Ev Publisistika Adına Vətən deyirik, bu qara gözlü torpağın

Adına Vətən deyirik, bu qara gözlü torpağın

539

Ta dünyanın o başından,
İzimnən gələn dərdlərim,
 – deyən şair çəkdiklərini özünə yaraşdırır.

Nə sirri-xudadırsa dərd yaradıcı adamların az qala ilham mənbəyinə çevrilib. Sıravi bir adam tuş olduğu dərddən, dərdlərdən biryolluq qurtarmaq istəyir. Yaradıcı adam isə (indiki halda şair) çəkdikcə çəkir, ondan qurtulmaq  haqqında düşünmür. Hafiz Hacxalılın bir ömür əziziləyə-əzizləyə çəkdiyi dərdlər misalı:

Dələr sinəmi, ha dələr,
Can üzülər, dada gələr.
Məni ölümnən hədələr,
Dərdimdən ölən dərdlərim.

“Arzu ömrü uzatmır” adlı kitabı, əslində  Hafiz Hacxalıl poeziyası haqqında demək istədiklərimi üzə çıxarnaq üçün yaxşı bir bəhanə oldu. Onun “Elm və təhsil” nəşriyyatında çap olunan kitabında Vətən ətirli, sevgi ovsunlu şeirləri, vətəndaşlıq yanğısı ilə yazdığı publisistik yazıları və haqqında yazılanlar yer alıb. AYB üzvü Könül Səidin “Ondan şeir ətri gəlir” adlı ÖN SÖZü kifayət edər ki, Hafiz Hacxalıl haqqında, onun poeziyası haqqında kifayət qədər bilgi alasan.

Əvvəlki kitablarında da Hafiz Hacxalıl  gözəlim Vətəni sevə-sevə, ağrılarına yana-yana tərənnüm edib. Şair kiçik həcmli bu kitabına  Vətəni sığdıra bilib, özü də sevə-sevə:

Dar günündə bir olmağı bacardıq,
Nə “mən” dedik, nə “sən” dedik, ay Vətən.
Qanımızla sulandı hər qarışın,
Son nəfəsdə Vətən dedik, ay Vətən!

Şairə görə səsi ilə, nəfəsi ilə ürək dağlayan Qədir Rüstəmovun  səsi də otuz il bizdən  aralıda qalan, düşmənin soyuq baxışları altında əzilən Vətənin dərdinin dərddaşıdır. Oxuyur, adamı yerlə-yeksan edib oxuyur, içini viran edib oxuyur:

Bu nə nəfəs, bu nə səsdi,
Dinləyin, Qədir oxuyur.
Oxumur ki, inildəyir,
Bağrımı didir, oxuyur.

Ürək yara, can yarımcan,
Sona yetər həsrət haçan?
Xəyalında Şuşayacan,
Ağdama gedir, oxuyur.

O səsin getdiyi Şuşaya da qar yağır şairin misralarında:

Şuşaya qar yağır,
Üşüyür Xanın səsi.
Donub şəhid qəbrində,
Bir ananın naləsi.

Hafiz Hacxalıl çiynində daşıdığı ulduzların, sözün, torpaqlarımızın müqəddəsliyi uğrunda canından keçən şəhid anasının qarşısında sayğı duruşunda dayanmağı bacarır. Çünki o, daşığı rütbənin, sözün, torpaq sevgisinin məsuliyyətinin yaxşı bilir:

Anam, o qəbrin üstə,
Töküb də dil, ağlama!
Sən şəhid anasısan,
Gözünü sil, ağlama!

Dağıt şəri, yalanı.
Qoru ondan qalanı.
Sən o oğul balanı.
Ölümsüz bil, ağlama!

Bütün ölümsüzlükləri yaradan torpaq sevgisidir. O sevgi ki, otuz il bizdən aralı qalsa da, içimizdən ayrı qalmadı. O sevgi ki, uğrunda şəhidlik zirvəsinə  ucaldı  ərənlərimiz, Vətənə döndərdi qara torpağı. Şair-polisimiz isə torpağı belə əzizləyir:

Adına Vətən deyirik,
Bu qara gözlü torpağın.

Uğrunda can veririk,
Bu qara gözlü torpağın.

Ana deyib ağlayırıq,
İtirsək yas saxlayırıq.

Öpürük, qucaqlayırıq,
Bu qara gözlü torpağı.

İnternet resurslarında yayınlanan gözəl şeirləri  ona yazdıran ÜRƏKlə gecə-gündüz “savaşda”dır Hafiz. Elə hərdən onunla da təklikdə söhbət etməyə ehtiyac duyur,  HEYİF, SƏNLƏ OLMUŞUQ, ÇƏNGƏL-BIÇAQ, ÜRƏYİM deyir:

Unut, özünü unut.
Budu sonuncu umud.
Bərk yapış, əlimdən tut.
Burdan qaçaq ürəyim.


