!

Dünyam başdan-başa alışıb yanır,
Amanım, fəryadım tutub hər yanı.
Hanı o gözlərin insafı, hanı?
Belə ömür olmaz, belə gün olmaz!

Ay ömrüm, bilirdin, axı, bunu sən; –
Bütün arzuların sənsən sonu, sən!
Bir günə qoymusan atıb onu sən,-
Bir də Zirəddindən Zirəddin olmaz!

Yaşadım

Bilmədim verilən bu qisməti mən,
Bilməyib yaşadım, bilib yaşadım?!
Dünyadan baş açmaq mənlik deyilmiş,
Bir onu bilirəm, gəlib yaşadım.

Nə bu Yer, nə o Göy Vətənim deyil,
Mənə düşmənim də düşmənim deyil,
Onsuz da bilirdim tək mənim deyil,
Bu ömrü pay təki bölüb yaşadım.

Zirəddin, hər şeyin sonu sualdı,
Gör nələr nələri əlimdən aldı?!
Sözüm məndən sonra meydan suladı,
Özüm bu dünyada ölüb yaşadım.

Səpələr səni

Ürəyim təzədən alışıb yana,
Su bilib sinəmə səpələr səni.
Dərib gətirdiyim güllər, çiçəklər
Mənim əvəzimə öpələr səni.

Dənizə gedəndə çağlaya dəniz,
Qolumu qoluna bağlaya dəniz,
Yanıb halımıza ağlaya dəniz,-
Duz təki yalaya ləpələr səni.

Eşqin Zirəddinə ola bir arxa,
Bizi qoşa görüb dostlar karıxa,
Son görüş yerləri tez-tez darıxa,
Çağıra dərələr, təpələr səni.

Eyləməsin

Sönməz canımızda yaşamaq eşqi,
Çalış bu eşq səni tərk eyləməsin!
Məcnun məhəbbəti var bu dünyanın,
Kimsə bu sevgiyə şəkk eyləməsin!

Təklik özəyimdən qopardı məni,-
Bürüdüm özümə dumanı, çəni,
Ola bilərmi ki, sevən sevəni
Biryolluq qəlbinə həkk eyləməsin?!

Ömrün yoxuşunu ərənlər bilir,
Dərdi dərd üstünə hörənlər bilir,
Mən nələr çəkmişəm görənlər bilir,
Tanrım heç daşı da tək eyləməsin!

Səndən sonra…

Susuz çiçəyə dönüb
Solmuşam səndən sonra
Xəbərin yox, – lal-dinməz
Olmuşam səndən sonra.

Nə deyim o illərə? –
Kaş dönəydi bir kərə…
Ürəyimi çöllərə
Salmışam səndən sonra…

Sızıldaram sim kimi,
Gör itirdi kim kimi?!..
Dünyada yetim kimi
Qalmışam səndən sonra.

Qaçdım Haqdan, nahaqdan,
Doymuşam yaşamaqdan,
Yoxam elə o vaxtdan, –
Ölmüşəm səndən sonra.

Zirəddini ha qına,
Hara, kimə tapına?!
Hər gün bağlı qapına
Gəlmişəm səndən sonra…

Tural Adışirinin təqdimatında