“Sabirabad Gənclər evi”nin direktoru Rəşad Qurbanov “Koreya – Azərbaycan gənclərinin beynəlxalq mübadilə proqramı” çərçivəsində Azərbaycan nümayəndə heyətinin tərkibində Koreya Respublikasında işgüzar səfərdə olub.
O, səfər çərçivəsində Seul, Çanon, Sejong şəhərlərində fəaliyyət göstərən dövlət qurumlarının və xüsusən də, Gənclər Mərkəzlərinin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti eyni zamanda ölkəmizin Koreyadakı səfiri Ramin Həsənovla görüşüb.
Dilimizvarlığımız.az xəbər verir ki, müxtəlif Gənclər Mərkəzlərində olan Azərbaycan nümayəndə heyəti, həmin qurumların təşkilati, inzibati və idarəetmə strukturları ilə yaxından tanış olublar.
Cənubi Koreyada Gənclər Mərkəzləri ayrı-ayrı istiqamətlər üzrə ixtisaslaşıblar.
Belə ki, regional, milli və etnik xüsusiyyətlərə, əhalinin spesifik xüsusiyyətlərinə uyğun olaraq, həmin ərazidə yerləşən Gənclər Mərkəzlərinin fəaliyyətləri biri-birindən ciddi şəkildə fərqlənir. Məsələn, bir ərazidəki Gənclər Mərkəzi mədəniyyətlə bağlı ixtisaslaşdığı halda, digər ərazidəki müvafiq qurum karyera istiqamətində fəaliyyət göstərir.
Səfərin yekununda nümayəndə heyəti Seul şəhərində yerləşən Gender Bərabərliyi və Ailə Nazirliyində və Gənclərlə iş üzrə Agentlikdə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanı təmsil edən heyət Gender Bərabərliyi və Ailə Nazirliyinin şöbə müdirinin müavini ilə tanış olub və birgə fəaliyyətlər barədə müzakirələr aparıblar.
Eyni zamanda səfər çərçivəsində koreyalı gənclərə Azərbaycanla bağlı müxtəlif xatirə hədiyyələri təqdim olunub.