Amma ürəyin çəkdiyi ağrı-acısı ilə gözəldir.  Elə o çəngəl-bıçaqda olduğu ürəyi Hafiz Hacxalıla nələr yazdırmır ki…

Bəlkə də peşmansan yarandığına,
Mən dərman tapmıram dərdinə, ürək.
Qismətim belədir, ya yerdən çıxar,
Ya göydən başıma dərd enər, ürək.

Götür get başını, çəkil küncə sən.
Hələ döyünəcən mən ölüncə sən.
Bax, həsrət qalmısan bir sevincə sən,
Mənim də dilimdə dərd dinər, ürək.

Kiminsə həyatına qıymaq həm günah, həm də cinayət sayılsa da polis-şair üzünü göylərə tutub görün nə deyir:

Səbrin ki, böyükdür, yenə bağışla,
Döndüyüm qibləyə, yönə bağışla.
İlahi, özünü görməzliyə vur,
Məni öldürəni mənə bağışla,
Bir gözəl gəzirəm məni öldürə.

Dedim axı, “Arzu ömrü uzatmır”  kitabı əlimə bəhanə kimi keçdi. Hərdən qeyri-ixtiyari mətbuatdan oxuduğum şeirlərinə də müraciət etməli oluram:

Üzün şehə batmış yaz çiçəyidir,
Nazınla oynayır arı gözlərin.
Sən başdan-ayağa gülüstansanmış,
Sarısı, yaşılı, alı gözlərin.

Deyirlər uzadır məhəbbət ömrü,
Yarı yolda qoyur xəyanət ömrü.
Allahın verdiyi əmanət ömrü.
Yarı sən alırsan, yarı gözlərin.

Bu bəndi nəyə görə xatırladım… Kitabın adını daşıyan misrası var Hafiz Hacxalılın:

Arzu ömrü uzatmır,
Xoş gün hələ uzaqdır.
Qırx yaş dayanacaqdır,
Sonuncumu,  bilmirəm…

Hə, şair haqlı olaraq düşünür ki, ARZU ÖMRÜ UZATMIR. Arzu məhəbbətlə yoğrulanda ömrü uzadır. İki müxtəlif zaman kəsiyində yazılan bu şeirlər arasında bir-birini tamamlayan əks gözəllik var. Elə bəlkə də arzuların ifadəçisi olan o gözlərin hökmüdür ki, şairin saçında dənə, ürəyində ağrıya çevrilib. Zamanın əlindən kim qaça bilir ki… Qaçmaq istəyəndə kiminsə saçında dən, kiminsə ürəyində həsrət  pərvəriş tapır. Bunlar insanı var edən, yaşadan ağrılardır:

İllər bizi ayrı salıb nə vaxtdır,
Saçlarımda dən olmusan, bilirsən.
Səni anıb unutmuşam özümü,
Yavaş-yavaş mən olmusan, bilirsən?

Şairin haqlı qənaətinə görə, ömrə gələnlər, ömürdən gedənlər iz qoyduğumuz yolların quluna çevrilməyə məhkumdur. Ona görə də üstündə dünyanı əriş-arğac elədiyimiz, taleyimizi tapdığımız, tapdıqlarımızı itirdiyimiz yollara hamı kimi şairin qəhrəmanı da alışmalıdır. İllər öncə yazdığı bir şeirdəki kimi:

Demə ürəyində, bəlkə gələcək,
Bir uzaq dənizdən yelkən gələcək.
Çağırsan sakitcə kölgəm gələcək.
Gəz, dolan beləcə alış yollara.

DİN Mətbuat Xidmətinin rəis müavini, “Polis” qəzetinin redaktiru, polis polkovnik-leytenantı Hafiz Təmirovun (Hacxalıl) “Vətən müharibəsinin zəfəri”, “Doğum günün mübarək, Ağdam” adlı publilisistik yazılarını kövrəklik qarışıq bir istəklə oxumalı olursan.  Bu yazılarda, bundan əvvəlki kitablarında olan publilsistik yazılarnda Vətən müharibəsində əsl igidlik göstərən polis əməkdaşlarının şücaətini ustalıqla qələmə alıb Hafiz.

Kitabın “Dostlar yazıır” bölməsində filologiya üzrə fəlsəfə doktoru Afət Abuşova-Viləşsoyun və Mahir Qabiloğlunun Hafiz haqqında yazdıqları yer alıb.

… Sevdiyim qələm adamlarından kimisə mütaliə etmək istəyində onların son yazılarını axtarmıram, əlimə keçən ixtiyari əsərini oxuyuram. Səbəbi odur ki, mən bu sevdiklərimin az və ya çox yazdıqlarının fərqində olmuram. Həmin anda mənə elə gəlir ki, bu adamlar hər gün yazır, hər gün çap olunur və mən də onları hər gün oxuyuram.  Hafiz Hacxalıl kimi….

/modern.az/


Vasif SÜLEYMAN